525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Eloiza, mən ümid edirəm ki, sən keçmiş həyatının qaydasızlıqlarına görə peşman olduqdan sonra “möminlərin ölümü ilə öləcəksən”. Eşit, Xilaskar nə demişdir: “Mənim uşağım, özündən imtina et, öz Xaçını götür və mənim arxamca gəl”. Eloiza, sən şübhə edirsənmi? Sənin belə zəif olan könlün sevinmirmi? Onun mərhəmətindən xoşun gəlmədiyinə görə, O, səni məzəmmət edəcəkdir. Sənə əzabları nümayiş etdirəcəkdir.

Eloiza, günahkarlar üçün cəza hazırlanmışdır. Mən həmin qorxulu əzabların təsvirini sənə bildirməyə cəsarət etmirəm, həmin əzablar təsvir olunan hərəkətlərin nəticəsi olur. Onlar özlərini mənim təxəyyülümə təqdim edəndə mən dəhşətə gəlirəm. Yer üzərində gördüklərimiz od ancaq onların yandırdıqları odun kölgəsidir. Mənim Allahım, biz Səni incitməyə cəsarət edərikmi?

Eloiza, məni tərk et, həm də həmişəlik öz ürəyindən də - bu, sənə verə biləcəyim ən yaxşı məsləhətdir. Nəhayət, sənin həyatın Xristə xoş gələn olsa, ölüm sənin üçün arzulanan bir şey olacaqdır. Sənin ruhun bədənini sevinclə tərk edəcəkdir və onun uçuşu birbaşa göylərə istiqamət götürəcəkdir. Onda sən öz Xilaskarının qarşısına əminlik qaydasında çıxacaqsan.

Eloiza, əlvida, bu, sənin əziz Abelyarının sonuncu məsləhətidir. Axırıncı dəfə qoy İncilin idarəetməsinə əməl etməyə səni inandırım. Göylər sənə bir vaxt mənim məhəbbətimlə hissiyyatlı olan bir ürək bəxş etmişdi, indi isə o mənim ciddi-cəhdimlə istiqamətlənməyə tabe olacaqdır. Səni sevən Abelyarın ideyası, ola bilər ki, daim sənin ağlında olacaqdır, indi onu, səhvindən peşman olan bir Abelyarın təsviri ilə dəyiş və sən öz xilasın üçün çoxlu göz yasları axıda bilərsən, necə ki, sən bunu bizim bədbəxtliklərimiz üçün etmişdin.

 

Keşiş atanın xəyanəti oğlunu

məhvə aparır

 

İngilis yazıçısı Etel Lilian Voyniçin XIX əsrin sonlarında yazdığı “Ovod” romanı qısa müddətdə məşhurlaşmış, rus yazıçısı F.M.Dostoyevskinin xristian dinini təbliğ edən əsərlərinə kəskin bir cavab kimi meydana çıxmışdı. Dostoyevski insanların xoşbəxtliyini xristian dininin zəfərində görürdü, Voyniç isə xristian kilsəsinin xalqa deyil, hakimiyyət dairələrinə qulluq göstərməkdə, zülmə qarşı mübarizə qüvvələrini sarsıtmağa cəhd etməkdə ittiham edirdi. Əsərin qəhrəmanı Artur - Ovod italyanların Avstriya ağalığına qarşı mübarizəsinə qoşulmaqla yanaşı, kilsəni, din xadimlərini addımbaşı ifşa edir. Axı o, özü də keşişlərin xəyanətindən ağır əzablar çəkmişdi. Keşiş olan bioloji atasının və onun silahdaşının xəyanəti nəticəsində həbs olunmuş, sıralarında mübarizə apardığı gizli təşkilata ağır zərbə dəymiş, buna öz səhvinin səbəb olduğunu anladıqda, özünü intihar edən kimi qələmə verərək, gizli surətdə İtaliyadan Cənubi Amerikaya qaçmışdı. Burada o, Dante cəhənnəminin doqquz dövrəsindən keçmiş, günlərlə ac qalmış, şəkər qamışı plantasiyalarında qul kimi işləmişdi.

