525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir” <b style="color:red">(davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu  əsasən millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları təşkil edir.

– Qloballaşmadan söz açdınız. Sizcə, bu gün tez-tez adı hallandırılan qloballaşma prosesi milliliyin qorunması məsələsinə nə dərəcədə təsir göstərir?

–Qloballaşma bir hərəkat olaraq, XX əsrdən başlayır və bəşəriyyətin bütün inkişaf sahələrini əhatə edir. Qloballaşma ilk növbədə qlobal şəkildə düşünməyi və fikirləşməyi tələb edir. Bu, bəzilərinin iddia etdikləri kimi,  heç də kiçik dövlətlərin və xalqların daha böyük dövlətlər və xalqlar tərəfindən udulması prosesi deyil, onların imkanlarının bərabərləşdirilməsi prosesidir. Qloballaşma təsirlərinə milli dövlətlərin davam gətirməsi üçün onların güclü olması gərəkdir. Burada ikili proses gedir. Bir tərəfdən iri dövlətlər qloballaşmanın aparıcı qüvvələri kimi çıxış edirlər, digər tərəfdən isə onlar qloballaşmaya əngəl törədən bir tərəf kimi özlərini göstərirlər. Məsələn, İngiltərənin, eləcə də Fransanın ayrı-ayrı hakim dairələrindən müsəlmanlara tez-tez belə mesajlar gəlir ki, Avropa islama dözə bilməz və onları Avropaya buraxmaq əleyhinədir. Həqiqətən də Avropanın bir sıra siyasi xadimləri açıq-askar islam ölkələrini ittiham edir və elan edirlər ki, onları Avropada görmək arzusunda deyillər. Müasir dünyanın siyasi proseslərilə qloballaşmanın qarşılıqlı əlaqəsi mürəkkəb və çoxcəhətlidir. İkiqütblü dunyanın süqutu ona ümid yaradırdı ki, dünyada gedən siyasi proseslərin arxasında baş verəcək ziddiyyətlər bir qədər zəifləyəcək və son anda aradan qalxacaq. Amma yeni dünya inkişafinda baş verən hadisələr və meyllər onun tam əksini göstərdi, ziddiyyətlər daha da artdı, ölkələr və xalqlar arasında özünü təsdiq etmək uğrunda mübarizə gücləndi, dünyanın nizamlanmasında hegemonluğa can atan yeni qüvvələr və güc mərkəzləri yarandı, onlar yeni dünya qaydalarının formalaşmasında oz  təəhhüdlərini irəli sürdülər. ABŞ-la bərabər Qərbi Avropa, Rusiya, Yaponiya, İslam dünyası, Hind-Çin yarımadası, Cənubi Amerika və sivilizasiya mərkəzləri dünyanın və eləcə də maddi nemətlərin paylanması və bölüşdürülməsi məsələsinə yenidən baxılmasını tələb etdilər.

Belə bir tarixi-siyasi şəraitdə qloballaşma spektrində Azərbaycanda gedən siyasi proseslərin öyrənilməsi, onun qloballaşmaya münasibəti məsələsi həm elmi-nəzəri, həm də ideya-siyasi əhəmiyyət kəsb edir. Əksər Azərbaycan alimlərinin dediklərinə görə, qlobal təzyiqlərə davam gətirmək milli dövlətlərin özlərinin sosial-iqtisadi, siyasi-mədəni səviyyələrindan asılıdır. Milli inkişaf nə qədər yüksək olarsa,  qloballaşmadan bir o qədər çox qazanmış olar, başqalarının təzyiqinə az məruz qalmış olar, onlar tərəfindən assimilyasiyaya uğramaz, əksinə dünyada gedən mürəkkəb siyasi proseslərdə daha fəal iştirak edər. Bu mənada hazırda gedən proseslərdən itkisiz ötüşmək üçün qarşımızda duran əsas məsələ milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması və demokratiyanın daim inkişaf etdirilməsidir.

–Qloballaşma prosesi ilə milli inkişaf hansı dərəcədə biri-birinə təkan verir, yaxud əksinə?

– Qloballaşma ilə milli inkisafın nisbəti həqiqətən də çox maraq doğuran mürəkkəb məsələlərdəndir. Bjezinski yazır ki, qloballaşma “milli dövlət ideyasının təməlinə” əsaslanır. Buradan da belə bir qənaətə gəlmək olur ki, qloballaşma bir tərəfdən milli olanı beynəlmilləşdirir, digər tərəfdən isə milli dövlətləri daha da təkmilləşdirir, milli-mənəvi dəyərlər qlobal dəyərlər əsasında daha da zənginləşir. Daha aydın desək, qloballaşma şəraitində millilik (milli ideya, milli dövlət, milli-mənəvi dəyərlər, milli dil və sair) heç də ölmür, öz forma və məzmununu dəyişir. Millətçilik vətəndaş cəmiyyəti, insan hüquqları, hüquqi dövlət, plüralizm, açıq cəmiyyət və başqa yeni anlayışlar və ideyalar spektrində özünü göstərir, köhnə xəstə millətçilikdən yeni sağlam millətçiliyə keçid hadisəsi baş verir, insanların düşüncə tərzi də yeniləşir. Yeni siyasi proseslər nəticəsində cəmiyyətin liberallaşdırılması ona gətirib çıxarır ki, insanlarda fərdi azadlıq, patriotizm, tolerantlıq, kompromislərə getmək hissləri güclənir, siyasi mədəniyyət səviyyəsi yüksəlir. Şübhə yox olur ki, bütün bunlar qloballaşma prosesinin necə getməsindən çox asılıdır. Əgər bu proses böyuk dövlətlər və transmilli korporasiyalar tərəfindən süni şəkildə sürətləndirilərsə, zəif millətlərin özünümüdafiə instinktləri də güclənə bilər və bu da xəstə (mənfi) millətçiliyin və sosial şovinizmin baş qaldırmasına gətirib çıxarar. Əksinə, qloballaşma prosesi milli inkisafın tələblərinə uyğun şəkildə, yerli şəraitin nəzərə alınması əsasında davam edərsə, bu daha çox effekt verər və hər iki tərəf bundan qazanmış olar. Belə olan halda qloballaşma milli inkisafa nəinki mane olar, əksinə, onun yeni əsasda inkisafı üçün yeni bir impuls vermiş olar.

