525.Az

Sabiq millət vəkilinə qarşı sərt ittihamlar


 

GÜLTƏKİN HACIBƏYLİNİN KEÇMİŞ HƏYAT YOLDAŞI: «ONUN BİR ALİ MƏQSƏDİ OLUB: DEPUTAT MANDATINDAN İSTİFADƏ EDİB ÇAPIB-TALAMAQ VƏ VARLANMAQ»

Sabiq millət vəkilinə qarşı sərt ittihamlar<b style="color:red"></b>

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı keçirib.

Dövlətçilik maraqlarını şəxsi maraqlardan hər zaman üstün tutduğunu deyən M.Mehdiyev bu tədbirin məhz sabiq millət vəkili G.Hacıbəylinin son vaxtlar dövlətə, Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi media orqanlarında qərəzli çıxışlar etməsindən qaynaqlandığını bildirib. M.Mehdiyevin sözlərinə görə, G.Hacıbəyli millət vəkili olduğu zaman öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsız əməllər səxsi həyatla bağlı olduğu üçün bu məsələlərin ictimailəşməsini istəməyib. O, dövlətçiliyi sevən bir adam olaraq sabiq millət vəkilinin dövlətçiliyə qarşı olan hərəkətlərinə susmasının mümkünsüz olduğunu qeyd edib: «Bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi Gültəkin Hacıbəylinin öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin «çörəyini yemiş» sonradan əqidəsini dəyişən, Vətəninə, dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq! İstəyirəm ki, mələk siması geymiş Gültəkin Hacıbəylinin hansı qanunsuz hərəkətlərlə məşğul olduğu, qanunsuz sərvətlər topladığı, mənim kimi yüzlərlə vətəndaşın hüquqlarını necə pozduğunu hamı bilsin».

M.Mehdiyev faktlara əsaslanaraq sabiq millət vəkilinin onlara vurduğu maddi-mənəvi ziyandan söz açıb: «Gültəkin Hacıbəyli ilə toyumuza iki həftə qalmış 2003-cü ilin may ayında Ümummilli lider Heydər Əliyevin göstərişi ilə order əsasında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sabiq millət vəkilinə Səməd Vurğun küçəsi 92 a-da yerləşən, 12 saylı evdə 3 otaqlı mənzil verilib. Həmin mənzilin təmirinə və mebelə mənim tərəfimdən valideynlərimin köməyi ilə əlli min dollar xərc çəkilib. Gültəkin Hacıbəyli o zaman bildirmişdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxararıq. Ona görə də toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşadıq. Lakin təmir qurtaran ərəfədə, yəni 2004-cü ilin avqust ayında biz faktiki boşandıqdan sonra o, nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, bizim başımıza “oyun açacaq”. Gültəkin Hacıbəyli ilə ayrıldıqdan sonra 3 otaqlı mənzilin təmiri ilə əlaqədar yaranmış borcların qaytarılmasından ötrü anam qanunla ona verilmiş mülkiyyət hüququnu həyata keçirərək 2 otaqlı mənzilini satdı və borcları qaytardıq. Maddi sərvət toplamaqdan ötrü heç nəyə məhəl qoymayan, heç bir dəyərələrə qiymət verməyən və deputat statusundan sui-istifadə edən Gültəkin Hacıbəyli Prezidentin ona verdiyi mənzildən gözü doymayaraq, evimizə gəlin gəldiyini əsaslandırıb, bizim mənzilimizdən də özünə pay istəyirdi. Birgə yaşadığımız müddətdə pasport qeydiyyatında olmadığı halda o, anamın mülkiyyətində olmuş və sonradan məhz onun özü tərəfindən yaradılan borcların ödənilməsi üçün satılmış 2 otaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırdı».

