525.Az

Yüz Gözəl Sevgi Şeiri- “Orda Varam Mən...”


 

PƏRVİNin təqdimatında

Yüz Gözəl Sevgi Şeiri- <b style="color:red">“Orda Varam Mən...”</b>

Sevməyi günah, aşiq olmağı zəiflik sayan ruhsuzlardan yorulub dünya... Özünü ağıllı zənn edən kəslərin bütün qəlbi, ruhu ilə məhəbbət fırtınasına tuş gəlmişlərə yazıq, zavallı kimi baxması çağdaş zamanədə təbii haldı... Amma bu sevgi görməmişlərinin yaxasından eşq qəfildən, lapdan yapışanda aləm dəyir bir-birinə. Ürəyini illərdir konservləşdirmiş adam naşılığı ucbatından çox gülünc görünür... Amma bu ayrı mövzudu. Çünki Bəxtiyar Vahabzadənin “Bəxtiyaram mən” şeirinin məhəbbətdən xəbərsiz binəvalara dəxli yoxdur. Əksinə, şair əsl sevginin dadını, duzunu bilən sevgilidən, aşiqdən söz açır. Və demək olar ki, hər misrasıyla qəlbsizlərdən bezmiş dünyanın ürəyindən tikan çıxarır.  Şeiri oxuduqca bütöv bir hadisə təsəvvürə gəlir. Şairin qarşısına ömrün payızında çıxmış Qadın dünyanı, fəsilləri, illərin sürətini, yaşamağın anlamını, bir sözlə hər şeyi dəyişib, gözəlləşdirib. Bəxtiyar Vahabzadə bütün bu mənalı, dərin hisslərin görünən tərəfi, zərifliyi ilə yanaşı, altda, gizlində olan məqamlarını da dəqiq təsvir edir. Mənə görə, şeirin açarı ilk misradadır. Aşiq sevginin bu cür incəliklərini, rənglərini, çalarlarını məhz “Ömrün payızında sevib-sevildiyinə” görə duyur, zənginliyini dərk edir. Və əsərdəki bütün təsvirlər, yanaşmalar da həmin dərkdən, bu duyumdan  gəlir. Bu dərkdən, bu duyumdan yaranan şeir həm də öyrədir! Ürəkdolusu sevməyi öyrədir! Həqiqi eşqin bəxş etdiyi gücdən söz açır. Sevgilisinin  arxasınca sürünən kölgə olmağın, Qadının ayaq  qoyduğu yerə baş qoymağın xoşbəxtliyindən danışır... Ömrün payızını bahara çevirməyə qadir, amma ən əsası Qüruru unutduran eşqin böyüklüyünü, xalisliyini çatdırmağa çalışır... Bəlkə elə ona görə də sevməyi acizlik, yaxud günah sayan ürəksizlərə üzünü tutub: “Eşqi günah saymaq özü günahdı” – deyir. Məncə, bu əsərdə təsvir olunan sevgi “sevinc” sözü ilə sinonimdir. Aşiq sevgisi ilə şaddır, sevdiyi üçün güclüdür! Sevgiyə görə minnətdarlıq məqamında isə  müdrik, ağıllı, dərin adamın portretinin cizgiləri görünür.

... Eşqin hərtərəfli gözəlliyini, şirin tamını şairə daddırmış Qadının sonda təriflənməsi, əzizlənməsi də təbiidir.  Axı özü və eşqi BİR ALƏM olmayan xanım necə edə bilərdi bunları?!

... Elə şair də dopdolu xoşbəxtliyi duyduğu, anladığı üçün Bəxtiyardır. Sözün hər iki mənasında!

Bəxtiyar Vahabzadə:
“Səninlə dünyada bəxtiyaram mən”

Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan orda varam mən.

Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
 
Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!
 
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.

 





20.05.2013    çap et  çap et