525.Az

Mənim evim də var


 

Mənim evim də var<b style="color:red"></b>

Kərəminə min şükür, xudaya, indi artıq doğma Bakımızda mənim də öz evim, mənzilim var.

Yeri, göyü yaradan uca Allahım, zaman-zaman məsləhət bildiyin ağır sınaqlara çəksən də, dünyanın hər cür əzab-əziyyətinə məruz qalsam da, sağ ol ki, sonda nəzərlərini üstümdən əsgiltmədin, ömrümün qüruba enən çağlarında el içində, balalarımın, nəvələrimin qənşərində xəcil etmədin məni. Nə yaxşı ki, mən də ən ümidsiz günlərimdə belə, əlimi ətəyindən üzmədim, Sənə olan dualarımı səngitmədim, doğma sənətimdən uzaqlaşıb pis-pis yollara düşmədim, harama, rüşvətə əl bulandırmadım. Bir qələmim oldu, bir başım, gecəmi gündüzümə qatıb illərlə kirəkeşlikdə ömür xərclədim, yazı makinəsinin şaqqıltıları altında, balalarımın yuxusuna haram qata-qata yazılarımı darısqal mətbəxlərdə, qazın zəhərli havasında, quru yer üstündə, çöldə-bayırda ərsəyə gətirdim, qoymadım övladlarımın gözü onun-bunun qazanında, süfrəsində qala. Bircə ömür-gün yoldaşımı qoruya bilmədim, on illərlə sürən kirəkeşlik həyatımız onun ömrünə balta çaldı, bundan sonra ayın-şayın yaşayacağımız bu mənzilə əlimiz yetişməyinə az qalmış, özü də nəvə üzü görmədən, özgə evinin divarları arasında dünyasını dəyişdi. İndi onun adını yaşadan qız nəvəmiz - Züleyxa yenicə sahibi olduğumuz mənzilin hələlik bomboş otaqlarında atılıb düşür, çığırır, sanki demək istəyir: “Urrra! Bu bizim evimizdir!” Hə, bizim evimizdi, gözəlim. İllərlə dövlətimizə, dövlət başçımıza sədaqətini qoruyub saxlamış babana  prezidentizin töhfəsi, yadigarıdır. Və bir də biləsən ki, gözəl balam, baban Bakıda  ilk mənzilə də hələ 1980-ci illərin əvvəlində ümummilli lider Heydər Əliyevə göndərdiyi bir teleqramın sayəsində sahib olmuşdu. Təəssüf ki, nənənin aramsız xəstəlikləri, dalbadal cərrahiyyə əməliyyatlarına məruz qalması üzündən, həmin evi satıb  onu ölümün pəncəsindən xilas elədik. Şükürlər olsun ki, heç olmazsa oğul toyunu görə bildi. İndi budur, ulu öndərimizin ləyaqətli davamçısı, ölkəmizin dünyada tanınması yolunda inamla irəliləyən İlham Əliyev mən təki yüzlərlə imkansız jurnalistin isti ocaqla təmin olunması üçün dünyada analoqu olmayan sərəncamlar imzalayıb.

Möhtərəm prezident, Azərbaycan jurnalistlərinin ixtiyarına verilmiş həm birinci, həm ikinci binanın sakinləri, ən çox da mənim balaca Züleyxamın adından Sizə təşəkkür edir, cansağlığı, ailə səadəti, nəvə-nəticəli uzun ömür arzulayırıq. Bu yerdə təbii ki, sərəncamınız əsasında mənzillərin verilməsi və bölgüsüylə məşğul olan, bir ay ərzində titanik zəhmət tələb edən işin öhdəsindən gələ bildiklərinə, onlara təqdim olunan minlərlə müraciətin, sənədin aranıb-araşdırılmasında səbr, təmkin, başlıcası isə obyektivlik nümayiş etdirdiklərinə görə Sizin ictimai-siyasi məsələlər üzrə köməkçiniz cənab Əli Həsənova, KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə, onların başçılıq elədikləri kollektivin bütün üzvlərinə minnətdarlığımızı bildiririk.

Sonda mənimlə birlikdə mənzil alan istər cavan, istərsə də ahıl həmkarlarıma bir nəshətim var: Dünyanın ən ağır sınaqlarına məruz qalsanız belə, sizlərçün əziz olan çox şeylərdən məhrum olsanız belə, sahib olduğunuz evi, mülkü əldən çıxarmayın, satmayın. Əksinə, çalışın üstünə gəlsin, artsın, nəvə-nəticələrinizin gözü digərlərinin qapısında, pəncərəsində, damında, mülkündə qalmasın. Unutmayın ki, bu bina, ondakı mənzillər ölkə başçısının bizlərə hədiyyəsidir. Hədiyyənisə göz bəbəyi kimi qorumaq, öpüb göz üstə qoymaq gərək.

Mənziliniz mübarək, dostlar!

P.S. Siyahıda adlarını görməyən qələm dostlarıma məsləhətim budur ki, bu olayı faciə kimi qəbul edib həvəsdən düşməsinlər. Ümidinizi öləziməyə qoymayın, əzizlərim. Əksinə, qəlbinizin ən incə duyğularını sözbəsöz kağızlara düzən müqəddəs qələminizdən daha möhkəm yapışın. O sizi naümüd qoymaz. Dost-doğmaca sənətinizə sədaqətinizi itirməyin, ona daha möhkəm tellərlə bağlanın. Və bir də unutmayın ki, dünya ölkələrinin liderləri sırasında verdiyi sözə əməl edən, əhdinə sadiq olanlardan biri, bəlkə də birincisi taleyin bizə bəxş elədiyi cənab İlham Əliyevdir. O, gələcəkdə də vətənin ləyaqətli jurnalistlərinin bütün müşküllərini aradan qaldıracaq, onların sosial rifah hallarını daim nəzarət altında saxlayacaq.

 





24.07.2017    çap et  çap et