525.Az

Vətənimiz... Paytaxtımız... Dilimiz... - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

Vətənimiz... Paytaxtımız... Dilimiz... - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Bir xalqı, bir ölkəni ən azı zəiflətməyin ən asan yolu dünya qədər qədim olan “Parçala hökm et!” düsturudur. Bəzən bu üsulu “ayır, buyur!” şəklində də ifadə edirlər.

Azərbaycanımızı, ümumən Türk dünyasını güclü görmək istəməyənlər, parçalamağa can atanlar vaxtaşırı çeşidli yollara əl atırlar: xristian-müsəlman qarşıdurması, elə bir dinin - İslam dininin içərisində sünni-şiə təfriqəsi..

Hələ ölməz “Kitabi Dədə Qorqud”da əks olunmuş müsibət - İç Oğuzla Dış Oğuzun bir-birinə asi çıxması, düşmən kəsilməsi tarix boyu Teymurləng - Bəyazid, Şah İsmayıl - Sultan Səlim və neçə-neçə belə qardaş qovğalarında davam edib. Böyük Mirzə Ələkbər Sabir də elə buna görə “öz qovmümüzün başına əngəl kələfiz biz” - deyir bir-birimizi “qırdıqca yorulduq və yorulduqca qırıldıq” deyir.

Möhtəşəm fütühatlara meydan olan savaşlar bizim günlərə kiçilmiş, xırdalanmış, bayağılaşmış şəkildə gəlib çıxıb... Orta Asiya ölkələrində, - indi axır ki, müstəqil olan məmləkətlərdə ara-sıra üzə çıxan qarşılıqlı ərazi iddiaları, tarixi şəxsiyyətlərə sahib çıxmaq hərisliyi, Tatarıstanla Başqırdıstan arasında təfriqə toxumları səpmək təşəbbüsləri, Azərbaycanda...

Azərbaycanda bu proses gah məlum xarici qüvvələrin səyləriylə etnik azlıqlarla Azəri türkləri arasında ziddiyyət yaratmaq cəhdləri kimi, gah rusdilli azəriləri doğma dildə danışanlarla qarşı-qarşıya qoymaq çabaları, gah da bineyi-qədimdən paytaxtda yaşayanlarla əyalətlərdən gələnlər arasında ziddiyyət körükləməklə meydana çıxır.

Azərbaycanda dini və milli dözümlülüyün, tolerantlığın möhkəm təməllərə və ənənələrə əsaslanması danılmaz və dünya tərəfindən qəbul olunan bir gerçəklikdir. Multikulturalizm ili bu həqiqəti bir daha təsdiq etdi. Amma şəhər-kənd təzadları, yerliçilik bəlası, regionçuluq fəsadları, traybalizm -tayfabazlıq mərəzi nə yazıq ki, hələ də tam sağalmamış xəstəlik, uzun azardır.

Ötən əsrin ibtidasında mətbuat səhifələrində qarabağlı-bakılı məsələsini ortaya atan, hətta Üzeyir Hacıbəylinin qarabağlı libasında karikaturunu dərc edən təxribatçılara gənc Üzeyir bəy odlu qəlbinin bütün ehtirasıyla etiraz edirdi, “mən razı olmaram ki, bir olan millətimin içində qarabağlı-bakılı fitnəkarlığı salasınız” deyirdi. Yaşca ondan böyük və belə qovğalardan, bərkdən-boşdan çıxmış təcrübəli Əhməd bəy Ağayev cavan dostuna nəsihət edirdi ki, belə şeylərə baş qoşma, qoy nə yazırlar yazsınlar, nə çəkirlər çəksinlər, sən öz işini gör. Bu məsələyə Mirzə Cəlil də özünəməxsus ironik üslubunda münasibətini bildirir: Qarabağlısan get Qarabağında otur, Bakıda nə işin var? Harda görünüb ki, insan qarabağlı ola-ola gəlib Bakıda yazıçılıq eləsin?”

