525.Az

Məscidlər, göyərçinlər və... Bakı


 

Məscidlər, göyərçinlər və... Bakı<b style="color:red"></b>

Bakı... ruhuma məlhəm olan doğma şəhərim indi mənə o qədər yadlaşıb ki, aramızda yerlə göy qədər məsafələr var. Hərdən mənə elə gəlir ki, Bakı paytaxtlıq taxtında gözəlləşdikcə ruhunu soyunub çılpaqlaşır. Mənim doğma şəhərim indi gəlmələriylə o qədər dəyişib ki, köhnə, uşaqlığımın Bakısına heç yamaq da ola bilmir. Bu simasını itirmiş şəhər indi hər addımbaşı gəlmələrinə daha çox oxşayır...

Bakı... mənim qərib şəhərim, sənin o dar küçələrində, səs-küylü məhəllələrində mənim uşaqlıq xatirələrim qəhqəhə çəkir. Darıxmışam, bağ mövsümündəki hasarları balaca bağların üçün. İndi bağların qala qədər hündür və əzəmətli olub. Hasarlar böyüdükcə insanların cılızlaşır, Bakı. Darıxmışam, böyükləri yuxuya verib qohum-qonşu uşaqlarıyla səhərə qədər yatmayıb ayaqyalın dəniz sahilində günəşi  gözlədiyimiz  günlər üçün. Darıxmışam, qaranquşları yerlə bərabər uçan kəndlərin üçün. Bir də Səriyyə nənə üçün. O qadın uşaq vaxtı həyatımın ən dəhşətli yuxusuydu bəlkə. Bir balaca canıma qorxu düşən kimi məni aparardılar çıldağa. Çıldaq, bütün uşaqların qorxulu yuxusuydu. Səriyyə nənə, hər dəfə əskini yandırıb köz edər, sinir nöqtələrinə yaxınlaşdırar və qorxumu  götürərdi. Burnumun ucu göynəyir indi o çıldaq üçün.

Əvvəllər məhəllələrdə alça, tut ağacları olardı. Yay fəsli bütün uşaqlar üçün əsl bayram idi. Tutun mövsümü başlayan kimi biz uşaqlar əlimizdə sellofan, banka hücum çəkərdik ağaclara. Vampirlər kimi əl ayağımız qıpqırmızı qan rəngində evə qayıdardıq. İndi o tut ağaclarını da kəsib yerində 16 mərtəbələr ucaldıblar.

Bir də bakılıların peşmək dediyi (yeməli şirin pambıq) əyləncəli günlərimiz vardı. Hər həftə pambıq satan əmilər uşaqları başına toplar və 20 qəpiyə “uduşlu pambıq” satardılar. Əllərimiz şirəli qayğısız gülümsərdik. Pambıq kimi tez əriyib getdi o günlər.

Bir də o illərin xatirələrinə ilişib qalan bakılıların çox inandığı pirlər, məscidlər vardı. Mən onda nə dini, nə də Məhərrəmlik günlərində məscidlərə kortəbii axışan o kütləni anlayardım. Elə indi də heç nə dəyişməyib. Məni ən çox Nardaran pirinə aparardılar. Pir qəbirstanlığın içindədir. Kəndin havası, məscidin həyətindəki yaşı yüzü ötmüş tut, əncir ağacları, Xəzər, bir də minarələrin ətrafında qanad açan göyərçinlər... məsciddə ən çox sevdiyim və izlədiyim mənzərə də bu olardı, həmişə. Ziyarətçilər daşlara qənd yapışdırar, dodaqaltı səslə əlləri göylərdə nə isə mızıldanar, Allahdan mərhəmət umardılar. Amma nə yazıq ki, o duaların nə o daşlarla, nə də o qənd parçasıyla bir əlaqəsi olardı. Təkcə o göyərçinlər havada azad qanad açar, bəzən də yorulub minarələrin kənarında qur-qur edib Günəş altında qızınar, azadlığın, ülviliyin sirrini quruldayaraq insanlara anlatmağa çalışardılar...

Mavi səmaların fonunda mavi minarələr və o göyərçinlər...meydan oxuyardı özlərindən aşağıdakı əlacsız insanlara.

Bakı, yaxın gəl, qucaqlaşaq, çoxdandır eyni şəhərdə yaşayıb görüşməyən doğma insanlar kimi. Dəyişsən də, özgələşsən də, səndən ayrılmaq olmur. Sən sevgili kimisən, Bakı –səndən uzaqda yaşamaq olmur...

 





20.05.2013    çap et  çap et