525.Az

“Qubanın ağ alması”, yaxud sənət məktəbinə aparan yollar - “Yaddaşımın lövhələri”ndən


 

“Qubanın ağ alması”, yaxud sənət məktəbinə aparan yollar - <b style="color:red">“Yaddaşımın lövhələri”ndən</b>

Dövran, vəziyyət elə gətirmişdi ki, Qərbi Azərbaycandan köçməyə, ata-baba yurdumuzu tərk etməyə məcbur olmuşduq. Azərbaycanın o başından bu başına yol keçib, nəhayət, Quba rayonu 12 saylı Sovxozda məskunlaşmışdıq.

Yerli məktəbdə səkkizinci sinfi yüksək qiymətlərlə bitirərək, tətilə çıxmışdım. Hələ yeniyetmə sayılsam da, artıq özümü yetkin adam bilir, taleyim barədə sərbəst qərar verəcək qədər böyüdüyümü düşünürdüm. Təhsilimi kənddə davam etdirmək istəmirdim. Mütləq Bakı şəhərində sənət məktəblərinin birinə daxil olmaq fikrindəydim. Amma bu, asan iş deyildi, xeyli çətinliklər ola bilərdi. Lakin qərarım qəti idi, o qədər bu fikrə qapılmışdım ki, başqa heç nə beynimə girmirdi. Gecəm-gündüzüm bu fikirlə keçirdi. Yuxum, dincliyim pozulmuşdu. Əsəbilik, psixoloji gərginlik keçirirdim. Şəhər, sənət məktəbi hey məni özümə çəkirdi. Evdə həddindən artıq darıxır, bir yerdə otura bilmirdim. İtiyi itmiş kimi əsəbiləşərək özümdən çıxır, qapımızdan bir nəfər keçəndə belə, yaxud bir şıqqıltı gələndə pəncərəmizdən o tərəf-bu tərəfə uşaq kimi boylanırdım.

O il havalar elə keçirdi ki, yay olduğuna baxmayaraq, elə bilərdin, yazın ilk ayıdır. Bərk yağış yağmışdı. Ətrafda leysandan sonra gölməçələr əmələ gəlmişdi. Üzümlüklərin və meyvə bağlarının yarpaqları təmizlənərək günəş şüaları altında güzgü kimi parıldayırdı. Həyətdə inək-buzov, qoyun-quzu mələşirdi. Toyuq-cücə bir-birinə qarışmışdı. Bir sözlə, ətrafda həyat qaynayırdı, mən isə çox darıxırdım. Amma bu mənzərəni seyr etdikdən sonra, özümdən asılı olmayaraq, məndə bir canlanma yarandı. Həyətə çıxdım, sinif yoldaşlarım Rüfətlə Zeynalın yaxınlıqdakı ərik ağacının altında söhbət etdiklərini gördüm. Məni görməsinlər deyə, gizlincə, ağacların altındakı cığırla asta-asta onlara doğru addımladım. Gəlib yanlarına çatanda arxadan gözlənilmədən onların üstünə atıldım. Onlar gəlişimi sevinclə qarşıladılar...

Biz xarakterimizə görə tamam başqa-başqa uşaqlar olsaq da, bir-birimizi çox istəyir, möhkəm dostluq edirdik. Zeynal sinifdə, məktəb həyətində, bir sözlə, hər yerdə dəcəllik edərdi, kiçik bir bəhanə tapıb uşaqlara sataşar, hər dəfə nəsə bir oyun çıxarardı. Rüfət zarafatcıllıqda hamımızdan üstün idi, amma bunu kənarda edər, dərslərdə özünü yaxşı aparardı, müəllimlərimiz onu çox sevər və hörmət edərdilər. O, əsasən Zeynalla zarafatlaşmağı çox sevərdi. Zeynal da çox zaman onun şit zarafatlarına dözə bilməyib qaşqabağını sallayardı. Mən də hərdən onun zarafatına dözə bilməyib: - Sən bu xasiyyətindən nə vaxt əl çəkəcəksən, - deyərdim. Onda Rüfət: - Allah verən xasiyyətdi, dəyişə bilmərəm?- deyərdi...

Həmişə olduğu kimi, indi də öz aramızda qəribə, məzəli zarafatlar edərək, xeyli gülüşdük. Artıq gün batmaq üzrəydi. Bayaqdan bu qərar gəlmişdim ki, gələcəklə bağlı fikrimi dostlarıma açıb deyim, onlardan məsləhət alım. Amma nədənsə tərəddüd keçirdim, niyyətimi dostlarımla bölüşə bilmədim. Bir qədər sonra ayrıldıq, mən yenə fikir-xəyal içində evə gəldim.

Gecədən xeyli keçsə də, fikirdən yata bilmədim. Beynimdə, ürəyimdə amansız narahatlıq vardı.

Durub pəncərədən bayırı seyr etməyə başladım ki, bəlkə fikrim dağıla. Gündüz yağan leysandan sonra hava tərtəmiz, göyün üzü açıq idi. Pəncərəyə yaxın küknar ağacının budaqlarının xışıltısı, iynəyarpaqların kəskin iyi, yay yağışında islanmış torpağın qoxusu məni azacıq da olsa sakitləşdirdi. Anlayırdım ki, həyatımda yeni və çox vacib mərhələnin astanasındayam. Bakıya getmək, sənət məktəbində oxumaq qərarımı ölçüb-biçdikcə başa düşürdüm ki, ağılla iş görmək lazımdır, yanlış addım məni həyatda çox geri sala bilər. Buralarda qalmaqla ciddi nəyəsə nail ola bilməzdim. Artıq geriyə yolum yox idi. Ancaq qarşıdakı 2-3 ayda nəsə bir işlə başımı qatmalıydım. Çox fikirləşdikdən sonra səhər sovxoz direktorunun qəbuluna gedib, məktəblər açılana qədər məni özünün məsləhət bildiyi, uyğun bir işə göndərməyini ondan xahiş etməyi qərar aldım.

İndiyə kimi yadımdadır: səhər tezdən oyandım, qalxıb soyuq su ilə əl-üzümü yudum. Çay-çörəkdən sonra qəti addımlarla evdən çıxdım. Hava istiydi, bürkü vardı. Sovxozun idarəsinə çatanda dilim-dodağım təpimişdi. Su içmək üçün ağac altındakı krana yaxınlaşdım. Doyunca içdikdən sonra üzümə su vurdum. ağacın dibindəki daşın üstündə oturdum. Xadimə həyəti süpürürdü, mənsə sakitcə onu və ətrafı seyr edirdim, əslində isə fikrim yenə başqa yerdəydi, direktorla söhbətimi götür-qoy edirdim. Xadimə öz işini qurtarandan sonra çəkələklərini şappıldada-şappıldada idarənin həyətindən kənd yoluna çıxaraq gözdən itdi. Fikirdən ayılıb ayağa qalxdım, ətrafa boylananda bu dəfə gözətçini gördüm. Ona yaxınlaşaraq ondan direktorun kabinetində olub-olmamasını soruşdum. Yerində olduğunu öyrənib, idarənin qapısından içəri keçdim. Direktorun kabinetinin qapısı açıq idi. O, öz stolunda əyləşib karandaşının ucunu kağızın üzərində gəzdirərək nəsə qeyd edirdi. Qapıyla üzbəüz güzgü var idi. Mən güzgünün qabağında ayaq saxladım, oğrunca üst-başıma baxıb özümü düzəltdim. Nəhayət, yavaş addımlarla kabinetə keçib, astaca salam verdim. Kim olduğumu, nə istədiyimi qısaca danışıb, direktorun cavabını gözlədim.

