525.Az

Prezidentin təşəbbüsü yüksək qiymətləndirilir


 

"MƏTBUAT GÜNÜ ƏRƏFƏSİNDƏ JURNALİSTLƏRƏ MƏNZİL VERİLMƏSİ DÖVLƏTİN BU SAHƏDƏ ÇALIŞANLARA DİQQƏT VƏ QAYĞISININ ƏYANİ TƏZAHÜRÜDÜR"

Prezidentin təşəbbüsü yüksək qiymətləndirilir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Milli Mətbuat günü ərəfəsində prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli sərəncamıyla tikilən binada 255 jurnalist ailəsi mənzillə təmin olunub.

Ölkə başçısının təşəbbüsü ilə media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan bu mühüm əhəmiyyətli addımla bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hər zaman olduğu kimi, növbəti dəfə də humanist bir addım atıb. O, SİA-ya bildirib ki, yeni tikilən binada 255 mənzilin jurnalistlərə təqdim olunması dünya praktikasında yeni təcrübədir: "Dünyanın heç bir dövlətində belə təcrübəyə rast gəlinməyib. Dövlət başçısı jurnalistlərin əməyini yüksək qiymətləndirərək, onlara ikinci həyat bəxş edib. Ən maraqlısı isə odur ki, burada tək iqtidaryönümlü mətbuata deyil, eləcə də Azərbaycan hakimiyyətini hər zaman tənqid atəşinə tutan müxalifyönümlü mətbuata da pay düşüb. Bu, bir daha onu göstərir ki, Azərbaycanda siyasi plüralizm var və mətbuat azadlığı yüksək həddədir. Düşünürəm ki, ölkədə jurnalistlər obyektiv olmalı və prezident İlham Əliyevin göstərdiyi etimada daha adekvat davranmalıdırlar. Onlar jurnalistikanın yeniliklərini qəbul edərək, yeni bir institutun formalaşması üçün əllərindən gələni etməlidirlər".

Veteran jurnalist Əhməd Məmmədov isə qeyd edib ki, 1875-ci il iyulun 22-də böyük mütəfəkkir, maarifçi Həsən bəy Zərdabi tərəfindən ölkədə ilk mətbu orqanın - "Əkinçi" qəzetinin əsası qoyulub. O, APA-ya bildirib ki, bu, hər bir jurnalistin, hər bir qələm sahibinin həyatında ən unudulmaz, ən əlamətdar gündür: "22 iyul - Milli mətbuat günü ərəfəsində ölkə prezidentinin sərəncamına əsasən jurnalistlərə mənzil verilməsi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin jurnalistlərə diqqət və qayğısının əyani təzahürüdür. Bunu sözlə ifadə etmək mümkün deyil. Dünyada ikinci elə bir nümunə yoxdur ki, dövlət jurnalistlərin mənzil-məişət şəraitinə, ümumiyyətlə, onların problemlərinə həssaslıqla yanaşsın. Hətta inkişaf etmiş ölkələrdə də belə bir nümunə yoxdur. Ona görə də, Milli mətbuat günü ərəfəsində jurnalistlərin mənzillə təmin olunması hər bir ev alan jurnalistin həyatında ən gözəl gündür. Mən də bu sevinci yaşayan jurnalistlərdən biriyəm. 1968-ci ildən bu günə kimi mətbuatda çalışan veteran jurnalist kimi bu hadisəni çox yüksək qiymətləndirirəm".

Ə. Məmmədov deyib ki, "Jurnalistlər Evi"ndə mənzilə sahib olmaq üçün müəyyən edilmiş şərtlərə uyğun gəlmək lazımdır: "Azərbaycan dövləti mənzil bölgüsü ilə bağlı çox ədalətli, şəffaf, demokratik şərtlər müəyyənləşdirib və haqqı çatan hər bir jurnalist bu imkandan yararlanıb. İkinci binada cəmi 255 mənzil var. Ancaq mənzil almaq istəyən jurnalistlərin sayı çoxdur. Bunların arasında təbii ki, haqqı çatanlar da, haqqı çatmayanlar da var. Qəribəsi budur ki, haqqı çatanlar səsini çıxartmır. Səs-küy salanlar, məsələni süngü ilə qarşılayanlar Azərbaycan jurnalistikasının inkişafında heç bir rolu olmayanlardır. İkinci binanın açılış mərasimində növbəti, üçüncü binanın təməli qoyulub. Növbəti bölgüdə haqqı çatan jurnalistlər mənzillə təmin olunacaq. Birinci binadan mən də ev almaq istəyirdim, alınmadı. Lakin ikinci binada mənzil aldım".

Veteran jurnalist Telli Pənahqızı isə qeyd edib ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi jurnalistlərə böyük hörmət, böyük qayğı yoxdur: "Bu, jurnalistlərə, qələm sahiblərinə hörmətdir, onların çəkdiyi zəhmətə verilən qiymətdir. Bunun üçün də ancaq ölkə başçısına, xalqımıza minnətdarlıq bildirməliyik. Onlar bizi seçib, sayıblar. Bizim əməyimizi, zəhmətimizi qiymətləndiriblər. Uzun müddət Azərbaycan mətbuatında sözü qələmindən çıxan, yaradıcılığı insanların bu və ya digər problemlərin həllinə yönələn jurnalistlərə həm birinci binadan, həm də ikinci binada mənzillər verildi. Mən mənzil alan, uzun illər bu millətə xidmət edən bir jurnalist, şair, publisist kimi Azərbaycan dövlətinə, Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm".

T. Pənahqızının sözlərinə görə, insan hər şeydən əvvəl bir qədər özünə hörmət etməlidir: "Mənzil ala bilmədiyinə görə səs-küy salanlar düşünməlidirlər ki, görüm mən illər boyu bu xalq üçün nə etmişəm və yaxud da mənim jurnalistikaya gəlişim neçə ay, neçə il, neçə gündür. Mən bu məsələdə çox qısqancam. Jurnalistika sənətini çox sevdiyim üçün bu sahəyə gələn insanların seçilmiş olmasını istəyirəm. İstəyirəm ki, bu sahədə çalışan adamlar jurnalistikanın qədrini bilsinlər. İnsan kimi, vətəndaş kimi jurnalistin hansı missiyaya sahib olduğunu dərk etsinlər. Hərə bir sayt açıb evindən onu idarə edir. Bu, jurnalistika deyil. 10 milyonluq ölkədə bu qədər jurnalist olmaz axı. Bu jurnalistlərin yazdıqlarından kim nə xeyir götürüb? Jurnalistika peşədir, sənətdir. Jurnalistlər üçün inşa edilmiş birinci mənzil 4 il əvvəl, ikinci bina isə bu günlərdə istifadəyə verilib. İkinci binanın açılış mərasimində üçüncü binanın da təməli qoyulub. Bundan böyük nə xoşbəxtlik ola bilər?! Bundan böyük nə hörmət ola bilər?!"

Qeyd edək ki, iyulun 19-da prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə başçısı jurnalistlər üçün üçüncü yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait yatırılmasıyla bağlı qərar verib.

Ceyhun ABASOV

 





27.07.2017    çap et  çap et