525.Az

İlham Əliyev: “Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu”


 

BU GÜN TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏ QANUNİ HAKİMİYYƏTİ ZORAKILIQLA DEVİRMƏK CƏHDİNİN QARŞISININ ALINMASININ BİR İLİ TAMAM OLUR. AZƏRBAYCAN PREZİDENTİ BUNUNLA BAĞLI TÜRKİYƏLİ HƏMKARI RƏCƏB TAYYİB ƏRDOĞANA MƏKTUB GÖNDƏRİB

İlham Əliyev: “Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu”<b style="color:red"></b>

Bu gün Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. Həmin hadisələr zamanı Türkiyə xalqının qanuni yolla seçilmiş prezidentinin yanında olması, hakimiyyət-xalq birliyi öz sözünü dedi. Xalq dövlət çevrilişi cəhdinə qarşı birgə mübarizəyə qalxdı.

Bu hadisənin ildönümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Məktubda deyilir: “Möhtərəm cənab Prezident, Əziz qardaşım! İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur.

Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim.

Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın qəlbində daim yaşayacaq. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu. Ötən dövrdə Siz əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz, şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan anti-milli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Bu günlərdə İstanbulda baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcəyinə inandığımı bildirirəm.

Əziz qardaşım, bir daha 15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü məsələlərdə Sizinlə həmrəy olduğumu ifadə edirəm”.

Qeyd edək ki, həmin hadisələr zamanı Azərbaycan Türkiyəyə dəstək göstərən ilk ölkə oldu. Digər dövlətlər gözləmə mövqeyi tutsalar da, Azərbaycan xalqı və rəhbərliyi həmin anda öz dəstəyini göstərdi. Türkiyə rəsmiləri hər zaman Azərbaycanın bu mövqeyini təqdir edirlər. Onlar öz çıxışlarında bəyan edirlər ki, Azərbaycan xalqı, hökuməti bir millət, iki dövlət olaraq 15 iyul dövlət çevrilişi cəhdi zamanı ilk andan öz dəstəyini verdi.

15 iyul günü Fətullah Gülənin tərəfdarları günahsız insanlara qarşı öldürücü silahlardan istifadə ediblər. Həmin hadisələr zamanı 250 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb. Fətullah Gülənin Türkiyə ordusuna nüfuz edən müridləri Milli İstihbarat Təşkilatı, Türkiyə Böyük Millət Məclisinin binalarını bombalamaqdan da  çəkinmədilər, Türkiyə prezidentinə qarşı sui-qəsdə cəhd göstərdilər. 15 iyul Türkiyə demokratiyası üçün həm də böyük imtahan idi. Türk milləti bu imtahandan üzüağ çıxdı.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan hər zaman terrorla mübarizədə ön sırada olub və öz sözünü deyib: “Azərbaycan xalqı tarixən terrordan əziyyət çəkib. Biz terrorun nə demək olduğunu, onun gətirdiyi bəlaları hər kəsdən daha yaxşı başa düşürük. Xalqımız erməni terroruna məruz qalıb. Bizimlə yanaşı, Türkiyə də erməni terrorundan əziyyət çəkib. Təəssüf ki, bu gün də bu terror davam edir. Ölkəmiz hazırda terrorla mübarizənin ön sırasındadır. Türkiyəyə bu məsələdə verdiyimiz dəstək həm bir qardaşlıq dəstəyidir, həm də dövlətimizin həyata keçirdiyi siyasətdən irəli gəlir. Azərbaycan xalqı 15 iyul günü Türkiyə xalqı ilə birlik, bərabərlik nümayiş etdirdi. Xalqımız Türkiyə xalqı qədər narahatlıq içində idi. Rəsmi Bakı da  ilk andaca öz sözünü dedi. Azərbaycanın terrorla mübarizədə göstərdiyi fəallıq digər dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən daim vurğulanır. Biz terrora qarşıyıq. Dünyanın hansı hissəsində baş verməsindən asılı olmayaraq, Azərbaycanın terrora münasibəti birmənalı və dəyişməzdir”.

Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr olub: “Türkiyə bu gün həm regionda, həm də dünyada özünəməxsus bir mövqeyə sahibdir. Amma Türkiyənin güclənməsindən narahat olan qüvvələr var. Bu qüvvələr zaman-zaman öz çirkin niyyətlərini həyata keçirmək üçün yollar və vasitələr axtarırlar. Ötən il 15 iyulda FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişi cəhdi də məhz bu qara məqsədə xidmət edib. Amma onlar öz niyyətlərinə çata bilmədilər. Təbii ki, burada  türk xalqı öz prezidentinin ətrafında sıx birləşməsi öz sözünü dedi. Türk xalqı mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi”.

Millət vəkili Azərbaycanın terrorla mübarizədə qətiyyətli mövqeyə sahib olduğunu vurğulayıb: “Ölkəmiz bu mövqeyini hər zaman sübut edib. Qardaş Türkiyəyə verilən dəstəklə isə bir daha terrora qarşı tutduğu dəyişməz mövqeyini sübut etdi. Biz erməni terrorundan əziyyət çəkən xalqıq. Bu terror indi də davam edir. Bir neçə gün əvvəl iki yaşlı Zəhra və onun nənəsi də erməni terroru nəticəsində həlak oldular. Biz terror aqarşı hər zaman amansız olub, öz sözümüzü deməkdə davam edəcəyik”.

Qeyd edək ki, bu gün (İyulun 15-də) Bakıda Heydər məscidində vəhdət namazı qılınacaq. Namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edəcək. Vəhdət namazı 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü münasibətilə qılınacaq. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaz qılacaq, hərbi çevrilişin qarşısının alınması zamanı həlak olanlar yad ediləcək, ruhlarına dualar oxunacaq.

PƏRVANƏ

 





15.07.2017    çap et  çap et