525.Az

Prezidentlərin növbəti görüşü nə vəd edir?


 

"MOSKVA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AÇAR FİQUR OLSA DA, HƏLƏ Kİ, PROSESİN ÜMİDVERİCİ NOTLAR ÜZƏRİNDƏ QURULDUĞUNU SÖYLƏMƏK ÇƏTİNDİR"

Prezidentlərin növbəti görüşü nə vəd edir?<b style="color:red"></b>

Rusiya növbəti dəfə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər etməsi, iyulun 11-də Belçikanın paytaxtı Brüsseldə xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilməsindən sonra prezidentlər səviyyəsində danışıqların aparılmasına şifahi razılığın əldə olunması Kremli hərəkətə gətirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaranmış durğunluğu aradan qaldırmağa çalışan həmsədrlərin iştirakı ilə Brüsseldə baş tutan görüşdə tərəflər münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində danışıqlar aparıb, prezidentlərin növbəti görüşünün keçirilməsi məsələsini müzakirə ediblər.

Həmsədrlərin görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub ki, görüş zamanı təmas xəttindəki son durum da müzakirə edilib. Nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar. Bundan sonra isə prezidentlər səviyyəsində görüşün keçirilib-keçirilməməsi dəqiqləşəcək.

APA-nın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"yə müsahibəsi zamanı qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair konkret planın müzakirəsini və həyata keçirilməsini təmin etmək lazımdır: "Görüşdə prezidentlər səviyyəsində görüşün keçirilməsinə dair təklif səslənib. Xarici işlər nazirləri müvafiq olaraq bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdır. Münaqişənin həlli prosesi istiqamətində görüşlər vacib elementdir. Lakin bu, görüş xatirinə görüş olmalı deyil. Biz həmişə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq".

Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb.

E.Məmmədyarov bildirib ki, danışıqlar prosesini davam etdirmək üçün Ermənistan hətta şərtlər irəli sürməyə çalışır: "Hadisələrin xronologiyasına nəzər salsaq, aydın olacaq ki, iyun ayından sonra həmsədrlərin regiona səfəri və nazirlərin Brüsseldəki görüşü öncəsi Ermənistan bilərəkdən vəziyyəti gərginləşdiririb. İyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən həyata keçirilmiş məqsədyönlü hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, bir qadın yaralanıb.

Sonuncu hadisələr və ötən ilin aprel ayındakı toqquşmalar sübut etdi ki, Ermənistan, silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından çıxarmaqdan imtina etdiyi üçün region ciddi təhlükə ilə üz-üzə qalıb". Nazirin qənaətinə görə, Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır.

Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov isə "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, hazırda beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir: "Çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsipləri saxlaya bilməyib. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

Qarabağ münaqişəsinə toxunan N.Məmmədov bildirib ki, nədənsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır: "Bu gün elə vəziyyət yaranıb ki, bir müharibə ilə heç nə həll etmək mümkün deyil. Belə ki, hər hansı münaqişə yeni münaqişə doğurur və superdövlətlər bu məsələdə fəal iştirak edirlər".

Azərbaycan prezidentinin köməkçisi xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, bura da "beynəlxalq arenada lazım olanda öz sözünü deyə bilən" dövlətlər daxildir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, hər şey xarici işlər nazirlərinin növbəti görüşündən sonra məlum olacaq: "Təbii ki, əgər danışıqlar zamanı konkret sənəd üzərində müzakirələr aparılmayacaqsa, prezidentlər səviyyəsində görüşün keçirilməsi də bir o qədər əhəmiyyət daşımır. İlkin olaraq isə razılığın olduğu bildirilir. Ola bilsin ki, prinsip etibarilə hansısa ön razılaşma var. Təbii ki, bu haqda hər hansı bir məlumat verilmir".

E.Mirzəbəyli hesab edir ki, indiki şəraitdə Ermənistanın mövqeyində konstruktiv dəyişikliyin baş verdiyi nəzərə çarmır: "Ola bilər ki, görüşəqədərki proses ərzində danışıqların predmetinin əhəmiyyətli olması, yəni, müzakirə predmeti olacaq məsələnin önəmini artırmaq üçün hər hansı bir irəliləyiş baş versin və yaxud da Ermənistana qarşı müəyyən təzyiqlər edilsin. O zaman, təbii ki, görüşün keçirilməsi üçün zəmin yaranacaq".

