525.Az

"Molla Nəsrəddin" jurnalının səhifələrində: "İdarədən" "İdarəyə" məktublar


 

"Molla Nəsrəddin" jurnalının səhifələrində: <b style="color:red">"İdarədən" "İdarəyə" məktublar </b>

"Molla Nəsrəddin" milli mətbuat tariximizdə satirik jurnalistikanın bünövrəsini qoyan, mübariz ruhlu satira məktəbi yaradan jurnal olmuşdur.

"Molla Nəsrəddin" jurnalının çox hissəsini "İdarəyə məktub" və "İdarədən məktub" rubrikaları əhatə edir. "İdarədən məktub"lara nisbətən "İdarəyə məktub"larda sarkazm təsir qüvvəsi aşağıdır. "İdarəyə məktub" rubrikası dövrün bütün ictimai problemlərini özündə əks etdirmiş, burada şikayət, narazılıq motivləri aparıcıdır.

Avamlıq və cəhalət mövzusu "Molla Nəsrəddin" idarəsinə" (27 fevral 1912-ci il, №8), "Naümid" imzası ilə "İdarəyə açıq məktub"da (28 noyabr 1929-cu il №48, 7 iyul 1923-cü il №27); "İdarədən bir neçə söz" (12 may 1917-ci il №12-də), Təbriz, Rəşt mollalarının, hacılarının işbazlığı, saxtakarlığı "Bizə yazırlar" (26 fevral 1914-cü il №7; 20 may 1914-cü il №18), "Sözbaz" imzası ilə "İdarəyə məktub" (8 iyul 1914-cü il №22), "Naxçıvan"dan (24 mart 1907-ci il №12), "İdarədən" (1907-ci il 12 avqust №30; 1913-cü ilin 12 aprel №12; 30 aprel №14; 26 iyun №18; 1923-cü il 11 avqust №9, 1925-ci il 11 aprel №15), "Məkkəyə getmək" (26 sentyabr 1925-ci il №39) məktublarında, mədəniyyətdə öz milli köklərinin inkarı mövzusu "Təbrizdən bizə yazırlar" (10 aprel 1914-cü il №13), çoxarvadlılıq və qadın emanisipasiyası məsələsi (12 may 1906-cı il №6), İdarəyə yazılan "Gəzəyən" imzalı məktub (22 sentyabr 1923-cü il №33), İdarəyə "İki arvadla necə evlənməli" (17 may 1924-cü il №8), "Muzoşka" imzalı "İdarəyə açıq məktub"da (26 yanvar 1926-cı il №4), rüşvətxorluq məsələsi Keryatin cənablarının İdarəyə yazdığı "Lağlağı" imzalı məktub (1923-cü il 10 mart №16), "İdarədən" Cəlil Məmmədquluzadə imzalı məktub (23 dekabr 1907-ci ildə №48), "İdarəyə məktub"da (18 oktyabr 1928-ci il №42), məmurların özbaşınalığı mövzusu "Fikir eliyən" imzalı "İdarəyə məktub" (10 mart 1923-cü il №16), "Komissionnu maqazin" məqaləsində (27 sentyabr 1924-cü il №16), "İdarədən" (1 sentyabr 1908-ci il №35), "İdarəyə açıq məktub" (12 dekabr 1925-ci il №50), "Balacaboy" imzalı "Açıq məktub" (1930-cu il aprel №16), məhərrəmlik ayındakı təziyadarlığın, mərsiyəxanlığın tənqidi İdarəyə yazılan "Arvad mərsiyəxanları" məktubunda (16 iyun 1923-cü il №25), tüfeyli həyat tərzinin tənqidi "İdarəyə məktub" (10 oktyabr 1925-ci il №41), "Hüdhüd" imzalı "İdarəyə açıq məktub"da (21 iyul 1926-cı il №30), "İdarədən məktub"da (1910-cu il №3) öz əksini tapıb.