Bütün bu köhnə söhbətlər bugünlərdə mətbuat səhifələrində mənasız bir mətləb ətrafında başlanan mübahisələr zamanı yadıma düşdü.

Bakı yalnız burda doğulub böyüyənlərinmidir? Əyalətlərdən gələnlər burda özlərini qərib kimi hiss etməlidirlərmi? Bu sualların cavabı birmənalı: “əlbəttə, yox” olsa da, görünür, yenə də, dönə-dönə təkrar edilməsinə ehtiyac var. Xalqımızın sevimli şairi, əfsus ki,vaxtsız itirdiyimiz Zəlimxan Yaqubun:

Adam bu şəhərə dipdiri gəlir,
Adamın şəhərdən ölüsü çıxır -

misraları bu gün daha faciəvi səslənir. Amma bu da həqiqətdir ki, əcəl anı çatanda insanlar şəhərdə də ölür, kənddə də...

Doğrudur, əyalətdən -  Zərdabdan, Qarabağdan, Naxçıvandan, Qazaxdan gəlib Bakıda abidə olanlar da az deyil: Həsən bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Bülbül, Səməd Vurğun. Zərdabdan, Qarabağdan, Gəncədən gələnlər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Adıgözəl bəy Gorani Bakıda Azərbaycan milli teatrının təməlini qoydular. Qarabağdan Əhməd bəy, Salyandan Əli bəy, Gürcüstandan Əlimərdan bəy “Kaspi” qəzetini çıxardılar və yeni məfkurəni əsaslandırdılar. Qarabağlı Əhməd bəy (yenə Əhməd bəy!), Gürcüstanlı Nəriman Nərimanov, Gəncəli Nəsib bəy Yusifbəyli ilk siyasi partiyalarımızı yaratdılar. Şuşalı Üzeyir bəy Şərqin ilk operasını Bakıda səhnəyə çıxardı. Orucov qardaşları Bakıya mətbəə gətirdilər.

Gözünü dünyaya Naxçıvanda açmış Ulu öndər Heydər Əliyev quruculuq və xilaskarlıq hünərini Bakıda başladı və yenidən Bakıya dönüb burda tamamladı. 

Bu əyalətdən gələn böyük insanların fəaliyyəti olmasaydı, XX əsrin Azərbaycan ədəbiyyatını, sənətini, siyasətini, mətbuatını təsəvvür etmək olmazdı.

Və eyni cür köklü bakılılar - Akademiyamızın ilk prezidenti Mir Əsədulla Mirqasımov və indiki prezidentinin babası, Qafqazın Şeyxülislamı Əlizadə, neft sənayeçiləri və mədəniyyət metsenatları Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, böyük siyasi xadim, Cümhuriyyətimizin ideoloqu Məhəmməd Əmin Rəsulzadə, məşhur ədəbiyyat, sənət adamları Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Ərəblinski, Sarabski, Süleyman Rüstəm, Qara Qarayev, Cahangir Cahangirov, Səttar Bəhlulzadə, Tahir Salahov, Maral Rəhmanzadə, Şövkət Ələkbərova, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov, Tofiq Kazımov, Həsən Turabov, Arif Babayev və daha kimlər, kimlər... - bu insanlar bütün Azərbaycanın iftixarı deyilmi? 

Gün-gündən gözəlləşən Bakı - yalnız böyük şəhər deyil, Bakı Azərbaycanın və bütün dünya Azərbaycanlılarının paytaxtıdır. Milyonlarla insançün pənah və ümid rəmzidir. Vətənimizin qəlbidir. Vətənimizin bədəni isə bütöv, vahid Azərbaycandır.

Haqlı olaraq fəxr edirik ki, Bakı həm də müxtəlif millətlər arasında ayrı-seçkilik qoymayan bir məkandır. Heç bir millət heç vaxt burda özünü yabançı, yad, ögey hiss etmir. Hətta nankor ermənilər də (əlbəttə, nankor olmayan ermənilər də var).

