525.Az

Qurucu lider


 

Qurucu lider<b style="color:red"></b>

Jurnalistlər Şəhərciyinin ikinci binasının, cənab Prezidentin iştirakı ilə təntənəli açılışı günümüzün əlamətdar hadisəsi, onlarla ailənin unudulmaz günü, gənclərin gələcəyə əsaslı inamı, habelə qocaman jurnalistlərə, vəfat eləmiş qələm adamlarının ailələrinə vəfa borcunun parlaq ifadəsidir!

Bu gün bizlərin özkeçmişinə unudulmaz gün əlavə olundu! Bu günü bizlərə bəxş edən əziz dövlət başçımıza, jurnalistlərin həm fəxri, həm də biləvasitə dostu - əbədi dostu İlham Heydər oğlu Əliyev cənablarına könlümün bütün riqqəti ilə minnətdarlıq edirəm!

Prezidentimiz yalnız jurnalistlər üçün ev tikdirmir, ümumən qurucu lider olaraq, EVTİKƏNdir! Heç şübhəsiz, Jurnalistlər evində yaşamağın mənəvi dəyəri, maddi dəyərindən çox yüksəkdir. Biz, dövlət başçımızın jurnalistlərə qayğısını, mediamızın inkişafını, ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi olaraq qəbul edirik. Onun sərəncamları, qəbul etdiyi proqramlar, verdiyi tapşırıqlar əsasında ayrı-ayrı sənət-peşə sahibləri, müharibə veteranları, şəhid ailələri, qaçqın-məcburi köçkün vətəndaşlarımız, sosial müdafiəyə ehtiyacı olan digər ailələr, gənclər, idmançılar... evlə təmin olunur və bu proses məqsədəuyğun şəkildə davam etməkdədir. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbulunu, 29 binalıq Yasamal Yaşayış Kompleksinin tikintisini qeyd etmək yetərlidir ki, toxunulan mövzuya dövlətin, dövlət başçısının nə qədər üfüqügeniş yanaşdığı bariz şəkildə görünsün.

Özü də, yalnız müxbir, redaktor... kimi fəaliyyət göstərən vətəndaşlarımızın deyil, o sırada ictimai əlaqələr və mətbuatla işə məsul şəxslərin, media təsərrüfatımızın canlanmasında, söz sənətimizin inkişafında xidməti olanların da diqqət və qayğıdan qıraqda tutulmaması ayrı bir gözəllikdir, ayrı bir minnətdarlıq səbəbidir!

Onu da unutmayaq ki, bu iş davamlı xarakter daşıyır, bu gün mənzil almayan jurnalist, cəmi 3 ildən sonra bu şansı qazanacaq, ondan sonrakı dönəmdə öz çalışmaları ilə seçilənlər də sıradakı “təməl atma”dan öz nəsiblərini alacaq.

Beləliklə, paytaxtımızda daha 255 yeni mənzilin işığı yanacaq! 255 mənzilin pəncərəsindən gülüzlü Azərbaycan körpələrinin, gənclərimizin üzünə Səbail Günəşi düşəcək! Neçə ailə kirayədən, yataqxanadan, hansısa ucqardakı təmirsiz mənzildən, sözün həqiqi mənasında aydınlığa çıxacaq! Bu işıqlanmanın, aydınlanmanın memarı cənab Prezidentimizdir!

Fürsətdən istifadə edərək, yeni mənzillərə sahib olan, bir çoxu paytaxtda ilk dəfə mənzil sahibi olan qələm adamlarını təbrik edir, bütün evsiz qələm adamlarına isə ev arzulayıram!

 





24.07.2017    çap et  çap et