525.Az

Gənc xanım yazarlar Xəzər Universitetində


 

Gənc xanım yazarlar Xəzər Universitetində<b style="color:red"></b>

Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək.
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

–deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdi. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən yaradıcı qadın olasan.

Azərbaycan ədəbiyyatında Məhsəti Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə kimi daim adını hörmətlə andığımız istedadlı qadın şairələrimiz və yazarlarımız olub. Onlar bizim ədəbiyyatımızın tarixini yaradıb, söz xəzinəmizin sağlam bünövrəsini qoyublar. Bu gün həmin mənəvi dayaqlar üzərində ənənəyə sadiq qalan və ona öz zərif yazı üslubları ilə yeni rəng qatan gənc nəsil formalaşmaqdadır.

Sevindirici haldır ki, bu gənclər qədəm qoyduqları yolun – kimlərin davamçısı olduqlarının məsuliyyətinin böyüklüyünü dərk edirlər.

Mayın 15-i Xəzər Universitetində bu istedadlı gənclərdən ikisi – nasir, Prezident təqaüdçüsü, nəsr nominasiyasında “Qızıl kəlmə” mükafatının qalibi Pərvinin və şairə, Prezident təqaüdçüsü Feyziyyənin tələbələrlə görüşü keçirildi.

Görüşdə Xəzər Universitetinin tələbələri ilə yanaşı həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri, magistrləri də iştirak edirdilər.

Tədbirin təşkilatçısı filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov məclisi giriş sözü ilə açaraq qonaqlara – Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamala və günün səbəbkarlarına – Pərvinə və Feyziyyəyə dəvəti qəbul edib gəldikləri üçün minnətdarlığını bildirdi.

Pərvinin “Qar yağacaq”, Feyziyyənin “Mesaj” kitabları haqqında tələbələrə məlumat verən professor gənc xanımlara Rəşad Məcidin cəmiyyətin mənəvi-əxlaqi, sosial-psixoloji problemlərini özündə əks etdirən “10 sentyabr” hekayəsini örnək gətirdi. Bədirxan müəllim onu da qeyd etdi ki, “Əgər mənə Azərbaycan ədəbiyyatında 10 ən yaxşı hekayə siyahısı tərtib etmək təklif olunsaydı, qeyd-şərtsiz mən Cəlil Məmmədquluzadənin “Usta Zeynal”ından başlayar və Rəşad Məcidin “10 sentyabr” hekayəsində dayanardım. Həqiqətən də, bu hekayə çağdaş nəsrin bütün tələblərinə cavab verir və böyük sənətkarımız Sultan Məcid Qənizadənin “Allah xofu” hekayəsi ilə səsləşir”.

Bədirxan müəllim Rəşad Məcidin istedadlı gənclərə xüsusi diqqət və qayğısından söz açaraq bu gün ədəbi mühitimizdə ziyalı gənc nəslin formalaşmasında  onun xidmətlərinin əvəzsizliyindən, əməyinin böyüklüyündən danışdı.

Daha sonra çıxış üçün söz Rəşad Məcidə verildi. Orijinal təfəkkürü, özünəməxsus incə yumoru, xoş aurası ilə çıxışının ilk dəqiqələrindən tələbələrin marağına, diqqətinə səbəb olan Rəşad müəllimin səmimi düşüncələri gənclərin sərbəst şəkildə ədəbi-bədii polemikalara qoşulmasına şərait yaratdı və sanki tədbirin rəsmiyyətini aradan qaldırdı. O, Pərvinin “Qar yağacaq” və Feyziyyənin “Mesaj” kitablarından söhbət açaraq onların bu pilləyə gəlib çatmasında təkcə istedadın yox, həm də ağır zəhmətin, gərgin və fasiləsiz əməyin böyük rol oynadığını vurğuladı.  Daha sonra Rəşad müəllim sevdiyi qadın yazar Elif Şafakdan maraqlı bir sitat gətirdi: “Uğur qazanmağın yolu 17 faiz istedad, 83 faiz  zəhmətdən keçir. Zəhmətsiz, əziyyətsiz uğur mümkün deyil. (Bu məqamda yadıma Marina Svetayevanın bir sözü düşür: “İstedad nə qədər çox yazmağı yox, nə qədər çox “gərilməyi” bacarmaqdı.” Hər iki müəllifin kitabını nəzərdən keçirsək, orada hər bir sətrin, misranın, hətta sözün belə  daşıdığı məna yükünün dərinliyindən bu əsərlərin ağır “gərilmə”nin məhsulu olduğu aydın hiss olunar.) Və onların zəhmətkeşliyi, iradəsi, yorulmaq bilmədən çalışması mənə inamla bunu deməyə əsas verir ki, bu iki gənc xanım ədəbiyyatın tanınmışlarından olacaqlar.” Çıxışdan sonrakı sürəkli alqışlar Rəşad müəllimin fikirlərinin gənclərin ürəyindən xəbər verdiyini təsdiqləməkdə idi.

