525.Az

Qurub-yaratmaq eşqi - Sadıq Murtuzayev - 90


 

Qurub-yaratmaq eşqi - <b style="color:red">Sadıq Murtuzayev - 90</b>

Bu gün görkəmli partiya-dövlət xadimi, filoloq alim, ədəbiyyatımızın mahir bilicisi, kənd təsərrüfatının bütün sahələri üzrə dərin biliyə malik insan, daim qurub-yaratmaq eşqiylə yaşayan el ağsaqqalı Sadıq Murtuzayevin 90 yaşı tamam olur.

Sadıq Murtuzayev qırx ilə yaxın mühüm dövlət vəzifələrində çalışıb, 31 il respublikanın müxtəlif rayonlarında - Zaqatala, Abşeron, Şəki və Ağdamda  Partiya Komitəsinin birinci katibi vəzifələrində işləyib, bir dəfə SSRİ, altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, iki dəfə Lenin ordeni və onlarla digər orden və medallarla təltif edilib. S.Murtuzayev ondan çox kitabın müəllifidir.

Sadıq Murtuzayev 1927-ci il iyul ayının 25-də Qax rayonunun İlisu kəndinin Quzaylar məhəlləsində Çoban Nəbinin ailəsində dünyaya göz açıb. Adını ulu peyğəmbərimizin şərəfinə Məhəmmədsadıq qoymaq istəyiblər. Lakin o dövrün qadağaları imkan vermədiyindən Sadıq qoyublar.

Sadıq müəllim özü danışır ki, Allahın nəzəri həmişə onun üstündə olub, neçə dəfə Allah onu ölümdən qurtarıb. Beş yaşında ayağına qarayara çıxıb, həkimlər çarə tapa bilməyiblər. Axırda Calal adlı heç bir təhsili olmayan ara həkimi el təbabəti yolu ilə yaranı sağaldıb. Doqquzuncu sinifdə oxuyanda isə o, qara qızdırmaya tutulub. Təsəvvür edin, müharibə vaxtıdır, hər yerdə aclıq, dava-dərman yox. Yenə ara həkimi Calal köməyə çatır və xəstəni el təbabəti ilə müalicə edir. El həkimi Calal haqqında bu gün Qaxda əfsanələr dolaşır. Hətta onun şərəfinə Qaxbazarda abidə də ucadılıb.

Yenə özü danışır, balaca Sadıq yeddi yaşından zəhmətə qatlaşmalı olur. Hər gün dərsdən sonra meşəyə gedir, odun yığır, həyat-baca işləri ilə məşğul olur, ailəyə dayaq durur. Bir qış günündə atası Nəbi kişi dünyasını dəyişir. 13 yaşlı Sadıq qışın soyuğunda bacısının əri Mahmudla birlikdə atasına məzar qazır. İki il sonra isə anası qaraqızdırmadan vəfat edir. Amma valideynlərini itirsə də, Allahın nəzəri həmişə üstündə olub, ən çətin vəziyyətlərdən çıxış yolunu məhz böyük yaradana sığınmaqla tapa bilib.

Anasını itirdikdən sonra 15 yaşlı Sadıq qardaşı ilə birlikdə ərinin qara kağızı gəlmiş bacısı Qızyetərin himayəsində qalır. Ailənin ağır yükünü azaltmaq üçün hər gün səhər tezdən meşəyə gedib iki böyük bağ odun yığıb gətirir, bir bağ odunu dayısının müdir olduğu çörəkxanada bir kiloqram çörəyə dəyişir, o biri bağını qışa tədarük məqsədi ilə evə gətirir. Amma bu yükün altında balaca Sadıq dərslərinə də ciddi yanaşır, əla qiymətlərlə oxuyur. Təsadüfi deyil ki, məktəbdən qızıl medala təqdim olunan yeganə şagird də elə Sadıq Nəbi oğlu olur. Lakin məktəbin direktoru qızıl medalı öz qızına verir. Bu hadisə uzun illər onun qəlbini ağrıdıb kövrəldir, haqsızlığı unuda bilmir.

