525.Az

Milli mətbuat gününə ən böyük töhfə


 

255 JURNALİST AİLƏSİNİN MƏNZİL TƏMİNATI YAXŞILAŞDIRILDI

Milli mətbuat gününə ən böyük töhfə<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 20-də Milli mətbuat günü ərəfəsində Prezident İlham Əliyevin iştirakıyla jurnalistlər üçün tikilən ikinci binanın açılış mərasimi keçirilib.
 
Ölkə başçısının “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamıyla tikilən binada 255 jurnalist ailəsi mənzillə təmin olunub.

Bu əlamətdar hadisə ilə bağlı “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı APA-ya açıqlamasında qeyd edib ki, jurnalistlər şəhərciyinin ikinci binasının Azərbaycan prezidentinin iştirakı ilə təntənəli açılışı, onlarla ailənin unudulmaz günü, gənclərin gələcəyə əsaslı inamı, habelə qocaman jurnalistlərə, vəfat eləmiş qələm adamlarının ailələrinə vəfa borcunun parlaq ifadəsidir: “26 il yataqxanalarda, sanatoriyalarda ağır vəziyyətdə yaşadım. Amma mən bu zülmət gecənin bir sabahı olacağına inanırdım. Mən prezidentə yaxınlaşdım və dedim ki, özümün və balalarımın adından sizə çox təşəkkür edirəm ki, Xocalıdan olan məcburi köçkün ailəsini sevindirdiniz. Dedi ki, çox yaxşı oldu ki, bu jurnalistlərin arasında bir Xocalı ailəsi də var. Onu da deyim ki, mən həm QHT sədriyəm, həm də 1994-cü ilə qədər hərbi reportyor işləmişəm, Qarabağ müharibəsinin hərb tarixini yazmışam. Tək Azərbaycanda deyil, Macarıstanda, Almaniyada, Hollandiyada, Türkiyədə və digər ölkələrdə Qarabağ, Azərbaycanın ədalətli mövqeyi, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı çoxsaylı tədbirlər, aksiyalar keçirmişəm. Bu gün də mənə bu mənzili eyni zamanda Qarabağ həqiqətlərini dünyaya çatdırdığım üçün hədiyyə etdilər”. 

 Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə deyib ki, həqiqətləri cəmiyyətə çatdıran jurnalistin ev təminatının olması çox mühüm amildir: “Jurnalist ailəsi ev təminatı ilə bağlı rahat olmalıdır ki, öz fəaliyyətində də yüksək nəticələr əldə etsin. Yəni, yaxşı araşdırmalar aparsın, reportajlar hazırlasın, xarici ölkələrdə media nümayəndəsi kimi Azərbaycanı təmsil etsin. Əks halda jurnalistin fikri mənzil-məişət şəraitinin təmin olunmasında, kirayə qayğılarında, kredit götürərək evin kirayəsini ayın əvvəli və sonu ilə uzlaşdırmaqda qalır. Jurnalist bu halda öz işini yüksək keyfiyyətdə görə bilmir. Mən Azərbaycan prezidentinin jurnalistlərin mənzil təminatı ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirirəm. Mənə də yeni binadan mənzil verilib və açılış mərasimində iştirak etdim. O mərasimdə böyük bir sevinc gördüm. Sadə insanlar həyatlarında ən böyük hədiyyəni alırdılar, bu təəssüratı ifadə etmək çox çətindir”.

A.Mirzəyev bildirib ki, dövlətin jurnalistlərə bu istiqamətdə yardımı, xüsusən Milli mətbuat günü ərəfəsində mənzil hədiyyə etməsi çox yüksək qiymətləndirilməlidir: “Təəssüf ki, bəzi media orqanlarında vurğulanır ki, jurnalist müstəqil olmalı, dövlətdən hər hansı asılılığı olmamalıdır, mənzil hədiyyə olunması mənfi hal kimi qiymətləndirilir. Bu, yolverilməzdir, bunu yazanlar dövlətin bu istiqamətdə siyasətindən bixəbər insanlardır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, jurnalistlər sosial problem yaşamasınlar və çox rahatlıqla peşəkar fəaliyyətlə məşğul olsunlar. Bu, gələcəkdə jurnalistlərin fəaliyyətinə müdaxilə olacağı demək deyil. Artıq 2013-cü ildə birinci binada mənzillə təmin olunan jurnalistləri görmüşük, onların peşə fəaliyyətinə hər hansı müdaxilə olmadı, hətta bəzi hallarda əvvəllər yazdıqlarından daha tənqidi yazı yazırlar. Bu, bir daha onu göstərir ki, dövlətin bu qayğı siyasətinin məqsədi heç də jurnalisti özünə tabe etmək məqsədi daşımır. Əksinə, bu, jurnalistləri daha da həvəsləndirmək, motivasiya etməkdir. Yəni, jurnalistlər cəmiyyətdə olan problemləri zamanında operativ şəkildə cəmiyyətin kateqoriyalarına, o cümlədən, dövlət orqanlarının yuxarı eşalonlarına çatdırsın. Prezident də açılış mərasimində çıxış edərək deyib ki, media işçiləri onun köməkçiləridir. Dövlət başçısı çoxsaylı xarici tədbirlərdə olur, ölkədə çoxsaylı tədbirlərdə iştirak edir, ola bilər ki, ölkə daxilindəki müəyyən problemlərdən, qüsurlardan xəbəri olmasın. Bu halda jurnalistlər fəaliyyətə başlamalı, bu problemləri çatdırmalı və bu problemlərin həllində aktiv rol oynamalıdırlar. Dövlətin də istəyi budur. Mənzil təminatı ilə bağlı atılan addımların da əsas qayəsi məhz budur”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı da deyib ki, Azərbaycan prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada ona da mənzil hədiyyə edilib: “Prezident qeyd etdi ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan dövlətinin və vətəndaşların marağı dayanır. Dövlət başçısı dedi ki, jurnalistlər daim dövlətin yanında olur, Azərbaycanın haqq səsini dünyaya yaymaqda ona yardım edirlər. Mən vətəndaş cəmiyyəti strukturlarının təmsilçisi olaraq, vətəndaş cəmiyyətində çalışan bir jurnalist kimi nəşr etdiyimiz jurnal vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə öz töhfəmi verməyə çalışıram. Artıq 10 ildir jurnalımız hər ay nəşr olunur, vətəndaş cəmiyyəti qurumları arasında yayılır. Biz prezidentə böyük hədiyyə üçün təşəkkür edirik. Bu, şəxsən bizim ailədə böyük bir problemin həllinə rəvac verdi. Biz 3 ailə bir evdə yaşayırdıq. Ailələrimizdən birinin yeni mənzilə köçməsi bizim sosial vəziyyətimizə böyük dəstək olacaq. Bu, bizim daha yaxşı işləməyimizə, dövlətimizin maraqlarını dünyaya daha yaxşı çatdırmağa yardım edəcək”.

Qeyd edək ki, iyulun 19-da prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə başçısı jurnalistlər üçün üçüncü yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait yatırılmasıyla bağlı qərar verib.

Ceyhun ABASOV

 





22.07.2017    çap et  çap et