"Molla Nəsrəddin" jurnalının müxtəlif saylarında İrəvandan, Şamaxıdan, Ordubaddan, Təbrizdən, Naxçıvandan və başqa bölgələrdən məktublar da dərc olunmuşdur. 10 fevral 1907-ci il 6-cı sayında "İrəvanda seçki" başlıqlı məktubda "İrşad"da, "Filankəs" imzalı şəxsin seçki kağızlarının cırıb atılması haqqında xəbərinə inanan irəvanlının şikayət məktubu çap olunub. Həmin sayda "Qarsdan" məktubda İranda 10 tümənə satılan ləqəbin içərisində "Dəllaki-əyalə" olmadığına görə onu almağı xahiş edir. 7 iyun 1917-ci il 13-cü sayda "Vladiqafqaski agentstvadan" Vladiqafqazda toy məclisi üstündə kəblayılar ilə məşədilərin dalaşmasından bəhs açılır.

"İdarədən məktublar" rubrikasında xeyirxahlıq missiyası daşıyan məktublar da yer alırdı. 1 may 1911-ci il 16-cı sayında "Oxucularımıza" başlığı altında jurnalın məşhur yazarı Sabirin müalicəsi üçün ianə toplanmasından yazılıb. 1911-ci il 21 iyunda çıxan 23-cü sayda Culfadan Sabirg köməklik göstərənlərin siyahısı verilib.

"Molla Nəsrəddin" jurnalı 1912-ci ilin 8 martından 13 yanvar 1913-cü ilə qədər çap olunmamışdı. Buna görə jurnalın redaksiyası 1913-cü il 13 yanvar 1-ci sayında "İdarədən" başlıqlı yazıda oxuculardan və abunəçilərdən üzrxahlıq edir. 9 ay jurnal tətil edir. Bu barədə 30 dekabr 1913-cü il 29-cu sayda Əliqulu Nəcəfovun baş redaktor təyin olunacağı barədə məlumat verilir. Jurnal 1914-cü il 18 oktyabrdan 1917-ci ilin 9 fevralına qədər çap olunmur. 1917-ci ilin 1-ci sayında "İdarədən" başlıqlı məqalədə bu barədə məlumat verilsə də, səbəbi açıqlanmır. Jurnalın 20 aprel 1917-ci il 10-cu sayında müəyyən fasilə verilməsinə səbəb kimi Tiflisdə müstəqil mətbəənin olmaması, üzləşdiyi çətinliklərlə izah edilir.

1922-ci il 9 noyabr 2-ci sayda "İdarədən məktub"da satira, eyham nisbətən daha güclüdür. Burada kinayə ilə Bakı neftini xərcləyən məmurlara eyham vurulur.

Multikulturalizm və tolerantlıq problemlərinə "İdarəyə məktub"lar rubrikasında geniş yer verilmişdir. Bu məktublardakı müxtəlif xalqların nümayəndələrinin fanatiklər tərəfindən və onların təbliğatı ucbatından üzləşdiyi problemlər, şikayət motivli məktublar tolerantlığın o zamanlar aşağı səviyyədə olmasından xəbər verirdi. 24 sentyabr 1907-ci il 36-cı sayda İdarəyə yazılan yəhudi Şiməvoldan "Cuhudun məktubu"da cuhud olduğuna görə bazarda döyüldüyündən, təzyiqlərə məruz qaldığından bəhs açılır.

13 dekabr 1928-ci il 50-ci sayda "Urus vətəndaşı" imzası ilə "İdarəyə məktub"da maştağalı kababçının ilk növbədə rusa başqa dinin nümayəndəsi olduğuna görə piti verməməsi, axar suyun olmadığı yeməkxananın natəmizliyi, ancaq orada müsəlman müştərilərin rus şərabının içilməsinə icazə verməsi ilə bağlı məlumatlar verilmişdir. Jurnalın 25 noyabr 1907-ci il 44-cü sayda "İdarədən" məktubda Rusiyada və digər xarici ölkələrdə təhsili olan müsəlmanların məscidə maraq göstərməməsinə yerli əhalinin müxtəlif qarşılanmasından bəhs olunur.

