525.Az

Türkiyə-Azərbaycan Tələbə Birliyi Ankarada etiraz aksiyası keçirdi


 

Türkiyə-Azərbaycan Tələbə Birliyi Ankarada etiraz aksiyası keçirdi<b style="color:red"></b>

İyulun 19-da Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan Tələbə Birliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki ofisi qarşısında Ermənistanın işğalçı əməllərinə etiraz yürüşü keçirildi.

Aksiyada iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi əleyhinə şüarlar səsləndirildi. Aksiyada Ankarada təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, burada yaşayan vətəndaşlarımız,  o cümlədən, Türkiyədə yaşayan tarixçi soydaşımız, Türkiyə Palata və Birjalar Birliyi İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov iştirak edirdilər.

Tələbələr adından bəyanat verən Türkiyə-Azərbaycan Tələbə Birliyinin sədri Elvin Ağayev Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutması nəticədə 2 yaşlı körpə Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sərvinaz Quliyevanın həyatlarını itirdiklərini bildirdi: “Ermənistanın törətdiyi bu cinayətlər beynəlxalq hüququ heçə saydıqlarını yenidən gözlər önünə sərir. Bunun əsas səbəbi müharibənin başladığı 1988-ci ildən bəri Ermənistana qarşı heç bir beynəlxalq sanksiya və basqının tətbiq olunmaması, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, Azərbaycan torpaqlarının işğalını davam etdirməsini görməməzliyə vurmasıdır. Biz Azərbaycan vətəndaşları Birləşmiş Millətlər Təşkilatının 2 yaşlı Zəhranın Ermənistanın işğalçı ordusu tərəfindən qətlə yetirilməsinə reaksiyasını ortaya qoymasını, Ermənistanın insanlıq günahı işlədən, soyqırım törədən rəhbərlərinin Beynəlxalq Cəza Məhkəməsində mühakiməsini tələb edirik”.

Aksiyada çıxış edən Toğrul İsmayıl Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının və bölgədə sülhün bərqərar edilməsinin vacibliyini vurğuladı: “Vəziyyət belə davam etdikcə, təhdidlər də davam edir. Biz günahkarların cəzalandırılmasını, işğalçıların Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirik”.

Tələbə qrupu açıqlamadan sonra üzərində “Zəhraya ədalət”, “Qarabağa ədalət” yazılmış qara çələngli plakatları BMT binasının girişinə qoydular. Bəyanatın mətni BMT-nin nümayəndəliyinə təqdim olundu.

Mehparə SULTANOVA
Ankara

 





24.07.2017    çap et  çap et