525.Az

Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətləri inkişaf etdirir


 

“BU, BİZİM XARİCİ SİYASƏTİMİZİN ƏSAS PRİORİTETLƏRİNDƏNDİR”

Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətləri inkişaf etdirir <b style="color:red"></b>

"Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü əhəmiyyətli bir görüşdür. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın yeganə fövqəldövlət qonşusudur, bizim Rusiya ilə çoxşaxəli, strateji əhəmiyyətli əməkdaşlığımız var, bu görüş və müzakirələrin aparılması vacibdir".

Bu barədə  millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib. O bildirib ki, görüşün faydalarını sonrakı konkret qərarlarda və proseslərdə müşahidə etmək mümkün olacaq: "Ancaq hər bir halda bu görüş əhəmiyyətlidir". Politoloq danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılmasının geniş müzakirə olunmasına da diqqət çəkib: "Hazırda ABŞ-ın başı digər məsələlərə qarışıb, Fransa prezidenti yenidir, demək olar ki, proseslərlə tanış olmayıb. Yəni erməniləri ağıla gətirmək, real müsbət bir dəyişikliklər üçün Rusiya təsir edə bilər. Nə dərəcədə bunun baş verəcəyini isə qeyd etdiyim kimi, sonrakı hadisələrdə müşahidə edə biləcəyik. Ancaq tərəflər mütləq şəkildə görüşüb, danışmalıdırlar. Çünki söz sahibi Vladimir Putindir. Təəssüflər olsun ki, onun ətrafında xeyli sayda ermənipərəst qüvvələr var ki, prosesə mənfi təsir göstərirlər. Yüksək səviyyədə görüşmək lazım idi ki, Putin məsələləri müzakirə edib, qərar verdiyi halda, tərəzinin bir gözündə Azərbaycanla əməkdaşlığda Rusiyanın qazanclarını, o biri gözündə isə ermənilərin yersiz iddiaları və ermənipərəst qüvvələrin fəallığını görsün". Politoloq hesab edir ki, münasibətləri korlamaq istəyən həmin qüvvələr Qarabağ münaqişəsinin uzanması ilə bağlı bunu bacarıblar: "Onlar Azərbaycan Rusiya münasibətlərini öz istədikləri şəkildə korlamağı bacarmasalar belə, münaqişənin nizamlanmasında Rusiyanın səylərinin qarşısını alırlar. Gələcəkdə proseslərin necə olacağını isə zaman göstərəcək".

Politoloq Fikrət Sadıqov isə bildirib ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq qalır: "Biz Rusiyadan həm ATƏT-in Minsk qrupunun həmsədr dövləti, həm də bəzi layihələrin iştirakçısı kimi bir çox məsələlərin həllini gözləyirik". Politoloq xatırladıb ki, Azərbaycanın və Rusiyanın dövlət başçıları uzun müddət idi ki, görüşmürdülər və onların müzakirə edəcəyi mühüm məsələlər var idi. Onun sözlərinə görə, müzakirə ediləcək məsələlər sırasına sərhəd, Ümumdünya Azərbaycanlıları Konqresinin Rusiyada fəaliyyəti, erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana nota göndərməsi, ikitərəfli münasibətlər, eyni zamanda ən əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi daxil idi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti həmkarı ilə görüşdə həyata keçirdiyi balanslaşdırılmış siyasətinin davamı kimi ölkəmizin mövqeyini kifayət qədər prinsipal şəkildə ortaya qoyub: "Bildiyiniz kimi, Azərbaycan Rusiya arasında münasibətlərə kənardan müdaxilə cəhdləri var idi. Lakin Azərbaycan Prezidenti görüş zamanı ölkəmizin mövqeyini ortaya qoymaqla bir daha sübut etdi ki, Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazırdı və edəcək də. Çünki bu bizim xarici siyasətimizin əsas prioritetlərindəndir".

F.Sadıqov ikitərəfli görüşün nəticələrini müsbət qiymətləndirib. Əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasətdə əsas məqsədi və prioritet çoxvektorluq və balanslaşdırılmış bir xarici siyasətdir: "Son zamanlar biz ABŞ, Avropa İttifaqı ilə yaxınlığımız haqqında bəyanatlar da verdik. Aİ ilə saziş də hazırlanır. ABŞ-ın yeni prezidentinə böyük ümidlər bəsləyirik və bu, rəsmi məktublarda, bəyanatlarda da qeyd edilib. Amma bu, heç də o demək deyil ki, digər qütbdən, məsələn, Rusiyadan imtina edirik, kiməsə qarşı düşmənçilik aparırıq. Azərbaycan və Rusiya prezidentlərinin görüşü, strateji tərəfdaşlıq formatında baş verən müzakirələr onu sübut edir ki, Rusiya bizim strateji tərəfdaşımız olaraq qalır. Təbii ki, bu kontekstdə biz ilk növbədə  öz maraqlarımızı irəli sürürük. Çünki bütün bu məsələlər Azərbaycanın dövlət maraqlarına cavab verir. Düşünürəm ki, bu görüşdə Azərbaycanı maraqlandıran, ikitərəfli münasibətlərin bundan sonra da inkişafına, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edən məsələlər ciddi şəkildə müzakirə olunub".

Politoloq  Zaur Məmmədov isə vurğulayıb ki,  Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü çox əhəmiyyətli idi. Soçi görüşündən əvvəl cənab prezident İlham Əliyev və Putin arasında görüşdən kifayət qədər vaxt keçmişdi. Bu müddət ərzində iki ölkə arasında kifayət qədər problemlər və suallar yaranmışdı. Onun sözlərinə görə, 2000-ci illərdən başlayaraq Rusiya və Azərbaycan arasında münasibətlərin mülayimləşməsi, son illərdə isə strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasının şahidi olmuşuq: "Lakin aprel hadisələrindən sonra Rusiya və Azərbaycan arasında müəyyən gərginliyin də şahidi olduq. Bakının Qarabağ məsələsində Moskvadan irəliləyiş gözləməsi təəssüflər olsun ki, praktikada reallaşmadı. Eyni zamanda, Xarici İşlər Nazirləri səviyyəsində söz atışmalarının, Azərbaycanlıların ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması da ikitərəfli münasibətlərdə ürəkaçan məqamlardan deyildi. Son aylar ərzində isə ermənilərin cəbhədə həyasızlıq nümayiş etdirmələri Azərbaycan qarşısında müharibə variantını aktuallaşdırdı. Bütün bunlar fonunda iki ölkə liderlərinin görüşü çox əhəmiyyətli idi. Cənab İlham Əliyev və Putin arasında isti münasibətlər əlaqələrin mənfi istiqamətə getməsinə imkan verməməlidir. Rusiyada müəyyən qüvvələr Azərbaycan və Rusiya arasında olan münasibətlərin pislənməsini istəsələr də, bu görüşdən sonra həmin qüvvələrin istəklərinin puç olmasının şahidi ola bilərik. Azərbaycan və Rusiya arasında müxtəlif səviyyələrdə - iqtisadi, humanitar, mədəni və s. münasibətlər inkişaf edir və son illərin statistik göstəricisi də müsbət dinamikadan xəbər verir".

PƏRVANƏ

 





26.07.2017    çap et  çap et