Stolun üstündəki saat yeknəsəq ahənglə çaqqıldayırdı. Sakitlikdən elə bil çaqqıltı get-gedə daha da güclənirdi. 

Direktor kök olduğundan birtəhər oturduğu stuldan ayağa durdu, başını əsdirə-əsdirə giriş qapısına doğru irəlilədi. Birdən mənə sarı dönərək: - Yaxşı, gözəl oğlan bildiyimə görə məktəbimizin ictimai işlərində fəal iştirak etməklə bərabər, dərslərindən də yüksək qiymət alırsan. Yadımdadır, təzə il bayramında klubumuzda çıxışın məni və sovxozun zəhmətkeşlərini təsirləndirdi. Həqiqi mənada məni ürəkdən sevindirdin! Ağsaqqal və rəhbər kimi tövsiyə edirəm, onilliyi sovxozumuzun məktəbində çalışıb oxuyasan. Buranı bitirdikdən sonra Bakıda imtahan verib, institutların birinə daxil olub oxuyasan. Əməlli-başlı ali təhsil alıb, bir sənət sahibi olarsan. Bir kamil mütəxəssis kimi qayıdıb sovxozumuzda işləyərsən. Bizim ali təhsilli mütəxəssisə ehtiyacımız var. Oğlum, bu yaşda səni bir fəhlə kimi görməyi mən rəva bilmirəm. İstəmirəm bir az işləyib sonra da hansısa sənət-peşə məktəbi ilə kifayətlənəsən. Öz taleyinlə bu cür oynama! Belə laqeydlik olmaz. Bir rəhbər kimi əgər indi bu yoldan çəkindirməsəm, bütün ömrüm boyu vicdan əzabı çəkəcəm...

Direktorun dediklərinə qulaq asır, gözümü onun üzündən çəkmir, mat-mat baxırdım. İçimdə xəfif bir titrəyiş hiss etsəm də, buna əhəmiyyət vermədim. Nəhayət, özümdən asılı olmayaraq dilləndim: - Yoldaş direktor görürəm ki, gözəl insansınız. Məni bağışlayın, mən burada oxumaq istəmirəm, başqa fikrim var.

O, oturduğu yerdən duraraq, kabinetinin pəncərəsini azacıq araladı, sərin külək təmiz havanı içəri qovdu. Elə bil bundan xoşhallandı. Gülümsünərək: - Vallah, bala, mən səni başa düşə bilmirəm, sənin məktəbdən yayınmağın nə ilə bağlıdır? Düzdü, ailənizdə maddi cəhətdən sıxıntınız var. Sən bu haqda düşünmə. Təhsil aldığın zamanlarda mən də kömək əlimi səndən əsirgəməyəcəyəm. Buna yüz faiz arxayın ola bilərsən...

- Bilirsiniz, yoldaş direktor, bu haqda hərtərəfli götür-qoy etmişəm. Dediyim kimi, qəti fikrim məktəblər açılana qədər sovxozumuzda işləyib bir az cibxərcliyi düzəldib Bakı şəhərində sənət məktəblərinin birinə daxil olmaqdır. Bildiyimə görə, orada gündə üç dəfə yeməklə, pulsuz paltarla və yataqxana ilə təmin edirlər.  Təhsil müddəti  iki ildir. Bakıda axşam şöbəsi üzrə fəhlə-gənclər məktəbində də  təhsil almaq olur.

Sovxoz direktoru narazı halda ərizəmi məndən aldı, nəsə yazıb qol çəkdi: - Sabahdan üçüncü briqadaya gedib işləyərsən. Briqadir də yaxşı insandır, sənə kömək edər. Amma başa düş ki, yaxşı iş görmürsən! Sən bilirsən, sənət məktəbində əsasən uşaq evindən göndərilmiş yetim uşaqlar oxuyur? Sən onlarla yola gedən deyilsən. Sizinki tutmaz, sən savadlı, tərbiyəli uşaqsan, gedib onlara qarışıb korlanacaqsan! Bunları yenə yaxşı-yaxşı düşün.  Çölə çıxanda başım hərlənir, bədənim od tutub yanırdı.

Mən qarşıma çıxan adamları salamlayırdım, onlar nədənsə təəccüblə mənə baxırdılar. Görünür, həyəcandan, gərginlikdən qızarıb-pörtmüşdüm. Yan cibimdən dəsmalımı çıxararaq üz-gözümün tərini sildim. Hava dəydikcə yavaş-yavaş özümə gəldim...

Bir ay olardı ki, sovxozun üçüncü briqadasında fəhlə kimi çalışırdım. Səhər tezdən işə gedərək vicdanla çalışırdım, qısa müddət ərzində işgüzarlığımla bütün briqada üzvlərinin hörmətini qazanmışdım.

O zaman xüsusi evimiz olmadığı üçün, sovxoza aid yataqxanada yaşayırdıq. Orada bizdən başqa doqquz ailə vardı. Qonşularımız mehriban, bir-birilərinə qarşı məhəbbətli, nifaqdan və pis niyyətdən uzaq, səmimi insanlar idilər. Bizimlə divar-divara ən yaxın qonşumuz İslam kişinin ailəsi yaşayırdı. İslam kişi möhkəm bədənli, enlisifət adam idi, burnu əyri, alt dodaqlarının altı çapıqlı idi, iri əl-ayağı vardı. Xarakterinə görə isə çox zarafatcıl, toyda-nişanda pul xərcləyən, amma bir az kəmhövsələydi, əsəbiləşəndə boğazının damarları şişərdi. Sakit vaxtlarında isə xoş danışığı, baməzə söhbətləri ilə insanları özünə cəlb edərdi. Qoruqçu olduğu üçün onun qonur rəngdə kəhər atı və qoşalülə tüfəngi var idi. İslam kişi öz işini həvəslə yerinə yetirirdi. Yalnız gecələr saat 2-də bir saatlığa evinə gələr, sonra yenidən öz sahəsinə qayıdardı. Qoruduğu sahədə tezyetişən, gözəlliyi, ətri və dadı ilə sovxozun üzünü ağardan bəhrələri ilə məşhur alma ağacları vardı. Həmin ağaclar rəhbərliyin xüsusi nəzarəti altındaydı, briqadir vaxtlı-vaxtında oraya gələr, almalara baxar, işçilərə, həmçinin İslam kişiyə bəzi tapşırıqlar verib gedərdi. Almalar tam yetişəndən sonra yenə də diqqətlə dərilib ağ kağızlara bükülər, xüsusi qutulara qoyularaq “yuxarılar”a göndərilərdi. Məlumdur ki, o dövrdə bütün meyvələr mövsümi xarakter daşıyırdı.

Hər meyvəni ilin bəlli vaxtlarında tapmaq olardı, qalan aylarda onları əldə etmək olmurdu. Ona görə də həmin tezyetişən, ləzzətli almalar öz mövsümündə dərilib lazımi ünvanlara çatdırılmalıydı.

Bakıya, sənət məktəbində oxumağa getmək planım qüvvədə qalırdı. Bunun üçün sovxozda işləməyimin müqabilində bir miqdar xərclik yığa bilmişdim. Artıq avqust ayı idi. Hazırlığa başlamağın vaxtı gəlib çatmışdı. Bir sabah məktəbə gedib təhsil haqında sənədimi götürdüm, sonra da yaşayış yerindən arayış, sağlamlıq kağızı aldım. Sənədlərimi bir qovluğa qoydum.