Daha sonra tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal qadın və kişi yazarlarla bağlı müqayisəli şəkildə maraqlı fikirlər səsləndirdi: “Kişilər tərcümeyi-halını danışa və yaza bilir, qadınlar isə sirlərini daha asanlıqla paylaşa bilirlər, istər ürək sirlərini, istər təhtəlşüur sirlərini qadınlar daha gözəl qələmə alırlar. Bu mənada onların yaratdığı ədəbiyyat da öz zərifliyi və sirliliyi ilə seçilir. Bir məqamı qeyd etmək istərdim ki, ədəbiyyat təkcə görünən mətn deyil, yuxu gizlinləridi, şüuraltı gizlinlərdi, iç dünyasıdı.

Rüstəm müəllim bu fikirləri söylədikcə mən beynimdə Pərvinin və Feyziyyənin kitablarını “vərəqləyirdim”. Pərvinin “Mən...Yuxu...Cənnət...”, “Balerina” əsərləri, Feyziyyənin “Deyin ona” şeiri həqiqətən bu cür yaranmış, ilahi pıçıltılar, yuxu gizlinləridi, görünməyən, duyulan, hiss olunan mətnlərdi.

Rüstəm müəllim çıxışı zamanı bu gənc xanımların hər ikisinin gələcəyinə böyük inam bəslədiyini bildirdi: “Feyziyyənin müəllimi olmuşam. İlk qələm təcrübələrindən şeirlərindəki musiqililik, ahəngdarlıq, tamlıq, bütövlük məni sevindirir.

Pərvinin isə hələ hekayə və povestini demirəm, əsərə başladığı ilk cümlələrindən hiss olunur ki, o, prozaikdi, özü də çox intellektli və təfəkkürlü nasirdi. Onun “Gucci Fatoş” hekayəsindəki ilk cümlə xüsusilə diqqətimi cəlb etdi: “Yenə də mənasız, qeyri-estetik Günəş doğdu”. Məhz bu cümləyə – belə uğurlu ifadəyə görə mən müəllifi təbrik edirəm və yeni yaradıcılıq uğurları arzulayıram.”

Görüş zamanı tələbələr müəlliflərə bir-birindən maraqlı suallar ünvanladılar. Sevindirici məqamlardan biri də bu idi ki, iştirakçı tələbələrin içərisində texniki sahələrdə oxuyanlar çoxluq təşkil edirdi. İlk olaraq Xəzər Universitetinin tələbəsi hər iki müəllifə müraciət edərək: “Sonuncu dəfə hansı kitabı oxumusunuz?”, –deyə soruşdu. Tələbənin bu sualına Pərvin maraqlı cavab verdi: “Oxumaq artıq bizim həyat tərzimizə çevrilib. Yeməyi planlaşdırmadığımız kimi, mütaliəni də planlaşdırmırıq. Bu günlərdə “525-ci qəzet”də Rəsul Rza haqqında “Rəsul Rzanın RəngbəRəng Dənizi” adlı essem işıq üzü görüb. Bu yazıya başlamazdan əvvəl  Rəsul Rzanın 3 cildliyini, Xalq yazıçısı Anarın “Mübarizə bu gün də var” kitablarını oxudum.

“525-ci qəzet”də “Dahilərin qadınları” adlı silsilə yazılarım çap olunur. Bu silsilə ilə bağlı  növbəti bir esse yazmağı düşünürəm. Bununla bağlı rus xanım Lu Salome haqqında oxuyuram.

Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasında çalışdığım üçün tədris prosesi ilə bağlı klassik ədəbiyyatdan tutmuş müasir dövrə qədər olan əsərləri və müəllifləri hər gün mütaliə edirəm. Bu mənada, demək olar ki, hər günüm oxumaqla, öyrənməklə  keçir.”

Gənc şairə Feyziyyə isə: “Mən son günlərdə “Oşo”nu oxuyuram. Və bu kitabı oxumağı bütün gənclərə məsləhət görərdim.” – deyə cavab verdi.

Tələbələrin növbəti sualı yenə müəlliflərin hər ikisinə oldu: “İlham qaynağınızı nədən alırsınız? Ümumiyyətlə, nədənsə ilhamlanıb, təsirlənib yazırsınız, yoxsa istədiyiniz zaman qələmi əlinizə götürüb yaza bilirsiniz?”

