525.Az

Azərbaycanın 49-cu Beynəlxalq Kimya Olimpiadasında uğuru


 

MƏKTƏBLİLƏRİMİZ BİR QIZIL, BİR GÜMÜŞ, BİR BÜRÜNC MEDAL QAZANIBLAR

Azərbaycanın 49-cu Beynəlxalq Kimya Olimpiadasında uğuru<b style="color:red"></b>

Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub.

Qeyd edək ki, bu günlərdə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar. Bu mötəbər elm yarışında Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə qızıl medal, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

İlk Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-21-də Çexoslovakiya Respublikasının (indiki Çex Respublikası) paytaxtı Praqada keçirilib. Üç ölkədən - Çexoslovakiya, Macarıstan və Polşadan 18 şagirdin iştirakı ilə keçirilmiş bu bilik yarışması həmin dövrdən etibarən hər il (1971-ci il istisna olmaqla) bir ölkədə təşkil olunur. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadada iştirakçı ölkələrin sayı artıb. 1998-ci ildə Olimpiadada artıq dünyanın bütün qitələrini əhatə edən 47 ölkənin təmsilçiləri yarışıblar. 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçirilib.

Olimpiadalara hazırlıq işi həm şagirdlər, həm də ümumi olaraq onlara dərs deyən müəllimlər üçün mürəkkəb bir prosesdir, burada həm pedaqoji heyətin, həm də təhsilalanların ciddi əməyi tələb olunur. Dünyanın 100-dən çox ölkəsindən müvafiq fənlər üzrə ən yaxşı, savadlı, istedadlı, hazırlıqlı olan həmyaşıdları ilə elm sahəsində mübarizə aparmaq, kənardan göründüyü kimi, o qədər də asan deyil. Bunun üçün şagirdlərdən intensiv və nizamlı çalışma, müxtəlif yerli və xarici ədəbiyyatlardan istifadə etməklə öz bilik və bacarıqlarını daim artırması tələb olunur. Azərbaycan məktəblilərinin bu günədək iştirak etdikləri beynəlxalq olimpiadalarda əldə etdiyi nailiyyətlər bu prosesin bizim üçün yeni və əlçatmaz olmadığından xəbər verir.

Son illər Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazir Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə  ilə Bakı və Sumqayıt şəhərində yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunur. Hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir.

Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir.

Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha ciddi nailiyyət əldə etməsi, daha çox medalların qazanılması üçün Nazirlik tərəfindən bundan sonra da lazımi tədbirlər görüləcək.

Təhsil naziri Mikayıl Cabbarovun dediyinə görə, Azərbaycana beynəlxalq fənn olimpiadalarından gətirilən medalların sayı artıb. Beynəlxalq fənn olimpiadalarından daha çox qızıl medalın gətirilməsini istədiklərini deyən nazir qeyd edib ki, artıq olimpiadalardan gətirilən gümüş və bürünc medalların qızıl medallarla əvəz olunması vaxtı çatıb: "Azərbaycanda gənclərin sayı həddindən artıq çoxdur. Bu da ölkəmizin üstünlüyüdür. Həyatda savadlı gənclər uğur qazanırlar. Bu gün biliyin dəyəri getdikcə artır və onun rolu daha mühüm olur. Çünki bilikli və savadlı insanlar yalnız öz həyatlarını zənginləşdirmirlər, onlar həm də cəmiyyətə töhfə verirlər".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, son illər Təhsil Nazirliyi tərəfindən şagirdlərin olimpiadalarda, eləcə də beynəlxalq olimpiadalarda iştirakı üçün bütün lazımi işlər görülür: "Bu sahədə görülən işlər həqiqətən təqdirə layiqdir və bunu yüksək qiymətləndirirəm. Fikrimcə, bu, gələcəyimizə qoyulan investisiyadır. Bu uşaqlar bir neçə il sonra ölkəmizin elm və təhsilinin inkişafına böyük xidmətlər göstərəcəklər".

Ş.Əsgərovun sözlərinə görə, bu cür uğurlu nəticələr təsadüfən alınmır. Bu, gərgin əməyin, sistemli fəaliyyətin nəticəsidir: "Bu, onun göstəricisidir ki, bizim xalq istedadlı yaradılıb. Sadəcə onların istedadını üzə çıxarmaq lazımdır. Bu işlər də görülür və nəticəsi də var. Bu cür gənclərə nə qədər çox dəstək göstərilərsə, onlar beynəlxalq olimpiadalarda öz biliklərini daha dərindən nümayiş etdirər, xalqımızın başını ucaldar, ölkəmizə şöhrət gətirər. Bayrağımızı onlarla ölkənin arasında birinci edən gəncimizi ürəkdən təbrik edirəm".

Millət vəkili Fazil Mustafa bildirib ki, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanması sevindirici bir hadisədir: "Bax, budur Azərbaycanın qürur duyulası övladı. Biz sevinirik ki, bilgisiylə, ağlıyla dünyayla ayaqlaşan, sabah üçün ümidimiz olan belə bir dəyərli azərbaycanlımız var. Qoy, bütün uşaqlar ondan nümunə götürsünlər. Ölkəmizdə həqiqətən istedadlı şagirdlərin müəyyən edilməsi, onların biliklərinin gücləndirilməsi, onlara dəstək göstərilməsi və olimpiadalarda iştiraklarının təmin edilməsi üçün sistemli fəaliyyət həyata keçirilir. Hesab edirəm ki, həyata keçirilən tədbirlər artıq öz nəticəsini verir".

S.QARAYEVA

 





20.07.2017    çap et  çap et