525.Az

Bakıda Belarus yazıçılarının kitabları nəşr olundu


 

Bakıda Belarus yazıçılarının kitabları nəşr olundu<b style="color:red"></b>

"Mütərcim" nəşriyyatı tanınmış Belarus yazıçıları Nikolay Çergineç, Ales Badak və Georgi Marçukun kitablarını Azərbaycan dilində çap edib.

Kitabları Azərbaycan dilinə tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli çevirib.

Nikolay Çergineçin "Oğullar" adlı kitabına yazıçının eyniadlı romanı daxil edilib. O, həm də tanınmış siyasətçi, Belarus Ali Məclisinin deputatıdır, əməkdar incəsənət xadimidir. Çergineç Belarus ədəbiyyatına ilk dəfə olaraq milis detektivi janrını gətirib, bir neçə kinossenari və teatr tamaşasının müəllifi, Beynəlxalq Yazıçılar Cəmiyyətinin, Rusiya və Belarus yazıçılar ittifaqlarının həmsədridir. Azərbaycan oxucusuna təqdim olunan "Oğullar" romanı mənasız "əfqan müharibəsi"ndən bəhs edir; bu müharibənin iştirakçısı olmuş yazıçı həm əfqan-sovet döyüşçülərinin dostluğunu, həm də gözüyaşlı sovet analarının iztirab və qayğılarını qələmə alıb.

Ales Badakın hekayələr toplusuna onun son illər yazdığı "Görüntünün o biri üzü", "İdeal oxucu", "Yağışdan qurtulan gün" və digər hekayələri daxil edilib. Hekayələr bundan əvvəl Azərbaycanın ədəbi orqanlarında dərc olunmuşdu. Georgi Marçukun "Qorın çayının adamları" adlı kitabında isə tanınmış yazıçının etüd və hekayələri yer alıb. Qeyd edək ki, G.Marçuk iki dəfə Nobel mükafatına nominantların siyahısına düşüb.

Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü K.Nəzirli kitablara yazdığı ön sözdə qeyd edir ki, tərcümə təkcə yaradıcılıq fəaliyyəti deyil, həm də mədəniyyətdir. O, AZƏRTAC-ın müxbiri ilə müsahibəsində bildirib ki, bu növbəti layihə Belarus Yazıçılar Birliyinin Minsk vilayəti üzrə sədri Aleksandr Karlyukeviçin dəstəyi ilə həyata keçirilib.

“Bizim artıq yaxşı əlaqələrimiz yaranıb - belorus dostlarımız bizim yazıçı və şairlərimizin kitablarını, biz də onların ədiblərinin əsərlərini nəşr edirik. Belə əməkdaşlıq xalqları, mədəniyyətləri, ədəbiyyatları bir-birinə yaxınlaşdırır. Əlbəttə, hər bir yazıçı istəyər ki, onu təkcə öz vətənində deyil, başqa ölkələrdə də tanısınlar. Bu baxımdan peşəkar tərcümənin rolu vacib və əhəmiyyətlidir. Aleksandr Nikolayeviçlə bundan sonra da layihələrimiz olacaq. Düşünürəm ki, bu əməkdaşlıq ədəbi və dostluq əlaqələrimizi daha da möhkəmlədəcək və inkişaf etdirəcək”, - deyə K.Nəzirli əlavə edib.

 





26.07.2017    çap et  çap et