525.Az

“Günlərdən şeir”in növbəti qonağı kərküklü şairlər oldu


 

“Günlərdən şeir”in növbəti qonağı kərküklü şairlər oldu<b style="color:red"></b>

İyulun 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin Müşfiq Komissiyası “Günlərdən şeir” adlı birgə layihə əsasında tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, layihənin növbəti qonağı kərküklü şair Fərrux Köprülü və Kərkükdən gəlmiş digər şairlər olub.

Tədbirdə ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev çıxış edərək türk xalqları arasında ədəbi əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, indiyədək 12 kərküklü şair Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Azərbaycanda sərbəst şeirin yaradıcısı, Xalq Şairi Rəsul Rzanın da türkmən bayatılarını sevdiyini vurğulayan Q.Paşayev bayatılardan nümunələr səsləndirib.

Türkmən Ədəbiyyatçılar Birliyinin qurucusu, şair Fərrux Köprülü Azərbaycana olan böyük sevgisindən danışaraq doğma diyara həsr etdiyi şeirlərindən bir neçəsini ifa edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bu cür görüşlərin oxucular üçün xüsusi əhəmiyyət kəsb etdiyini, növbəti silsilə şeir günlərinin keçiriləcəyini vurğulayıb.

Sonda kərküklü şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edilib. Milli Kitabxana tərəfindən qonaqlara tariximizi və mədəniyyətimizi əks etdirən kitablar bağışlanıb.

 





22.07.2017    çap et  çap et