525.Az

Qəbələdə ənənəvi musiqi festivalı keçiriləcək


 

Qəbələdə ənənəvi musiqi festivalı keçiriləcək<b style="color:red"></b> Təbiətin ən gözəl rənglərinin bir-biri ilə ahəngdə olduğu Azərbaycanın ən əsas turizm regionlarından biri olan Qəbələ şəhəri hər il olduğu kimi bu il də klassik musiqi sevənləri qarşılamağa hazırlaşır.
 
29 iyul - 03 avqust tarixində Qəbələ konqres mərkəzində Qəbələ Musiqi Festivalı çərçivəsində bir çox ölkələrin kamera və klassik orkestrlərinin çıxışı baş tutacaq. 6 gün davam edəcək musiqi bayramı çərçivəsində hər gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, İngiltərənin Femusa kamera orkestri və digər qrupların çıxışları baş tutacaq.
 
Festival boyunca respublikanın ən mühüm sənətkarları Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin tanınmış musiqiçilərinin çıxışları klassik musiqi sevənlər üçün əsl bayram təntənəsi yaşadacaq.
 
Dünyaca məşhur musiqiçilər Fərhad Bədəlbəyli və Dmitri Yablonskinin bədii rəhbərliyi ilə hazırlanmış musiqi proqramı bütün musiqisevərlərin könlünü oxşayacaq. Festivalın həyata keçməsinə birbaşa dəstəyi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri və "Gilan Holding" göstərir. Festivalın ümumi hissəsi Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzində, açıq səma altında keçiriləcək və Qafqaz dağlarına açılan ən gözəl mənzərə ilə açıq səma altında konsert proqramı musiqi bayramına daha da rəngarənglik qatacaq.
 





24.07.2017    çap et  çap et