525.Az

İsmayıl İmanzadənin şeirləri


 

İsmayıl İmanzadənin <b style="color:red">şeirləri</b>

Ucal bayrağım, ucal...

Sən yurdumun şərəfli
Tarixindən halısan.
Babəkin, Xətainin
Qatlanmayan qolusan.
Anam Azərbaycanın
Azadlıq simvolusan,-
Ucal bayrağım, ucal!

Ötüb-keç Savalandan,
Murovdan, Şah dağından.
Qoy ellər xəbər tutsun
Sənin zəfər çağından.
Dünyamıza xəbər ver
Şəhid ucalığından,-
Ucal bayrağım, ucal!

Üç rəngin - üç hikmətin,
Ay-ulduz nişanlısan.
Yenilməz vüqarın var,
Şöhrətlisən, şanlısan.
Həyatın özü kimi
Sən həmişə canlısan,-
Ucal bayrağım, ucal!

Ucal, düşmən üstümə
Ayaq açmasın bir də.
Yayılsın haqq səsimiz
Hər yana pərdə-pərdə.
Sabahımdan söhbət aç
Ən ali kürsülərdə,-
Ucal bayrağım, ucal!
Yollar üzünə açıq,
Ucalt məğrur səsini.
Alqışlayaq dünyaya
Sığmayan həvəsini.
Gəl birlikdə oxuyaq
Azadlıq nəğməsini,-
Ucal bayrağım, ucal,
Ucal bayrağım, ucal!

Türkiyə-Azərbaycan

Bir-birinə bənzəyir
Doğma qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş-
Bir millət, iki dövlət!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!

Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
"Can" deyib, "can" eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan-
Türkiyə-Azərbaycan!

Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Rəsulzadə,
Kamal Atatürk ilə
Heydər Əliyev adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan-
Türkiyə-Azərbaycan!

Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an-
Türkiyə-Azərbaycan.
Azərbaycan  əsgəri

Vətənimin qüdrəti,
Xalqımın haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər nəğməsisən.
Yeri düşmən üstünə,
Babəkin, Xətainin
Ruhu sənə yar olsun!
Yenilməz hünərinlə
Xalqım bəxtiyar olsun!
Gözlərindən boylansın
Yurdun nurlu səhəri,-
Azərbaycan əsgəri!

Qarabağa nicat ver,
Laçında, Kəlbəcərdə
Zəhminlə, qəzəbinlə
Çatlatdüşmənbağrını!
Əllərinlə dart, qopart
Torpağın sinəsindən
Hər dərdi, hər ağrını!
Çağır - qisasa çağır
Səslə igidi, əri -
Azərbaycan əsgəri!

Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Ümmandan dərin olsun!
Savaş günü halay vur,-
Düzlən dəstə-dəstə sən!
Göyçədə, Zəngəzurda
Üçrəngli bayrağımı
Qaldır basin üstəsən!
Al yağı əllərindən
Neçə kəndi, şəhəri -
Azərbaycan əsgəri!

Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini,  ucalt-
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!
Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı
Xoş müdəni, zəfəri,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!

Gedirəm

Bitməyib cəngim-savaşım,
Sədləri qırıb gedirəm.
Cığırları əldən salıb,
Yolları yorub gedirəm.

Ötən hər anım lal haray,
Həyat eşqim ən şirin pay.
Neçə könüldə gah saray,
Gah evcik qurub gedirəm.

Tanıdım hər ötən anı,
Xərcləmədim adı-sanı.
Bu boz sifətli dünyanı
Dişimə  vurub gedirəm.

Qara deməsəm də ağa,
Oldum dərd-qəmə sadağa.
Bəhanəm yoxdur qalmağa,
Səbr edin, durub gedirəm.

lll

Deyirlər ki, adamın-
adamı olsa yaxşıdır.
Qoy, kim nə deyir desin,
ancaq bunun əvəzinə
Hər kəsin başının üstə
göy çətiri-
Allaha yaxın
damı olsa yaxşıdır...

lll

Bəzən xəstəyə
heç kimin canı yanmır-
dərddən-azardan savayı.
Adamın üstünə
ölüm kölgəsi düşəndə
daldalanmağa yer tapılmır-
Bircə qaranlıq
məzardan savayı...

Dünya

Hər yetəndən aldın bac,
Nə toxsan, nə də ki ac.
Qamətin qulac-qulac-
Arşının uzun, dünya.

Kimsəyə catmır nurun,
Dostusan zülümkarın.
Heç vaxt əsgilmir qarın-
Ərimir buzun, dünya.

Bağlıdır bəndin-bərən,
Nizamın pərən-pərən.
Kimi yaşatdı görən-
Gecən-gündüzün, dünya?

Qat-qatdır çölün, için
Bilinmir "tezin-gecin".
Geriyə dönmür köçün-
De, hanı yazın, dünya?