Pedaqoji institutun dil-ədəbiyyat fakültəsinə imtahansız qəbul olunur. Tələbəlik illəri çox çətin keçir. Dil-ədəbiyyat fakültəsinə 86 nəfər qəbul olunsa da, fakültəni cəmi 22 nəfər bitirə bilir. Ali məktəbi bitirib Zaqatala pedaqoji texnikumuna təyinat alır.

Sadıq müəllim üçün dünyada ən əziz, ən qiymətli şey ailə həyatı olub. Ali məktəbi bitirəndən bir il sonra həyatının ən xoşbəxt illəri - ailə həyatı dövrü başlayır. Həyatında ona həmişə dayaq, işıq, nur olan Kəlimət Zakir qızı ilə ailə həyatı qurur. Bir il sonra ilk övladı Nizami doğumu ilə evə işıq, nur, hərarət gətirir. Sonrakı illərdə Kəlimət ana Sadıq üçün daha iki oğul və bir qız dünyaya gətirir.

Mən bu ailəni uzun illərdir, tanıyıram. Kəlimət xanım Sadıq müəllim üçün hava və su qədər əziz idi.

1952-ci ildən Sadıq müəllimin həyatında partiya-dövlət orqanlarında fəaliyyət mərhələsi başlayır. Əvvəlcə Zaqatala rayon Partiya Komitəsində təşkilat, sonra təbliğat və təşviqat şöbəsinin müdiri işləyir. Elmi yaradıcılığa olan sönməz ehtirası paralel olaraq onu aspiranturaya gətirir. Aspiranturanı bitirməmiş elmi işini başa çatdırır.

S.Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir.

1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S.Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov.İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür.

1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov.İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur. O, 1979-cu ildə Liviyada, 1989-cu ildə Danimarkada Azərbaycan günləri keçirilərkən respublika nümayəndə heyətinə başçılıq edir.

Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunub. O, akademik İmam Mustafayevlə birgə yazdığı "İmam Şamil" kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.

Sadıq Murtuzayev təqaüdə çıxdıqdan sonra Azərbaycan Müharibə və Əmək Veteranları Şurası sədrinin müavini seçilib, Veteran Müəssisələri Respublika Birliyinin sədri olub, Azərbaycan Kəndli Təsərrüfatları Ittifaqı İdarə heyətinin ilk sədri, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini seçilib.

Sadıq müəllimin xidmətlərini, gördüyü işləri saymaqla bitmir. Təsadüfi deyil ki, mən yazımın əvvəlində onu ədəbiyyatmızın mahir bilicisi kimi təqdim etmişdim. Sadıq müəllimin dilindən saatlarla Nizami, Füzuli, Nəsimi, Sədi, Hafiz, Ömər Xəyyam, Vaqif, Puşkin, Məhəmməd Hadi, Sabir, Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarvəlli, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Seyran Səxavət, Tofiq Fikrət, Mehmet Akif Ərsoy kimi söz adamlarının şeirlərini eşitmək, onların misralarının, beytlərinin şərhini, izahını dinləmək bir ayrı zövqdür.

