525.Az

KİVDF-nin nazirliklə ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı


 

KİVDF-nin nazirliklə ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı əsasında həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, Fondla birgə keçirilən müsabiqənin məqsədi proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasıdır: “Ölkədə iqtisadi şaxələndirmənin sürətləndirilməsi, yeni sənaye zonalarının yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi nəticəsində yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi əmək bazarında sabitliyə, işsizliyin aşağı səviyyədə saxlanmasına şərait yaradıb. Eyni zamanda, dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayır”.

S.Müslümov əmək resurslarının səmərəli məşğulluğunun təminatında dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının yeni imkanlar açdığını diqqətə çatdırıb. Nazir bildirib ki, sərəncama əsasən, icra olunan özünüməşğulluq proqramı yerli və beynəlxalq praktikada həm sosial, həm iqtisadi baxımdan özünü uğurla doğruldan özünüməşğulluq amili əsasında dövlət məşğulluq siyasətinin daha da güclənməsinə səbəb olub. Səlim Müslümov bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu proqramı yenilik və yeni təşəbbüs kimi qiymətləndirib.

S.Müslümov hazırda işsiz və işaxtaran vətəndaşlar tərəfindən özünüməşğulluq proqramına böyük maraq olduğunu və işsizlikdən sığorta sisteminin tətbiqinin bu proqramı gələcəkdə daha geniş müstəvidə tətbiq etməyə imkan verəcəyini bildirib. Nazir qeyd edib ki, sərəncamın icrasına hazırlıq işləri Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mərhələli şəkildə həyata keçirilib: “Proqramda iştirak üçün müvafiq təlim kurslarını bitirmiş və biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Onlardan 322 nəfəri qadınlar, 303 nəfəri gənclərdir. Bu proqramdan əvvəl özünüməşğulluq üzrə icra olunmuş və uğurla nəticələnmiş iki pilot layihədən biri məhz əlilliyi olan şəxsləri əhatə etmişdi. Müsbət haldır ki, hazırkı özünüməşğulluq proqramında iştirak hüququ qazananlar sırasında da 51 nəfər əlilliyi olan şəxs var. Beləliklə, cari ilin fevralından uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə təminatına başlanılıb. Artıq  810 nəfərə aktivlər verilib. Onlar bu aktivlər hesabına ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Aktivlərin verilməsi prosesinin gələn ay yekunlaşdırılması planlaşdırılır”.

S.Müslümov bildirib ki, özünüməşğulluğun təminatı ilə bərabər, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, qeyri-neft sahələrində istehsalın artımına və s. kimi mühüm hədəflərə doğru aparılan siyasətə əlavə dəstək olan bu proqram barədə ictimai məlumatlandırma da diqqətdə saxlanılır. Nazir milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində keçirilən birgə müsabiqənin mətbuatımızın inkişafına dəstək xarakteri daşıdığını qeyd edərək qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrikini və xoş arzularını çatdırıb. Nazir Fondla birgə keçirilən müsabiqəni özünüməşğulluq proqramının icrası sahəsində aparılan işlərin təbliği baxımından yüksək dəyərləndirərək nəticələr barədə məlumat vermək üçün sözü icraçı direktor Vüqar Səfərliyə verib.

Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ikinci dəfədir ki, müsabiqənin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor belə təşəbbüslərin media ilə qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib. V.Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmətlərin müasir və şəffaf iş üsulları üzərində qurulması üçün aparılan islahatların, aktiv məşğulluq proqramları çərçivəsində görülən işlərin KİV tərəfindən maraqla qarşılandığını və geniş işıqlandırıldığını vurğulayıb.

İcraçı direktor “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə 35 kütləvi informasiya vasitəsindən, ümumilikdə 47 yazının təqdim edildiyini, yazıların elan edilmiş şərtlərə uyğun obyektiv qiymətləndirildiyini bildirib. V.Səfərli müsabiqədə paytaxt Bakı şəhəri ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən KİV-lərin də nümayəndələrinin fəal iştirak etdiyini, onlardan 4 nəfərinin qalib olduğunu diqqətə çatdırıb: “Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən, nazirliyi təmsil edən ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, nazir Səlim Müslümovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici mükafatların sayı 15-ə  qaldırıldı. Bugünki tədbirdə, ümumilikdə 21 nəfər media nümayəndəsi mükafatlandırılacaq”.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində KİV-lə mütəmadi əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. Ə.Amaşov hazırda nəticələri elan olunan bu müsabiqənin mövzusunun cəmiyyət üçün maraq kəsb edən bir mövzuya - həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan özünüməşğulluq proqramına həsr olunduğunu bildirib. O, müsabiqənin jurnalistlərin bu mövzuda bilik və peşəkarlıq səviyyələrinin artırılmasında önəmli rol oynadığını vurğulayıb. Şura sədri bildirib ki, bu il jurnalistlərin bayramı daha yüksək əhval-ruhiyədə keçəcək: “Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan mənzillər sahiblərinə veriləcək. Mən indidən onların hər birini təbrik edirəm”.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Tədbiri yekunlaşdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

 





15.07.2017    çap et  çap et