Ailə üzvlərimə məsələni açaraq, tez bir zamanda yola düşmək istədiyimi bildirdim. Ancaq o ərəfədə yuxumu ərşə çəkən daha bir fikrə düşmüşdüm: İslam kişinin diqqətlə qoruduğu tezyetişən almalardan dərib özümlə götürmək, şəhərdə yaxşı qiymətə satıb xərcliyimi bir az da artırmaq niyyətindəydim. Əlbəttə, hələ yeniyetmə ikən haqsız yerə adımın oğru kimi damğalandığını unutmamışdım. Bu sözdən də, oğurluqdan da zəhləm gedirdi, bu bəd əmələ nifrət edirdim. Ancaq indi o gözəl almalardan dərməyi oğurluq saymırdım. Hər necə olsa, bur mənim işlədiyim sovxoz idi, burda zəhmətim vardı. Onun ərazisindəki ağaclardan meyvə dərib aparmaqda nə qəbahət ola bilərdi?! Ancaq mümkün qədər ehtiyatlı olmalıydım. Kimsə bilməsin, söz-söhbət düşməsin deyə, bu işi gecə vaxtı, İslam kişinin evinə baş çəkdiyi bir saat ərzində görməliydim. Açığı, hər nə qədər bu işdə bir qəbahət görməsəm də, yenə istər-istəməz düşündükcə özüm-özümdən utanan kimi olurdum. Kasıblığın, imkansızlığın üzü qara olsun! Məni bu vəziyyətə o salmışdı. Bir yandan da, o almaların mənim Bakıya, sənət məktəbində oxumağa getməyimə köməyi olacağını fikirləşib özümü sakitləşdirirdim.

Mən özümün də nalayiq saydığım bu işi başa gətirmək üçün bir qədər götür-qoy edərək plan qurdum. Bir az ölçüb-biçdikdən sonra qol saatıma baxdım. Artıq ikiyə on dəqiqə qalırdı. Demək, İslam kişinin evə gəlmək vaxtı idi. Mən onun gəlişini ürək döyüntüsü ilə gözləyirdim. Artıq bu an gəlib çatmışdı. Nəhayət, İslam kişi papirosunu sümürə-sümürə, sakitcə gəldi,atından ehtiyatla düşüb onu ot tayasının yaxınlığındakı alça ağacına bağladı. Hər ehtimala qarşı, ətrafa göz gəzdirdi. Mənim qədər o da öz əməlindən – bağı nəzarətsiz qoyub gəlməyindən xəcalətliydi.

Hər tərəfdə sakitlik hökm sürürdü. Qonşular evlərində mışıl-mışıl yatırdılar. İslam kişi bir qədər sonra evinə doğru addımlayaraq çöl qapısına yaxınlaşdı, əlindəki siqareti kənara ataraq evə keçdi.

Mən İslam kişinin evdə təxminən bir saat qalacağını nəzərə alaraq, ləngimədən çamadanımı götürüb həyətdən çıxdım. Çöldə yağışdan sonra hava tamam açılmışdı. İrəlilədikcə gecənin sərin havasını dərindən, acgözlüklə sinəmə çəkirdim. Səma aydın olduğundan, ulduzlar parıldayırdı...

Axır ki, hədəfə yetişdim, sovxozun o nadir, “toxunulmaz” almalarına yaxınlaşdım. Aydınlıq gecədə az qala bərq vuran almaların ətri dövrəyə yayılmışdı.

Vaxt itirmək olmazdı. Almalardan bir-bir dərərək çamadanı ağzına qədər doldurdum. Axır ki, öz istəyimə nail olmuşdum. Çamadanın bağlayaraq, gətirdiyim kəndirlə də sarıdım. Çiynimə alıb iti addımlarla oradan uzaqlaşdım. Çiynimdə çamadan, ağır-ağır nəfəs alaraq, yeyin addımlarla geriyə qayıdırdım. Sovxoz tövlələrinə çatanda çamadanı çiynimdən endirərək yerə qoydum. Onu nəhəng ot tayasının altında gizlədərək evə yollandım. Evdə hamı yatırdı, gəlişimdən kimsənin xəbəri olmadı. Doğrudan da, məqsəd vasitəyə haqq qazandırırmış. Elə buna görə də özümü qınamaqdan vaz keçib rahatca yatağıma uzandım, az sonra məni şirin yuxu apardı...

Səhər bayırdakı səs-küyə oyandım. Buna mənim səbəb olduğumu az sonra başa düşdüm. Çünki səsindən sovxozun direktoru olduğunu anladığım kişi qışqıra-qışqıra danışır, tez-tez “almalar, alamalar” deyirdi. Ortalığa xeyli adam yığımışdı, çoxu da sovxoz rəhbərliyindən idi. 

Nədən söhbət getdiyini bildiyim üçün nəfəsimi qısaraq pəncərədən bayırı seyr edirdim. İslam kişi rəhbərliyin qəzəbinə düçar olmuşdu. Xəcalətindən başını qaldıra bilmirdi. Məlum idi ki, “işdə ciddi səhlənkarlığa yol verdiyinə görə” cəzalandırılacaq”. Elə bilirdim, şiddətli töhmətlə canını qurtarar. Amma belə olmadı. Şübhələnmişdilər ki, İslam kişi kimləsə əlbir olub, almaları oğurladıb satdırır. Bu şübhəylə də onu qarovulçulqudan atdılar, hələ başqa cəzalar da ola biləcəyini, bu barədə akt tutulacağını söylədilər. Onu da dedilər ki, İslam kişiylə “əlbir olanlar axtarılıb tapılacaq, cinaətə görə cəza alacaqlar”.

Doğrusu, işin bu həddə gələcəyini fikirləşməmişdim. Odur ki, bu mənə böyük dərd oldu. Çünki mənim üzümdən İslam kişi belə ağır vəziyyətə düşmüşdü.

Düzdür, gecə bağı başlı-başına buraxıb evinə gəlməyi ciddi nöqsan idi. Amma kimsə onun əliəyrilikdə, sovxoza bilərəkdən ziyan vurmaqda günahlandıra bilməzdi. Çünki o ətrafda hamı İslam kişini namuslu, dürüst adam kimi tanıyırdı. Nəinki sovxozda, hətta ümumən Quba rayonunda onun çalışqanlığı, sözübütövlüyü, halal adam olması camaata yaxşı bəlli idi.

Tutduğum əməlin ağır nəticələrini gördükcə dərin sarsıntı keçirirdim. Özüm-özümü qınayır, yamanlayırdım. Heç bir ölçüyə sığmayan əməlimlə ortalığı qarışdırıb, insanlara zərbə vurmuşdum. Bakıya gedib sənət məktəbinə düzəlmək arzum ucbatından nələr törətmişdim! Amma daha gec idi, olan olmuşdu. İndi vicdan əzabına məğlub olub özümü ifşa edə, gələcəyimin üstündən xətt çəkə bilməzdim. Sadəcə, indi bunları qələmə almaqla, özümü mənəvi cəhətdən bir daha cəzalandırmaq, həm də bir vaxt olanları etiraf edərək bu ağır vicdan yükünü azca da olsa yüngülləşdirmək istədim...  

Həmişə olduğu kimi, bu gün də hamıdan qabaq yuxudan durdum. Paltarımı geyinib çarpayımı yığışdıraraq səliqəyə saldım. Əl üzümü yuduqdan sonra anama Bakıya gedəcəyim barədə öz niyyətimi açıqladım. Onun ürəyindən olmasa da, bir az fikirləşəndən sonra icazə verdi:

- Bala, mən nə deyə bilərəm, sən artıq cavan oğlansan, özün bilən yaxşıdır. Get oxu, iş-güc yiyəsi ol.

