525.Az

Elm fədaisi


 

Elm fədaisi<b style="color:red"></b>

Ömür insana bir dəfə verilir. Amma bu ömrü şərəfli yaşamaq hər kəsə qismət olmur. Kimisi yalnız özünü, şəxsi mənafeyini düşünür, kimisi də xalqını, millətinin gələcəyini.

Azərbaycanda millətini, xalqının gələcəyini düşünən, gələcəyin elmli və dünyagörüşlü olması üçün çalışan bir çox insanlar var. Haqqında söhbət açacağım şəxs də bu cür insanlardandır. Söhbət böyük hörmət bəslədiyim, tanıdıqca elminə, biliyinə və ən əsası insanlığına heyran olduğum şəxs - AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevdən gedir. Bu ad çoxları üçün adi şəxs ola bilər. Amma Akif Musayevi tanıyanlar onun necə dahi, necə şəxsiyyət olduğunu məndən də yaxşı bilir. Akif müəllim özündə bütün insani cəhətləri cəmləşdirən çox az sayda şəxsiyyətlərdəndir. O, mehriban və qayğıkeş, elmə, təhsilə, savada bağlı, daim insanların, xalqının rifah halının yaxşılaşmasına çalışan əsl vətənpərvərdir. Bəli, Akif müəllim sözün həqiqi mənasında bir insanlıq etalonudur. İstənilən bir insanı özü kimi qəbul edən, insanlığın fəlsəfəsini özündə cəmləşdirən şəxsiyyətdir Akif Musayev.

Akif müəllimi mən 2014-cü ildə tanımışam. Həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul olunanda tanıdığım bu insan ilk andan məndə səmimi, insansevər, əsl kişilik təcəssümünü özündə cəmləşdirən bir varlıq obrazı yaratdı. Elə həmin andan da bu insanın ziyalılığına xüsusi simpatiyam yarandı. Tanıdığım 3 il ərzində ondan elm ilə bərabər bir çox insani dəyərləri də öyrənmişəm. Sözün əsl mənasında bu şəxs insana insan kimi qiymət verməyi bacaran, etdiyi əmələ, xeyirxahlığa görə təmənna güdməyən, insanlar üçün çalışan, yüzlərlə gənci savada, elmə yönəldən bir insandır. Mən bu gün Akif müəllimi tanımaqla özümü dünyanın ən xoşbəxt gənclərindən hesab edirəm. Akif müəllimin elmi rəhbərim olması riyaziyyat elminin iqtisadiyyata tətbiqi sahəsində mənim bilmədiklərimi asanlıqla öyrənib dərk etməyimə, inkişaf etməyimə səbəb olub. Akif müəllim elmi rəhbər olduğu doktorantlarına elm, savad, təhsil öyrətməklə yanaşı, həm də bizə və şəxsən mənə yaşamağın sirlərini, cəmiyyətə faydalı olmağın yollarını öyrətdi. Biz gənclər hələ də ondan həyatın sirlərini öyrənməkdə davam edirik və gələcəkdə elmi rəhbər olacağımız təqdirdə biz də gənclərə onun kimi eyni prinsipləri aşılamağa çalışacağıq. Biz həmişə Akif müəllimdən nəsə öyrənməyə çalışmalıyıq. Bu bizim mənəvi borcumuzdur. Akif müəllimlə həmsöhbət olmaq, onunla dərdləşməkdən gözəl iş yoxdur mənimçün.

Akif müəllim Azərbaycan elminə, ölkə iqtisadiyyatına bir çox töfhələr verib. Onun elmi məqalələri, layihələri bu gün Azərbaycan iqtisadiyyatının inkişafına böyük töfhədir. O, ölkənin vergi siyasətinin daha da təkmilləşməsi naminə bu gün də öz xidmətlərini əsirgəmir, bilik və bacarığını bu sahənin gündən-günə inkişafına həsr edir. O, 400-dən artıq elmi məqalənin müəllifidir, 30-dan artıq elmi əsərləri xaricdə çap edilib, 38 elmi məqaləsi isə beynəlxalq bazalarda referatlaşdırılaraq indeksləşdirilən jurnallarda dərc edilib.

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev 1947-ci ildə Füzuli rayonunun Qorgan kəndində anadan olub. Onunla bu gün təkcə doğulub boya-başa çatdığı el-oba yox, bütün Azərbaycan fəxr edir, onun elmindən, biliyindən, nəşr etdirdiyi kitablarından bəhrələnirlər.

İyulun 18-i professor Akif Musayevin doğum günü idi. Bu böyük şəxsiyyətin 70 yaşı tamam oldu. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin 70 illik yubileyi ilə əlaqədar xüsusi qərar qəbul edib. Həmin qərara görə, A.Musayev Fəxri Fərmanla təltif edilib və onun yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi qərara alınıb.

Akif müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, onun doktorantı olmağımla fəxr edirəm. Akif müəllimə ən səmimi arzularımı çatdırıram. 70 yaş ziyalı insan ömrünün mükəmməl, müdrik dövrüdür. İnanırıq ki, bundan sonra da Akif müəllimdən daha çox elm, təcrübə öyrənəcəyik. Böyüklükdən əskik olmayasınız, əziz müəllimim! Yubileyiniz mübarək.

Şahzadə MƏDƏTOVA
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı

 





20.07.2017    çap et  çap et