525.Az

“İslam həmrəyliyi və media” mövzusunda tədbir


 

“İslam həmrəyliyi və media” mövzusunda tədbir <b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İslam həmrəyliyi və media” mövzusunda tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı ölkədə bu il Azərbaycan prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edildiyini xatırladaraq, görülən işlərdən, o cümlədən İslam Həmrəyliyi oyunlarından danışıb, mətbuatın rolunu yüksək qiymətləndirib.
 
Azərbaycan dövlətinin mətbuata diqqət və qayğısından danışan M. Qurbanlı DQİDK-nin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) öz fəaliyyətində mətbuatla əməkdaşlığa daim önəm verdiyini qeyd edib.
 
O, dini sahədən yazan jurnalistlərin maarifləndirilməsi işində QMİ-nin təşkil etdiyi treninqlərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Komitə sədri avqust ayında Mətbuat Şurası ilə birlikdə dini sahədən yazan jurnalistlər arasında yazı müsabiqəsi keçirəcəklərini də bildirib.
 
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, DQİDK mətbuatla fəal əməkdaşlıq edən qurumlar arasında ön sıralardadır. O, xarici qüvvələrin təhriki ilə bəzi qrupların ölkədə dini qarşıdurma yaratma cəhdlərinə, xüsusilə Bakıdakı "Hacı Cavad" məscidi ətrafında baş verən son olaylara toxunaraq, jurnalistlərin dini məsələlərə həssas yanaşmasının zəruriliyini qeyd edib. Ə. Amaşov dini maarifləndirmənin səviyyəsinin daha da yüksəldilməsinin əhəmiyyətini də önə çəkib.

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də DQİDK-nin fəaliyyətini yüksək qiymətləndirərək, son vaxtlar Komitənin media ilə münasibətinin nümunəvi müstəviyə yüksəldiyini deyib.
 
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə çıxışında Komitənin media rəhbərlərinin iştirakı ilə ölkədəki dini durum və bu sahədə fəaliyyətə həsr olunmuş müzakirələr təşkil etməsini təklif edib.
 
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı ölkədə dini durumla bağlı stabilliyin yaranmasında media ilə DQİDK və QMİ arasında əməkdaşlığın və birgə fəaliyyətin  böyük rol oynadığını diqqətə çatdırıb: “Dini sahədə iş həm də maarifləndirmədən keçir. Hesab edirəm ki, mediada mütəmadi olaraq dini mövzuda proqramlara, müzakirələrə yer verməyə, mövhumatdan, xurafatdan uzaq, yüksək dini savada, intellektə malik ekspertlərin fikrilərinin cəmiyyətə çatdırılmasına ehtiyac var”.
 
V. Mahirqızı QMİ tərəfindən jurnalistlər üçün təşkil olunan treninqlərin müsbət nəticələrinin olduğunu da bildirib: “Treninqlərin müsbət nəticələri var. Lakin bir məsələni də qeyd etmək istəyirəm ki, ölkəmizdə başqa dinlərin də nümayəndələri yaşayır. Bu treninqlərdə başqa dinlərin nümayəndələrin də iştirakı yaxşı olardı”.
 
V. Mahirqızı rəhbərlik etdiyi media qurumunun Dini Komitə ilə çox sıx əməkdaşlıq etdiyini qeyd edib: “Biz bilirik ki, din məsələsi dövlətimiz üçün olduqca həssas sahədir. Biz hərbi məsələlərdə nə qədər həssaslıq göstəririksə, bu məsələdə də eyni həssaslığı göstərməliyik. Ona görə mən də media rəhbərlərinin iştirakı ilə geniş müzakirələrin aparılmasının tərəfdarıyam".
 
Komitə sədri M. Qurbanlı media rəhbərlərinin təklifini dəstəkləyib, müzakirələrin təşkil olunacağını bildirib.
 
Tədbir çıxışlarla davam edib.
 
Sonda jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Qurani Kərim" hədiyyə olunub.

 





18.07.2017    çap et  çap et