525.Az

Dəyərli alim, işıqlı insan - Professor Akif Musayevin 70 yaşına


 

Dəyərli alim, işıqlı insan - <b style="color:red">Professor Akif Musayevin 70 yaşına</b>

Hər dövrün öz ab-havası, öz rəngi-ruhu var. Tarixin əhval-ruhiyyəsindən asılı olaraq bu rəng-ruh əlvan,  nurlu, tünd, qarışıq, sönük və bozarmış olur. 

Zaman ötür, dövran keçir, neçə-neçə on illiklərdən, yüz  illiklərdən sonra  həmin dövrün sir-sifəti daha aydın görünür. Məlum olur ki, elə həmin dövrün ən qiymətli insanları öz dövrünə daha çox nur, işıq, əlvanlıq verən insanlar olublar. O adam daha xoşbəxt adamdır ki, yaşadığı dövrün rənginə daha çox nur, ziya verə bilir. Bu adamlar həqiqi mənada ziyalılar - öz dövrünə ziya verənlərdir. Mən belə adamları hər zaman işıq əhvallı insanlar  kimi düşünürəm.

Xoş o adamın halına  ki, onun ətrafında daha çox işıq əhvallı insanlar var. O təşkilat, o iş yeri daha gözəldir ki, orada daha çox belə insanlar çalışırlar. Belə insanlar çox olan yerdə pozitiv enerji çoxalır, insanlar arasında xoş münasibət, xoş əhval-ruhiyyə yaranır.

Belə işıqlı insanlarımızdan biri də tanınmış iqtisadçı alim, AMEA-nın müxbir üzvü Akif Musayevdir. Akif müəllimlə mən birlikdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində təhsil almışıq. Sonra Moskvada eyni institutda - SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitunda əyani aspiranturada oxumuşuq. O zaman həmin Akademiyanın yataqxanasında eyni otaqda yaşamışıq. Təhsil illərindən sonra  da Akif müəllimin daima əməksevərliyi, intellekti, səmimiliyi ona hər zaman uğurlar qazandırmış,  respublikamızın tanınmış ziyalılarından, alimlərindən biri etmişdir. Biz, bir vaxtlar onunla bir yerdə təhsil alan dostlar bu illər ərzində onun uğurları ilə həmişə qürur duymuşuq. Elə burada bir haşiyə çıxaraq onu da qeyd etmək istəyirəm ki, biz- bir vaxtlar Bakı Dövlət Universitetinin mexanika - riyaziyyat fakultəsində təhsil alan insanların olduqca xoş bir ənənəsi var. Biz hər həftə 6-cı günlər görüşürük. Kimin həmin gün vaxt imkanı varsa görüşə gəlir. Günün ikinci yarısı, gecəyə qədər sadə bir məclisdə bir yerdə oluruq. 40 ilə qədərdir ki, davam edən bu məclisin ən fəal iştirakçılarından biri də Akif müəllimdir. Dövlət qurumlarında tutduğu vəzifələrindən, Universitet rektorluğundan, yüksək titullarından asılı olmayaraq həmin məclislərdə Akif müəllim elə tələbəçilik illərindəki sadə, səmimi, qayğıkeş Akifdir. Həm də o, təkcə öz yaxınları ilə belə doğma ünsiyyətdə olmur. Hər kəslə -sadə fəhlə ilə də, akademiklə də, yüksək vəzifəli məmurlarla da söhbətdə, ünsiyyətdə qarşıdakının öz dili ilə danışan səmimi, mehriban bir insan olur. 

Akif Musayev 1947-ci il iyul ayının 18-də Füzuli rayonunun Qorqan kəndində anadan olub. Tez itirdiyi zəhmətsevər, qeyrətli  bir atanın övladıdır.  Füzulidə, Yuxarı Seyidəhmədli kənd orta məktəbini qızıl medalla başa vurub. Yoxsulluqla üz-üzə, nəfəs-nəfəsə keçən çətin uşaqlıq illəri olub. Öz ömür yolunda nə  əldə edibsə, nəyə nail olubsa, hamısını tək başına özü qazanıb. Təhsilin, elmin axarında tək dayanıb. Kimsiz, kimsəsiz, dayısız, əmisiz, arxasız.

Hələ o, Bakı Dövlət Universitetində oxuyarkən eyni zamanda,  1967-ci ildən Azərbaycan Elmlər Akademyasının Kibernetika İnstitutunda da fəaliyyətə başlayıb. Bununla da demək olar ki, onun gələcək ömür yolu müəyyənləşib. Universiteti bitirdikdən sonra Kibernetika İnstitutu tərəfindən SSRİ EA Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstituna əyani aspiranturada oxumaq üçün göndərilib. Əvvəl qeyd etdiyim kimi, bizim aspirant həyatımız bir yerdə keçib. O zaman  Azərbaycandan Rusiyanın, xüsusi ilə Moskvanın ali məktəblərində, aspiranturada xeyli gənc  təhsil almaq üçün göndərilmişdi. Moskvanın lap mərkəzində, D.Ulyanov küçəsində, Elmlər Akademyasının bizim qaldığımız  yataqxanasında da 70-ə qədər Azərbaycandan gələn gənc var idi. O gənclərin arasında elmə olduqca maraqlı olan gənclər də var idi ki, sonradan bir çoxu ölkəmizdə və dünyada tanınmış alimlər oldular.
 
