525.Az

Yıxılanda durmağı bacaranlar...


 

Yıxılanda durmağı bacaranlar...<b style="color:red"></b>

Əslində, yay qəlblərə sərin su kimi səpilən, ruha mənən hakim kəsilən, yorğun və özündən qat-qat artıq yüklədiyimiz beyinlərə zehni aydınlıq  gətirən mövzuları sevir.
 
İlboyu gərgin iş rejimi, məişət qayğılarımızın üzüntüsü, daxili iztirablardan təngə gəlib çağlayan könül dəryamızda əsən ilıq yay mehi qəlb aynamızı qış sazağının dondurduğu payızın qəmgin mənzərələrindən xilas etməyə sövq edir. Ətrafda hər şeyə sevgi ilə yanaşmağı pıçıldayır. Sevgi! Hərdən mənə elə gəlir ki, qloballaşan və qütbləşən dünyada insan övladının çözə bilmədiyi problemlərin kökündə sevginin azlığı, laqeydlik durur. Hər kəsə və hər şeyə. Yoxsa, yüksək inkişaflı beyin, dərrakə və düşüncəyə malik insanın biri digərini niyə anlamasın ki. Onu digər canlılardan fərqləndirən ən böyük cəhət, ünsiyyət vasitəsi- dilə sahib ola-ola. İnsan ömür yolunun hər addımında öyrənir, özünü və ətraf mühiti dəyişir, mədəniyyət və öz tarixini yaradır. Maraqlıdır, yer üzündə fərdi tarixlərin neçə səhifəsi şərəf və ləyaqət aşılayır? Bu sualın cavabını tapa bilməyən biçarə filosoflar, din və elm xadimləri insanın dünyada mahiyyəti və yeri məsələsinin fəlsəfə, din və elmin əsrlərdir problemi olduğunu bildirirlər. Cavab sadədir-bizim bir-birimizdən zəhləmiz gedir-vəssalam.

Neçə vaxtdır gənclərlə bağlı yazmaq istəyirəm, fikirlərimlə bərabər qələmim donur. Allah xatirinə, yanlış anlamayın. Bu gün adı “Qızıl kitab”a yazılan, bayrağımızı müxtəlif idman arenalarında dalğalandırıb alqışlarla ucaldan, ən yüksək kürsülərdə yüksək səviyyəli nitq söyləmək iqtidarında olan gənclərimiz var. Onlardan danışanda qürurdan adamın dili ağzına sığmır. Bizi narahat edən başqa qisimdir. İnternet portalları, qəzetlərin manşetlərinə çıxarılan intihar xəbərlərinin “qəhrəman”ları, İŞİD-i həyat yolunun işığı sananlar, nicatını qardaş qırğını törədilən ölkələrin nicatında axtaranlar... Müasir gəncliyin bəla və vəbası olan bu dərdlərə dərman, xəstə könüllərə məlhəm olmağa gecikmirikmi? Bu gün itirdiyimiz gənclik, itirilmiş gələcək deyilmi? Nədir, dəyanətlərimizin dəyanətini qıran, tələbələrimizi, çempionlarımızı intahara sövq edən amillər?

Yaxınlarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmini izlədim. Filmdə İŞİD-ə qoşulan, hazırda həbsdə olan gənclərin müsahibələri yer alıb. Tükürpədən fikirlərdən aşağıdakı sitatlar qulağımda ilişıb qaldı. “Bir dəfə bizimlə söhbət edirlər, adamın dünyası dəyişir”. Niyə 30-40 il iş təcrübəsi olan müəllimlərimiz 11 il üzbəüz oturduğu şagirdin dünyasını dəyişə, elmin əsiri, kitabın dostuna çevirə bilmir?! Lakin dilini belə anlamadığı saqqallı bir caninin köləsinə dönüb, həyatını bada verir. “Hamı ilə eyni cür rəftar edirlər”. Olmaya, itirdiklərimiz laqeyd münasibətimizin qurbanıdır. Birini ürəkdən sevmək güc verir, biri tərəfindən ürəkdən sevilmək cəsarət. Bəlkə, bizə ehtiyacı olanlara vaxtında yetişə bilməmiş, könül qapımızı bağlayıb güc və cəsarətdən məhrum etmişik? Yeniyetmələrimizin ən böyük problemi ünsiyyətdir. Sosial şəbəkələrdə deyil, canlı ünsiyyət. Sosial şəbəkələr övladlarımızın “mən”ini parçalayır, onları ikiüzlü edir, sözünün sahibi olmaq məsuliyyətini azaldır. Həm də dilin deyə bilmədiyini gözlər bacarır. Müdriklərimiz batan günəş üçün ağlamayın, yenidən doğanda nə edəcəyinizə qərar verin, buyurublar. Yetişməkdə olan nəslə həyat fəlsəfəsini diqtə yox, tövsiyə edək. Yıxılmamaq deyil, hər yıxılanda durmağı bacarmaq, ən ümdəsi SEVGİ ilə yaşamağı öyrədək. İnsan, dünya və aləmə sevgi!

 





17.07.2017    çap et  çap et