525.Az

Baş qəhrəman xalqdır


 

Baş qəhrəman xalqdır<b style="color:red"></b>

Tanınmış şair və nasir Əjdər Olun 2016-cı ildə Moskvadakı nüfuzlu “Xudojestvennaya literatura” nəşriyyatında “Krılatıe slova, izreçeniya, epizodı iz jizni naşix znamenitıx i ryadovıx sovremennikov” (“Görkəmli və sıravi müasirlərimizin həyatından zərbül-məsəllər, müdrik deyimlər və epizodlar”) adlı kitabı çap olunub və oxucular tərəfindən maraqla qarşılanıb.

Əməkdar incəsənət xadimi, şair-tərcüməçi Siyavuş Məmmədzadənin rus dilinə çevirdiyi bu kitaba yazdığı ön sözü oxucuların diqqətinə çatdırırıq.

Bu kitabın qapağındakı ada (müdrik kəlamlar, əhvalatlar, deyimlər...) ötəri nəzər salan şəxs onun əyləncəli qiraət nümunəsi olduğunu düşünə bilər. Ancaq kitabın içindəki əsasən təbəssüm, gülüş və yumor qığılcımları saçan əhvalatlar oxucunu sadəcə güldürmək, əyləndirmək məqsədi güdmür. İstedadlı və dərin müşahidəçilik bacarığına malik müəllifin illər uzunu yazıya aldığı, şəxsən şahidi olduğu, ya da başqa insanlardan eşitdiyi faktlar özünün al-əlvanlığı və mozaikliyi baxımından bir xalqın həyatındakı önəmli və dərin məqamları, nişanələri özünə hopdurubdur. Dünyanın tarixi və panoraması kontekstində bu fraqmentlər milli mentalitetimizin gerçək mənzərəsini gözlər önünə sərməkdədir. Məcazi mənada desək, bu “çoxinsanlı” kitabda - Azərbaycan xalqı, onun ayrı-ayrı təbəqələrini təmsil edən şəxslər bir arada cəmləşibdir. Əjdər Ol kommunist ideologiyasının hegemon olduğu vaxtları, sovet dövrünün də əks-sədasını bizə ötürməyi vacib sayır. Bununla bağlı fraqmentlərdə biz SSRİ-nin, “sarsılmaz birliyin” necə dağıldığının və müstəqil dövlətlərin necə yarandığının “tektonik” sarsıntılarını hiss edirik. 1990-cı ildə Bakıda baş verən Qara Yanvar faciəsi, Qarabağ müharibəsinə sürüklənməkdə olan respublikanın dinc əhalisinə qanlı divan tutulması, Qorbaçovun göstərişiylə gecə saatlarında paytaxta sovet qoşunlarının yeridilməsi barədə qeydlər can verməkdə olan bir imperiyanın çabalamalarını göstərir. Əlbəttə, Əjdər Ol bu tarixi kataklizm barədə epik hekayət yaratmağı qarşısına məqsəd qoymayıbdır. Onun bizlərə təqdim elədiyi hekayətlər - əslində, marksizm-leninizm ideyalarına söykənən böyük bir eksperimentin iflasını göstərən ştrixlərdir, bunun əks-sədasıdır.

1990-cı ilin Qara Yanvar faciəsindən və fövqəladə vəziyyətin elanından sonra sovet (hələlik sovet!) qoşunlarının kontingenti Bakıdakı müxtəlif obyektlərdə, o cümlədən yazıçıların Şüvəlandakı Yaradıcılıq evində yerləşdirilmişdi. Yaradıcılıq evinin köhnə korpusunda yalqız, amma istedadlı yazar və səmimi bir insan olan Namiq Abdullayev də məskunlaşıbmış. Yeni korpus isə Moskvanın göstərişiylə, daxili qoşun hissələrinə ayrılıbmış. Yemək saatlarında Namiq müəllim hər dəfə Yaradıcılıq evinin yeməkxanasına baş çəkirmiş. Bir gün yolunu oradan salarkən, buranın yeni, poqonlu sakinlərinə nəzakətlə “Nuş olsun!” deyir. Bunun cavabında isə: “Sən olmasaydın, daha çox nuş olardı” kimi qaba bir cavab alır. Ölkənin hərbi rəhbərliyinin zombiləşdirdiyi asayiş keşikçilərinin yerli xalqa münasibəti o vaxt məhz belə idi.