Feyziyyə: “Bu suala şairlər və nasirlər fərqli cavab verərlər. Şeir təbiət hadisəsidir. Bəli, mən mütləq nədənsə ilhamlanıb yazıram. Başqa cür istəsəm də,  alınmaz.”

Pərvin: “Məncə, yaradıcı adam ilk vaxtlarda təcrübəsiz olur, ilhamı boş buraxır bir az... Hansısa əsərə başlamaq  üçün Günəşin batmağını, Ayın çıxmağını, yağışın yağmağını, küləyin əsməyini gözləyir. Amma zamanla bu, idarə olunan hissə çevrilir... Hər kəs bir cür ruhlanır. Mən yazmaq istədiyim bir mövzu ilə beynimi   blokadaya salıram. Məsələn, Jorj Sand haqqında yazmazdan əvvəl onun özünü bir neçə romanını, haqqında yazılan əsərləri oxudum, onunla bağlı çəkilən sənədli və bədii filmlərə baxdım. Və yazı prosesində Jorj Sandın sevdiyi melodiyaları – Şopenin bəstələrini dinləyirdim. Bu metoddan tez-tez istifadə edirəm.”

Tələbələrdən birinin verdiyi suallar isə xüsusilə diqqətimizi çəkdi. O dayanmadan bütün hekayələrin yekununda müəyyən qədər üstüörtülü verilən, obrazların sonrakı taleyi, aqibəti ilə maraqlanırdı. Bu, məni çox sevindirdi. Əgər yazıçı əsərin sonunda oxucunu hansısa mənada “tərpədirsə”, onu nigaran qoyursa, düşünməyə sövq edirsə, bu, əsl yaradıcılıqdı, elə həqiqi bədii əsər dediyimiz də məhz budu.  Buna görə də, gənclər “Gucci Fatoş”, “Samir üçün” hekayələrinin prototiplərinin kim olduğunu və sonda başlarına nələr gəldiyini maraqla soruşurdu.

“Samir üçün” demişkən, məlumat üçün deyim ki, bu günlərdə həmin hekayə Bolqarıstanın “Rosiya seqodnya” qəzetində rus dilində işıq üzü görüb. Hekayəni və onun müəllifini oxuculara təqdim edən şairə Nataliya Yermenkova Pərvin haqqında “Qəlbi isidən Ulduz” adlı esse yazıb. Qeyd edim ki, bu hekayə Litvada “Şimal Afinası” qəzetində “Samiriu” adı ilə, Latviyada, Türkiyədə “Qardaş qələmlər” dərgisində, Rusiyada “Avrora 2” jurnalında işıq üzü görüb.

Tədbirin sonlarında tələbələr gənc müəlliflərdən öz əsərlərindən parçalar oxumağı xahiş etdilər. Bu isə günün ən şən, xoş zarafatlarla yadda qalan məqamı oldu. Feyziyyə qonaqlar üçün “Hər şey vədəsində bitməliydi əslində, vədəsində” şeirini oxudu. Poeziyaya, şeirə vurğun olan gəncliyimiz şairəni alqışlarla mükafatlandırdılar. Növbə Pərvinə gələndə o, özünəməxsus yumorla, şux zarafatlarla tələbələrdə xoş ovqat yaratdı: “İndi sizə rəhmim gəldiyi üçün burda “Balerina”nı oxumuram. Yoxsa, səhərəcən qalarsız burda. Son günlərdə “Unudulmaz sevgi şeirləri”silsiləsində Əliağa Vahidin qəzəlinə yazdığım “Canan sevir səni” essemi oxuyacağam...

Görüş zamanı bu günün səbəbkarlarına – Pərvinə və Feyziyyəyə baxdıqca sevinirdim, ədəbiyyatın aydın sabahına inamım daha da böyüyürdü. Bu gənclər ədəbiyyat aləminə qədəm qoyduqları ilk gündən zamanla nəsrimizi və poeziyamızı “saran” mövzulardan və onların çərçivələrindən kənara çıxaraq, bütün “izm”lərdən uzaq olan, ənənələrimizə söykənib ədəbiyyatımıza yeni düşüncəsi və fərqli baxış açısı olan obrazlar, xarakterlər gətirərək quru təsvir və təhkiyə deyil, həqiqi mənada poetikası olan orijinal proza, sadəcə qafiyəli nəzm deyil, sərbəst poeziya nümunələri yaradırlar.

 





20.05.2013    çap et  çap et