Bu yerdə Sadıq müəllimin Şəkidə işlədiyi dövrdə baş vermiş bir hadisəni yada salmaq istərdim. 1974-cü ilə Azərbaycanda Sovet ədəbiyyatı ongünlüyü keçirilirmiş. Qonaqlar üç gün Şəkidə qalırlar. Tədbirə SSRİ Yazıçılar Ittifaqının katibi Mixail Lukonin rəhbərlik edirmiş. Moskvaya qayıtdıqdan sonra "Literaturnaya qazeta"da Azərbaycanda keçirilən ədəbiyyat günləri ilə bağlı "Günəşli diyarda dostluq görüşləri" adlı irihəcmli yazı ilə çıxış edən qonaq Şəki təəssüratlarını da bölüşür: "Şəkidən ayrılmazdan bir gün əvvəl şəhərin çox səfalı bir guşəsində qocaman Qafqaz dağlarının ətəyindəki turist düşərgəsində rayon fəalları qonaqların şərəfinə ziyafət təşkil etmişdi. Bu adicə ziyafət deyildi. Mənim şahidi olduğum bütün poeziya bayramlarından daha gur poeziya məclisi idi. Ona istiqamət verən şəhər Partiya Komitəsinin birinci katibi, hamımızın sevimlisi olan Sadıq Murtuzayev idi. Burada sağlıqlar gah rus, gah da Azərbaycan dilində səslənən şeirlərlə müşayiət olunurdu. S.Murtuzayev ancaq özünə xas olan temperamentlə gah Puşkindən, gah da Səməd Vurğundan şeirlər söyləyirdi. O, elə bil biz şairlərlə yarışa çıxmışdı və öz sənətsevərliyi, həyatsevərliyi ilə hamımızı heyran qoymuşdu".

Mən Mixail Lukonini heyrətdə qoyan o poeziya məclisinin iştirakçısı olmasam da, o vaxt Sumqayıtda, Şamaxıda, Bakıda, Neft daşlarında keçirilən bir çox tədbirlərdə gənc jurnalist kimi iştirak etmişəm və Sadıq müəllimin o tədbirlərdə dərin ədəbi nitqlərinin şahidi olmuşam.

...Sadıq müəllim Şəkinin Partiya Komitəsinin birinci katib seçiləndə bu rayonu kənd təsərrüfatı üçün ən perspektivsiz rayon adlandırırdılar. Lakin qısa müddətdə Şəki nəinki Azərbaycanda, hətta Ittifaq miqyasında ən qabaqcıl rayonlardan birinə çevrildi.

Şəkidə işləyərkən Sadıq müəllim Gürcüstandakı bir maldarlıq təsərrüfatının mal-qara kökəltmə məntəqəsinin işi ilə tanış olmaq üçün bu ölkəyə səfərə gedir. Tədbirdə Azərbaycanın başqa rayonlarından da nümayəndələr iştirak edir. Tədbirin təşkilatçısı Sov.İKP MK-nın Zaqafqaziya bölməsinin müdiri Tişşenko olur. Baxışdan sonra ziyafət gecə yarıya qədər davam edir. Lakin gürcü dostların və Bakıdan gələnlərin təkidinə baxmayaraq, Sadıq müəllim gecə ilə Şəkiyə qayıdır. Sadıq müəllim bir neçə gün sonra Şəkidə davam etdiriləcək tədbirlə bağlı elə hazırlıqlar görür ki, sonradan bunların şahidi olan Tişşenko Azərbaycan KP MK-nın Birinci katibi olan Heydər Əliyevə öz heyrətini bildirir. Bundan sonra Zaqafqaziya və respublika üzrə kənd təsərrüfatı, heyvandarlıqla bağlı seminar və müşavirələrin böyük əksəriyyəti məhz Şəkidə keçirilir və bu rayonun təcrübəsi bütün ölkəyə tövsiyə olunur. 1974-cü ildə Şəki təcrübəsi əsasında keçirilən seminar-müşavirəyə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev şəxsən rəhbərlik edir.

Sadıq Murtuzayev 10 il Şəkidə çalışdıqdan sonra o vaxt respublikanın ən ağır rayonlarından biri sayılan Ağdama göndərilir. Qısa müddət ərzində əhalinin, ziyalıların və əmək adamlarının rəğbətini qazanan Sadıq müəllimin rəhbərliyi ilə Ağdamda xaruqələr yaradılır. Sadıq müəllim o illəri xatırlayarkən deyir ki, ağdamlılar işgüzar və sədaqətli adamlardır, onlarla işləmək çox xoş idi. Amma mənim bildiyimə və çoxlarından eşitdiyimə görə, Şəkidə və Ağdamda işləmək heç də asan məsələ deyildi. Sadıq müəllim işgüzar və tələbkar rəhbər idi. Gecə saat 12-də evə gələn birinci katib səhər tezdən saat 4-də fermada qoyun yataqlarında olurdu, çobanlarla, pambıqçılarla bir süfrədə çörək kəsərək onların qayğısına qalırdı. Sadıq müəllimin Ağdamda işlədiyi illərdə əldə olunan nailiyyətlər respublika rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev həmin dövrdə iki dəfə Ağdama səfər edərək rayonda həyata keçirilən quruculuq işləri ilə tanış olur, zəhmətkeşlərlə və ağsaqqalarla görüşür.

