525.Az

Sözə təranə düzümü


 

BƏSTƏKAR KAMALIN YARADICILIĞINA SƏMİMİ VƏ ÖZƏL BAXIŞ

Sözə təranə düzümü<b style="color:red"></b>

Ordubadda evlərində çörək kəsmişəm. Atası Fəttah Heydərovla çoxlu görüşlərimiz olub və səmimi münasibətlərimiz günü bu gün də davam edir. Nur yağışına bürünmüş bu ziyalı kişinin ürək genişliyi, şəxsiyyət bütövlüyü, ləyaqət ucalığı, səmimiyyət işığı həmişə məni heyran qoyub. Ataların belə bir kəlamı var: “Urvası halallıqla yoğrulanın kündəsi küt getməz”. Kəmaləddin Heydərov urvası halallıqla yoğrulmuş ocaqdan nur alıb. Elə buna görə də həmin nur onu 30 yaşında 50 yaşlı müdrik insan kamilliyinə ucaldıb. İctimai xadim, dövlət məmuru kimi onun bu kamilliyi çox-çox yüksək zirvələr fəth edib. Bu, Azərbaycanı sevən hər bir vətəndaşa yaxşı məlumdur və ona görə də mən bu insanın həmin keyfiyyətlərindən yazmaq istəmirəm.

Məni musiqisevərlərin “Kamal” kimi tanıyıb sevdikləri insanın daxili dünyası, emosional aləmi, duyğularının səmimiyyət yağışının dupduru cazibəsi maraqlandırır...

Kamal müəllimlə müxtəlif illərdə ünsiyyətimiz olub. Bu görüşlərin ən uzunu bir saatdan artıq çəkməyib. Hardasa 25-30 il əvvəl danışığında bir qədər iti və ötkəm təsir bağışlayırdı. Düzdür, istədiyi anda daxilən səfərbər olub emosiyalarını cilovlaya bilirdi. Bununla belə, onun daxili çılğınlığı, ehtiraslarının coşqunluğu gizli qalmırdı.

Son illərdə həzin pıçıltıyla danışır, sanki yöndaşını səslə incitməkdən ehtiyatlanır. Hətta gərgin psixoloji məqamlarda da daxili gərginliyini bir-birinə caladığı siqaretin tüstüsündə göyə sovurmaqla müdriklik təmkini göstərir.

Kamalın dediyim emosionallığı, ehtiras çılğınlığı, daxili enerjisinin gücü neçə illərdir həm də mahnı yaranışına yönəlib. Mənim fikrimcə, onun bəstəkarlıq yaradıcılığının mərkəz nüvəsini ana bətnindən gələn həssas musiqi duyumu tənzimləyir.

Təbii ki, insanın güclü musiqi duyumunun olması hələ bəstəkarlıq üçün yetərli deyil. Həssas musiqi duyumlu dinləyicilər çoxdur, ancaq onlar nə bir mahnı bəstələyiblər, nə də ifaçı kimi çıxış ediblər. Mahnı bəstələmək də bir Allah vergisidir.

Əlbəttə, söhbət mahnını “quraşdırmaqdan” yox, onu bəstələməkdən gedir.

Əlbəttə, söhbət şairin yaratdığı poetik lövhəni musiqi palitrasında əlvanlıqla verə bilməkdən gedir.

Əlbəttə, söhbət məhəbbətlə süslənmiş misraların “həsrətini” təranələrə qovuşdurmaqdan gedir.

Mahnı var notla bəstələnir... təbii ki, peşəkarlıq vərdişləri ilə...

Mahnı var notla və həssas ürəklə bəstələnir...

Mahnı var idrakın, təfəkkürün işıq süzgəcindən ürəyə axır, orada munisləşib, ülviləşib nur saça-saça nota köçür...

Kamalın nəğmələri üçüncü qism mahnı doğuluşuna aiddir.

Buna görə də elə ilk dinləmədən ürəklərə yol tapır, həlimliklə qulaq asılır, hisslərə dinclik gətirən xoş ovqat oyadır. “Nigaranam”, “Bağışlaram səni”, “Gəl qayıdaq o günlərə” mahnılarında olduğu kimi.

Kainatda, yer üzündə bütün gözə görünən və görünməyən varlıqların müəyyən ritm ahəngi var. Musiqidə ritm olduqca vacibdir və təəssüflər olsun ki, çağdaş dövrdə çox zaman ritmdən məhrum mahnıları da eşitməli oluruq.