“Qasım əmi” dediyim atam niyyətimi bəyənmədi, narazılıqığı hər hərəkətindən bilinirdi. Əsəbi halda, barmaqları titrəyə-titrəyə papirosunu damağına qoyub sümürməyə başlamışdı. Artıq iş-işdən keçdiyini, qərarımın qəti olduğunu, üstəlik, anamın xeyir-dua verdiyini nəzərə alıb, etiraz edə, yolumu kəsə bilmirdi. Axır ki, dillənib: -Yaxşı yol, uğur olsun! - dedi, evdən çıxanda isə məni həyətdən uzaqlaşana qədər ötürdü.

Sovxoz tövlələri tərəfə getdim, əvvəlcədən tayada gizlətdiyim çamadanımı xəlvətcə oradan götürdüm. Bir azdan artıq yol kənarında avtobus gözləyirdim. Çox keçmədən avtobus yanımda saxladı. Salonda məndən başqa beş sərnişin var idi. Avtobus aramla irəliləyir, məni arzularıma, gələcəyimə doğru aparırdı. Az sonra fikir verdim ki, sərnişinlər ordan-burdan başlarını qaldırıb mən tərəfə baxırlar. Deməli, çamadandakı almaların ətri salona yayılmış, ətrafdakıların diqqətini mənə yönəltmişdi. Adamların baxışlarından vahimələnən kimi olub çamadanın dəstəyindən bərk-bərk yapışdım.

Bu minvalla xeyli getdikdən sonra, nəhayət, Xaçmaz stansiyasına çatdıq. Avtobusdan düşüb yeyin addımlarla kassaya yaxınlaşaraq, Rostov-Bakı qatarına bilet aldım.

Qatarın gəlməsinə hələ bir saatacan vaxt vardı. Bir qədər aralıda stansiya bufetiningirişi diqqətimi çəkəndə hiss etdim ki, səhərdən heç nə yeməmişəm...

Səhər yeməyi istədiyim xörəkpaylayan təndir çörəyi, bir parça qoyun pendiri, azca kərə yağı, bir stəkan çay gətirib stolumun üstünə qoydu. Yeyə-yeyə ətrafa nəzər salır, gəlib-gedənləri maraqla seyr edirdim. Çamadanımsa yerdə, dizlərimin arasındaydı.

Vaxt yetişmişdi, hesabı verib, çamadanımı götürərək, stansiyanın perronuna doğru addımladım. Qatar fit çala-çala yaxınlaşaraq dayandı. Adamlar ora-bura qaçışdılar, səs-küy qopdu, bir sözlə əsl stansiya mənzərəsi yarandı. Ömrümdə ilk dəfə qatara minəcəkdim, həm də təkbaşına. Buna baxmayaraq, qətiyyətlə yeriyib biletimi bələdçiyə təqdim etdim, onun işarəsiylə üçüncü vaqona qalxdım. Biletimdə göstərilən kupenin qapısı açıq idi, içəridə iki nəfər vardı. Salamlaşaraq keçib öz yerimdə əyləşdim. Dəqiqələr sonra qatar aramla yola düşdü. Üzə vurmasam da, ürəyimdə buna çox sevindim. Axır ki, hər şey arxada qalıb və mən indi öz gələcəyimi qurmağa gedirəm. Üstəlik, qatarda yol getmək mənim üçün həddindən artıq maraqlı idi.

Uzun müddət kupedə kimsə dinib-danışmadı. İçəri çox istiydi, havasızlıq da bir yandan, ona görə də bərk tərləmişdim. Darıxmağa başlamışdım deyə, gözlərimi çölə zilləyərək, keçib getdiyimiz yerlərin təbiətini seyr edirdim.

Nəhayət, yoldaşlarımdan biri dilləndi. Ordan-burdan sual verib məni söhbətə çəkdi. Daha sonra o biri də bizə qoşuldu. Buna çox şad oldum. Uşaqlıqdan eşitmişdim ki, həmsöhbət olanda sanki yol qısalır, səfər daha maraqlı keçir. Hardan gəlib-hara getdiyimi, arzularımı, Bakıyla bağlı planlarımı açıb onlara danışdım. Onlarınsa artıq həyatda az-çox mövqe tutduqlarını, indi də hərəsinin bir iş üçün Bakıya getdiyini öyrəndim. Bir qədər əvvəl hər üçümüz nə qədər qayğılı olsaq da, indi əhvalımız durulmuşdu.

Deyilənlər doğru çıxdı: Bakıyacan olan neçə saatlıq yol mənə xeyli qısa gəldi. Paytaxta yaxınlaşdıqca hiss edirdim ki, ətrafa heyrətlə baxmağım yoldaşlarımın marağına səbəb olur, hətta bəzən məni süzdükcə dodaqları qaçırdı. Bu böyük şəhər bundan sonra mənim məskənim, gələcəyimin məkanı olacaqdı.

Vağzalda sağollaşıb ayrıldıq və mən çoxdan can atdığım şəhərlə, onun küçələri, binaları, insanları ilə üz-üzə qaldım. Bütün bunlar haqqında çox oxuyub-eşitmişdim və indi ən əvvəl ağlıma gələn fikir bu oldu: “Artıq özüm özümə cavabdehəm, ona görə də ayıq-sayıq olmalı, çətin vəziyyətə düşməmək üçün tədbirli davranmalıyam!”

Nahar vaxtı idi. İsti-bürkü az qala nəfəsimi kəsirdi. Mən belə havaya öyrəşməmişdim. Susuzluqdan dilim-dodağım təpimişdi. Bir qədər aralıdakı köşkə yaxınlaşdım, bir stəkan sərin su alıb başıma çəkdim. Nəfəsimi dərib toxtamaq üçün yan tərəfdəki tut ağacının altına qoyulmuş skamyada oturdum. Çamadanımı dizimin üstündə tutmuşdum. Vağzal binasından, ya başqa hardansa xoş musiqi səsi gəlirdi. Diqqət kəsildim: Şövkət Ələkbərovanın səsiydi, “Dərələr” oxuyurdu. Bu gözəl mahnını əvvəllər dəfələrlə dinləmişdim. Ancaq o zamanlar bu mahnı elə bil mənə tamam başqa cür gəlirdi. Çünki təsvir edilən dağ-dərə, təbiət mənzərələri  ətrafımda olurdu. Burda isə: bomboz hündür binalar, qaynar asfalt, onun üstüylə şütüyən maşınlar, narahat halda ora-bura tələsən adamlar... Şəhər elə vağzalın ətrafındanca özünü göstərməkdəydi. Ancaq bu hələ başlanğıcdı. İrəlidə mən bu böyük şəhərin hələ çox üzünü görəcəkdim. 

***

Skamyada oturub azca özümə gələndən sonra bundan belə nə edəcəyimi, harda yerləşəcəyimi düşünməyə başlamışdım. Elə bu vaxt, orta yaşlı, saçları ağarsa da, gümrah görünən bir nəfər ətrafa boylana-boylana mənə yaxınlaşdı. O, gözlənilmədən, titrək səslə: “Oğlum, görürəm qatardan indi düşmüsən, hə?”- dedi.

Mən, hörmət əlaməti olaraq, asta, həlim səs tonu ilə: “Bəli, dayı, bir on dəqiqə olar”, - dedim. O, razı halda mənə yaxınlaşıb yanımda oturdu. Gəlişimin səbəbini biləndən sonra əlini ehmalca çiynimə qoydu: “Oğlum, bayaqdan sənə fikir verirdim. Çamadanın ağır olduğundan onu çətinliklə aparırdın, - o, əlini çiynimdən çəkərək zarafatyana, - nə var orda, içərisinə daş doldurmusan? Bakıda ev tikmək istəyirsən?”

