525.Az

"Şərq" qəzetinin redaksiyasında Mətbuat Muzeyi - Fotolar


 

"Şərq" qəzetinin redaksiyasında Mətbuat Muzeyi - <b style="color:red">Fotolar</b>

Dünən "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı Akif Aşırlının təşəbbüsü ilə yaradılan Mətbuat Muzeyinin açılış mərasimi keçirilib.

Azərbaycan jurnalistikasında ilk sayılan muzeyin açılışı onun təşkil edildiyi məkanda - "Şərq" qəzetinin redaksiyasında gerçəkləşib. Mərasimdə millət vəkilləri, Azərbaycan mətbuatının qabaqcıl simaları, yazarlar, ziyalılar və media nümayəndələri iştirak edib.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov və BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli açılış lentini birlikdə kəsiblər. Ə.Amaşov muzeyin yaradılması, eksponatların toplanması işində göstərdiyi ardıcıl fəaliyyətə, fədakarlığa görə A.Aşırlıya təşəkkürünü bildirib: "Bu gün Azərbaycan mətbuatı üçün çox əlamətdar bir gündür. Gələcəkdə böyük Mətbuat Muzeyi yaradılandan sonra hər kəs tərəfindən söylənəcək ki, bu muzeyin əsası 2017-ci il iyulun 18-də "Şərq" qəzetinin redaksiyasında qoyulub. Burada jurnalistikaya aid 150-dən çox eksponat yer alıb. Onların böyük əksəriyyəti orijinaldır. 136 yaşlı "Ziya" qəzeti, "Molla Nəsrəddin", "Dəbistan", "İşıq", "Məktəb", "Zənbur", "Yeni Qafqaziyyə", "Türk izi", "Türk amacı", "Azərbaycan" kimi anadilli mətbu nümunələrinin orijinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar toplanıb. Vaxt gələcək ki, bunlar böyük Mətbuat Muzeyinə daşınacaq və o muzeyin ilk eksponatları olacaq".

Professor C.Məmmədli "Şərq" qəzetinin jurnalistikanın klassik ənənələrinə söykənməsini təqdirəlayiq məqam kimi vurğulayıb: "Şərq" qəzeti fəaliyyətində milli mətbuatımızın ən dəyərli ənənələrinə, Zərdabi, Üzeyir bəy təcrübəsinə, klassik jurnalistikamıza söykənir. Ona görə də bu qəzet Azərbaycan oxucusunun, eləcə də birbaşa BDU Jurnalistika fakültəsinin tələbələrinin qəzetidir. Bu muzeyi yaratmaq təşəbbüsü qəzetin rəhbəri və əməkdaşlarının içindəki vətəndaşlıq sevgisindən xəbər verir. Mən onların bu sevgisini alqışlayıram".

Millət vəkili Elmira Axundova da düşüncələrini tədbir iştirakçılarıyla bölüşüb: "Mən çox sevinirəm ki, bizim jurnalistikada Akif Aşırlı kimi təmənnasız, fədakar, işinin vurğunu olan insanlar var. Mən Akif müəllimi jurnalist kimi çoxdan tanısam da, bu gün onun bu təşəbbüsü qarşısında heyrətdə qaldım. Bundan başqa, açığı, bir az utanıram. Çünki bu işi gərək biz hamımız birgə görəydik. O isə bunu bizim əvəzimizdən təkbaşına görüb. Bizim də borcumuz odur ki, bundan sonra bu muzeyin inkişafı, eksponatlarla zənginləşdirilməsi üçün yaxından köməklik göstərək. Mən hər kəsdən xahiş edirəm ki, kimdə mətbuatla bağlı hansısa qədim nüsxələr, sənədlər varsa, gətirib muzeyə bağışlasın. Biz də Milli Məclisdə bu muzeyin ayrıca binada yerləşdirilməsi təklifi ilə çıxış edəcəyik".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid muzeyin açılışını Azərbaycan jurnalistikası tarixində ən önəmli hadisələrdən biri kimi dəyərləndirib: "Mən bu münasibətlə həm Akif Aşırlını, həm də bütün Azərbaycan mətbuatını təbrik edirəm. Hər bir insanın yaşamaq üçün ülvi amalı, məqsədi, tutqusu olur. Mən Akif müəllimlə birgə bu muzeylə ilk dəfə tanış olarkən ona dedim, sən xoşbəxt adamsan ki, belə bir dəyərli tutqun var. Bir insanın gördüyü işdən zövq alması çox gözəl bir hissdir. Bakının bütün köhnə kitabçıları Akif müəllimin telefon nömrəsini bilirlər. Hansısa qədim nüsxə, mətbuat tarixinə aid sənəd əldə edən kimi tez onunla əlaqə saxlayırlar. Mən bilirəm ki, artıq bu muzey onun həyatının ayrılmaz hissəsinə, mənasına çevrilib. İndi Azərbaycanda mətbuata necə böyük önəm verildiyinin, diqqətlə yanaşıldığının hamımız əyani şahidiyik. Mən əminəm ki, yaxın illərdə bu muzeyin səs-sorağı çox geniş yayılacaq və onun üçün uyğun bir bina da ayrılacaq. Hətta mən arzulayardım ki, gələcəkdə yaradılacaq böyük Mətbuat Muzeyinin direktoru da məhz Akif Aşırlı olsun".

"Azərbaycan" nəşriyyatının keçmiş direktoru, tanınmış poliqrafçı alim Şəddad Cəfərov hazırda istifadəsiz qalan keçmiş "Azərnəşr" binasının Mətbuat Muzeyinə verilməsi təklifi ilə çıxış edib. Onun bu təklifi qonaqlar və məbuat nümayəndələri tərəfindən razılıqla qarşılanıb.

Sonda Akif Aşırlı çıxış edərək muzeyə maraq göstərən, tədbirə qatılan hər kəsə təşəkkürünü bildirib, bu işdə onunla birgə çiyin-çiyinə çalışan qəzetin əməkdaşlarına, eksponatlar hədiyyə edən ayrı-ayrı şəxslərə minnətdarlığını bildirib: "Muzeydə ayrı-ayrı jurnalistlərə aid şəxsi əşyalar, sənədlər nümayiş olunur. Deyərdim ki, zənginlik baxımından digər muzeylərimizdən geridə qalmır. Azərbaycanda müxtəlif muzeylər fəaliyyət göstərsə də, təəssüf ki, Azərbaycan xalqının müasir inkişafında böyük rol oynayan mətbuata aid muzey yoxdur. Məhz buna görə mən Azərbaycan mətbuatının tarixini əks etdirən muzey təşkil etmək fikrinə düşdüm".

Sonda A.Aşırlı qonaqları muzeydə nümayiş olunan eksponatlarla tanış edib.

Şahanə MÜŞFİQ

 





19.07.2017    çap et  çap et