525.Az

Sumqayıtda hadisə zamanı ölən və zəhərlənənlərin kimliyi məlum oldu - Yenilənib


 

Sumqayıtda hadisə zamanı ölən və zəhərlənənlərin kimliyi məlum oldu - <b style="color:red">Yenilənib</b> Sumqayıtda baş vermiş hadisə zamanı ölən şəxslərin kimliyi məlum olub.
 
APA-nın məlumatına görə, quyuda təmir işləri aparan İlqar adlı fəhlə və onu xilas etmək üçün quyuya düşən FHN əməkdaşı Rasim Məmmədov ölüb.
 
Onların hər ikisi qazdan boğulub.
 
FHN-in dörd əməkdaşı isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.
 
*** 17:45
 
Sumqayıtda baş vermiş hadisə zamanı zəhərlənən şəxslərin adları məlum olub.
 
APA-nın məlumatına görə, onlar - 1988-ci il təvəllüdlü Əhmədov Namiq Zahid oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Natiq Namiq oğlu, Əliyev Ayaz Niyazi oğlu və Bağırov Zahid Maqsud oğludur.
 
N. Əhmədov və N. Məmmədovun vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.
 
*** 17:28
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən hadisə ilə bağlı yeni məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 14:16-da FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub.
 
FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
 
Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
*** 16:24
 
Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.
 
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
 
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.  
 
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
 
Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
 
Onlardan ikisinin vəziyyəti ağırdır.
 
*** 14:41
 
Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb.
 
APA-nın xəbərinə görə, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
 
Onun xilas edilməsi üçün tədbirlər görülür.
 





18.07.2017    çap et  çap et