– Qloballaşma və milli mədəniyyətlərin inkişafı. Siz bu anlayışları bir-birinə paralel, yoxsa zidd məfhumlar kimi səciyyələndirərdiniz?

–Qloballaşma zamanın hökmüdür. Bu proses biz istəsək də, istəməsək də gedib, gedir və gedəcək. O bütün sahələri əhatə edir. Bizi maraqlandıran məsələ milli mədəniyyətlərin taleyidir. Qloballaşma xırda xalqların mədəniyyətlərinə necə təsir edəcək? Bu təsir həmin xalqların həyatında müsbət, yoxsa mənfi rol oynayacaq? Bəlkə də elə onların mədəniyyəti deqredasiyaya uğrayacaq və bütün millətlərin mədəniyyətləri içərisində əriyib gedəcək? Bu və buna oxşar suallar  hazırda  milli  mədəniyyətlərin  qarşısında  duran  əhəmiyyətli məsələlərdəndir. Lakin bir məsələ aydındır. O xalqların ki, mədəniyyəti yüksəkdir, dilləri zəngindir, onlar qloballaşmaya kifayət qədər yaxşı müqavimət göstərərək və hətta digər mədəniyyətlərin hesabına öz dil və mədəniyyətlərini zənginləşdirə biləcəklər.

– Bəlkə bu proseslərə tarixi aspektdən yanaşaraq müqayisələr təqdim edəsiniz...

–Tarixə nəzər salaq. Qədim dövrlərdən üzü bəri mövcud olmuş iri imperiyalarda xalqların birləşməsi və qovuşması prosesi mədəniyyətlərə də sirayət edib, onların bəziləri zənginləşib, bəziləri isə aradan qalxıb. Yunan mədəniyyəti əslində bir tək yunanların deyil, Aralıq dənizi və Qara dəniz sahilində yaşayan xalqların ümumi mədəniyyəti idi. Çünki makedoniyalı İsgəndərin yaratdığı imperiya parçalanandan sonra onun ərazisində olan xalqlar Qərb-Şərq mədəniyyətinin simbioz bir formasını yaratmağa yaxın idilər. İsgəndər özü də Qərblə Şərqi birləşdirməyə çalışır, bu xalqların qovuşmasına və birləşməsinə hamilik edirdi. Belə bir şəraitdə Qərb əvvəllərdə olduğu kimi bu dəfə də Şərqdən çox şey götürməyə çalışdı. Eləcə də Şərq xalqları Qərb mədəniyyətilə yaxından təmasda oldular. Roma imperiyası dövründə də belə oldu. Romalılar Şərqə doğru hücumlar etdilər, hətta Qafqaza və Albaniyaya da, onlar burada amazonkaları gördüklərini və onlarla vuruşduqlarını da o vaxtkı dünyaya çatdırdılar. Şərqi Roma imperiyasının yaranması və süqutu, türklərin Avropaya yürüşləri, hələ bundan əvvəl hunların bütün Avropanı işğal etmək səyləri, rusların Şərqdəki istilaları Şərqə Qərbin böyük imperiyalar daxilində birləşmələrinə və qovuşmalarına səbəb olurdu. Bunun da nəticəsində bir sıra xalqların- (karfagenlilər, finikiyalılar, misirlilər, midiyalılar, albanlar, lulibeylər, utilər, skiflər, soqdiyalılar, vikinqlər, normanlar və sair) tarix səhnəsindən silinməsi prosesi baş verdi. Rusların Şərqə, Osmanlıların isə Qərbə genişlənən ekspansiyaları türklərin (türk-dilli xalqların) Rusiya imperiyası tərkibinə qatılmaqla ruslaşdırılmağa başlaması, slavyanların isə bəzi qruplarının daxilində türkləşmə prosesi Avrasiya mədəniyyət vahidinin yaranmasına səbəb oldu. Türk islam mədəniyyətinin güclü müqaviməti bu mədəniyyətin sonrakı inkişafını qeyri-mümkün etdi, amma Rusiya imperiyasında bu mədəniyyət əksinə, çiçəklənməyə başladı və avrasiyalılar az qala rusofilləri üstələməyə başladılar.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





17.05.2013    çap et  çap et