Amma Bakının bəlkə də dünyanın heç bir şəhərində olmayan qəribə zümrəsi də var - rusdilli azərbaycanlılar. Moskvada, tutalım tatardilli rusları, Parisdə ingilisdilli fransızları, Tiflisdə azərbaycandilli gürcüləri təsəvvür edə bilərsinizmi? Əlbəttə, yox. Amma Bakıyçün bu təbii bir haldır. Bu başdan deyim ki, mən bunu mənfi hal kimi dəyərləndirmirəm, mövcud olan reallıq kimi etiraf edirəm. Heç kəsi qınamaq olmaz ki, sovet dövründə övladlarının gələcək karyeralarını düşünərək onları rus məktəblərinə qoyublar. Yalnız yazıçıların - yazıçıların doxsan doqquz faizinin - övladları Azərbaycan məktəblərində təhsil alıblar. Nə qədər əcaib olsa da, bu proses, yəni övladlarını rus məktəblərində oxutdurmaq indi, müstəqillik dövründə də davam edir. Buna da ayıq gözlə baxıram, bir şərtlə ki, rus dilində oxuyub öz ana dilini də mükəmməl biləsən. Görürsən, birisi fəxr edir ki, rus dilindən savayı başqa Qərb dillərini də bilir. Çox əcəb, bir az da zəhmət çək, öz doğma dilini öyrən! Heç olmasa hörmətli Prezidentimiz İlham Əliyevdən örnək götür. Orta məktəbi, ali məktəbi rus dilində bitirsə də, doğma dilimizdə son dərəcə səlis və rəvan şəkildə, zəngin lüğət ehtiyatından istifadə edərək, ifadələri, ibarələri yerli yerində işlədərək danışır.

KVN-dən və “Bakılı oğlanlar”dan geniş tanınan Bəhram Bağırzadənin yazıçı qələmi də var. Bir neçə maraqlı kitabın müəllifidir, bir qədər bundan qabaq Yazıçılar Birliyinə üzv qəbul olundu. Tərtib etdiyi “Mənim gəncliyimin şəhəri” kitabına Bəhramın təklifiylə mən də bir yazı yazdım. Maraqlı kitab alınıb. Ən müxtəlif peşə sahibləri öz gəncliklərinin Bakısını səmimi qəribsəmə, nostalji hissləriylə xatırlayırlar. Bakının köhnə küçələri, binaları, trolleybus və tramvay marşrutları, dükanlar və bazarlar, kinoteatrlar və hamamlar, əski Bakının spesifik boyaları, qoxuları, təkrarsız aurası... Hər personaj, hər hadisə, hər jarqon ifadəsi artıq xatirəyə çevrilmiş Bakımızın canlı keçmişini canlandırır gözlərimizdə. Bu yazıları xəyallara dalaraq, təsirlənərək, riqqətlənərək oxuyurdum, mənə tanış olan və tanış olmayan, yaşadığım və yaşamadığım səhnələr keçirdi gözlərimin qarşısından. Yazı muəlliflərinə şəhərin də, mənim də keçmişimi qaytardıqları üçün minnətdar idim. Amma...

Amma daxili sorğulardan da heç cür şüurumu xilas edə bilmirdim. Bakını belə məhrəmcəsinə xatırlayan, şəhərimizə bu qədər vurğun olan müəlliflərin hamsı olmasa da, böyük bir qismi görəsən ömürlərində bir Azərbaycan yazıçısının bircə kitabını doğma dilimizdə oxuyubmu? Lap elə bu qədər sevdikləri Bakının keçmişinə aid kitabları - H.Sarabskinin “Köhnə Bakı”sını, Manaf Süleymanovun, Qılman İlkinin, gənc yazıçı İlqar Fəhminin Bakıya həsr olunmuş əsərləriylə yazıldıqları dildə tanış olublarmı? Böyük təəssüf hissiylə öz sualıma “oxumayıblar” cavabını verirəm. Düşünə bilərsinizmi ki ,Tiflisdə öz şəhərləri haqqında belə yazılar  yazanlar gürcü dilində ömürləri boyu bircə bədii əsər oxumamış olsun. Yaxud bir eston, ya bir Litvalı, Polşalı, macar öz ədəbiyyatından bixəbər olsun? Bixəbər olmaları bir yana, öz ədəbiyyatından öz dilində bir sətir oxumaya-oxumaya (hamısı yox, əlbəttə, bəziləri) lovğa-lovğa ağız də büzsünlər: “Bizim nə ədəbiyyatımız var ki, vaxt itirib oxuyaq” desinlər.

