525.Az

“Unudulmuş dahi”mizi layiqincə xatırlayanda...


 

AZƏR TURANIN “ƏLİ BƏY HÜSEYNZADƏ” MONOQRAFİYASI HAQQINDA QEYDLƏR

“Unudulmuş dahi”mizi layiqincə xatırlayanda... <b style="color:red"></b>

... Hədəfim yenə kitabdır. İnansaq da, inanmasaq da, bu dünyada kitablı cəmiyyət olmaq, kitabsızlıqdan daha yaxşı, daha doğru, daha üstündür hər bir halda.

Bu dəfə Azər Turanın “Əli bəy Hüseynzadə” kitabını hədəfləmişəm. Aylar öncə bu monoqrafiyanı oxuyarkən haqqında deyiləcək, yazılacaq o qədər çox sözüm vardı ki. Bununla belə, həmişə bu kitab haqqında yazmaq istəsəm də, cürət etməmişəm, “bu qədər mətləbləri bu miqyasda əhatə edən bir əsərə hansı yöndən işıq tutsam, az qalacaq” - deyə narahat olmuşam. Lakin uğurlu bir iş haqqında əhatə edə bilməməkdən ehtiyatlanıb susmaqdansa imkan daxilində bəhs etmək daha ədalətlidir, yəqin.

Son zamanlar məni ən çox düşündürən məsələlərdən biri də budur ki, elmimiz xalqdan həddən artıq ayrı düşüb. Bunun səbəbini yazılan əsərlərin dili və üslubunda aramaqla yanaşı, həm də “əlçatmazlığında”, satışa verilməməsində, insanları daha çox məlumatlandırmamaqda, bu kitabların kifayət qədər təbliğ olunmamasında görürəm. Nəticə etibarilə, əksər elmi nəşrlərdən nəinki geniş oxucu auditoriyasının, heç bütün ədəbiyyatşünasların belə xəbəri olmur, ən yaxşı halda, sadəcə kitab haqqında ümumi məlumata malik oluruq. Bu baxımdan, fikrimcə, bu cür fundamental əsərlərin gərəkliliyini nəzərə alaraq onlar haqqında mümkün qədər çox bəhs etmək lazımdır ki, hər kəs öz qəhrəmanlarını tanısın.

1990-cı illərdə Rəfiq Zəka Xəndan Əli bəy Hüseynzadəni “Unudulmuş dahi” adlandırırdı. Nə yaxşı ki, unudulmuşları da xatırlayan, onları öz xalqına qaytaran, qazandıran azlar var və o azlardan biri, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı haqqında layiq olduğu miqyasda araşdırmanı ərsəyə gətirən Azər Turan oldu.

Monoqrafiyanın əvvəlində Əli bəyin yadigarı Feyzaver Alpsar Turanın İstanbuldan müəllifə yazdığı məktubu yer alır: “...Babam Hüseyinzade Ali Turan fikir ve eserlerinin bugünlere aktarılıp yeni nesil tarafından öğrenilip benimsendiğini görmek beni ayrıca mutlu etmiştir. Babam çox mütevazi bir insandı ve bu özelliğinden dolayı bizlere kendisi ile ilgili çok fazla şey anlatmazdı. Bunca yıl sonra bu bilgilerin hafızamda tazelenerek ortaya konulması ve bir kitap haline getirilmesi bana onur vemektedir. Azer bey, senin bu gayretlerin babamın Türk kültürüne olan katkısını da canlı tutmaktadır. Sana tüm çabaların ve emeklerin için ailem adına gönülden şükranlarımı sunuyorum.” Əminəm ki, təvazökar Ə.Hüseynzadənin çoxtərəfli fəaliyyətinin əhatəsi haqqında heç ailəsi də bunca məlumatlı deyildi.