Kamalın mahnılarındakı ritm sözün ləngərindən və fikir tutumundan başlayır. Başlayıb melodiyanı tənzimləyir. Tənzimləyib təranələri sözlə (şeirlə, mahnı mətni ilə) qol-boyun edir. Söz təranəni, təranə sözü xüsusi bir ritm ahəngində bağrına basır. Bu ritm Kamalın daxili ritmi, musiqi duyumu ilə həmahəngdir və mahnının psixoloji-emosional obrazını müəyyənləşdirən gücdə olur.

Buna görə də Kamalın mahnıları həyat  ritmləri fərqli olan minlərlə tamaşaçını həzin, kövrək və səmimi həzz ovqatına kökləyə bilir. “İnan mənə”, “İlahi”, “Ayrılığa dözərəm” mahnılarında olduğu kimi.

Deyirlər ki, arılar sübh tezdən bal dalınca laləzarlığa uçanda əvvəlcə neştərlərini şeh damlasında yuyurlar... və sonra çiçəkdən şəhd çəkirlər...

Kamal mahnı bəstələyəndə əvvəlcə sözün məna şehində, fikir nurunda yuyunur. Yuyuna-yuyuna emosional duyğulardan, lirizm zərifliyindən güc alır. Güc ala-ala sözün musiqi təranəsini tapır. Tapıb təranələri heyranlıq doğuran məharətlə nota salır...

Kamalın sözdəki fikir dərinliyini duymaq səriştəsi güclüdür. O, əsasən həssas qəlbli nəğməkar şair Baba Vəziroğlunun sözlərinə musiqi bəstələyir. Mən Baba Vəziroğlunu çox yaxşı tanıyıram, 30 ildən çoxdur dostluq edirik. Onun poeziyasına, xüsusən mahnı mətnlərinə yaxşı bələdəm. Bələd olduğum üçün də həssaslıqla hiss edirəm ki, Kamalın bəstəkarlıq yaradıcılığında sözün mənasındakı musiqi ahəngini incəliyinəcən qavramaq vərdişi qatı peşəkarlıqla yoğrulub...

Buna görə də Kamalın mahnıları yaz kəpənəyi çiçəyə qonan kimi dalğavari kövrəkliklə qulaqlarımızı öpə-öpə ruhumuza hopur... Biz bu mahnıları dinləyə-dinləyə sanki mənəvi saflaşma katarsisindən keçirik... “Sevəcəyəm təzədən”, “Bizim nə günahımız”, “Sənsiz nəyimə gərək” mahnılarında olduğu kimi.

Siyasi və siyasi portret mövzularında mahnı bəstələmək mürəkkəbdir, çətindir, məsuliyyətlidir. Bu mürəkkəblik, bu çətinlik, bu məsuliyyət notun ölçülərini “sındıran” gücdə olur. Ona görə də hər bəstəkar bu səpkidə mahnı bəstələməyə ya səy göstərmir, ya da cəsarət etmir.

Kamal bu “sındıran gücü” böyük ustalıqla ram edib not həmayilinə düzə bilir. Düzür və həmin not təranələrini dəvə karvanının ləngər ahəngində səsləndirməyi ustalıqla bacarır. Səsləndirir və bu melodiya buketinin ətri ilə dinləyicilərin ruhunu mülayim zərifliklə oxşaya bilir...

Kamal ilk baxışda “quru” təsiri bağışlayan siyasi sözlərə əzəmətli emosional don biçə bilir...

Kamal şeirdəki qafiyə sözləri adi “qafiyə yükündən” çıxarıb cəngi harayına çevirə, hər bir kəlməyə zindan səsinin cingiltili əzəmətini verə bilir...

Buna görə də Kamalın siyasi və siyasi portret mahnıları simfoniya möhtəşəmliyində səslənir, duyğuları məhvərindən çıxarıb harayın təsdiqinə yönəldir. Kamal “Elə bir zirvəsən...” (sözləri Baba Vəzir oğlunundur) mahnısında bir-birinə zəncirbənd olan lirik, dramatik, fəlsəfi, psixoloji təranələrin gücü ilə kamil şəxsiyyətin nəğmə portretini dinləyicilərin qəlbində ölməzlik abidəsinə çevirib. “Elegiya” (sözləri Leyla Əliyevanındır) əsəri musiqidə həsrətli və həzin xatirədir.

Nəhəng klassik rus yazıçısı Lev Tolstoyun xatirələrindən öyrənirik ki, o, “Kreytser sonatası” əsərini yazarkən Bethovenin coşqun musiqisini dönə-dönə dinləyib. Bəli, musiqidə belə möhtəşəm güc var. Əminliklə deyə bilərəm ki, Kamalın mahnıları yaradıcı insanı daxilən titrədir və onun ovqatını yeni yaradıcılığa kökləyir.