Millətin varlığı onun dilindən başlanır və dilin də əsas təməli, özülü ədəbiyyat, o cümlədən, ilk növbədə  bədii ədəbiyyatdır. Yeri gəlmişkən, bugünlərdə “Ədəbiyyat qazeti”ndə Sabir Rüstəmxanlının dilimizlə bağlı yazısını oxudum və ifadə etdiyi fikirlərlə tam həmrəy olduğumu bildirmək istəyirəm. Təəssüf ki, bütün mətbuatı izləmək imkanım olmur, internetə girməyə hələ də vərdiş etməmişəm. Ona görə elə Sabirin cavabından öyrəndim ki, dövlət dili kimi Azərbaycan diliylə bərabər, rus və ingilis dillərinin də olması təklif edilib. Təəccüb qaldım desəm, bu azdı, matım-qutum qurudu... Heç sovet vaxtında da belə bir fikir heç kəsin ağlına gəlməmişdi. Azərbaycan Respublikasının Konstitusiyasında yeganə dövlət dili kimi Azərbaycan dili yazılmışdı. Rus dili heç SSRİ-nin də dövlət dili olmayıb. Hələ bu azmış kimi, ingilis dilinin də müstəqil ölkəmizin dövlət dili olması təklif olunur. Üç dövlət dili! Onda niyə beş-altı dövlət dilimiz olmasın - ərəbcə də, fransızca da, çincə də... Bu dillərdə danışanların sayı da xeyli çoxdur. Yox, əgər ingilis dili elmi-texniki tərəqqinin rəhni kimi nəzərdə tutulursa, keçmiş metropoliyalarının - Britaniya imperiyasının və Fransanın müstəmləkələri - bir sıra Afrika və Asiya ölkələri hələ də ingilis və fransız dillərində danışırlar. Onlar elmi-texniki tərəqqi baxımından çoxmu irəli getmişlər?

Əlbəttə, rus dilini də bilməliyik, ingilis dilini də, imkan varsa, başqa Avropa və Şərq dillərini də. Rus dilinə barmaqarası baxmaq lazım deyil, bu dil hələ uzun zaman karımıza gələcək, hələ ki, dünya bizə bu dilin vasitəsiylə gəlir və biz də dünyaya bu dilin vasitəsiylə çıxırıq. İngilis dili də çox vacibdir və mən təəssüf edirəm ki, orta məktəbdə də, ali məktəbdə də ingilis dili dərsləri keçsəm belə, bu dili mənimsəyə bilmədim. Xarici səfərlərdə bu qüsurumu daha çox hiss edirəm və xəcalət çəkməli oluram. Amma dörd nəvəmin dördü də ingilis dilini əla bilirlər. Rus dilini də bilirlər, amma ən yaxşı bildikləri dil, şübhəsiz, doğma ana dilləri  - Azəri tükcəsidir.

Hələ sovet vaxtında da dəfələrlə deyirdim ki, biz çalışmalıyıq, rus məktəblərində Azərbaycan dili rus dili qədər ciddi tədris olunsun və Azərbaycan məktəblərində də rus dili mükəmməl öyrədilsin. Bunu vaxtında edə bilsəydik, indi cəmiyyətimizdə müəyyən ikitirəliyə zəmin qalmazdı.

Hələ də gec deyil. Nə qəqər çox dil bilsək, başımızın ucalığıdır. Amma təpəmizin ən yüksək yerində - müstəqil məmləkətimizin yeganə dövlət dili - Azərbaycan dili durmalıdır.

 





17.07.2017    çap et  çap et