Vegetarianla bağlı epizod da maraqlıdır: qıtlıq dövründə, ərzağın əhaliyə talonlarla paylandığı vaxtda bir aktyor vegetarian üsuluyla qidalanmağa başlayır. O ara ehtiyatsızlıq edərək, talonla paylanan qida məhsulları barədə istehza dolu fikirlər səsləndirir. Xüsusi xidmət orqanları bu üsyançı vegetariana nə edirlərsə, o, əlüstü ət yeməyə üstünlük verir və bunu hamının içində, aşkar şəkildə etiraf eləyir.

Bir başqa epizod isə artıq İslam inqilabı dövrüylə bağlıdır və inqilabi ideyalardan öz mənfəəti üçün yararlananların tarix boyu həmişə mövcud olduğuna diqqətləri çəkir. Qonşu İranda bir vəzifə qazanmaq xətrinə ölkənin dini lideri Xomeynini addımbaşı tərifləyən bir boşboğaz ən nəhayət, millət vəkili seçilir və sair. Növbəti dəfə yaltaqlanmalarında hədd-hüdud tanımayan bu hərif Xomeynini on ikinci imama bənzədir. Bundan qeyzlənən ayətullah ona kəskin reaksiya verir. İnqilablar tarixi üçün bu, yetərincə tanış mənzərədir...

Bu yerdə Puşkinin misraları yada düşür:

Yaltaqlar! Əclaflıq eləyəndə də
Nəciblik hissini qoruyun bir az...
 

Əjdər Ol Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovun respublikaya rəhbərlik etdiyi dövrlə bağlı faktları da təqdim edir. Totalitar rejimin sadiq nökəri olan bu rəhbər “şəxsiyyətə pərəstiş”in və Beriyanın işgəncə sisteminin ifşasından sonra özünə heç cür yer tapmır.  

Kitabdakı qeydlərin və hadisələrin böyük bir qismi Heydər Əlirza oğlu Əliyevin həm sovet, həm də postsovet dövründəki, yəni suveren Azərbaycanın müstəqil dövlət quruculuğu illərindəki fəaliyyətinin ən müxtəlif şaxələrinə işıq tutur. Azərbaycan Respublikasının rəhbəri ABŞ-da səfərdə ikən bu superdövlətin prezidenti Bill Klintonun Rusiya ilə qarşılıqlı münasibətləri necə qurmaq barədə ondan məsləhət istəməsi yetərincə əlamətdar bir faktdır. Heydər Əliyevin uzaqgörən, çoxşaxəli və vətənpərvər fəaliyyəti barədə indiyədək xeyli araşdırma aparılıb və müasir dövrün dahi siyasətçisi haqda hələ yeni-yeni araşdırmalar heç şübhəsiz, meydana çıxacaq. Əjdər Olun kitabında biz Heydər Əliyevin söz və sənət adamlarına, bizim mədəni irsimizə necə diqqətlə yanaşdığının (repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirilməsi, Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda şairin məqbərəsinin ucaldılması, onun teatr və kino premyeralarında iştirakı, rəssamlar, müğənnilər, yazıçılar və s. ilə görüşləri) dair dəqiq faktların şahidi oluruq. Çağdaş Azərbaycan mədəniyyətinin ən parlaq təmsilçiləri ilə bağlı qeydlər və epizodlar kitabın nəzəçarpacaq bir qismini əhatə eləyir.