Bəstəkar, eləcə də hər bir yaradıcı fərd elmə, biliyə daha dərindən yiyələndikcə təxəyyülünün gücü günbəgün artır. Kamal klassik və çağdaş poeziyanı sevir, dünya filosoflarının elmi-nəzəri konsepsiyalarını öyrənməyə maraq göstərir.

Buna görə də onun psixoloji mahnılarında lirizmi idrakın, təfəkkürün işığı müşayiət edir.

Buna görə də Kamalın mahnıları dinləyici ilə səmimi, ünsiyyətcil həmsöhbət ola bilir. “Deyir”, “Mənim 17 yaşım”, “Gözlər yalan deməz” mahnılarında olduğu kimi.

Bəstəkarda peşəkarlığın olması əsas sayılsa da, yeganə keyfiyyət deyil. Bəstəkarın hiss, həyəcan, duyum duyğularını özündə cəmləşdirən peşəkarlıq palitrası son dərəcə rəngarəng olmalıdır. Həmin əlvanlıq Kamalın bəstəkarlıq yaradıcılığında üst qatdadır. Onun mahnılarında sözlərin füsunkarlığı ilə melodiyaların gözəlliyi həmahəngdir.

Buna görə də Kamalın mahnıları insanın kövrək duyğularını, həyəcanlarını titrədərək ona tumar çəkir. Onun mahnılarında söz və melodiyanın qoşa qanadı dinləyicini intəhasız zənginliyə uçurur. “Sevəcəyəm”, “Sən”, “Yox deyəndə mən” mahnılarında olduğu kimi.

Sədaqət və dəyanət insan kamilliyini formalaşdırıb bitkinləşdirən keyfiyyətlərdir. Kamalı yaxşı tanıdığım üçün əmin olmuşam ki, o, qətiyyətlidir, cəsurdur, mərddir və etibarlıdır. Eyni zamanda gördüyü bütün işlərdə məsuliyyətlidir.

Buna görə də Kamalın mahnılarında könül oxşayan bütövlük, tamlıq, incəlik və lətafət var. “Sənsiz yaşadım”, “Gecdir daha”, “Bu axşam” mahnılarında olduğu kimi.

Dünya şöhrətli holland rəssamı Vinset Van Qoqun belə bir deyimi var: “İnsanları sevməkdən nəcib heç nə yoxdur”. O da məlumdur ki, sevgi bəzən insanın ağlını başından çıxara, dəliqanlılığın cilovunu əldən buraxa bilər. Kamal insanları sevməyi, onlardakı istedad və ləyaqət, qürur və mətanət hisslərini ehtiramla qiymətləndirməyi bacarır.

Buna görə də Kamalın bütün mahnılarının ruhuna pak emosionallıq hakimdir.

Buna görə də Kamalın mahnılarında duyan könüllərə riyasız, məkrsiz,  təmənnasız, saf məhəbbətə çağırış var.

Buna görə də Kamalın nəğmələrində çılğın eşq də, qızğın məhəbbət də həzinlik təranəsinə bürünüb. “Gəlsən də, gəlməsən də”, “Dəniz”, “Yenə yaz gələcək” mahnılarında olduğu kimi.

Fəaliyyəti istedada söykənən yaradıcı adamlar öz təxəyyüllərində mütləq həmişə fikir, duyğu azadlığını qoruyub saxlamalıdırlar. Fəzilət və istedad etik konsepsiya kimi dərk olunmalıdır. Kamal iradəli və cəsurdur. Qədim romalıların aforizmidir: “Cəsurlara tale kömək edir”. Kamal mahnı yazarkən mövzuya cəsarətlə və qətiyyətlə yanaşma prinsipinə güvənir.

Buna görə də onun mahnıları aydın ideyası və güclü melodik harmoniyası ilə dinləyicilərdə xoş əhval-ruhiyyə oyadır.

Buna görə də Kamalın mahnılarının yaşamaq haqqı onun melodiyalarının şaqraq və emosional zərifliyindən şirə çəkir. “Səndən başqa”, “Özün günahkarsan”, “Qədrimi bilməsən də” mahnılarında olduğu kimi.

Dahi ispan ədibi Migel Servantes yazır: “Sərvət ona malik olmaq deyil, ondan məqsədəuyğun şəkildə istifadə etməkdir”.

Kamalın güclü musiqi istedadı var. Bu istedadın hüsnü, təravəti, lətafəti və gözəlliyi bir də orasındadır ki, Kamal onu həssaslıqla dəyərli, ürəkaçan, hissləri oxşayan nəğmələrə sərf edir...

İlham ƏZİZOĞLU

 





20.05.2013    çap et  çap et