Politoloq bildirib ki, bu prosesdə Rusiyanın aktiv rol oynaması sual doğurur: "Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində nə qədər də açar fiqur rolunu oynasa da, hələ ki, prosesin ümidverici notlar üzərində qurulduğunu söyləmək çətindir. Yaxın müddət ərzində Ermənistana qarşı hər hansı təzyiq elementlərinin baş verdiyinin şahidi olsaq, o zaman, görüşdə müəyyən irəliləyişlərə nail olmağın mümkünlüyünü nəzərdən keçirmək və ya ümumiyyətlə görüşün baş tutacağını söyləmək mümkün olar".

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müzakirə olunmuşdu. O, SİA-ya bildirib ki, həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərdən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruzə etmələrini xahiş etdilər: "Düşünürəm ki, bu, ATƏT-in Minsk qrupunun narahatçılığından irəli gəlir".

Politoloqun sözlərinə görə, Azərbaycanın güclü olması, ermənilərin təxribatına cavab olaraq onlara güclü zərbələr endirməsi, öz maraqlarını, xalqını müdafiə etməsi, ərazi bütövlüyünü hər an təmin etmək iqtidarında olması ATƏT-in Minsk qrupu həmsədrlərini narahat edir: "Onlar anlayırlar ki, Ermənistanın təxribatları yeni münaqişəyə səbəb ola bilər. Bu baxımdan həmsədrlərin əsas məqsədi regionda stabiliyi qorumaq, düşmən ölkənin ziyan çəkməsinin qarşısını almaqdır".

Münaqişənin həlli ilə bağlı həmsədrlərin yeni planının olduğunu deyən F. Sadıqov qeyd edib ki, plan istənilən halda açıqlanmalıdır:  "Hər halda biz planın nədən ibarət olduğunu bilməli, məqsədlər haqqında məlumatlı olmalıyıq. Biz istər nazirlər, istərsə də prezidentlərin görüşündən asılı olmayaraq, öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Çünki bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsidir. Əgər həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, onlar Ermənistana güclü şəkildə təzyiq etməlidirlər. Əks halda, Azərbaycan öz torpaqlarını addım-addım olsa da, azad edəcək".

Münaqişənin həllində Rusiyanın böyük rol oynadığını dilə gətirən politoloq söyləyib ki, problemin həllində ABŞ və Fransanın mövqeyi də önəmlidir: "Təbii ki, münaqişənin həllində Rusiyadan çox şey asılıdır. Çünki Rusiya Ermənistanın ən yaxın müttəfiqidir və onun ərazisində hərbi bazası var. Lakin məsələyə başqa prizmadan baxdıqda burada ABŞ və Fransanın da seyrci mövqedə durduğunu görürük. Bir çox hallarda bu üç dövlətin mövqeyi üst-üstə gəlir. Onların əsas mövqeyi sabitlik, münaqişənin alovlanmaması, problemin dinc yolla həllindən ibarətdir. Çox təəssüf ki, iki aparıcı dövlət olan ABŞ və Fransa da bəzi hallarda Rusiyanın mövqeyi ilə razılaşırlar. Lakin onlar bilməlidir ki, məsələ bu cür ritorik bəyanatlarla həll oluna bilməz. Düzdür, bu iki dövlətdə hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllinə müsbət ümidlər bəsləyirik. Amma eyni zamanda, biz onların mövqeyinin təkrarlandığını da görürük".

F. Sadıqov əlavə edib ki, həmsədrlər bizim prinsipial, barışmaz mövqeyimizlə üzləşiblər: "Onlar bizim bu mövqedən dönməyəcəyimizi, eləcə də problemi sülh yolu ilə həll olunmasa, hərb yolu ilə həll etməyə hazır və qadir olduğumuzu bilməlidirlər".

Ceyhun ABASOV

 





19.07.2017    çap et  çap et