525.Az

Prezident mətbuatın inkişafına xüsusi diqqət yetirir


 

"AZƏRBAYCAN DÜNYADA YEGANƏ ÖLKƏDİR Kİ, MEDİA NÜMAYƏNDƏLƏRİNƏ DÖVLƏT TƏRƏFİNDƏN PULSUZ MƏNZİL VERİLİR"

Prezident mətbuatın inkişafına xüsusi diqqət yetirir<b style="color:red"></b>

Milli mətbuatın 142 illiyi ilə bağlı prezident İlham Əliyevin 2013-cü ilin iyulun 22-də imzaladığı "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam əsasında media nümayəndələri üçün tikilən ikinci binada 255 jurnalist ailəsi mənzillə təmin olunub.

Ölkə başçısının təşəbbüsü ilə media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan bu mühüm əhəmiyyətli addımla bağlı fikirlərini bildirən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, Azərbaycan çoxsaylı hallarda dünyaya örnək olan hadisələrlə zəngindir. O, SİA-ya bildirib ki, onlardan biri də media nümayəndələrinə təmənnasız mənzillərin bağışlanmasıdır: "Bu məsələ dünyanın heç bir yerində təkrarlanmır. Mən özüm şəxsən ölkə prezidentinin jurnalistlərə təqdim etdiyi mənzillərin verilməsi mərasimində iştirak etdim. Doğurdan da orada möhtəşəm görüntülər var idi. 255 mənzil bir qrup jurnalistə verildi. Bəlkə də ömürləri boyu mənzil gözləyən, mənzillərinin olacağına hələ də inanmayan insanların simalarındakı sevinci, fərəhi sözlə ifadə etmək çətin idi. Bu mənzillərin ölkə rəhbəri tərəfindən jurnalistlərə bağışlanması, Azərbaycan prezidentinin həmin mərasimdə iştirak etməsi, çıxış edərək jurnalistləri təbrik etməsi möhtəşəmliyi daha da artırırdı. Oraya toplanan insanların demək olar ki, tam əksəriyyəti hər kəs tərəfindən tanınırdı. Çünki seçim kifayət qədər obyektiv aparılmışdı. Təbii ki, bu bir daha Azərbaycan prezidenti İlham Əliyevin ölkə mediasına münasibətini göstərirdi. Çox təntənəli şəkildə üçüncü binanın da təməli qoyuldu. Yaxın illərdə orada çox kompakt jurnalist şəhərciyi olacaq. Bu şəhərciyin bütün infrastrukturları da tikiləcək. Hətta artıq qərara alınıb ki, orada yaşayan sakinlər üçün dükanlar açılsın, müəyyən iaşə obyektləri təşkil olunsun və yeni yol çəkilsin".

"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə isə qeyd edib ki, informasiya, jurnalistikanın fəaliyyəti olmadan cəmiyyət də müəyyən mənada bu təminatdan qidalana bilməz. Artıq bir neçə gündür ki, respublikamızda Milli Mətbuatın 142 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini deyən V. Rəhimzadə bildirib ki, növbəti bina 255 jurnalist və ailəsinin ixtiyarına verildi: "Bu, çox böyük tarixi hadisədir və Azərbaycan jurnalistikasında mühüm parlaq səhifə olmaqla yanaşı, dünyada analoqu olmayan prosesdir".

Jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirən baş redaktor qeyd edib ki, bu dəyər hər bir jurnalist üçün çox önəmli və vacibdir: "Jurnalistlərin də üzərinə düşən vəzifə vətən, xalq sevgisi, eləcə də millətin və görülən işlərin təbliğində fəallıqlarını ortaya qoymaqdır. Biz jurnalistlər bu məsələlərdə daha aktiv olmalıyıq".

İlk 156 mənzillik binanın 2013-cü ildə jurnalistlərin ixtiyarına verildiyini xatırladan V.Rəhimzadə söyləyib ki, artıq ikinci, 255 nəfərlik bina təhvil verilməklə yanaşı, 3-cü binanın da təməlqoyma mərasimi keçirilib: "Təbii ki, bu, tək ev alan jurnalistlərə deyil, bütövlükdə Azərbaycan jurnalistikasına, cəmiyyətinə, ölkə vətəndaşına verilən böyük dəyərdir. Bu, qiymət misilsiz və əvəzolunmazdır. Azərbaycan tarixində mətbuata belə yüksək münasibət olmayıb".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz isə bildirib ki, mətbuat işçilərinə evlərin paylanması, mətbuatın necə vacib sahə olduğunun bariz nümunəsidir: "Yaxşı haldır ki, ölkə prezidentinin yürütdüyü siyasətdə mətbuata qayğı öz yerini tapıb. Bu, həm də təkcə evlərin tikilib paylanması deyil, vaxtaşırı digər məsələlərdə də özünü göstərir. Mətbuata diqqət, mətbuatın müstəqil olmasına ən yaxşı töfhədir. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrinə dövlət tərəfindən pulsuz olaraq mənzil verilir. İkinci binanın tikilib təhvil verilməsi ilə 255 jurnalistə mənzil təqdim olunub. Bunun özü bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır".

Bu tədbirlərin ardıcıl xarakter daşıyacağını qeyd edən Y.Oğuz söyləyib ki, mətbuat nümayəndələri də öz növbələrində onlara göstərilən etimadı doğrultmalı, ölkə başçısı və dövlətçilik prinsipləri ətrafında sıx birləşməlidir.

Azərbaycan mediasının çox böyük inkişaf yolu keçdiyini deyən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ölkə mediasının hazırkı vəziyyətini 142 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik: "Bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib. Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətindən nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var".

A.Quliyevin sözlərinə görə, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərinin mənimsəməsi yüksək səviyyədədir: "Bir cümlə ilə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir".

Baş redaktor qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib: "Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb".

Baş redaktor əlavə edib ki, görülən işlərlə yanaşı, digər tərəfdən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib: "Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Deyilən hər fikrin arxasında çoxlu sayda element və detallar var. Milli mətbuat günü ərəfəsində 255 jurnalistin ölkə başçısı tərəfindən mükafatlandırılması, dünya tarixində bənzəri olmayan faktdır. Təsəvvür edin ki, 255 jurnalist, onların ailə üzvləri, yaxın qohumları və buna görə ədalət prinsipləri çərçivəsində məsələyə qiymət verən böyük bir ordunun olduğunu nəzərə alsaq, əslində bu hadisə bütün Azərbaycan cəmiyyətində fəxarət yaradan hadisədir. Çox güman ki, bu hadisə davam etdiriləcək və növbəti illərdə də jurnalistlərin mənzillə, digər dövlət təltifləri ilə mükafatlandırılmasının şahidi olacağıq".

Ceyhun ABASOV

 





26.07.2017    çap et  çap et