"İdarədən" məktublarda Təbrizdə, Tehranda, Qəzvində jurnalın vəkilləri barədə 1917-ci ilin 23 sentyabr №17, 1 oktyabr №18, 11 oktyabr №19, 18 oktyabr №20, 30 oktyabr №21, 6 noyabr №22-də, 20 noyabr №23 saylarında məlumat verilir.

Abunə haqlarının ödənilməsi ilə bağlı "İdarədən" başlıqlı məktublarda 1913-cü ilin 30 aprel №14, 7 may №15, 25 may №16, 11 iyun №17, 26 iyun №18, 1 iyul №24 saylarında xəbərdarlıqlar getmişdir. "İdarədən" olan məktubların əksəriyyətində Mirzə Cəlil abunəçilərə fasilələrlə çıxan sayların abunə haqlarının hesablarını qeyd edir. Jurnalda "İdarədən" yazılan məktubda abunəçilərin haqlarının ödənilməsi ilə bağlı bildiriş xarakterli məktublar 1925-ci ilin 9 may №19, 16 may №20, 6 iyun №23, 4 iyul №27, 18 iyul №29, 1 avqust №31, 8 avqust №32, 15 avqust №33, 22 avqust №34, 5 sentyabr №36 saylarında öz əksini tapmışdır. 2 dekabr 1907-ci il №45, 9 dekabr №46, 16 dekabr №47-də abunəçilərin pulu ödənilməsi ilə bağlı "İdarədən" məktubda də abunə qiymətlərini çap olunub. 4 yanvar 1909-cu il №1-də "İdarədən" məktubda jurnala göndərilən abunə haqlarının poçtxanadan götürülməsindən danışılır. Buna görə redaksiyanın cavabdeh olmaması bildirilir.

Jurnalda töhfələr də dərc olunmuşdur. 1907-ci il 7 aprel 14-cü sayda abunəçilərə Ə.Haqverdiyevin yazdığı "Millət dostları" risaləsi töhfə göndərilir. 25 iyun 1907-ci ilin 23-cü sayında "İdarədən" adlı məktubda "Məhdi-tərəqqi", "Şeyx Vəzir" kitabları töhfə edilir.

"Molla Nəsrəddin" jurnalının publisistikasında dəqiqlik və konkretlik əsas aparıcıdır. 30 oktyabr 1917-ci il №21, 6 noyabr 1917-ci il №22-də "İdarədən məktublar"da abunəçilərin pul köçürən zaman nömrənin dəqiqliyi barədə xəbərdarlıq edilir.

1907-ci il 27 yanvar 4-cü sayında Bekkerin "Meşədə gördüklərim" adlı səyahətnaməsi getmişdir. 1907-ci il 17 fevral №7-də "İdarədən məktublar" Bekkerin sonuncu səyahətnaməsinin dərc olunmaması ilə bağlı oxuculara açıqlama verir. "Meşədə gördüklərim" məktubunda Bakıda müsəlman müəllimlərinin döyülməsi faktı inandırıcı olmadığına görə "Molla Nəsrəddin" jurnalı bunu çapa tövsiyə edə bilmədiyini bildirir.

Jurnal bəzən oxucu auditoriyasının dilini də nəzərə alırdı. Belə ki, 23 may 1925-ci il 21-ci sayda "İdarəyə" məktubda türkcə oxuya bilməyən abunəçiləri nəzərə alıb məqalələrin farsca dərc olunduğu qeyd edilir. Bəzən jurnal səhifələrində doğru hesab olunmayan məlumatlara təkzib xarakterli yazılar da çap olunmuşdur. 26 fevral 1927-ci il 9-cu saydakı "İdarədən məktub"da Tiflisdən olan məktubun doğru olmadığına görə çap etdirmədikləri bildirilir.

Jurnalda "İdarədən məktublar" rubrikası müxtəlif informativ xarakteri ilə seçilirdi. 12 may 1908-ci il 19-cu sayda "Sultan Əbdülhəmid" imzası ilə "Sultanın kağızı" məktubuna cavab yazır ki, rus əsgərləri gedib osmanlı sərhədində rus əsgərlərini gəlib yoxlayacaqlar ki, həqiqətən sultanın qoşunu var.  9 mart 1908-ci il №10-da "İdarədən" məktubda inspektorun Cəbrayıl məktəbinə müəllim, 9 iyun 1908-ci il "İdarədən" məktubda jurnalın vəkili Əliskəndər Cəfərzadə təyin olunacağı bildirilir. 7 iyul 1908-ci il №27-də "İdarədən" məktubda Vladiqafqazda çıxan "Terek" qəzetində İran əhalisini döyənlər haqqında məlumat gedir.