Sadıq Murtuzayev Ağdamda işləyərkən respublikada ilk və yeni olan "Axtarış" informasiya mərkəzini yaradaraq texnika elmləri namizədi Zirəddin Tağıyevi mərkəzə rəhbər təyin edir. Z.Tağıyev Yaponiyada informasiya texnologiyaları ilə bağlı bir neçə il təcrübə keçərək bu məsələləri hərtərəfli öyrənir. "Axtarış" informasiya mərkəzi 140 mövzuda axtarış aparıb ən müasir yeniliklər barədə məlumat vermək imkanına malik olur.

Sadıq müəllim Ağdamda işlədiyi dövrdə pambıqçılıq, üzümçülük və heyvandarlıq sahəsində böyük uğurlar əldə olunmuşdu. Rayonda kəhrizlərin bərpası, Ergi düzündə evlərin tikintisi, Abdal Gülablı, Şelli, Çənlibel, Əhmədağalı sağlamlıq mərkəzlərinin, çobanlar üçün Dəlidağ mədəni mərkəzinin tikintisi və digər tikinti-quruculuq işləri məhz onun rəhbərliyi altında aparılmış, Ağdam respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilmişdi.

Sadıq müəllim harada işləyibsə, həmişə xalqa arxalanıb və heç vaxt haqqı nahaqqa verməyib. Abşeron rayonunda birinci dəfə işə başlayanda bu rayon ərazisi və əhalisinin sayına görə respublikanın ən böyük rayonu idi. Bakının kəndlərinin əksəriyyəti bu rayonun tərkibində idi. Burada işlədiyi dövrdə Bakı bağlarının əmək adamlarına verilməsi, Xırdalanın abadlaşdırılması, Ceyranbatan gölünün ətrafında salınan meşə zolaqlarının qorunması, çox gəlir verən Terrarium təsərrüfatının yaradılması, Zəfəran sovxozunda istehsalın artırılması, Mehdiabad qəsəbəsinin salınması da məhz onun adı ilə bağlıdır. Sadıq müəllim Abşeronun geniş ərazisinə səpələnmiş onlarla kəndin hər birinin ağsaqqalını, sözükeçən adamlarını, ziyalılarını, təsərrüfat adamlarını şəxsən tanıyır, bu insanların hər biri ilə öz dilində danışmağa bacarırdı. Nardaran, Maştağa, Buzovna, Kürdəxanı, Goradil və digər kəndlərin ağsaqqalları Sadıq müəllimi bu gün də bir ağsaqqal olaraq öz məclislərinə dəvət edib yuxarı başda əyləşdirirlər. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Təsadüfi deyil ki, Sadıq müəllim Ağdamdan Bakıya çağırılanda Abşeron ağsaqqalları yanına gələrək ondan rayona rəhbərlik etməsini xahiş etmişdilər.

...Haqqında danışıdığım, el ağsaqqalı, qiymətli ziyalı kimi böyük hörmət və ehtiram bəslədiyim Sadıq müəllimin - Sadıq Murtuzayevin bu gün 90 yaşı tamam olur. Bu mübarək gündə uca Allahdan ona verdiyi qalan ömrü can sağlığı ilə yaşamasını diləyir  və ürəkdən təbrik edirəm.

Hacı Mehman FƏRZULLAYEV

 





25.07.2017    çap et  çap et