Dedilər

İkini vurdum ikiyə,
Hasilə c əmdi-dedilər.
Ovcumdakı son tikəyə
Müftəcə yemdi-dedilər.

Nadan çıxanda qarşıma,
Mat qaldılar göz yaşıma.
Yer-göy fırlandı başıma-
Bəxtəvər dəmdi-dedilər.

Günlər-aylar gəlib keçdi,
Yetən mənə gülüb keçdi.
Söz sinəmi dəlib keçd-
Məlhəmin qəmdir-dedilər.

Zülmət çökəndə izimə,
Hey divan tutdum özümə.
Halallıq gəzdim... üzümə-
Ağıldan kəmdi-dedilər...

Dəyməsə

Toxunanda quruya yaş,
Aralığa düşər savaş.
Çat verməz nə qaya, nə daş-
Bu dağ o dağa dəyməsə.

Şehli çəmən ləçək-ləçək,
Hünərin var şəklini çək...
Mayalanmaz açan çiçək-
Budaq-budağa dəyməsə.

Xoş sözlə könüllər abad,
Həvəs-istək ən şirin dad.
Şölə saçmaz ürəkdə od-
Dodaq-dodağa dəyməsə...

Kökü-budağı var sözün

Haqqa söykənibdir üzü,
Tükənmir işığı-közü.
Duyan qəlbi, ğörən gözü-
Dili-dodağı var sözün.

Saflıq arzusu-diləyi,
İllər xəlbiri-ələyi.
Bir əsim mehi-küləyi-
Odu-ocağı var sözün.

Hərdən üzüləndə canı,
Dəyişik düşür ünvanı.
Gizli bir tərəfi-yanı-
Küncü-bucağı var sözün.

Qırımından yağsa hədə,
Neçə qəlbə düşər zədə.
Quruyan deyil heç vədə-
Kökü-budağı var sözün.

Avazıyan kimi rəngi,
Başlayır savaşı-cəngi.
Vurğusu, ritmi, ahəngi-
Qarası-ağı var sözün.

Adam  

Gözlə görünməyən pasdı,
Hər yerə damgasın basdı.
İblisdi, qorxunc kabusdu,
Heç kimə qarışmır adam.

Soyuq baxışı qış kimi,
Səkir hər yanda quş kimi.
Siri-sifəti daş kimi,
Əzilib qırışmır adam.

Güc çatmayanda gücünə,
Heç kimi almır vecinə.
Zülmət çökübdür içinə,
Közərib alışmır adam.

Cızığından çıxıb daha,
Batıb çirkaba, günaha.
Əlini açmır Allaha,
Özünə yığışmır adam.

Böhtan əkib, yalan biçir
Bilən yox nə yeyib-içir.
Könlündən Allahlıq keçir,
Adamla danışmır adam.

Ürəyim açıq qapıdır

Yalqız dayanma sahildə,
Yel əsib üşüdər səni.
Yuxunu sulara danış,
Oyaqdır, eşidər səni.

Gözlərində şəkili qalıb
Bu boz sifətli payızın.
Ürəyim açıq qapıdır,
Keç içəri bir az qızın...

Ömür

Ötüb keçən anların
Hərəsi bir nişanda.
Seldən də güclü olur
İnsan səbrı, daşanda.

Nə əbədi bahar var,
Nə də soyuq qarlı qış.
Dərd özü də hardasa
Qəlbdə sellənən yağış.

Uralanır arzular,
Bircə anın içində.
Uzaqlara üz tutan
İIlər durna köçündə.

Açarı tapılmayır
Pas atan qıfılların.
Damcılayır ürəyə
Göz yaşı narın-narın.

Bəxtin qıl körpüsündən
Adlayıb keçmək olmur.
Zülmətin uzununu -
Enini ölçmək olmur...

Kədərli-qəmli anlar
Zəhər kimi acıdır.
Həyat tapdanmış cığır,
Ölüm yol ayrıcıdır.

Qış lövhələri

Ağarıb bənizi torpağın daşın,
Ağaclar dikəldə bilməyir başın.
Sərt keçən ayazlı-şaxtalı qışın
İlahi bir saflıq var havasında.

Yamacda zümzümə edir bulaqlar,
Bağlıdır hər yanda yollar-yolaqlar.
Soyuqdan titrəyib əsən budaqlar
Oynayır elə bil qar havasında...

lll

Səpir nur payını hey çəngə-çəngə,
Hər yanı boyayır ağappaq rəngə.
Dağlarla çıxıbdır savaşa-cəngə,
Qan tutub gözünü qışın elə bil.

Şaxtada, sazaqda qovrulur meşə,
Yelli gədik düşür hərdən təşvişə.
Yamacda tufanla gəlir döş-döşə,
Əcəli çatıbdır daşın elə bil.

Zülmətə qərq olub duman da, sis də
Zümzümə eyləyir bulaq ahəstə.
Sərilib qayanın sinəsi üstə,
Şəlalə itirib huşun elə bil.

 





25.07.2017    çap et  çap et