Əli bəy Hüseynzadə haqqında digər dəyərli əsərlər də yazılıb. Amma o işlərin heç birində bu miqyas, elmi əhatəlilik yoxdur, bu kitabdakı sevgi duyulmur. Bu sanballı monoqrafiya Azər Turanın Ə.Hüseynzadə şəxsiyyəti və irsinə böyük eşqi kimi meydana gəlib. Məncə, istənilən araşdırma öz obyektini oxucuya sevdirə biləndə daha da dəyərli olur.

Əli bəy Hüseynzadənin bir mücadilə uğrunda keçən həyatı və yaradıcılığı həmin idealların bir başqa sevdalısının qələmində gün üzünə çıxır. Fikrimcə, onun hamıdan çox haqqı vardı Ə.Hüseynzadə haqqında yazmağa. Səbəb yalnız Əli bəy kimi Azər Turanın da ensiklopedik bilgilərə malik olması, ədəbiyyatla yanaşı, hər birinin “şünası” olacaq dərəcədə kino, teatr, musiqi, rəssamlıq sənətinə yaxından bələdliyində deyil, sələfinin irəli sürdüyü, həyatını adadığı ideoloji düşüncəni davam etdirməsindədir - həyatı, amalı və bütün yaradıcılığı ilə.

Əli bəy Hüseynzadə haqqında bu ensiklopedik kitab dahi şəxsiyyətin kimliyi, yaradıcılığı, ictimai və siyasi fəaliyyəti, yaşadığı dövrü, məkanı, mühiti və şəcərəsini ətraflı şəkildə əhatə edir və hər mövzuda müəllif yalnız faktlara və sənədlərə, məktublara, yaddaşlardan süzülüb gələn xatirələrə əsaslanır. Burada Əli bəy Hüseynzadənin ideoloq, yazıçı, redaktor, rəssam, siyasətçi kimliyi, yaradıcı qabiliyyətləri ətraflı araşdırılır.

Bəllidir ki, sovet dövrünün ideoloji silahı millətin, xalqın bütövlüyü, böyüklüyü, dövlətimizin müstəqilliyi naminə çarpışan mütəfəkkürlərimizin unudulmasında, gözdən salınmasında, yaxud yaddaşlarda yanlış iz buraxmasında maraqlı idi. Bu səbəbdən bəzi elmi tədqiqatlarda dövrün tələbindən çıxış edilərək meydana gələn yanlış faktlar, gerçəyə uyğun olmayan iddialar yer alır ki, “Əli bəy Hüseynzadə” monoqrafiyasında müəllif bu iddiaların doğru olmadığını sadəcə qeyd etməklə qalmır, bir deyil, bir neçə dəlil gətirərək əksini, yanlışlığını sübut edir. Azər Turanın Əli bəyin həyat və yaradıcılığının öyrənilməsi ilə bağlı hətta  kiçik bir detalla bağlı faktın əldə edilməsi üçün dəfələrlə səfərlər etdiyindən, nə cür əziyyətlərə qatlandığı, bəzən bir məktub, bəzən bir sənəd dalınca başqa ölkəyə üz tutduğu, günlərlə arxivlərdə işlədiyindən çoxumuz xəbərdarıq.

Hüseyn Cavidi, Əli bəy Hüseynzadəni əsl kimlikləriylə bizlərə qaytarmağa, yaxınlaşdırmağa çalışan bir tədqiqatçının işlərinə, təəəssüf ki, hələ də bəzən, hansı səbəbdənsə, dırnaqarası yanaşırıq. Bu müəlliflərdə Azər Turanı cəlb edən yalnız yaradıcılığı deyil, özünün də dediyi kimi, taleyi və ədəbi kimliyidir. Çünki onun ədəbiyyata yanaşmasında böyük bir gözlənti var: ədəbiyyat ideoloji olanda yox, ondan yüksəkdə dayanaraq ideologiyaları yaradanda böyük olur. Odur ki, Azər Turanın ədəbiyyat sevgisinin içində Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə... var. Bu sevgi köklü, bağlıdır; bu əsərləri sanki bu ömrü onlarla paylaşıbmış kimi yazıb. Onların həyat və yaradıcılığını, fəaliyyətini araşdırmaq Azər Turanın həyat tərzidir - yazıb bitirmək, bir mərhələni arxada qoymaq amaclı deyil: yorulmadan, usanmadan hər zaman onlardan, ideyalarından, həyatlarından şövqlə bəhs edir - yazılarında da, söhbətlərində də. O, hər zaman Hüseyn Cavid, Əli bəy Hüseynzadə sevgisinin yaranmasında atası İmamverdi Əbilovun böyük rolu olduğunu xatırlayır: uşaqkən evlərinin divarındakı şəkildən Ə.Hüseynzadəni tanıdığını, əzbərlədiyi ilk şeirin Cavidə məxsus olduğunu danışır. Onun sevdiyi və araşdırdığı mütəfəkkirlərin hamısını bir tale birləşdirir: böyük zəhmət, mənəvi ucalıq, ali vətəndaşlıq mövqeyi və əqidə... bununla yanaşı, layiq olduqları qədər etiraf olunmamaları.

