525.Az

Allahşükür Ağanın şeirləri


 

Allahşükür Ağanın <b style="color:red">şeirləri</b>

Qış səhəri

Baxırsan uzaqdan tüstülənir kənd,
Açılıb mal-qara örüşə gedir.
Qışın acığına sanki uşaqlar
Məktəbə gülüşə-gülüşə gedir.

Körpə layla bilir çovğun səsini
Ayılır, yenidən yuxuya düşür.
Tülkünün qar üstə qalan izindən,
Səhərlər toyuqlar qorxuya düşür.

Tüstülər bacadan burulub çıxır,
Sanki kənd evləri qəlyan yandırır.
Qar üstə yayılan xoruzun banı,
Bir arıq tülkünü yaman yandırır.

Durna olmaq istəyirəm

Gecələrin ulartusuna qoşulub getmək,
Yazdan qışa
Qışdan payıza, yaya
Qəfil düşüb
Uzaqlığın üzündən öpüb
Bir durna səsi tək yerə
Enmək, necə gözəldi.
Daş kimi yox,
Bir az yayına - yayına,
Yellənə - yellənə
Bir şəhid atasının qulağına düşmək:
- Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla, - söyləmək,
Necə gözəldi.
Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl - ayağını,
ağırlığnı çəkmək yer üzündən.
Lap acıqca dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara;
Müharibə bitdi, müharibə bitdi-
Nə gözəl!
Bu səsi gətirmək üçün
getmək istəyirəm uzaqlara.

Ağ köynəkli May

Yenə gəldi ağ köynəkli May,
Soyuq dondurmalar,
Ağ çiçəklər fəsli...
Dəstə - dəstə məktəblilər
Məktəb həyətində
kəpənəyə bənzədilər....
dünyamızı bəzədilər.

Ağ köynəkli Mayın
bir köynəyi var,
o köynəyin altında
bir göynəyi var.
Hər dəfə gələndə May,
O köynəkdən,
O göynəydən
Şeir axır,
Axır izi qalır üzlərdə
Təbəssüm kimi.

Gəldi yenə ağ köynəkli May
Açdı ürəyimizin
Qapısını
Taybatay.
Yenə ağ köynəklərin yaxası titrər
Ürəyin döyüntüsündən.

Mənə elə gəlir Mayda
Qızlar ürəklərini kəpənək kimi uçururlar.
Ağ köynəklərə,
Ağ köynəklilərə.

Çayda balıq söhbəti

Çaylar fikirləşir balıqlar ilə,
Yenə də biri kəm gəlir balığın.
Bəlkə çayın fikrindən çıxır,
Balıqların sürəti.
Bəlkə balıqları gizlədir qayaların kölgəsi.
Bəlkə çayın hirsi balıqları güldürür,
Gülüşə - gülüşə
Balıqlar sahilə düşür.

O balığa bax,
Necə gedir fikrimin son ucunda,
Bir az dayanıb yol ayrıcında ,
Dönüb sağa, yenə gedir.
Diqqətim düşüb dalınca,
Mən də diqqətimin,
Mənim dalımca, oğlum, nəvəm,
Gedirik,
Dəlisov bir balığın dalınca.

Əslində, su tordu balığa,
suya tordu çay yatağı.
mənə tordu diqqət,
diqqətə oğul,
oğula nəvə.
Demək, həyat belə.

Hamı elə bilir,
Çaylar içindəki balığın sayını bilmir.
Hayhay,
Əgər çay itirsə bir balığını,
O saat tökər qaş-qabağını.

Uşaq bağçasında düzələn sıra

Keçir küçələri, maşınlar durur,
Tutub bir - birinin əlindən, gedir.
Bir az isti - isti əsir küləklər,
Öpüb körpələrin telindən, gedir.

Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar,
Uşaq əllərindən, uşaq gözündən.

İlahi, nur elə, gur işıq elə,
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.