"Molla Nəsrəddin" jurnalı tarixin müəyyən dönəmlərində hədə-qorxu ilə üzləşmişdir. 14 noyabr 1929-cu il 46-cı sayda "Molla Nəsrəddin İdarəsinə açıq məktub"da keçmiş İran şahı onun haqqında yazılanlara haqq qazandırıb İran camaatını öz malı hesab edir. "Molla Nəsrəddin" cavabında hər şeyi şahidlərinin ifadələrindən yazdığını, öz adını yaza bilməyən şahı tənqid edir.

"Molla Nəsrəddin" jurnalı məlumatın dəqiqliyinə, obyektivliyinə sadiq qalmışdır. Müxtəlif saylarında gedən "İdarəyə məktublar" rubrikasında müxbirlərin səhvi ucbatından yaranan qeyri-dəqiq informasiyaları hətta "İdarədən məktublar" rubrikasında vermişdir. 7 fevral 1929-cü il №6-da "Naxçıvandan" idarəyə gələn məktubda kommunistlərdən özünü qorumaq üçün Həmidin daim sərxoş olduğu xəbər verilir. Lakin 7 mart 1929-cü il 10-cu sayda "İdarədən məktub"da onun saxtakarlığı təkzib olunur. 18 iyul 1929-cu il 29-cu sayda İdarədən "Doğru deyilmiş" sərlövhəli Salyandan müxbirlərin təqib olunması, təhqiqatın isə yalan olduğu faktını irəli sürülür. 6 oktyabr 1908-ci il 40-cı sayda "İdarədən" məktubda məktəblərdə şagird və müəllimin direktoru nizama düzməklə bağlı xəbərin yalan olduğunu söyləyənlər var.

"Molla Nəsrəddin" jurnalı  eyni zamanda, böyük dinləyici auditoriyasının ümid yeri idi. Bu da onun nüfuzunun böyüklüyünə əyani sübutdur. 1 yanvar 1930-cu il 4-cü sayda Göyçayda məsul katib rus dilini bilmədiyindən özünə bunu qüsur hesab edir, xahiş edir ki, müdiri Əlisəttar Qılmanova yazsın ki, imza etdiyi kağızları ana dilində qələmə alsın.

"İdarədən məktub"lar və "İdarəyə məktub"ların jurnalın "Teleqraf xəbərləri", "Sual-Cavab" rubrikaları ilə mövzu baxımından yaxınlığı var.

9 avqust 1909-cu il №33-də "İdarədən məktub"da jurnalın müxbiri Aşqabadda Mirzə Mahmud Əliyevin şərab butulkası ilə faytonlarla keçən şəkli verilmişdir. Buna görə həmin sayda "İdarəyə məktublar"da Mirzə Mahmud bəyin o vəziyyətdən kənar olduğunu, həmin müxbirlə əlaqəsi kəsdiyini cavab olaraq bildirir.

30 avqust 1909-cu il №35-də Hacı Şeyx Ələkbər İrəvaninin onun haqqında yazılanları "İdarəyə məktub"da təkzib edir. 25 oktyabr 1909-cu il №43-də "İdarədən məktub"da məktəbi bağlayıb skamyaları Hacının qız məktəbinə yığan cənab İskəndər bəy Məlikov, Qarabağdakı mərsiyəxanlar tənqid olunur.

Ümumiyyətlə, "İdarəyə məktublar" və "İdarədən məktublar" rubrikaları  jurnalda böyük yer tutsa da, əhatə etdiyi ictimai mövzular, problemlər çox mürəkkəb və zəngindir. Bu  XX əsrin əvvəllərində cəmiyyətdə gedən çoxqatlı məsələlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi

 





19.07.2017    çap et  çap et