XX əsrin əvvəllərində axtarışlarla zəngin Azərbaycan ədəbi, mədəni, ictimai fikri konkret konsepsiyalar kontekstində inkişaf edir, dünya mədəniyyətinə inteqrasiya istiqamətində çabalar göstərilirdi. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və digərləri kimi öncül ziyalıların ədəbi, ictimai, kulturoloji görüşləri yalnız çağdaş Azərbaycanın deyil, bütünlüklə türk dünyasının yeni mərhələyə qədəm qoymasına yönlənmişdi.

Özündən öncəki yolları ayaqlamaqdan saqınan, yeni cığırlar açan, ardınca millətini aparmağa çalışan ziyalı olaraq Əli bəy Hüseynzadə əsrinin ideologiya öncülü idi. “Millətə onun milli kimliyini xatırladan, Azərbaycanı rus və fars assimləsindən xilas edib onu özünə, öz məhvərinə yönəldən” Əli bəy Hüseynzadəni bütün təhriflərdən arınmış şəkildə, layiq olduğu miqyasda təqdim edərək olduğu kimi tanıdan isə bu monoqrafiya oldu.

Azər Turan bu monoqrafiya ilə Əli bəy Hüseynzadə fenomeninin, ayrı-ayrılıqda əsərlərinin ilk baxışda nəzərə çarpmayan, alt qatlarına işıq tutur, fikirlərinin obyektiv şərhini verir, özündən öncəki tədqiqatçıların ilgisini çəkməmiş, ya da qəsdən gözardı edilmiş məqamlara diqqət yönəldir, tarixi, siyasi əhəmiyyətini mənalandırır. Odur ki, kitab 2014-cü ildə AYB-də təqdim olunduğu zaman Xalq yazıçısı Anarın onu “Bu dəyərli nəşr Əli bəy haqqında indiyə qədər yazılanların ən qiymətlilərindən biri, bəlkə də birincisidir... “ şəklində dəyərləndirməsi təsadüfi deyildi.

Bu monoqrafiyanı Əli bəy Hüseynzadə haqqındakı digər əsərlərdən fərqləndirən əsas xüsusiyyət miqyası, əhatə dairəsi, detallı araşdırma mənbəyi olması, ikincisi isə heç bir fikrin əsaslandırmasız deyilməməsidir. Hətta hər hansı bir fikri digər tədqiqatçılara istinadən ifadə etdikdə belə, mənbələrin diqqətlə araşdırılıb, yoxlanıldığı göz önündədir.

Müəyyən fikirlər var ki, onları hətta bu gün belə ifadə etmək cürət istər. Əli bəy Hüseynzadənin şəxsiyyəti, fəaliyyəti haqqında fikirlər yürüdən müəllif ən az tədqiqat obyektinin özü qədər cəsarət nümayiş etdirərək fərqlənir: istər gətirdiyi sitatlarda, onlara verilən şərhlərdə olsun, istərsə də digər qənaətlərində. Monoqrafiya boyunca yeri gəldikcə özündən öncəki tədqiqatçılarla dialoqa, bəzən mübahisəyə girən Azər Turan heç bir etik çərçivəni aşmadan tədqiqatçı cürətini, işə vicdanla yanaşdığını nümayiş etdirir. Qeyd edim ki, monoqrafiya yalnız ədəbiyyatşünaslıq elmi üçün deyil, Əli bəyin ictimai-siyasi görüşlərinə yaxından bələd olmaq baxımından da böyük əhəmiyyət kəsb edir.