Mən təmkinlə: “Dayı, xeyir, daş deyil almadır”,- açıqladım. O, təəccüblənərək birdən yerindən durdu: “Bacıoğlu, hələ alma mövsümünə bir aydan çox var, yəqin kal almadı?” Mən ona alma barədə hərtərəfli məlumat verdim. Üzümə baxaraq gülümsündü. Baxışlarından hiss etdim ki, nə isə demək istəyir. Bir az fikirləşdikdən sonra dilləndi: “Oğlum, almaları sat mənə. Sən yüz faiz rahat ola bilərsən. Almalarının hamısını götürüb artıqlaması ilə pulunu verəcəm. Evim düz xəstəxananın yanındadır. Səndən alıb, almaları orada yaxşı qiymətə sata bilərəm. O, köhnə tanışlar kimi əlini təzədən çiynimə qoyaraq: “Elə bu dəqiqə dur gedək bizə”, - deyib cəld çamadanı yerdən götürdü. Mən istər-istəməz: “Dayı, mənə heç bir kömək lazım deyil, xahiş edirəm, camadanı yerə qoyun”, - dedim. Kişi israr etdi: “Yox, oğlum, sən bu şəhəri tanımırsan. Bakı böyük yerdir, sənin kimi nabələdlərin başına burada çox iş gətirərlər. Bala, bura sənin kəndin deyil, hec kimin yoxdur. Mən səni tək buraxa bilmərəm. Arxayın ol, ünvanımı da sənə göstərəcəm, öz evin kimi gəlib gedərsən. Gözüm həmişə üstündə olacaq. Sən mənə inanıb əmin ola bilərsən. Fürsət düşən kimi Qubaya gedib ailənizlə də tanış olacam, oralar çox xoşuma gəlir...”

O dayanmadan danışır, mən isə utandığımdan susurdum. Çamadandan ikiəlli yapışaraq: “Qalx, gedib minək elektrik qatarına, stansiya yaxındadır. Qatara minib Fioletov dayanacağında düşərik. Mənim evim dayanacağın yaxınındadır. Sənət məktəbi də orada yerləşir. Məktəbin rəhbərliyilə tanışlığım var. Sənədlərini birlikdə verərik məktəbə”.

O, qabaqda, mən isə ardınca adıımlayıb stansiyaya çatdıq. Çamadanı yerə qoyaraq:

- Oğlum, - dedi, - indi get iki bilet al. Qatarın vaxtına az qalıb.

Əlindəki xırda dəmir pulları mənə uzatdı. Mən bilet almaq üçün kassaya yaxınlaşıb, növbəyə durdum. İki bilet alıb geri qayıdanda dostumu görmədim. O, çamadanımı da götürüb aradan çıxmışdı!..

Mən başıma gələnləri əsəbi halda xatırlayır, heç nə anlaya bilmirdim. Görəsən, bu nə idi belə? Doğrudanmı, özünü qayğıkeşim kimi göstərən o adam məni belə rahatca, vicdan əzabı çəkmədən aldatmışdı? Yoxsa almaları oğurlayıb harama əl atdığım, biçarə qarovulçunu zərbə altında qoyduğum üçün indi Tanrı məni bu cür cəzalandırırdı? 

Çox götür-qoydan sonra, nəhayət, tora düşdüyümü, ümid bağladığım almaların əlimdən birdəfəlik çıxdığını qəbul edib bundan beləsini fikirləşməyə başladım. Ancaq bir çıxış yolu görmürdüm, məni bu vəziyyətdən qurtarsın deyə, ürəyimdə Allaha yalvarırdım.

Əlimdəki biletlərə baxdım, elə o an səslənən elandan bildim ki, Buzovnaya gedən elektrik qatarı yola düşür. Yaxınlaşıb vaqona mindim, axtarıb yerimi taparaq əyləşdim. Üzbəüz oturan, üzünü tük basmış kişi nədənsə gözaltı məni süzürdü. Nəhayət, özümü ələ alaraq, ondan Fioletov stansiyasını soruşdum. Sakit səslə: “Mən də orada düşəcəm”, - dedi. Bir müddətdən sonra həmin kişi yerindən aramla qalxdı, ayağının yanındakı səbəti götürərək yavaş-yavaş vaqonun çıxış qapısına doğru irəlilədi. Qatar sürətini yavaş-yavaş azaldıb dayandı: bura Fioletov stansiyası idi.

Mən də heç ləngiməyib vaqondan düşdüm. Yolu keçib, piyadalar üçün nəzərdə tutulduğu anlaşılan yerdə dayandım. Geniş şosse ilə yanımdan maşınlar şütüyür, kücədən qızlar, oğlanlar ötüb kecirdilər. Qəribə mənzərə vardı. Tərpənmədən dayanıb ətrafa tamaşa edirdim. Küçənin sol tərəfində elektrik qatarı stansiyasının birmərtəbəli binası, onun qarşısında məşhur 26 Bakı Komissarı liderlərindən biri olan Fioletovun tunc büstü vardı. Stansiyanın həndəvərində üstü kirəmitli kiçik yaşayış evləri diqqəti çəkirdi. Magistral yolun sağında isə əzəmətli memarlıq üslubunda tikilmiş, divarları naxışlı, adamı ilk baxışda heyran edən binalar ucalırdı. Yaxınlıqda sıralanmış küknar ağaclarının altında üz-üzə dayanıb siqaret tüstülədən iki oğlan gözümə sataşdı. Onlara yanaşaraq salam verdim, sənət məktəbinin ünvanını soruşdum. Oğlanlardan biri üzümə çəpəki nəzər salaraq, səbəbini anlamadığım bir istehzayla:

- Oxumağa gəldin sən? – soruşdu.

- Hə, qardaş, sənət məktəbində oxumaq istəyirəm, - dedim.

Oğlan yanındakı yoldaşına qəribə ifadəylə baxıb, sonra yenə üzünü mənə tutdu:

- Neynək, rayon adamısan da, ordan bura gəlibsən... Gəl aparaq səni dediyin məktəbə, get oxu... Amma sonra bu yaxşılığmızı yaddan çıxarma ha, bizə də görüm-baxım elə...

O biri oğlan öz yoldaşının dediklərini dinməzcə, başıyla təsdiqləyirdi.

Bunun müqabilində onlara əvvəlcədən dönə-dönə minnətdarlıq elədim.

Beləcə, məni araya alaraq yaxındakı tinə tərəf apardılar, ordan da uzun, dar bir küçəyə burulduq. Yadımddır ki, bir xeyli getdikdən sonra fasadının suvağı tökülmüş birmərtəbəli uçuq binaya yaxınlaşdıq. Darvazadan keçərək həyətə daxil olduq. Həyətdə çoxlu inşaat materialları və köhnə, xarab olduğu bilinən traktor vardı. Ətrafda kimsə gözə dəymir, heç səs-səmir gəlmirdi. Bu vəziyyət məni həyəcanlandırdı, istər-istəməz şübhəyə düşdüm. Yad yer, tanımadığım adamlar, xəlvət bir həyət... Sakitcə gözləməkdən başqa çarə də görmürdüm, əslində.

Oğlanlardan biri qəfil, cəld hərəkətlə qolumdan yapışanda sanki ürəyim yerindən qopdu. Bu hərəkət yaxşı heç nə vəd eləmirdi. Belə də oldu.

- Bura bax, tələbə, xəbərin var hardasan? İndicə burda sənin başına it oyunu gətirərik, heç kəsin də xəbəri olmaz. Di tez tök-töküşdür ciblərini, görək nəyin var... Tez elə, vaxtımızı alma, həm də heç atdanıb-düşmə...