Sabiq millət vəkilinin keçmiş həyat yoldaşının sözlərinə görə, G.Hacıbəyli deputat statusundan sui-istifadə etməklə Nəsimi rayon məhkəməsində onlara qarşı qanunsuz qətnamə qəbul etdirilməsinə nail olub. O, Appellyasiya məhkəməsinin qüvvədə saxladığı qanunsuz qətnaməni Ali Məhkəmənin ləğv edərək, yeni baxışa qaytardığını deyib. M.Mehdiyev G.Hacıbəylinin onların əleyhinə qərar çıxarması üçün bütün məhkəmə instansiyalarını nüfuz etdiyini diqqətə çatdırıb: «Analoji məsələlər barədə Konstitusiya məhkəməsinin qərarı olduğu halda Gültəkin Hacıbəylinin birbaşa müdaxiləsi, təzyiqi və sifarişi ilə məhkəmə kollegiyası məcbur olub tanınmayan yaşayış hüququnun əvəzinə bizim tərəfimizdən iyirmi iki min manat kompensasiya ödənilməsi barədə qərar qəbul etdi. Konstitusiya Məhkəməsi isə Gültəkin Hacıbəylinin tapşırığı və təzyiqi ilə şikayət ərizəmizi heç qəbul belə etmədi. O, qeyd olunan məbləğin anamdan zorla alınmasından ötrü, məni prokurorluq orqanlarından, qardaşımı isə vergilər orqanlarından işdən çıxarılacağı ilə hədələyib, bütün əmlaklarımız üzərinə həbs qoydurarq hərraca çıxarıb. Nəticədə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi və digər əmlaklarımız satılaraq Gültəkin Hacıbəyliyə iyirmi iki min manat pul verilib. Bu ev məsələsində Gültəkin Hacıbəyli nəinki mənimlə anamın, anamın satdığı hətta 2 otaqlı mənzili alan bir uşaqlı ananın, yəni Xuraman Mirzəyevanın da konstitusion hüquqlarını pozub. Xuraman Mirzəyeva hüquqlarını müdafiə etmək məqsədi ilə iki dəfə vəkillə müqavilə bağlayıb və müxtəlif məhkəmə instansiyalarına müraciət edib. Lakin Gültəkin Hacıbəyli müxtəlif qadınları öyrədərək Xuraman Mirzəyevaya hədə qorxu gəlib, bizdən pul almağa təhrik edib».

G.Hacıbəylinin onunla birgə nigahdan olan oğlunu da alver mənbəyinə çevirdiyini deyən M.Mehdiyev sabiq millət vəkilinin qarşısına müxtəlif maddi tələblər qoyaraq onu oğlu ilə görüşmək imkanından məhrum etdiyini dilə gətirib. O, bna görə «uşaqla görüş qaydasının müəyyən edilməsinə dair» iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdiyini söyləyib: «Uzun axtarışlardan sonra Gültəkin Hacıbəylinin Əhməd Rəcəbli prospekti ev 5-də, heç bir sanitar qaydalara cavab verməyən mənzildə oğlumla və öz anası ilə kirayənişin yaşadığını müəyyən etdim. O, uşaqla görüşməyimin qarşısını almaq, eyni zamanda Səbail rayon məhkəməsində işə obyektiv baxılmasına maneə törətmək məqsədi ilə barəmdə yalan, böhtan və təhqiramiz xarakterli ərizə ilə 18.02.2005-ci il tarixdə Daxili İşlər Nazirinə müraciət etdi. Ərizəsində onu və azyaşlı oğlumu döyməyimi, öldürməklə hədələməyimi və sair iddialarla çıxış etdi. Gültəkin Hacıbəylinin çirikin niyyətlərinə çatmaqdan ötrü öz uşağının atası - həmin vaxt hələ rəsmi nikahda olduğu şəxs barədə bu məzmunda ərizə yazması ilə əlaqədar mən mənəvi sarsıntı keçirdim və 26.02.2005-ci il tarixdə Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat verməyə cəlb edildim. Aparılan araşdırma zamanı Gültəkin Hacıbəylinin ərizəsində göstərdiyi məqamlar öz təsdiqini tapmadı. Bütün bunlara baxmayaraq o, öz əməllərindən əl çəkməyərək, oğlumla görüşməmin qarşısını almaq üçün eyni məzmunlu ərizə ilə Səbail rayon icra hakimyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etdi. Məsələyə komissiyada da baxılarkən mənim uşaqla görüşməyimin qarşısını ala bilən heç bir əsas olmadığı müəyyən edildi. Belə olan halda Gültəkin Hacıbəyli hər vasitə ilə işə məhkəmədə mahiyyəti üzrə baxılmasını ləngitmək və oğlum ilə görüşməyimin qarşısını almaqdan ötrü heç bir əsas və səbəb göstərmədən heç biri təmin olunmayan çoxsaylı vəsatət və etirazlar verdi. Təkrarən Səbail rayon icra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etdikdən sonra Gültəkin Hacıbəyliyə bildirildi ki, komissiyanın iclasında əldə edilmiş razılığa əsasən oğlum ilə görüşməyimə şəraitin yaradılması zəruridir. Lakin o, Qəyyumluq və Himayəçilik komissiyasında əldə edilmiş razılığın onun üçün mütləq xarakter daşımadığını və məhkəmənin qərarı olmadan oğlum ilə görüşməyimə imkan verməyəcəyini bildirdi. Oğlum ilə ünsiyyət hüququmun tanınması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq Gültəkin Hacıbəylinin Milli Məclisin deputatı statusundan sui-istifadə etməsi nəticəsində bu günə qədər icra olunmur».