Təəsüf ki, o gənclərin arasında günlərini, aylarını yola verənlər də az deyildi. Diqqəti təhsil yanında olanlar arasında da xüsusi seçilənlər var idi. Onlardan biri də Akif  idi. Olduqca səmimi, təvazökar, işgüzar, əxlaqi keyfiyyətləri ilə seçilən, heç vədə heç kimə bir dəfə də olsun yalan deməyən, qayğıkeş, milli ruhlu... Demək olar ki, mövcud olan bütün yaxşı keyfiyyətlərə malik olan  Akifə yataqxanada qalan bütün azərbaycanlı gənclər də, digərləri də hörmət edirdi. Onunla bir otaqda yaşayırdıq və mən onun bu gözəl keyfiyyətlərini daha yaxından hiss edirdim. Hər zaman dost münasibətdə olmuşuq. Bəzən aramızda keçici inciklik olurdu ki, bunun da əsas günahı mənim hərdən şairlik əhval ruhiyyəsi ilə özümə qapanmağım, “xəyallarımın göylərdə olmağı”  olurdu...  Akif gecə-gündüz çalışırdı.

O zaman SSRİ-də iqtisadiyyatda riyazi metodların tətbiqi sahəsi yeni yayılırdı. Bizin İnstitutumuzu SSRİ-nin o vaxtkı baş naziri A. Kosıgin yaratmışdı və İnstitutun fəaliyyəti onun daima nəzarətində idi. Bu İnstitutda çalışan alimlər ölkədə bu sahənin özüllərini qoyurdular. Onların bir neçəsi, məsələn, N.Federenko, S.Şatalin, M.Lemeşev, Y.Qolşteyn, D.Lvov, A.Ançışkin,  və b. bütün dünyada tanınan mütəxəssislər idi. Bu İnstitutda  yerinə yetirilən hər bir elmi tədqiqat işi, SSRİ-də, ümumiyyətlə dünyada ilk dəfə idi ki, yerinə yetirilirdi. Burada olduqca gözəl bir elmi mühit var idi. Biz bu şəraitdən daha çox bəhrələnməyə çalışırdıq. Bu sahədə Akifin uğurları çox idi. O zaman SSRİ-də indiki kompüterlərin əcdadı olan Elektron hesablama maşınları da yeni yayılırdı. İndiki kompüterlərlə müqayisədə o maşınlar olduqca primitiv idi. Onlardan istifadə etmək olduqca böyük əziyyət tələb edirdi. Həm texniki iş çox idi, həm də hər sahədə riyazi biliklərdən daha çox istifadə etmək, proqramlar hazırlamaq lazım gəlirdi. Hər adam bu çətinliyin öhdəsindən gələ bilmirdi. Akifsə bu çətinliklərə qalib gələnlərin ən birincilərindən idi. Disertasiyası ilə bağlı apardığı elmi araşdırmalarda həm riyaziyyatın iqtisadiyyata tətbiqi sahəsində, həm də Elektron hesablama maşınlarından istifadə etmək sahəsində o zaman Moskvada nəyi etmək mümkün idisə hamısını edirdi. Bəzən gecə yarısına qədər yaşadığımız otağın bir küncündə onun stol üstü lampası yanırdı... Ona görə də, hələ o zaman Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunda seçilən aspirantlardan biri idi. O, təkcə quru elm adamı deyildi. O zaman gənclik illərinin çoşğusu ilə keçirdiyimiz şənliklərdə, elm, mədəniyyət işçiləri ilə görüşlərdə, bayram tədbirlərində də ən fəal gənclərdən biri idi.