Bu sözləri dinləyərkən bir andaca qərar vermişdim ki, çırpınıb əldən çıxmalıyam, başqa yolum qalmayıb. Yoxsa ya bunların əlində öləcəm, ya da ac-susuz qalaraq bu kimsəsiz küçələrdə məhv olacam.

Özümü toxtadıb var gücümü topladım. Qəfil əlimi ataraq, onlardan birinin üz-gözünü cırmaqladım. O,  özünü itirdi, amma bu biri oğlan boynumun arxasına güclü bir yumruq ilişdirdi. Sarsılıb yıxıldım. Üstümə atılıb, yumruqla, təpiklə harama gəldi vurmağa başladılar. Yerdə qıvrılıb açılır, zərbələrdən yayınmağa çalışırdım. Mən tamam haldan düşəndə onlardan biri əlini cibimə salaraq pullarımı çıxardı. Saydıqdan sonra bir-iki əskinası üstümə atıb acıqlı-acıqlı dedi:

- Biz görməmiş deyilik, it balası, it! Al, bu da sənə yolpulu qalsın, qayıt cəhənnəm ol gəldiyin yerə!

O biri oğlan hirsli səslə hədələdi:

- Bunu kiməsə desən, milisə çatdırsan, özünü ölmüş bil!...

Bir andaca yox oldular. Mən yerdə, toz-torpağın içində qalmışdım. Keyim açıldığca bədənimin əzilmiş yerlərinin sızıltısı artırdı. Güclə özümü toplayıb ayağa durdum, ağrıdan, heysizlikdən sözümə baxmayan qollarımı birtəhər qaldırıb üs-başımı çırpdım. Ayaqlarımı sürüyüb ordan uzaqlaşdım, bir qədər gedəndən sonra başqa, daha abad və geniş bir küçəyə çıxdım...

Qorxudan, susuzluqdan dil-dodağım yanırdı. İrəlidə su köşkü gözmə dəydi. Yaxınlaşaraq su alıb içdim, əhvalım azacıq duruldu. Ətrafa baxnda köşkün yaxınında 14-15 yaşında sarıbəniz, buruqsaç, iri mavi gözləriləmənə maraq və təəccüb içində baxan bir qız dayandığını gördüm. Gün gözlərini qamaşdırdığından tez-tez kirpiklərini çaxırdı. Mən aram addımlarla qıza yaxınlaşdım. Rayondakı vərdişim üzrə, əlimi uzadıb onu salamlamaq istədim, amma bu ona xoş gəlmədi. Narazı halda nazik dodaqlarını büzüşdürərək, ona uzatdığım əlimi geri itələdi. Mənim bu hərəkətimi qız, deyəsən, pis niyyət kimi qəbul etmişdi. Xəcalət çəkərək: “Bacı, siz narahat olmayın, mənim sizinlə heç bir işim yoxdur. Rayondan oxumağa gəlmişəm. Burada heç kəsim yoxdur!” Mən bu sözləri deyərkən özümdən asılı olmadan gözüm doldu. Amma ağlamadım. Qız mənim bu vəziyyətimi görəndə elə bil yazığı gəldi. Üzündəki narazı ifadə yox oldu, gülümsədi. Fürsətdən istifadə edərək dedim:

- Bacı, nə olar, xahiş edirəm, oxumaq istədiyim sənət məktəbinin ünvanını tapmağıma kömək edin. Buralara yaxın bir yerdə olduğunu deyiblər. Vaxt azalıb, sənədlərimi verməliyəm...

O, ardınca gəlməyimi işarə edərək, sağ tərəfə doğru addımladı. Bir qədər getdikdən sonra əlini aralıdakı əzəmətli, dördmərtəbəli binaya (orada indi Təhsil Nazirliyi yerləşir) uzadaraq, incə səslə: ”Bax, odur sən deyən məktəb”, - dedi. ELə sevindim ki, başıma gələnlər bir anlıq yadımdan çıxdı. Qıza dəfələrlə “çox sağ ol” dedim, ürəkdən təşəkkür elədim.

Vaxt itirmədən məktəbin qapısına yaxınlaşdım. Qapının fasadında qara şüşə lövhə, üzərində qızılı hərflərlə yazılmış “14 saylı sənət məktəbi” sözlərini oxudum. Sevindim, demək, düz gəlmişəm. Məktəbin qapısını açıb içəri daxil oldum. Məni ortayaşlı bir kişi qarşıladı:

- Bala sənə kim lazımdır,- dedi. Mən gəlişimin səbəbini ona anlatdım. Sonra sənədlərimi təqdim etdim. O: “Oğul, düz gəlmisən, qalx ikinci mərtəbəyə. Direktor Quliyev öz yerindədir”. Mən kişiyə öz minnətdarlığımı bildirərək, sənədlərimi ondan alıb ikinci mərtəbəyə qalxdım. İkinci mərtəbənin dəhlizi bəzəkli mərmər plitələrlə bəzədilmişdi, hər yerdə təmizlik və səliqə-sahman vardı. Dəhliz boyu döşəməyə yaşıl, qırmızı, sarı rəngli enli ayaqaltı gəbə salınmışdı.

Dəhlizin hər iki tərəfində düzülmüş dibçəklər ora xüsusi gözəllik verirdi. Divardakı böyük güzgü nəzərimi cəlb etdiyi üçün qarşısında dayandım. Mən ömrümdə belə qəşəng, böyük, əzəmətli güzgü görməmişdim. Güzgünün qarşısında duraraq özümü nəzərdən keçirdim. Görkəmimdən, üzümdən miskinlik yağırdı. Məyus halda gedib direktorun kabinetinin qapısı ağzında dayandım. Burada bir neçə adam dayanmışdı, nə barədəsə söhbət edir, astadan gülüşürdülər.

Elə bu vaxt direktorun otağının qapısı açıldı. Direktor özündən razı görkəmdə otağından çıxdı. Onun əynində kostyum vardı, paltarının rənginə uyğun naxışlı qalstuk bağlamışdı. Kabinetin önündə dayananlar onu salamladı. Elə bil hamısı tanış idi. Direktor onlara ağızücü cavab verəndən mənə baxıb yaxınıma gəldi: ”Sən nə istəyirsən? Hardan gəlmisən? Rayon uşağına oxşayırsan...” Gözləmədiyim halda yaxınlaşıb sual verməsi məni həyəcanlandırdı. Bir anlığa özümü itirən kimi oldum. O, əlini başıma çəkərək: “Görürəm, çox həyəcanlısan, utanma, de görüm sənə nə lazımdır?” Mən yenə dillənə bilmədim. Direktor kabinetinə qayıdanda əl edib məni də içəri çağırdı. Kabinetdə birtəhər özümü ələ alıb gəlişimin məqsədini açıqladım. Qubadan gəldiyimi biləndə üzü güldü.

 - Mən özüm də Qubadanam. Oğlum, düz eləmisən gəlməkdə. Məktəbimizdə öyrəniləsi peşələr, sənətlər çoxdur. Amma mən sənə bənnalığı məsləhət görürəm, belə yaxşıdır, lazımlı peşədir, həm də qazancı çoxdur. Rayondan gələn şagirdlər üçün ümumi yataqxanamız var. Qəbul olunub yaxşı oxusan, gələcəyini qura bilərsən. Mən də sənə əlimdən gələn qədər kömək edərəm, narahat olma. Əvvəl bəlkə bir qədər çətinliyin olar, ancaq sonra hər şey yoluna düşər...

