525.Az

“Tatneft” şirkətinin rəhbərliyi Neft Məktəbində


 

“Tatneft” şirkətinin rəhbərliyi Neft Məktəbində <b style="color:red"></b> Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC), Almetyevsk Dövlət Neft İnstitutunun (ADNİ) və “PricewaterhouseCoopers” (PwC) şirkətinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
 
BANM-dan APA-ya verilən məlumata görə, görüş Tatarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Görüşdə məqsəd BANM-in təhsil proqramlarının tətbiqi, Heriot-Vatt Universiteti ilə əməkdaşlığın inkişafı, digər təhsil mərkəzləri ilə və sənaye qurumları ilə əməkdaşlıq, tədrisin kadr potensialının təminatı, istedadlı abituriyentlərin tədrisə cəlb olunması üsulları, məzunların işlə təmin olunması, elmi-tədqiqat işlərinin inkişafı, Ali Məktəbin kampusunda infrastrukturun inkişafı ilə tanış olmaqdır.
 
Səfər çərçivəsində “Tatneft” PSC-nin Kadr və sosial inkişafı üzrə baş direktorunun müavini Rüstəm Muhamadeyev, İşlənmə və neft-qazın hasılatı üzrə direktor müavini Rüstəm Xalimov, Kadr şöbəsinin rəisi Rifdar Hamadyarov,  Strateji planlaşdırma idarəsinin rəis müavini Rinat Şayahmedov, “Tatneft” PSC-nin Korporativ universitetinin rəhbəri Andrey Qlazkov, Personal iş şöbəsinin rəhbəri Oksana Fedina, Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev, PwC şirkətinin rəisi Vladimir Bulat (Moskva), sözügedən şirkətinin meneceri Vasiliy Sadovskiy, PwC şirkətinin Azərbaycan üzrə konsultantı Emin Şıxqayıbov BANM-in rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçiriblər.
 
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov məktəbin 5 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsi haqqında və ilk məzunlarının uğurlarından bəhs edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.
 
Sonra BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin fəaliyyəti haqqında qonaqlara ətraflı təqdimat keçirib.
 
“Tatneft” PSC-nin Kadr və sosial inkişafı üzrə departamentin baş direktorun müavini Rüstəm Muhamadeyev Tatarıstan-Azərbaycan dostluq əlaqələrinin təhsil sahəsində də sirayət edəcəyinə əminliyini ifadə edib: “Bakı Ali Neft Məktəbinin yeni, dinamik ali təhsil müəssisəsinin yaranması təcrübəsi, qısa müddətdə Azərbaycanın ən nüfuzlu ali təhsil ocağına çevrilə bilməsi bizdə böyük maraq oyadıb. Biz Ali Məktəbinizin təcrübəsini öyrənərək öz ölkəmizdə tətbiq etmək istəyirik”.
 
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən R. Nurqaliyev isə təmsil etdiyi institutun fəaliyyəti və hədəfləri barədə tətbiq iştirakçılarını məlumatlandırıb: “Almetyevsk Dövlət Neft İnstitutu Tatarıstan Respublikasında neft sənayesi üzrə kadrlar hazırlayan aparıcı təhsil müəssisəsidir. Hazırda bizim komandamız Tatneft PSC və PwC şirkətləri ilə birlikdə institutun inkişaf strategiyasının üzərində çalışır. Bizim qarşımıza ADNİ-nun bazasında Rusiyada aparıcı neft institutlarını yaratmaq kimi ambisiyalı bir məqsəd qoyulub”.
 
Sonda BANM-lə “Tatneft” və Almetyevsk Dövlət Neft İnstitutunun əməkdaşlığın perspektivləri müzakirə edilib. Tatarıstanlı qonaqlar BANM-in Bibiheybətdə yeni istifadəyə verilmiş kampusundakı təhsil-təlim, sosial-mədəni və idman infrastrukturu ilə tanış olublar, oradakı şəraitdən məmnun olduqlarını bildiriblər.
 





26.07.2017    çap et  çap et