Həmin sənətkarlar nəslinin yaradıcılığı mənim də yaşadığım dövrlə üst-üstə düşüb. Bunların sırasına milli teatrımızın görkəmli xadimi, ustad rejissor Adil İsgəndərov, misilsiz dirijor Niyazi, dahi musiqiçi, əslən bakılı olan Rostropoviç, dünyaşöhrətli fırça ustası Tahir Salahov, virtuoz kamança ifaçısı Habil Əliyev, əvəzsiz saz ustadı aşıq Ədalət, səhnə və ekran ustaları Səməndər Rzayev, Yaşar Nuri, Eldəniz Zeynalov, habelə teatr xadimlərimizin yaşlı nəslinə aid olan Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Lütfəli Abdullayev, dahi müğənni Rəşid Behbudov, xanəndələr Seyid Şuşinski və Rübabə Muradova, müğənni Mirzə Babayev, qocaman tarzən Qurban Pirimov aiddir... Nikolay Tixonov Azərbaycan xalqını əbəs yerə “şair xalq” adlandırmırdı. Bu kitabda oxucunu ona doğma gələn Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza, Tofiq Bayram və onlarla başqaları ilə görüşlər gözləyir. Bu insanların hər biri özüylə bağlı bizlərə maraqlı əhvalatlar silsiləsi qoyub gedib və bunlar zamanla onların sirr pərdəsinə bürünməsinə xidmət edir. 1990-cı ilin Yanvar hadisələrinə görə Lefortovo zindanında yatan, Qarabağ müharibəsində yeganə oğlunu itirən görkəmli şair və vətəndaş Xəlil Rza haqda burada bir neçə kəlmə demək istərdim.

Mərkəzi televiziyanın müxbiri Krutov Lefortovo həbsxanasında yatan şairlə o vaxt görüşmüşdü. Onun dustağa münasibətdə öz rəhbərinin verdiyi təlimata uyğun davranacağı şübhə doğurmurdu. Verdiyi müsahibədə Xəlil Rza Sovetlər İttifaqının qələm sahibləri arasındakı əməkdaşlığı müsbət dəyərləndirmişdi. O ara şair erməni poeziyasından nümunələri, o cümlədən, “Silva xanım” Kaputikyanın şeirlərini dilimizə çevirdiyini söyləmişdi. Bu nəzakət dolu “xanım” kəlməsi o vaxt qarşı duran tərəflərin təbliğat coşqunluğu fonunda, şairin vətənində isə “qızğın beyinlər” tərəfindən xeyli kəskin etirazla qarşılanmışdı. Əjdər Olun kitabından isə öyrənirik ki, dinc sovet dövründə Yerevana səfər edən Xəlil Rza xəstələnibmiş. Azərbaycanlı həmkarından insani qayğısını əsirgəməyən Silva Kaputikyan şairi evinə qonaq çağırır, onun bədənini ovxalamaqla kifayətlənmir, hələ “pasiyentinin” kürəyinə banka da qoyur... Sonradan Lefortovo zindanına düşən Xəlil Rza bu yaxşılığı hələ də unutmamışdı. Bu, nəcib bir jest idi və müsahibəni alan Krutovdan bunu gizlətməyin bir mənası yox idi...

Sözünü etdiyim kitabda sıravi insanlarla da bağlı xeyli məzəli əhvalat və rəngarəng epizodlar var. Müəllifin azyaşlı qızı, sualları bitib-tükənməyən Aysunla bağlı dialoqlar da adama şux təsir bağışlayır... Əjdər Olun gündəliyi xatırladan qeyd və müşahidələrindən ibarət çoxşaxəli kitabı məhz bu dialoqlarla da bitir.

Bu kitabın baş qəhrəmanı - xalqın özüdür, onun ən müxtəlif xasiyyətə, düşüncə tərzinə və dünyagörüşünə sahib təmsilçiləridir. Kitabın dəyəri və önəmi də elə bundadır. Bu kitabı rus dilinə çevirərkən mən dialoqların koloritini, dodaqqaçıran məqamları bacardıqca qoruyub saxlamağa çalışmışam.

 





17.07.2017    çap et  çap et