525.Az

Yasəmənli Laçınım


 

Yasəmənli Laçınım<b style="color:red"></b>

Bir gün nəvəm əlində yasəmən çiçəyi mənə tərəf qaçaraq: “Nənə, bax, yasəmən ağacımız çiçək açıb” söylədi. Nəvəmin bu təlaşlı səsini eşidən kimi onun əlindəki çiçəyə baxdım. Bu zaman xəyallar məni öz ağuşuna alaraq sanki 21 il öncəyə apardı.

Sanki Laçındakı evimizdə idim. Gözəl bir yaz səhəri idi. Qorxa-qorxa yaşasaq da hərə öz balaca həyətyanı sahəsində işləyirdi. Kimisə göy-göyərti əkir, kimisə ağacdibi belləyirdi. Bizim də xudmani balaca, səliqəli bir həyətimiz var idi. Mən bu həyətin çox həsrətini çəkmişdim. Evlənəndən sonra çox evlərdə kirayədə yaşadığıma görə, bu kiçik həyət, təzə tikdirdiyim ev mənim üçün bir cənnət güşəsi idi. Həmişə arzulamışdım ki, bir evim olsun, onun kiçik həyəti olsun, bu həyətdə isə bir yasəmən ağacı. Arzuma çatmışdım evimdə vardı, həyətim də, həyətimdə yasəmən ağacı da...

Uşaqlarla – bir-birindən fərqlənməyən üç qız və qucağımda olan oğlumla bu balaca həyətdə işləyirdik. Birdən yer-göy sanki lərzəyə gəldi. Səmada təyyarə səsi eşidildi. Bəs bu, nə səsi idi? Adını tez-tez eşitdiyimiz “Qranad” deyilən silahın səsidirmi? Biz hələ bu silahın gurultusunu, fəsadlarını görməmişdik. Birdən hər yer toz-dumana büründü. Yerimizdəcə quruyub qaldıq. Düzdür, ev-eşikdə, həyətdə işləyirdik. Amma ürəyimizdə bir qorxu var idi. Bu səslə qorxu daha da artdı. Nə olduğunu hələ də başa düşməmişdik. Bu zaman qonşu təlaşla gələrək: “Bilirsən nə olub? Ermənilər Şuşanı işğal edib” dedi. Şuşadan qaçıb canını qurtaranları peşə məktəbinə yerləşdirdilər. Elə bil dünya başıma fırlanırdı. Tez evə gəldik. Şuşa bizim ümid yerimiz idi. Biz nə edəcəyik? Fikirli-fikirli durmuşdum, birdən direktorumuzun sözünü xatırladım: “Uşaqlarınız üçün bir kisə tikin, sənədlərini ora qoyun. Xocalıdakı hadisə burda da ola bilər”. Sonra ağlaya-ağlaya qızların hərəsinə bir kisə tikib, bütün sənədlərini oraya topladım. Üstəlik, ora pul da qoydum. Səhərin necə açıldığını bilmədim. Çox uzun gecə oldu. Bu uzun gecədə evdən heç bir əşya götürə bilmədim. Səhər-səhər bağçadan yığdığım yasəmən çiçəkləri elə bil mənə baxırdı.

Qonşular hərəsi əlində bir bağlama hazır idilər. Mən də uşaqların paltarlarını yığıb bir bağlama düzəltdim. Evdən heç nə götürə bilmədim. Evin nizamı pozulardı, bu zəhmətlə tikdiyimiz, neçə illər idi arzusunda olduğum, təzəcə təmir etdirib, bəzədiyim evimin pərgarının pozulmasını istəmirdim. Baxdım, baxdım... Birdən uşaqların səsini eşitdim. Hamı maşında idi, məni gözləyirdilər, mənsə sanki yatmışdım. Birdən evə qaçdım, sevdiyim yasəmən çiçəklərini götürmək üçün, lakin götürə bilmədim, axı evimin nizamı pozulardı. Bir də ki, axı biz 2-3 günə qayıtmaq niyyəti ilə gedirdik...

Nə biləydik ki, bu qayıdış 21 ilə qədər uzanacaq. Bəlkə də o qayıdışı mən görməyəcəm. Amma o qayıdışa qədər Laçın mənim ürəyimin nisgilli nəğməsi kimi elə hey sızıldayacaq, sızıldayacaq...

Əgər bu dünyada var isə cənnət,

Elə o cənnətin özüdür Laçın.

Şuşa mədəniyyətin beşiyidirsə,

Elə mədəniyyətin özüdür Laçın.

 

Dağları ucadır, suları sərin,

İnsanı vüqarlı, ağıllı dərin,

İlham pərisitək o şairlərin

Ağrılı, yaralı sözüdür Laçın.

 

Ağrıyan yerimiz, yaramız oldun,

Sən bizim qanımız, canımız oldun,

Döşundən süd verən anamız oldun,

Anamın nurani üzüdür Laçın.

 

İstisu məlhəmi, bütün dərdlərin,

Ərtəpə oylağı mərd igidlərin,

Hocazda can verən o şəhidlərin,

Canıdır, ruhudur, özüdür Laçın.

 

Görüşə gəlməyir nə oğlan, nə qız,

Səsinə səs vermir Dəlidağ, Qırxqız,

21 ildir ki, qalıbdır yalqız,

Sultanın, Xosrovun izidir Laçın.

 

Bir yanı Sarıbaba, biri İşıxlı,

Çalbayır gəzməli, Kirs yaraşıqlı,

Çobanlı, şairli, sazlı aşıqlı,

Bütün Qarabağın gözüdür Laçın.

...Elə bu zaman nəvəmin “Nənə, nənə niyə ağlayırsan” sözləri məni xəyallarımdan ayırdı...

Elsevər Yusifov  

 





17.05.2013    çap et  çap et