Mən özümü toplayaraq dedim:

- Yoldaş direktor! Mən çətinlikdən qorxan deyiləm, siz ki məsləhət görürsünüz, mən razı. Kasıb ailənin uşağıyam. Elə mənə pullu sənət lazımdır.

Cəsarətli danışığım direktorun xoşuna gəldi, gülümsədi. Sonra katibəni çağırıb: “Bu uşağın adını bənnalığa yazın, usta Qazaryanın qrupuna. Komendanta da mənim adımdan çatdırın, buna yataqxanada yer eləsin, məktəbin yeməkxanasını da göstərin, ac qalmasın.

Direktor mənim minnətdarlığımı gözləmədən işarə etdi ki, çıxa bilərik. Halbuki ürəyim ona təçəkkür ifadələrilə dolmuşdu.

Katibə sənədlərimi və ərizəmi alib, məni məktəbin dördüncü bənnalıq qrupuna yazdı. Sənədlərin qəbulu haqda bildiriş verdi. Avqust ayının otuzundan gec olmayaraq məktəbə gəlməyimi tapşırdı.

Sonra komendant Məmmədov gəlib məni məktəbin dördüncü mərtəbəsinə qaldırdı. Orada, yataqxananın dəhlizində bir nəfər də gözə dəymirdi. O, dörd saylı otağa yaxınlaşaraq qapını açdı, içəri keçdik. Geniş otaqda 6 nəfər oğlan masanın ətrafına toplaşmışdı. Onlardan dördü domino oynayır, ikisi azarkeşlik edirdi. Cəld qalxıb komendantı salamladılar, mənə isə anlaşımaz ifadəli baxışlarla süzdülər. Komendant otağı mənə yerbəyer göstərəndən sonra hamılıqla çıxıb aşağıya - məktəbin birinci mərtəbəsindəki yeməkxanaya düşdük. Yeməkdən sonra biz bir nəfər kimi yataq otağına qayıtdıq.

Mən orada həmin oğlanlarla tanış oldum. İgidulla və Dəmirulla Babayevlər Qusarın Yasab kəndindən, Balamirzə Şuşadakı uşaq evindən, Mirzəağa Sabirabaddan, Zakir Kəlbəcərdən, Əhməd isə Saatlı rayonundan gəlib bənnalığa qəbul olunmuşdular. Tanışlıqdan sonra başıma gələn əhvalatı onlara təfsilatı ilə danışdım. Uşaqlar halıma acıdılar. Mən isə özümü toxtaq tutmağa çalışırdım. Gecəyarısına qədər onlarla söhbətləşib, axır ki, rahat yataqda şirin yuxuya getdim.

Səhər yeməyindən sonra komendantla vidalaşıb, bayıra çıxdım. Rayona qayıtmaq, dərslər başlanana qədər orada qalmaq fikrindəydim. Bayırda güclü, quru külək əsir, toz-torpağı sovurub üzümə çırpdığından gözlərimi aça bilmirdim. İrəli addım atdıqca külək sanki məni sinəmdən vurub geriyə itələyirdi. Bu mənim öyrəşmədiyim hava idi, ancaq gələcəkdə Bakının küləklərinə çox sinə gərməli olacaqdım...

Vağzalda yaman sıxlıq vardı, adam əlindən tərpənmək olmurdu. Adam axınını yararaq güc-bəla ilə bilet kassasına yol tapa bildim. Bilet almaq üçün uzun növbə vardı. Kimsə cürət edib növbədə qabağa keçə bilməzdi. Mən də dinməz-söyləməz ümumi qaydaya riayət edərək növbəyə durdum. Yan-yörədən adamlar gəlib keçirdi. Arada lap yaxından ötüb mənə möhkəmcə toxunanı da oldu. Qəribə görkəmli bir oğlan idi, üzrxahlıq edib tez uzaqlaşdı. Nəhayət, növbəm yaxınlaşdı, iki nəfərdən sonra mən də bilet ala bilərdim. Qeyri-ixtiyari, əlimi cibimə saldım ki, pul çıxarım. Orda ən azı 5 manatım qalmalıydı. Ancaq cibim boş idi. O biri cibimi də yoxladım. Ciblərimi çevirdim, amma pul deyilən şey çıxmadı. Məni dəhşət bürüdü, soyuq tər basdı. Az qala ağlım başımdan çıxacaqdı. Bir az əvvəl mənə toxunub tez də aralanan oğlanı xatırladım. Cibgirmiş, deməli! Pullarım oğurlanmış, bir qəpiksiz qalmışdım! Bakıya ayaq basandan başıma gələn neçənci bəla idi bu! Görünür, yola haramlıqla çıxanın sonrası bu cür də olmalıydı!

Növbəni tərk edib bir kənara çəkildim. Hiss etdim ki, ürəyim sıxılır, taqətim kəsilir. Yaxındakı skamyada oturdum. Nə qədər fikirləşsəm də, çıxış yolu tapa bilmirdim. Bayaqdan səslənən, ancaq fikir vermədiyim elanlardan biri indi sanki qulaqlarımda gurladı: “Diqqət, diqqət! Bakıdan Simferopola gedən sərnişin qatarına birinci yoldan, birinci platformadan minik davam edir. Qatarın yola düşməsinə 35 dəqiqə qalır”. Elə bil yatmışdım, yuxudan ayıldım. Bu qatara birtəhər minə bilsəm, o məni ünvana çatdırardı. Yubanmaq olmazdı. Qalxıb yeyin addımlarla həmin platformaya düşdüm. Vaqon bələdçisi qapının ağzında dayanaraq biletləri yoxlayırdı. Mən onun gözündən yayınaraq, xəlvətcə, arxa tərəfdən qalxıb vaqona daxil olmaq istədim. Ancaq niyyətim baş tutmadı. Bələdçi məni görərək qışqırdı: “Hara soxulursan?! Biletsiz minmək var?! İtil  o yana! Düş, rədd ol buradan, əclaf! Sənin kimiləri çox görmüşəm, düdük!”

İnsanların gözü qarşısında təhqir olunduğum, həm də haqlı tənbeh aldığım üçün tez oradan aralandım.

Platformanın bir tərəfində qoyulmuş köhnə şpalların üstündə oturdum. Bir az sonra həmin qatar siqnal verib yavaş-yavaş hərəkətə gələrək,  yanımdan ötüb keçdi. Qatar gözdən itənə kimi arxasınca baxdım. Vaqon bələdçisi qadının məni təhqir etməsini, ələ salması ürəyimi yaralasa da, mənə növbəti dərs olmuşdu. Düşdüyüm vəziyyətdən doğru-dürüst bir çıxış yolu tapmalıydım. Birdən gəzlərim qolumdakı saata sataşdı. Saatı satıb bu vəziyyətdən qurtulmaq olardı. Bir anlıq çox sevindim, sonra fikrimdən daşındım. Bu saatı satmaq olmazdı. Onu dostum bağışlamışdı. Dostumun hədiyyəsinə naxələflik etmək olmazdı...

