525.Az

Rusiya verdiyi sözə əməl edəcəkmi?


 

"PREZİDENTLƏRİN GÖRÜŞÜ MOSKVA VƏ YA SOÇİDƏ BAŞ TUTA BİLƏR"

Rusiya verdiyi sözə əməl edəcəkmi?<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona sonuncu səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaranmış durğunluğu müəyyən qədər aradan qaldıra bilib.

Əvvəlcədən məlum idi ki, vasitəçilər prezidentlər səviyyəsində görüş keçirməyə çalışırlar. Onlar bu məqsədlə regiondakı görüşlərini yekunlaşdıraraq, iyulun 11-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirməyə nail olublar. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandla yanaşı, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə baş tutan görüşdə tərəflər münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində danışıqlar aparıb, prezidentlərin növbəti görüşünün keçirilməsi məsələsini müzakirə ediblər. Həmsədrlərin görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub ki, görüş zamanı təmas xəttindəki son durum da müzakirə edilib. Nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklifinə Azərbaycan tərəfi razılığını bildirib. H.Hacıyevin sözlərinə görə, görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.

Minsk qrupu həmsədrlərinin bu canfəşanlığı fonunda, Rusiya növbəti dəfə münaqişə ilə bağlı təsir gücünün kimin əlində olduğunu nümayiş etdirmək məqsədilə prezidentlərin görüşünün təşkilini öz üzərinə götürüb.

"İzvestiya"nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin adından yayılan məlumatda qeyd olunub. Moskva ilin sonunadək Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirməyə çalışacaq: "Fransızlar Bakı və İrəvanı danışıqlar masası arxasında oturtmaq istəyiblər, amma bunun heç bir xeyri olmadı. Bu arada dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə baş vermədi. Lakin yenə də tərəflərin məqsəd və baxışları müxtəlifdir".

Kremlin son günlər Azərbaycanın narazılığına səbəb olan addımları fonunda münaqişənin həllinə nə kimi yeniliklər, irəliləyişlər gətirə biləcəyi isə sual doğurur. Xüsusilə, Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması barədə qərarı ratifikasiyası etməsi Dağlıq Qarabağ münaqişəsinin hökm sürdüyü bu dövrdə Bakı-Moskva əlaqələrinin ruhuna tamamilə ziddir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Rusiya istəsə, yəni siyasi iradə ortaya qoysa, münaqişənin həllində irəliləyişlərin əldə olunması mümkündür: "Ermənistan siyasi rəhbərliyinin müxtəlif radikal şüar və bəyanatlar səsləndirməsinə baxmayaraq, Rusiya əgər beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq hərəkət etsə, Ermənistana təzyiq göstərsə, əlbəttə ki, nəticə əldə olunacaq. Yox, əgər Rusiya Ermənistan siyasi rəhbərliyinin səsləndirdiyi məsuliyətsiz bəyanatlara uyğun hərəkət edəcəksə, işğalçı ölkə qeyri-konstruktiv mövqeyini davam etdirəcək".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT-nin Nyu-Yorkda keçiriləcək sessiyası zamanı görüşəcəklərini xatırladan Q.Hüseynli qeyd edib ki, nazirlər prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə etməlidirlər: "Prezidentlərin görüşü ya Moskvada, ya da Soçidə baş tuta bilər. Həmin görüşə qədər siyasi atmosfer elə olmalıdır ki, münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaransın".

Politoloq hesab edir ki, prezidentlər səviyyəsində görüşün nəticə verməsi Ermənistanın konstruktiv mövqeyindən asılıdır: "Çünki Azərbaycanın kompromisə gedəcəyi bir şey yoxdur. Yəni, ölkəmiz üçün demək olar ki, kompromislər limiti bitib. Yeganə güzəşt ondan ibarət ola bilər ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilsin. Dağlıq Qarabağ ərtafındakı torpaqlar isə mərhələli həll planı ilə geri qaytarılmalıdır. Söhbət "5+2" formatından gedir. Yəni, ilkin mərhələdə 5 ətraf rayon, daha sonra Laçın və Kəlbəcər Azərbaycana verilməlidir".