Alıb əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat durub.

Ləpir

Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək, yaşayıram.

Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...

Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla”.

Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...

Gəzir

Ot basıb dağların cığırlarını,
Çəmən ayaq gəzir, çöl ayaq gəzir.
Hamı batıb şirin-şəkər yuxuya,
Göylərin köksündə Ay oyaq gəzir.

Çəkilib əl-ayaq, gəlmir səs - səmir.
Hər şey gizlindədi, hər tərəfi sirr.
Yazdığım nəğmələr ölmək istəmir,
Düşüb səslənməyə dil - dodaq gəzir.

İçində ölçünü, qədərini qur,
Nizamı olmayan yıxılır, uçur.
Sən Allah, gözümün qabağında dur,
Gözlərim özünə bir dayaq gəzir.

Bayraq şəkli

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə
çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ordenləri
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.
Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...

Bir it qaçırdı yolla...

Bir it qaçırdı yolla,
Boynunda zənciri sürüyə - sürüyə,
Başqa itlər də itin yanınca
yüyürə - yüyürə,
Uşaqlar da itin arxasınca qaça-qaça
Gedirdi bir kənd.

Əslində, tamaşaydı bu,
adamlar dayanıb baxırdılar
itin qaçışına.
Zəncirini sürüyə - sürüyə
Aparmağına.
O zənciri necə
Qoparmağına.

Heç nəyin fərqində deyildi it,
İt çəkib aparırdı azadlığını.
Bir də onun azadlığını boğan
əllərimizi...
Biz də əllərimizin arxasınca
qaçırdıq.

Təzad

Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?..
Olum və ölüm kimi.
Və yaxud
Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.

Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan
həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.

Hayıf

Çiçəklər arını sərxoş eylədi,
Çiçəyi xar olan arıya hayıf.
Yoxdur nəvələri nağıl danışa,
Qocalan, sınıxan qarıya hayıf.

Açıb söyləməyə bir söz yoxuydu,
Sinə yandırmağa bir köz yoxuydu,
Barının dalında bir qız yoxuydu,
Ayaq sındırmayan barıya hayıf.

Ulduzlar göylərdə bir toz kimidi,
İynənin gözü də ulduz kimidi.
Dünya gözlərimdə bir qoz kimidi,
Daha hara deyim, haraya hayif?

Vaqon qafiyəsi

Siz gecə qatarlarını duyursunuzmu?
Gecənin bağrını yara-yara
uçduqlarından,
Ürək döyüntülərindən,
İçindəki xorultudan,
Yuxusu gəlməyəndən xəbəriniz olurmu?

Qadın bələdçilərinin
Düz ayaqları
Yol polisinin yola duşlanan ağacı kimi
Necə parıldayır gecələr,
Bilirsinizmi?

Vaqonların yarı işıq korudorunda
Qadın ayaqları
gecə lampası kimi necə görünür,
Xəbəriniz var?

Hardan biləsiniz, ay bədbəxtlər,
İndi yatırsınz.
Vaqon bələdçisinin ayaqlarına görə
mən gecə qatarlarını sevdim...

Vaqon pəncərəsindən düşən ay işığının
Vaqon bələdçisinin ayaqları ilə
necə qafiyələndiyini bilsəydiniz əgər ,
Bir il bundan qabaq yazdığınız şerləriniz
Qafiyə ucundan ölməzdi.

Yağış

Uca göylərdən ayrılıb,
Yerlərə süzülən yağış.
Çırpılıb daşa-torpağa,
Damcısı əzilən yağış.

Bir anda sıxılan kimi,
Buludlar dağılan kimi.
Uşaqlar yıxılan kimi
Dodağı büzülən yağış.

Goynən uçan “qu”ya dönər,
O sirr olan “o”ya dönər.
Yerə düşər, suya dönər,
Haqq kimi nəzilən yağış.

 





29.07.2017    çap et  çap et