525.Az

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı girovlarla bağlı müraciətə reaksiya verdi


 

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı girovlarla bağlı müraciətə reaksiya verdi<b style="color:red"></b>

Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətinə rəsmi cavab verib.

Təşkilatdan verilən məlumata görə, məktubda komitə prezidenti  Rəşad Quliyevə məsələni gündəmə gətirdiyi üçün təşəkkür edib və müraciətdə qeyd edilmiş məsələləri ciddi və xüsusi diqqətlə oxuduğunu, qeyd olunan məsələləri diqqətdə saxlayacağını bildirib. O, Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda fəaliyyət göstərən nümayəndələrinin davamlı olaraq hər iki girovun saxlanma şəraiti ilə ciddi maraqlandığını, müalicə və müayinəsini xüsusi nəzarətdə saxladıqlarını məktubunda qeyd edib. Ayrıca hər iki şəxslə bağlı rəsmi qurumlarla danışıqlar getdiyi üçün bu danışıqların gizlilik anlaşmasına xüsusi riayət etdiklərinə görə girovların azadlığı ilə bağlı və bu məsələyə aid danışıqların tam detalları ilə bağlı açıqlama verə bilməyəcəyini təəssüflə məktubda bildirib.

“Mən çox əminəm ki, ciddi əməkdaşlıq və qarşılıqlı dialoq sayəsində biz hər iki şəxslə bağlı müsbət nəticələrin əldə olunmasına nail olacağıq”, - deyə məktubda Peter Maurer qeyd edib.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev hər iki girovumuzla bağlı iyulun 4-də beynəlxalq təşkilatlara müraciət etmişdi. Müraciətdə hər iki girov heç bir beynəlxalq qurumun tanımadığı bir qondarma respublikanın “məhkəməsinin” çıxardığı qeyri-qanuni, heç bir beynəlxalq normalara uyğun gəlməyən qərarından bəhs edilib, girovlara qarşı amansız davranışın beynəlxalq humanitar hüququn normalarına zidd olduğu qeyd olunub, girovlarımızın azad olunması üçün beynəlxalq təşkilatlardan Ermənistan hakimiyyətinə təzyiq göstərməyə səsləyib.

Qeyd edək ki, bir neçə gün öncə Avropa İnsan Haqları Kommissarı Nils Muiznieks də müraciətə reaksiya verib , məsələni şəxsi icraatına götürdüyünü bildirib.

Ceyhun ABASOV

 





24.07.2017    çap et  çap et