Biz Bakının Fatmayı kəndində yaşayan Ağarəhimlə ailəvi dostluq edirdik. Atası Nəbi dayı, anası Tuğiyyə xala Ağarəhimi də götürüb yay aylarında Qubaya gələr, bir neçə gün dincəldikdən sonra evlərinə qayıdardılar. Ağarəhimi kəndimizin uşaqları çox sevirdilər. Hər dəfə gələndə tarını gətirər, uşaqları başına yığar, muğamlardan parçalar, mahnılar ifa edərdi. Hətta uşaqlara da öyrədərdi. Mən bu çıxılmaz vəziyyətdə ikən, bir vaxt dostum Ağarəhimin “Pobeda” markalı saatı mənə bağışlayanda dediyi sözləri xatırladım: “Bu saatı yaxın dost, qardaş kimi, sənə bağışlayıram. Hər dəfə ona baxanda məni, dostluğumuzu xatırlayarsan”. O vaxtlar “Pobeda” saatı az tapılar, qiymətli sayılırdı. Üstəlik, bu saat dost yadigarı idi. Məni döyüb pullarımı aparan o iki oğlanın nə əcəb bu saatı qolumdan açmadıqlarını düşünüb indi istər-istəməz şadlandım. Beləcə, saatımı satmaqdan vaz keçdim. Amma ağlıma başqa fikir də gəlmirdi, tamam çarəsiz qalmışdım. Ancaq belə də qala bilməzdim, ona görə düşünüb başqa çıxış yolu tapmalıydım. Fikirli halda başımı qaldıranda qarşımda təxminən əlli yaşlarında, əynində mazutlu şalvar, yaşıl rəngli ikicibli köynək, ayağında çirkli ayaqqabı olan bir kişi gördüm. Yəqin ki, vağzal işçisi, ya da dəmiryol fəhləsi idi. Çox yorğun görünürdü. Mehribanlıqla mənə baxaraq gülümsəyirdi. Keçib yanımda əyləşdi. Paltarına hopmuş mazut və tər iyi ürək bulandırırdı. “Həəə”, - deyərək əlini çiynimə qoydu: “Nə fikirli, qəmgin oturmusan, ay oğul? Deyəsən, gəlmə adamsan, buralara nabələdsən. Nə olub, gəmilərin batıb? Yer tapmırsan, gəlib bu mazutlu şpalların üstündə oturmusan?” Dalbadal verdiyi sualların hansına cavab verəcəyimi bilmirdim. Çaşqınlığımı anlayıb: “Dillən, de görüm, dərdin nədir axı?”

Başıma gələnləri qısaca ona danışdım. Fikrə getdi. Sonra başını bulayaraq mazutlu şalvarının cibindən siqaret və kibrit çıxardı. Kibriti alışdıraraq siqaretini yandırdı. Tüstünü hərisliklə içinə çəkdikdən sonra dedi:

- Eybi yox, daha olan olub, keçən keçib. Əslində mən bilet alıb səni sərnişin qatarı ilə yola sala bilərəm. Amma məsələ burasındadır ki, sərnişin qatarı gecə yarıdan keçmiş yola düşəcək. Niyə bütün günü burada oturub qatar gözləyəsən ki?! Bax, orda, altıncı yolda dayanmış qatar Dərbənd stansiyasına yola salınmaq üçün hazırdır. Dəqiq nə vaxt yola düşəcəyini dispetçerdən öyrənmək olar. O qatar Dərbənd stansiyasınacan gedəcək. Sən ona minib Xaçmazda düşə bilərsən.

Dispetçerin oturduğu, ikimərtəbəli, üstü kirəmitli, fasadı əhənglə ağardılmış binaya tərəf getdik. Biz ikinci mərtəbəyə qalxıb içəri keçdik. Yanımdakı kişi oradakı adamlardan birinə üz tutub:

- Akif müəllim, qatar hazırdır, teplovoz da artıq qoşulub.

Sonra mənə tərəf dönərək gülümsündü. Başıma gələnlərin xülsasəsini “Akif müəllim” deyə müraciət etdiyi adama danışdı. Akif müəllim, kabinetinin pəncərəsindən yola salınacaq qatarı mənə göstərərək, on beş dəqiqədən sonra yola düşəcəyini dedi: ”Tez gedib üstü ağlı, boş yük vaqonlarından birinə minərsən. Qatar dörd saatdan sonra Xaçmazda dayanacaq. Ayıq ol ha, yatıb qalsan özündən küs, qatar Xaçmazdan sonra bir də Dərbənddə dayanacaq. Di durma, get...”

Bütün bunlar mənə xoş bir möcüzə kimi gəlirdi. Tutulub qalmışdım. Axır ki, dillənib onlara dönə-dönə təşəkkür elədim...

Dəqiqələr sonra teplovoz fit verdi və məni Xaçmaza qədər aparacaq qatar yola düşdü. Yük vaqonunda saatlarla yol getmək məşəqqət idi, amma bundan artığını gözləmirdim də. Çətini Xaçmazda qatardan düşüb biz tərəfə gedən avtobusda yer tutana qədərdi. On beş-iyirmi dəqiqə sonra kəndimizdə, deməli, evimizdə olacaqdım. Şükür ki, başıma yeni bir macəra gəlmədən evimizə çatdım. Hamıdan qabaq bacılarım Həvvaxanım və Bəyaz yüyürüb gələrək boynumu qucaqladılar. Sonra da böyüklərlə görüşdüm. Ailədə hamı mənim gəlişimə çox sevinmişdi. Elə bil uzaq və uzunmüddətli səfərdən qayıtmışdım. Başıma gələn əhvalatlar haqqında nə bacılarıma, nə də valideynlərimə bir söz dedim: qanlarını qaraltmaq, bundan sonra da məndən ötrü narahatlıq keçirmələrini istəmirdim.

Zaman öz axarıyla keib getdi. Avqustun son günlərində yenidən Bakıya qayıdıb, daxil olduğum məktəbdə oxumağa, peşə-sənət yollarında irəlikləməyə başladım. Aylar keçdikcə həm fiziki, həm də dünyagörüş baxımından inkişaf edir, şəhəri və ətrafımdakı insanları yaxşı tanımağa, əvvəlki səhvləri təkrarlamamağa çalışırdım. Təlim-tədrislə bağlı öhdəmə düşənləri yüksək səviyyədə yerinə yetirməyə can atırdım. Məktəbin ictimai həyatında da fəal iştirak edirdim. Müəllimlərin, kollektivin də köməyilə az zamanda yüksəlmişdim. Təlim-tərbiyə işləri üzrə rəhbərimiz Səlim müəllimin mənə xüsusi münasibəti, qayğısı vardı. Divar qəzetinin redaktorluğunu, komsomol katibliyini mənə həvalə etmişdi. Şəklim şərəf lövhəsinə vurulmuşdu. Vaxtımın böyük bir hissəsini məktəbin kitabxanasında keçirir, Respublika Ehtiyat Əmək Qüvvələrinin mədəniyyət sarayındakı tədbirlərə də qatılırdım. Tətil vaxtlarında dostum Mikayılla birgə Bakı kəndlərinə, bağlar olan ərazilərə gedir, gah həyət belləyir, gah da xırda-para təmir işləri görüb həm zəhmətə alışır, həm də əlavə xərclər üçün pul qazanırdıq.

İllər ötüşüb arxada qaldı. Mən sənət məktəbini yüksək göstəricilərlə bitirərək üçüncü dərəcəli bənna attestatı aldım. Həmin gün Səlim müəllim yaxınlaşaraq məni bağrına basdı, sənədlərimi verib uğurlar dilədi, qazandığım nailiyyətlə kifayətlənməməyi tapşırıb, mütləq ali məktəbə daxil olmağı tövsiyə etdi. Mən onun tövsiyələrini doğruldaraq, həyat yollarında daha böyük uğurlar qazanmaq naminə var gücümlə çalışacaqdım. Amma bunlar daha sonra olacaqdı. İndi isə həyatımın mühüm bir mərhələsini başa vurmağın, böyük ümidlərlə baxdığım gələcəyə doğru ilk addımlarımı atmağın sevincini yaşayırdım.

 





18.07.2017    çap et  çap et