525.Az

Qarabağ danışıqları nəticə verəcəkmi?


 

“ƏGƏR ATƏŞKƏS BƏRPA EDİLMƏSƏYDİ, BİR NEÇƏ GÜN ƏRZİNDƏ İŞĞAL ALTINDAKI TORPAQLARIMIZI GERİ QAYTARMAQ MÜMKÜN OLACAQDI”

Qarabağ danışıqları nəticə verəcəkmi?<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona sonuncu səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaranmış durğunluğu müəyyən qədər aradan qaldıra bilib.

Əvvəlcədən məlum idi ki, vasitəçilər prezidentlər səviyyəsində görüş keçirməyə çalışırlar. Onlar bu məqsədlə regiondakı görüşlərini yekunlaşdıraraq, iyulun 11-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirməyə nail olublar. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandla yanaşı, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə baş tutan görüşdə tərəflər münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində danışıqlar aparıb, prezidentlərin növbəti görüşünün keçirilməsi məsələsini müzakirə ediblər. Həmsədrlərin görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub ki, görüş zamanı təmas xəttindəki son durum da müzakirə edilib. Nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklifinə Azərbaycan tərəfi razılığını bildirib. H.Hacıyevin sözlərinə görə, görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.

Minsk qrupu həmsədrlərinin bu canfəşanlığı fonunda, Rusiya növbəti dəfə münaqişə ilə bağlı təsir gücünün kimin əlində olduğunu nümayiş etdirmək məqsədilə prezidentlərin görüşünün təşkilini öz üzərinə götürməyə çalışır.

Kremlin son günlər Azərbaycanın narazılığına səbəb olan addımları fonunda münaqişənin həllinə nə kimi yeniliklər, irəliləyişlər gətirə biləcəyi isə sual doğurur. Xüsusilə, Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması barədə qərarı ratifikasiyası etməsi Dağlıq Qarabağ münaqişəsinin hökm sürdüyü bu dövrdə Bakı-Moskva əlaqələrinin ruhuna tamamilə ziddir.

Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maairfləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, keçən il baş verən aprel döyüşlərindən sonra Rusiyanın təşəbbüsü ələ əlaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümidlərimiz var idi: “Lakin gözləntilərimiz özünü doğrultmadı. Münaqişənin tənzimlənməsi məsələsində hələ də irəliləyiş əldə olunmayıb”.

Azərbaycan Ordusunun xeyli gücləndiyini deyən E.Həsənli bildirib ki, cəmiyyətdə də böyük ruh yüksəkliyi hökm sürür: “Dördgünlük müharibə Azərbaycanla Ermənistan arasında bütün fərqləri ortaya qoyub. Bütün dünyaya bir daha sübut olundu ki, dövlətimiz bütün parametrlərə görə işğalçı ölkədən üstün vəziyyətdədir. Ermənilərin “keçilməz Ohanyan səddi” adlandırdıqları müdafiə xəttinin Silahlı Qüvvələrimiz tərəfindən qısa vaxt ərzində darmadağın edilməsi düşmən ölkəyə baha başa gəldi. Bundan sonra Ermənistan ordusunda, başda müdafiə naziri Seyran Ohanyan olmaqla, bir çox generalın istefaya göndərilməsinin şahidi olduq. Əgər atəşkəs bərpa edilməsəydi, bir neçə gün ərzində işğal altındakı torpaqlarımızı geri qaytarmaq mümkün olacaqdı. Əfsuslar olsun ki, düşmən yenə də ağlını başına yığmır, münaqişənin yenidən danışıqlar masasına qaytarıldığı bir vaxtda konstruktiv mövqe nümayiş etdirmək istəmir”.

Rusiyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olduğunu deyən hərbi ekspert qeyd edib ki, Kremlin bölgədə böyük təsir gücü var: “Region ölkələrindən Ermənistan Rusiyanın forpostudur. Moskvanın işğalçı ölkəyə kifayət qədər təsir imkanları var. Rusiya Azərbaycanla isə böyük tərəfdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasında əməkdaşlıq əlaqələri olduqca genişdir. Həmçinin, dövlətimizin beynəlxalq müstəvidə digər xarici ölkələrlə əlaqələrində də müsbət dinamika hökm sürür. Lakin bu əlaqələr heç bir halda nə Rusiya, nə də digər bir ölkənin maraqlarının əleyhinə yönəlməyib. Müstəqil siyasət xətti yürüdən Azərbaycan bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq şəraitində qurub. O cümlədən, regionda Rusiya və İran kimi qonşu dövlətlərlə əlaqələrin inkişafına həmişə önəm verilib. Belə olan təqdirdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsir imkanlarını işə salmasına heç nə mane olmur”.

E.Həsənlinin sözlərinə görə, ABŞ, Rusiya və Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri üçün şans yaranıb ki, heç olmasa, dünyada mövcud olan münaqişələrdən birini - Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etsinlər: “Münaqişə ilə bağlı vəziyyət tam aydındır. Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalaraq torpaqlarının 20 faizini itirib. İşğalçı ölkə dinc azərbaycanlılara qarşı Xocalıda dəhşətli soyqırım aktı törədib. Bütün bunlar dünya ictimaiyyətinə çatdırılıb. Lakin hələ də ədalət bərpa olunmayıb. Ermənistan işğalçılıq siyasətini davam etdirir. Əgər buna son qoyulmasa, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq hərbi yolla işğalçı qüvvələri öz ərazilərindən çıxaracaq. Buna Azərbaycan Ordusu tam hazırdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, ATƏT həmsədrləri ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyirlər: “Görüş yeri kimi iki məkanın seçilməsi mümkündür: Moskva və ya Paris. Rusiyanın vasitəçiliyinin işə yaramadığını illərdir müşahidə edirik və rəsmi Bakı da görüşün yenidən Kremldə keçirilməsindən məmnun deyil. Ötən ilin aprel savaşından sonra prezidentlərin Sankt-Peterburq görüşünə bəzi ümidlər var idi, hətta deyənlər var idi ki, guya Rusiya prezidenti Vladimir Putin müharibə yenidən alovlanmasın deyə erməni həmkarını Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə məcbur edəcək. O zaman bu söyləntilərə inanmadım və fikirlərimdə yanılmadım. İndi yenə eyni məkanda görüşə nə ehtiyac var ki?”

Politoloq Parisin də Azərbaycan üçün uğurlu məkan olduğunu düşünmür: “Fransa ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin iki dəfə görüşü keçirilib, ikisi də nəticəsiz qalıb. Buna baxmayaraq, Fransanın yeni prezidenti Emmanuel Makronu sınamağa dəyər. Əlbəttə, o da varisləri kimi Ermənistanın xətrinə dəyməyəcək, ancaq heç olmasa, Putindən fərqli olaraq, onun hansı hədəflərinin olduğunu müəyyənləşdirməyə ehtiyac var. Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir və bu dövlətin köhnə qitədə sözü keçərlidir. Digər tərəfdən, Fransa ən azı Rusiyadan fərqli olaraq, “parçala və hökm sür” siyasətində maraqlı olmamalıdır”.

Ceyhun ABASOV

 





24.07.2017    çap et  çap et