1977-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə edən Akif Musayev Bakıya, Kibernetika İnstitutuna qayıtdı. Bakıda Akif müəllim elmi fəaliyyətlə yanaşı, eyni zamanda pedoqoji fəaliyyət göstərməyə, ölkəmizdə riyaziyyatın iqtisadiyyata tətbiqi sahəsində  bilikləri yaymağa, bu sahədə yeni kadrlar yetişdiməyə başladı. Azərbaycan Neft və Kimya İnstitutunda Tətbiqi riyaziyyat fakultəsində də səmərəli fəaliyyət göstərdi. 1992-ci ildə disertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi aldı. Elmi-pedaqoji fəaliyyəti, insani keyfiyyətləri ilə böyük nüfuz qazanan Akif müəllim müstəqillik qazandığımız dövrün ilk illərində yeni yaranmış “Təhsildə islahat üzrə Dövlət Təhsil Komissiyasının”  üzvü seçildi və burada  ən fəallardan biri oldu.  Ölkəmizdə vergi siyasətinin elmi əsaslarla qurulması sahəsində yeni dövr başlayanda bu işə yüksək səviyyədə kömək edə biləcək mütəxəssislər axtarılanda onun namizədliyi irəli sürüldü. 1999-cu ilə Akif müəllim o zaman indiki Vergi Nazirliyini əvəz edən Baş Dövlət Vergi Müfəttişliyində Analitik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olundu. O zamandan bütün elmi fəaliyyətini əsasən vergi siyasətinə həsr edən Akif müəllim ölkəmizdə vergi məsələləri ilə bağlı fəaliyyətin elmi təminatının əsasını qoydu və sonradan bu sahədə yüksək səviyyəli elmi mexanizmlərin qurulmasında mühüm rol oynadı.  2001-ci ildə elm sahəsində əldə etdiyi mühüm nəticələrə görə Azərbaycan Milli Elmlər Akademyasının müxbir üzvü seçildi. O, avtomobil nəqliyyat işinin optimal təşkili, neft maşınqayırması və neft-qaz sənayesinin yeni iqtisadi tələblərə uyğun olaraq qurulması, vergi siyasətinin elmi təminatı məsələləri üzrə həm ölkəmizdə, həm də Amerikadan tutmuş, bir çox xarici ölkələrdə geniş tanınan mütəxəssisdir.

Akif müəllim ölkəmizdə hər zaman həm ciddi alim, həm də təhsilin elmi əsaslarla, müasir tələblərə uyğun qurulması sahəsində  mütəxəssis kimi geniş tanınır. Məhz buna görə də, 2007-ci ildə Azərbaycan Universitetinin yeni tələblərə uyğun olaraq yenidən qurulması məsələsi ortaya gələndə yenə ilk növbədə Akif müəllim yada düşdü. 2007-11-ci illərdə o, həm də bu Universitetin rektoru vəzifəsində çalışdı. Bu müddət ərzində Universitet dünyanın ən müasir Universitetlərinin təcrübəsinə uyğun olaraq yenidən quruldu, intensiv beynəlxalq əlaqələri yaradıldı.

Fəaliyyət göstərdiyi bütün bu illərdə hər sahədə öz nümunəvi davranışı ilə seçilən Akif müəllimin həm ölkə, həm də beynəlxalq səviyyədə bir çox mühüm mükafatları var. 30-dan çox kitabın, 200-dək elmi məqalənin, yüzlərlə publisistik yazının müəllifidir.

Müasir Azərbaycanın iqtisad elminin nümayəndələri arasında AMEA-nın müxbir üzvü, professor Akif Musayevin xüsusi yeri var. Onun istər elmi-pedaqoji sahədə, istərsə də dövlət xidmətində fəaliyyəti, sözün həqiqi mənasında, yaradıcı xarakter daşıyır. Akif müəllim elmi araşdırmalarında daim iqtisadiyyatın praktik əhəmiyyət daşıyan problemlərinin həllinə üstünlük vermiş, öz fundamental tədqiqatlarında dərin riyazi-məntiqi təfəkkürə əsaslanaraq, olduqca maraqlı və faydalı nəticələr əldə etmişdir. Elmi müzakirələrdə, dissertasiya müdafiələrində hər hansı məsələ barədə Akif müəllimin fikri həlledici olur.  Çünki onun dərin məntiqi təfəkkürü söylədiyi mühalizələrin doğru olduğuna hamını inandırır.

Akif müəllimin çoxlu tələbələri və ardıcılları var, o, biliyini gənc nəslə həvəslə öyrədir. Bilir ki, elm sərf edildikcə daha da artan bir xəzinədir.

İndi  Akif müəllimin yetmiş yaşı tamam olur. Bu  münasibət ilə onu ürəkdən təbrik edir, sağlam, uzun, fərəhli, uğurlu bir ömür arzulayıram.

Bu yazını da ona həsr etdiyim bir şeirlə bitirirəm. 

Atadan, anadan hamı doğulur
Öz qəlbindən doğulanlar ayrıdı.
Əməliylə, zəhmətiylə, sözüylə
Zirvələrdə ad alanlar ayrıdı.

Çətinlik dörd yandan çəpər çəkəndə,
Dövran da üstünə yadlıq tökəndə,
Qaranlıq içində bir pilləkəndə
Arzulardan od alanlar ayrıdı.

Uçrumun üstündən körpülər salan,
Bədxahı uğruyla eyləyən talan,
Hər vədə işığa doğru yol alan
Talehindən at alanlar ayrıdı.

Həyatda qoyduğu parlaq bir izlə,
Övladı önündə fərəhli üzlə,
Dostların yanında ən doğma sözlə,
Məhəbbətlə yad olanlar ayrıdı.

Bakı, 12 iyul 2017

 





17.07.2017    çap et  çap et