525.Az

Türk xalqının yeni diriliş və milli qürur tarixi


 

Türk xalqının yeni diriliş və milli qürur tarixi<b style="color:red"></b>

Türkiyə bir il əvvəl, iyulun 15-də tarixində ən ağır və çətin dövrlərindən birini yaşadı.

Türk xalqı 2016-cı ilin 15 iyul gecəsini yaddaşında dərin iz salmış, neçə onilliklər, yüzilliklər keçsə də, unudulmayacaq hadisə kimi həkk etdi. Həmin gecə eyni millətin əli qana bulaşmış qorxunc bir kütləsi dinc, əliyalın insanların üzərinə tankla-topla hücüm çəkərək öz vəhşi simasını göstərdi. Özünü Yurdda Sülh Şurası adlandıran hərbi cinayətkar dəstə ələ keçirdiyi Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytı və TRT-nin efirindən yayımlanan bildirişləri ilə idarəçiliyə əl qoyduğunu bəyan etdi. Həqiqət TRT efirindən bəyan olunduğu kimi deyildi, hökumətin idarəçiliyinə əl qoyan Türkiyə Silahlı Qüvvələri deyil, orduda illərdir ki, gizlənmiş xain, qiyamçı xuntanın üzvləri idi.

Hərbi xunta 2-3 saat ərzində bir sıra obyektləri ələ keçirməyə nail olmuşdu. Ankarada Polis Akademiyası partladılaraq binanın bir hissəsinə nəzarət ələ keçirilmiş, İstanbul Atatürk Hava Limanı, TRT dövlət kanalının, hakim partiya AKP-nin Ankaradakı qərargahı zəbt olunmuşdu. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar girov alınmışdılar. Marmarisdə hoteldə olan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd edilmiş, silahlılar otelə daxil olmağa çalışmış, sonra isə hoteli helikopterlərlə bombalamışdılar. Ərdoğanın çevikliyi, uzaqgörənliyi və qorxmazlığı sayəsində Onu və yaxınındakıları aparan təyyarə itkisiz İstanbulun hava limanına enməyə müvəffəq olmuşdu. Həmin vaxt Prezidentin baş katibi də əsir alınmış, Türkiyə Böyük Millət Məclisi havadan təyyarələrlə bombardman edilirdi. Ankarada Milli Kəşfiyyat Təşkilatının binası hərbi helikopterlərdən atəşə tutuldu. Küçələrə tanklar yeridilmiş, fövqəladə vəziyyət zamanı tətbiq olunan qaydalar əsasında zorakı metodlardan istifadə olunurdu. Həmin gecə də ordunun qırıcı təyyarələrini ələ keçirmiş alçaqlar deyəsən ünvanı dəyişik salmışdılar, bu qırıcılar İstanbulda, Ankarada deyil, İŞİD-in gizləndiyi yerlər, PKK düşərgələri, Kandil dağları üzərində uçuş etmək əvəzinə “F-16”- lardan öz xalqının üzərinə bombalar yağdırırdılar. Amma millət qorxusuz, ürküsüz onların bu saldırılarından da qorxmadı, dik dayandı, zalıma boyun əymədi.

Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda aeroportda telekanallar vasitəsi ilə xalqa müraciəti bütün ölkəni ayağa qaldırdı. "Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhuriyyət yetkililərini, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik” deyən Ərdoğanın bu çağırışına milyonlar qoşuldu. Böyük, kiçik, qadın, qoca, hamı İstanbulun möhtəşəm simvollarından olan və şəhərin ən nəhəng körpüləri olan Boğaziçi və Fateh Sultan Məhmət Körpüsünə doğru yürüş edərək hərbçilərin hərəkətinin qarşısını almağa çalışdı.

İldırım sürəti ilə yayılan bu xəbər sanki yaylım atəşi təsiri bağışladı, İstanbul və Ankarada gecə saatlarında evlərində olan insanlar çaşqınlıq içərisində nələrin baş verdiyini gözləmədən küçələrə axışdı. İnsanlar paytaxtın və Türkiyənin ən iri şəhərində hərbi maşınların, əli silahlı hərbi geyimli şəxslərin hakimiyyət binalarına doğru irəliləməsinin qarşısını almaq üçün onları gözləyən təhlükəyə belə məhəl qoymadılar. Xalq qorxu bilmədən hərbi cinayətkar xuntanın qarşısında sədd çəkərək onların irəliləməsinə güclü müqavimət göstərdi. Türkiyə həmin qanlı gecəni itki ilə keçirdi. Hərbi çevrilişə cəhdin qarşısını almaq üçün küçələrə çıxan 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı.

