525.Az

“Ədəbi üfüqlər” layihəsinə start verildi


 

“Ədəbi üfüqlər” layihəsinə start verildi<b style="color:red"></b>

“Mədəniyyət” kanalı ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.

AzərTAc xəbər verir ki, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, müsabiqənin əsas məqsədi ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda, yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir.

Müsabiqəyə “Vətənpərvərlik”, “Azərbaycan bayrağı”, “Doğma Bakı” və “Milli həmrəylik” mövzularında poeziya nümunələri qəbul olunur.

Ramil Qasımov qeyd edib ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi yerinə yetirir. Gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir.

Müsabiqənin sonunda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək. Bu şeirlərə musiqi yazılacaq və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə “Mədəniyyət” kanalının bir töhfəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir.

Əsərlər elektron formada 3 nüsxə olaraq “Mədəniyyət” kanalına, [email protected] elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır. Müsabiqəyə əsərlərin qəbulu sentyabrın 10-dək davam edəcək.

 





26.07.2017    çap et  çap et