M.Mehdiyev sabiq deputatın bu əməllərində Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulan məhkəmə qərarını icra etməmə cinayətinin tərkibinin olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, G.Hacıbəyli statusundan sui-istifadə edərək Daxili İşlər Nazirinə, Səbail rayon icra hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyasına “şikayətlərini” Azərbaycan Respublikası Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının blankında yazaraq komissiyanın sədr müavini kimi imzalayıb.

M.Mehdiyev keçmiş həyat yoldaşının Milli Məclisə üzv seçildikdən sonra öz qohumlarını kommersiya fəaliyyətinə cəlb etməsi barədə faktları da açıqlayıb. G.Hacıbəylinin əmisi İdris Hacıyevin adına “Emil” MMC, atası Yunis Hacıyevin adına “Gülüstan” MMC müəssisələrini açdığını, deputat mandatı daşıyarkən Goranboy rayonunda qeyri-qanuni əməllərlə məşğul olduğunu bildirib: «Gültəkin Hacıbəylinin bir ali məqsədi olub. Deputat statusundan istifadə edib çapıb talamaq və varlanmaq. Qanunla deputatın kommersiya fəaliyyəti ilə məşğul olması qadağan edildiyi halda o, qısa müddət ərzində Dilarə Əliyeva küçəsi 251 ünvanında yeni tikilmiş binada da daha bir mənzil alıb, iki mənzillə kifayətlənməyərək Milli Məclisin üzvləri üçün 20 saylı məktəbin yaxınlığında yeni tikilməkdə olan binadan mənzil “qoparmaq” üçün deputat həmkarları ilə dalaşıb. Bu həmin Gültəkin Hacıbəylidir ki, deputat olduğu vaxt işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin icra olunmaması ilə bağlı Avropa Şurasının yüksək tribunlarından, bar-bar bağırır, Azərbaycanın demokratik ölkə olduğunu car çəkir, lakin deputat mandatını, daha doğrusu simasını, xalq arasında olan etimadını itirdikdən, deputata səlahiyyətərindən sui-istifadə edib qanunsuz varlanmaq imkanı əlindən çıxdıqda isə əsl maskası yırtılaraq, avtoritarizmdən, insan haqlarının pozulmasından danışır».

Aqil LƏTİFOV

 





17.05.2013    çap et  çap et