Mübariz türk milləti bu tarixi sınaqdan da üzü ağ, alnı açıq, zəfərlə çıxdı. Onların silahları əllərindəki bayraq, qəlblərindəki Vətən sevgisi idi. Dövlət yağılara, millət adına ləkə gətirənlərə verilməyəcəkdi. Türkiyə dövlət çevrilişinə xalqın birliyi nəticəsində qalib gəldi. Xalq Türkiyə dövlətçiliyi üçün şüurlu surətdə meydanlara çıxdı, demokratik hakimiyyətini qoruyub saxladı. 15 iyul hadisələrinin qəhrəmanı olan xalqın milli əzmkarlıq ruhunun yüksəlməsində, mübarizliyində ölkənin Siyasi Lideri Rəcəb Tayyib Ərdoğanın tarixi nitqi çox mühüm rol oynadı. Bu, hərbi çevrilişin qarşısının alınmasında ən həlledici amil hesab oluna bilər. Onun bu möhtəşəm və fövqəladə jesti təkcə AKP və onun tərəfdarlarını deyil, AKP-yə müxalif olan on minlərlə insanın Ərdoğanla həmin gecəni bir addımlamasına səbəb oldu. Bu, Ərdoğanın güclü xarizmatik liderliyindən, cəmiyyətdə yeganə nizamlayıcı və yolgöstərən lider olduğunu bir daha təsdiqlədi. Onun nitqi bir anda milyonların bir araya gəlməsi üçün qığılcım oldu, qısa zamanda xalqın mütəşəkkilliyi sayəsində Türkiyə cəmiyyəti Vətənin azadlığı və demokratiya uğrunda hansı gücün sahibi olduğunu dünyaya nümayiş etdirdi. Ərdoğanın bir çağırışı ilə milyonlar Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli planını ifşa və alt-üst etdi.

15 iyul əslində Türkiyədə dövlət içində özünə güclü kök salmış hərbi-prokurorluq-məhkəmə hakimiyyətində nüfuz sahibi olan “paralel dövlət”in illərdir ki, başlatdığı hökuməti ələ keçirmə ssenarisinin final nöqtəsi idi. FETO-nun vaxtilə hərbi məktəblərdə yetişdirdiyi “hər zaman xidmətdə” olan zabitlər və bürokratik dövlət məmurlarının birgə ssenarisi AKP-ni hakimiyyətdən yıxmaqla Türkiyəni inkişaf hədəflərindən uzaqlaşdırmaq, zəiflətmək, beynəlxalq güclərin və daxildəki PKK tərəfdarlarının əli ilə ölkədə qarşısalınmaz xaos və dağıntılar yaratmaqdan ibarət idi.

Amma Türk xalqı o gecə FETO-nu lənətləyərərk qəhrəmanlıq dastanı yazdı. Türklər dünyaya öz qüdrətini göstərmək, ölkənin zəiflədilməsi və parçalanması üçün çalışan xarici düşmənlərə, onların içəridəki uzantılarına layiqli cavab verdi və özünün milli qürur, şərəfli tarixinə sahib çıxdı. Azərbaycan bu hadisələrdə qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi, təkcə sözdə deyil, əməldə də türk xalqı və dövlətinin yanında olduğunu sübut etdi. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə münasibətlər bildirildi. Prezident İlham Əliyevin bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izlədiyini və yaşanan proseslərdən dərin narahatlıq keçirdiyini bildirdi. Bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pislədiyini, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini vurğuladı. Prezident

İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etdi, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verildi.

İyulun 18-də Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək, Azərbaycan xalqı və dövlətinin həmişəki kimi, Türkiyə xalqı və dövlətinin yanında olduğunu vurğuladı. Azərbaycandakı bütün siaysi və ictimai təşkilatlar tərəfindən də Türkiyəni bundan sonra da heç bir qüvvənin inkişaf və demokratiya yolundan döndərə bilməyəcəyinə əminlik ifadə olundu.

Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə iyulun 15-16-da gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. 2016-cı il avqustun 7-də Topqapı meydanına toplaşan 5 milyon insanın iştirakı ilə “Demokratiya və şəhidlər” mitinqində xalq bir daha öz möhtəşəm gücünü dünyaya nümayiş etdirdi. Hadisələrdən bir il ötüb və 15 iyul çinayətlərində iştirak edən xəyanətkarlar öz layiqli cəzalarını alıblar. Türkiyə Xalqı, Türk ədalət məhkəməsi qarşısında cəzalandırılan Vətən xainlərinin xalq qarşısında, Türkiyə tarixində ömürlük üzqarası kimi qalacaqlar.

15 iyulda qəhrəmanlıq dastanı yazan Türkiyə xalqı və dövləti hər zaman tarixdə qalacaq, bu qiyamı hazırlayanları isə xalq öz şərəf tarixindən siləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyəyə xəyanət edənlər sabah yox olub gedəcəklər. 15 iyul Türk xalqının yeni diriliş və milli qürur tarixidir. Türk xalqı hərbi çevrilişə cəhd edənlərə ağır zərbə vurmaqla həm də dünya tarixində öz şərəfli və qürurlu dastanını yazdı. 1950-ci ildən indiyədək dünyada yaşanan 150 hərbi çevriliş planlarından yalnız 15 iyul öz möhtəşəmliyi və rəşadəti ilə dünya tarixinə damğa vurdu. Bu cür şərəf tarixini yalnız türklər yaza bilər.

 





17.07.2017    çap et  çap et