525.Az

Bakı-Moskva strateji tərəfdaşlığı gücləndirilir


 

"SOÇİ GÖRÜŞÜ RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN YENİ MƏRHƏLƏSİNİ YARATMAQLA, HƏR İKİ DÖVLƏTİN MARAQLARINA XİDMƏT EDİR"

<b style="color:red">Bakı-Moskva strateji tərəfdaşlığı gücləndirilir</b>

Xəbər verdiyimiz kimi, iyulun 21-də Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev həmkarı Vladimir Putinlə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri geniş müzakirə edilib. Həmçinin, danışıqlar zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər. O, "Trend"ə bildirib ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır: "Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərin hüquq-müqavilə bazası yaradılıb. Dövlət başçıları arasında yaxşı şəxsi münasibətlərin olması da qeyd edilməlidir".

Deputat vurğulayıb ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında, media orqanlarında özünə yuva qurmuş erməni lobbisi və diaspor nümayəndələrinə də cavabdır: "Hesab edirəm ki, Rusiya dövlət adamları və ictimai xadimləri nəhayət ermənilərin onlara hansı ziyanlar vurduğunu anlamalıdırlar".

M.Qasımlı əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağını da ümid etmək olar.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək.

Soçi görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, eləcə də iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyən Q.Hüseynli bildirib ki, son zamanlar münaqişənin həllində BMT-nin, eləcə də ATƏT-in fəallığı xeyli artıb.

Politoloq hesab edir ki, belə xarici təşəbbüslər fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, imici ciddi ziyan çəkə bilər: "Dağlıq Qarabağın statusu məsələsində həm ruslar, həm də ermənilər həddən artıq müzakirələr aparırlar. Bu baxımdan, hesab edirəm ki, Rusiya prezidenti bundan sonra Ermənistan prezidentini qəbul edəcək və bu məsələləri onunla da müzakirə edəcək. Çünki əsas məsələ ümumi kompromisin əldə edilməsidir".

Q.Hüseynli qeyd edib ki, Rusiya aprel döyüşlərindən sonra olduğu kimi, Soçi görüşündə də status-kvonun dəyişdirilməsinə, lazımi kompromisləri əldə etməyə çalışacağına söz verib.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, prezident İlham Əliyevin Rusiyaya səfəri və ölkə prezidenti Vladimir Putinlə Soçidəki görüşü Rusiya-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini təsdiqləməklə, əməkdaşlığın çox böyük perspektivlərinin olmasına işarədir: "Görüşdə çox mühüm məsələlər müzakirə olunub. Bu müzakirələrin predmeti təkcə ikitərəfli münasibətlər deyil, eyni zamanda, regionda yaranmış mürəkkəb geosiyasi vəziyyət və bu vəziyyətin qlobal konteksdən qiymətləndirilməsi idi. Təsadüfi deyil ki, görüşə başlayan zaman Vladimir Putin məhz bu məsələləri önə çəkərək Rusiya ilə Azərbaycan arasında münasibətlərin gələcək perspektivlərindən və inkişafından danışıb".

Deputat hesab edir ki, Rusiya ilə Azərbaycan münasibətlərinin tarixi kökləri var və hazırda bu münasibətlər regional təhlükəsizliyin təminatçısıdır: "Nəzərə alsaq ki, bu təhlükəsizlik sadəcə siyasi müstəvidə təmin olunmur, eyni zamanda, hər iki ölkə böyük layihələrin birgə müəllifi olmaqla, yeni nəqliyyat dəhlizi, yeni iqtisadi münasibətlər, yeni təhlükəsizlik və enerji şərtləri formalaşdırır, o zaman prezidentlər arasında bu görüşün nə qədər əhəmiyyətli olduğunu anlamaq olar".

H.Babaoğlunun fikrincə, görüşün nəticəsi o olub ki, Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub: "İki ölkənin münasibətləri bütövlükdə regiondakı münasibətlərin keyfiyyətinə təsir göstərir. Eyni zamanda, bu ölkələrin iqtisadi münasibətlərinin yaratdığı yeni şərtlər bütövlükdə regionun iqtisadi münasibətlərinə yeni keyfiyyət gətirir və regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Əsas məsələlərdən biri də odur ki, bu görüş məhz ayrı-ayrı ekspertlərin və ermənipərəst dairələrin yaratdığı dezinformasiya zamanında baş tutub. Son günlərdə informasiya məkanında Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanması və yaxşı perspektivlərin olmaması ilə bağlı fikirlər səslənirdi. Lakin görüşdən sonra bəlli olub ki, bu şayiələr Azərbaycan və Rusiyanı sevməyən qüvvələr tərəfindən informasiya məkanına ötürülür və bu fikirlərin heç bir əsası yoxdur. Heç şübhəsiz ki, ən ümdə məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərin müzakirə edilməsi idi. Rusiya prezidenti bu məsələyə toxunaraq bildirib ki, əlbəttə ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəyik. Düşünürəm ki, bu görüş Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsini yaratmaqla, hər iki dövlətin maraqlarına xidmət edir".

Ceyhun ABASOV

 





26.07.2017    çap et  çap et