Əli bəy Hüseynzadənin Azərbaycan-türk düşüncəsinin formalaşması və inkişafındakı rolu danılmazdır. Monoqrafiyada bəlli dönəmlərdə türk tarixinin ən ciddi və dərin problemlərinə münasibətdə millətinin zərərinə olan mövqe nümayiş etdirənlərdən fərqli olaraq Əli bəy Hüseynzadənin düşüncə və fəaliyyətinin türk genefondu, tarixi, etnoqrafiyası, xüsusilə dilinə yönəldiyi ətraflı şərh olunur. Çox sonralar çağdaş tarixçiliyin tədqiqat obyektinə çevriləcək ümumtürk tarixinin əksər hadisə və tarixi fiqurları haqqında ilk qeydlərin Ə.Hüseynzadəyə aid olduğu isbatlanır.

Monoqrafiyada Ə.Hüseynzadənin “Tatar” adına etiraz kimi “Türklər kimdir və kimlərdən ibarətdir?” cavab yazıları ilə Azərbaycan türkoloji elminin qurucusu olduğu vurğulanır. Müəllif Hilmi Ziya Ülkenin bu yazının “modernləşdirmə tariximizdə ilk dəfə hümanizm eğitimi haqqında sistemli bir görüşü müdafiə etdiyini” qeyd etməkdə haqlı olduğunu önə çıxarmaqla yanaşı, onun digər müəlliflərin bu mövzuda Əli bəydən öndə gəldikləri iddiasını absurd hesab edərək inkar edir. Azər Turan adıçəkilən həmin müəlliflərin yazılarını şərh edərək, V.Tomsen, Vamberi, Radlov, Eyveld və digərlərinin simasında türkolojinin mövcud olduğu, lakin “o aləmdə türklərin özlərinin yox” olduğu bir zamanda Əli bəy Hüseynzadənin “Türk kimdir?” sualına zamanı üçün yeni sayılan cavablar verdiyini yazır: “Əli bəyin tarixçiliyi müasir olduğu qədər də elmi, təxminlərə deyil, faktlara istinad edən və ilk dəfə türkşünaslıq terminolojisinə rəvac verərək yaranan tarixşünaslıq idi”. Azər Turan Əli bəy Hüseynzadənin türklərin kimliyi haqqındakı suala cavab verərkən ilk növbədə türk siyasi genefondunda uydurma etnik sindromlardan qurtuluş yollarını araşdırdığını, təfərrüatlara enmədən yaddaşları oyatdığını yazır.

Maraqlıdır ki, Azər Turan osmanlıçılıqda ittiham edilən Əli bəyin bu addımını “siyasi gediş” adlandırır və yazır: “Sadəcə, bu osmanlıçılığın millətimiz üçün çıxarı XX yüzilin əvvəllərində həyatımıza bütün sferalarda müdaxilə edən rusçuluğun sıradan çıxarılmasını təmin etməsiydi”.

Bəzən açıq-aydın, bəzən isə sətiraltı fikirlərlə türklük düşüncəsinə bu zamana qədər verilməkdə olan zərərlərdən, bu gün də çözümünü tapa bilməyən vahid türk dili anlayışının bünövrəsinin dağıdıldığından, vaxtilə (1904-1905) buna Azəraycanda Əli bəyin, Krımda  (1912) İsmayıl bəy Qaspıralının ilk etiraz səslərini ucaltdığından, onların bu sahədə konkret addımlarından bəhs edilir.

(Ardı var)

 





17.07.2017    çap et  çap et