525.Az

Dağlıq Qarabağ münaqişəsində “nisbi sükut”, yoxsa gizli hazırlıqlar?


 

Dağlıq Qarabağ münaqişəsində “nisbi sükut”, yoxsa gizli hazırlıqlar?<b style="color:red"></b>

ƏRƏSTUN BAXŞƏLİYEV: “SÜLH DANIŞIQLARI ÖZ YERİNİ MÜHARİBƏ RİTORİKASINA VƏ ƏZƏLƏ NÜMAYİŞİNƏ VERİB”

Son günlərdə Qarabağ danışıqları ilə bağlı tərəflər arasında yaranmış “nisbi sükut” vəziyyətin heç də ürəkaçan olmadığını söyləməyə əsas verir. Doğrudur, vasitəçilər danışıqlar prosesinin yenidən canlandırılması üçün əllərindən gələni edirlər. Digər tərəfdən rəsmi Bakı da problemin tezliklə həll olunması üçün istər ATƏT-in Minsk qrupunda yer alan həmsədr dövlətlərə və onların nümayəndələrinə, istərsə də beynəlxalq qurum və təşkilatlara mütəmadi şəkildə müraciətlər edərək bu problemin tezliklə beynəlxalq hüququn normaları çərçivəsində çözülməsi üçün lazımi addımların atılmasını tələb edir.

“525”ə qaçıqlamasında politoloq Ərəstun Baxşəliyev bildirib ki, irəli sürülən tələblərə bu günə kimi münasibət bildirilməməsi və məsələnin həlli yolunda hər hansı bir addımın atılmaması artıq rəsmi Bakının özünü belə çıxılmaz durumda qoyub: “Artıq iş o yerə çatıb ki, sülh danışıqları öz yerini sözün həqiqi mənasında müharibə ritorikasına və əzələ nümayişinə verib. Maraqlıdır ki, bunun belə olması Ermənistanın himayədarı simasında çıxış edən tərəflərin Azərbaycana artan təzyiqləri fonunda və çəkinmədən bu ölkəni silahlandırmasıyla özünü biruzə verməkdədir”.

Bölgədəki vəziyyətlə bağlı son dövrlərdə Rusiyanın istər dövlət, istərsə də özəl mətbu orqanlarında gedən yazılar və rusiyalı ekspertlər tərəfindən müxtəlif məzmunlu açıqlamalar da bölgədəki vəziyyətin kritikliyindən xəbər verməkdədir. Bu yaxınlarda “Regnum” agentliyinin yaydığı məlumata görə, Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını sürətlə silahlandırmağa başlayıb.

Ə.Baxşəliyev hesab edir ki, Rusiya Silahlı Qüvvələrindən adı çəkilməyən mənbə tərəfindən hərbi bazaya regionda analoqu olmayan yeni növ ağır texnikaların –“İskəndar-M” raketləri və “Tornado” sistemlərinin gətirilməsi ilə bağlı yayılan məlumatlar da, əslində müharibə qoxusunun heç də uzaqda olmadığına işarə edir. O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Səfər Əbiyevin komandanlığı altında start verdiyi növbəti genişmiqyaslı hərbi təlimlər də həm yerli və həm də xarici analitiklər tərəfindən böyük maraqla izlənilir: “Hər il üçün reallaşdırılan analoji tədbirlərdən ciddi şəkildə fərqlənən bu təlimlər həftənin sonuna qədər davam edəcəkdir. Təlimlərdə xüsusi diqqət çəkən və bu dəfəki hərbi təlimləri digərlərindən fərqləndirən əsas məqamlar isə bu təlimlərə demək olar ki, bütün ordunun cəlb olunması və şəxsən müdafiə nazirinin komandanlığı altında keçirilməsidir. Görünən odur ki, müharibənin hər an alovlana biləcəyindən ehtiyatlanan Rusiya heç bir vəchlə öz forpostu olan Ermənistanın məğlub durumuna düşməsiylə barışmaq istəmir. Çünki bu halın baş verməsi ilk növbədə Rusiyanın bütün Cənubi Qafqaz planlarının, daha sonra isə son dövrlərdə aktuallıq qazanan Avrasiya İttifaqı ideyasının tamamilə iflası demək olar.

Bəs belə bir anda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun təklif etdiyi 6 əsas prinsipi imzalamağa hazırdır” – formasında vermiş olduğu bəyanatın arxa planında nə dayanır?

Politoloq Ə.Baxşəliyev Ermənistanın bu məsələdə qeyri-konstruktivlik nümayiş etdirməklə status-kvonun qorunub saxlamasında daha çox maraqlı tərəf kimi çıxış etdiyini bildirib: “Bu da bir faktdır ki, belə bir vəziyyətdə İrəvanın ata biləcəyi hər hansı bir addım da yox dərəcəsindədir. Ermənistan sadəcə bu cür manevrlər etməklə daha çox dünya ictimaiyyətini çaşdırmağa çalışır. Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların ölü nöqtəyə gəlməsinin əsl səbəbi, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirərək Madrid prinsiplərinin hər üç həmsədr ölkə tərəfindən işlənmiş variantını qəbul etməməsi ilə bağlı olub. O zaman, Madrid prinsiplərinin yenilənmiş və hər üç həmsədr ölkə tərəfindən işlənmiş variantı 2011-ci ildə tərəflərə təqdim olunsa da, ancaq rəsmi İrəvan bu variantı öz susqunluğu ilə qəbul etməkdən boyun qaçırıb. Ardınca Rusiya təkliflərə öz düzəlişlərini edərək onu yenidən tərəflərə təqdim etsə də, bu dəfə Azərbaycan təkliflərin Ermənistanın xeyrinə olduğunu görərək ondan imtina edib”.

Ceyhun ABASOV

 





17.05.2013    çap et  çap et