Q.Hüseynli bildirib ki, torpaqların geriyə qaytarılması məsələsində ilkin kompromis olmadan sülh danışıqları prosesi irəliləyə bilməz: "Aprel döyüşlərindən sonra Rusiya 5 ətraf rayonun geri qaytarılmasını aktullaşdırmışdı. Sonradan isə bu məsələdə Moskvanın geriyə çəkildiyinin şahidi olduq. İndi isə ATƏT fəallaşıb. Bundan başqa, Azərbaycanın mövqeyini Avropa İttifaqı da fəal sürətdə müdafiə etməyə başlayıb. Belə olan halda Rusiyanın Cənubi Qafqazda fəallaşmaq istəyi və bu regionda guya qayda-qanun yaratmaq istəyi bəlkə də başa düşülə bilər. Amma bir şərtlə ki, sözlə iş arasında vəhdət olsun və bu məsələdə yenidən siyasi oyunlara yer verilməsin. Hər halda bunu zaman göstərəcək. Hazırkı şəraitdə keçiriləcək görüşün müsbət nəticələr verəcəyini ümid bəsləmək çox çətindir. Görəsən, Rusiya verdiyi sözə əməl edəcəkmi? Moskvanın yanında Ermənistanın mövqeyi isə bir o qədər əhəmiyyət kəsb etmir. İşğalçı ölkə Rusiyanın əlində bir oyuncaqdır".

Politoloq Vasif Əfəndiyev isə qeyd edib ki, münaqişəni Ermənistanın xeyirinə çevirmək planları bütünlüklə fiaskoya uğrayıb. O, SİA-ya bildirib ki, Azərbaycan torpaqlarını işğal edərək Ermənistanın adına sənədləşdirməyə çalışan qüvvələrin bu məsələdə yanıldıqları artıq faktdır: "İşğalçı qüvvələr Bişkek protokolunu əsas gətirərək münaqişənin hərbi yolu variantının olmadığını desələr də, artıq özləri çox yaxşı bilirlər ki, bu protokolun siyasi qüvvəsi bitib və onların özlərinin günahı ucbatından əhəmiyyətsiz sənədə çevrilib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istəyinin qarşısını yalnız kobud xarici müdaxilə ala bilər. Çox təəssüf ki, indiyə qədər bu istəyimizin reallaşmamasının əsas səbəbkarı da məhz bu faktordur".

V.Əfəndiyev xatırladıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə hər iki dövlətin rəhbərlərinin görüşünün təşkili üçün razılığa gəlinib: "Əslində, prezidentlərin görüşünün təşkili münaqişənin həllinə yönəlik müəyyən sənədin imzalanmasından xəbər verir. Lakin dəfələrlə tərəflər ilkin olaraq razılaşdıqları məsələlərdə görüş zamanı imtina etməli olublar. Daha doğrusu, bu addımı hər dəfə müxtəlif bəhanələrlə Ermənistan tərəfi atıb. Bəhanə olmadıqda isə qarın ağrısını bəhanə edib görüşü yarımçıq tərk ediblər. Amma sonuncu dəfə keçən ilin dekabrında BMT-nin təşkilatçılığı ilə Fransada bir görüş keçirilməsi nəzərdə tutulsa da, Azərbaycan prezidenti haqlı olaraq bu görüşdən imtina edib. Çünki bu görüş ərəfəsində tərəflər arasında heç bir sənədin imzalanması gözlənilmirdi. Bu görüşün baş tutacağı və münaqişənin nizmalanması yönündə hər hansı bir müsbət sənəd imzalanacağı baş verərsə, belə görüşlərin intensivliyinin artmasına ümid etmək olar. Yoxsa, müharibə qaçılmazdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlara malikdir. Xaricdən hər hansı kobud müdaxilə o ölkənin Azərbaycanla bütün əlaqələrinin kəsilməsinə gətirib çaxaracaq".

Politoloq Zaur Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün keçirilməsi gözləniləndir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün önəmli əhəmiyyət daşıyır. Son zamanlar cəbhədə baş verənlər göstərir ki, münaqişənin aktiv hərbi fazaya keçməsi üçün bir qığılcım yetərli olacaq. Müharibə ilk növbədə Rusiyanın maraqlarına cavab vermir. Bu, şimal qonşumuzun təhlükəsizliyinə ciddi təhdiddir. Məhz buna görə, əslində Sarkisyanla Rusiya rəhbərliyi ciddi danışmalıdır və Dağlıq Qarabağın ətrafındakı bütün rayonlar Azərbaycana geri qaytarılmalıdır. Daha sonra beynəlxalq hüququ nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusuna aydınlıq gətirilməlidir".

Politoloq hesab edir ki, prezidentlərin görüşü baş tutarsa, olduqca çətin keçəcək: "Çünki vəziyyət əvvəlkindən çox fərqlənir. Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Rusiya rasional düşünərək münaqişənin həlli üçün Ermənistana təzyiqlərini gücləndirməlidir".

Ceyhun ABASOV

 





20.07.2017    çap et  çap et