Romanın “Ovod” adını müəllif böyük yunan filosofu Sokratın tarixçəsindən götürmüşdü. Afina hakimiyyətinin üzvləri onların qüsurlarına qarşı çıxış etdiyinə görə onun ölüm cəzasına məhkum olmasına nail olmuşdular. Məhkəmədə müdafiə qaydasında çıxış edən Sokrat özünü Ovoda - mozalana bənzətmişdi. Mozalan tənbəl, yavaş tərpənən atı öz sancmaları ilə cana doydurur, onu sürətlə hərəkət etməyə məcbur edir. Sokrat da afinalılarla belə davranırdı. Romanın qəhrəmanı da yunan filosofu kimi öz əqidəsinə sədaqəti ilə fərqlənir. İngilis Artur Berton ovod-mozalan kimi italyanların yadellilərin ağalığına dözən əksər hissəsini Avstriya işğalçıları ilə mübarizəyə səsləyir.

Artur çox gənc yaşlarından inqilabi qrupa qoşulur və oradakı iştirakını universitetdəki sevimli müəllimi kimi Montanelliyə danışır. Keşiş öz doğma oğlu olan Arturu təhlükədən uzaqlaşdırmaq məqsədilə kilsədə tövbə etməsini məsləhət görür və Artur onun kolleqasına öz qısqanclığı barədə etirafını söylədikdə, təşkilatın rəhbəri Covanni Bollanın adını çəkir. Axı onların hər ikisi mübarizə qrupunun üzvü olan gözəl Cemmaya vurulmuşdu. Çox keçməmiş həm Artur, həm də Bolla həbs edilir. Həbsdən azad olan Artura keşişlə söhbətdə təşkilatı satdığı və ona görə də həbs olunduqları aydın olur. Həm də bu vaxt o, Montanellinin oğlu olduğunu öyrənir.  (Britonların V-VI əsrlərdə yarıməfsanəvi kralı olmuş Arturun adı da yəqin ki, uşağa bu biabırçılığı ört-basdır etmək üçün qoyulubmuş-məqalə müəllifi).  Ögey qardaşı ona ölən anasının keşişlə birgə imzaladığı ərinə ünvanlanan etiraf məktubunu göstərir. Artur üstünə yağan bədbəxtliklərdən qaçmaq üçün şlyapasını kanala atmaqla özünə qəsd etməsi səhnəsini yaradır və gəmi ilə Cənubi Amerikaya yollanır. 13 il sonra İtaliyaya qayıdıb, Rivares adı altında yenə mübarizəyə qoşulur, Avstriya işğalçılarına, katolik kilsəsinə, birbaşa yepiskop Montanelliyə qarşı sərt məzmunlu pamfletlər yazır. İnqilabçı dəstə yeni qəsd hazırlayır və onun icrasını Artur öz üzərinə götürür. Əməliyyat vaxtı isə həbs olunur. Bioloji atası, Montanelli həbsxanada onun yanına gəlir, hər şeyi etiraf etməsini məsləhət görür, onun xilas yolunu bunda görür. Lakin Artur atası qarşısında sərt bir şərt qoyur. Keşiş öz Allahından üz döndərsə, ona oğul olacağına razılıq verəcəyini deyir. Yepiskop ona nə qədər yalvarsa da, Artur öz tələbindən dönmür. O, hərbi-səhra məhkəməsində mühakimə edilir və məhkəmənin hökmü ilə güllələnir. Bu, həm də oğluna xəyanət edib, sonra isə dinə sədaqətinə görə ondan imtina edən Montanellinin mənəvi və fiziki sonluğuna çevrilir.

Montanelli oğlunun qətlinə görə dəli olur, kilsəyə gələn dindarları adam yeyənlər, meyitlə qidalanan quzğunlar adlandırır, onlara görə oğlunu qurban verdiyindən şikayətlənir. O, dini rəmzi döşəməyə çırpıb sındırır. Bir neçə gün sonra Lorentso Montanelli ürək partlamasından ölür.

Artur ilk dəfə keşişlər tərəfindən aldadılmaqla, öz mübarizə yoldaşlarına xəyanətə yol vermişdi. Bu xəyanətin də bünövrəsini guya nəcib məqsəd naminə birbaşa öz atası qoymuşdu. Ata ikinci dəfə yenə ona öz mübarizəsindən əl çəkmək barədə yalvarırdı. Dinin aliliyinin öz xadimlərini kölə vəziyyətinə salması belə qeyri-humanist, hər cür əxlaqdan kənar münasibətlərə və faciəvi hadisələrə gətirib çıxarır. Bunun insanlığa zidd olduğunu duyanlar az sayda olsalar da, onlar hətta Allaha qarşı da üsyana qalxmağa hazır olduqlarını bildirirlər. Axı çoxları Bibliyadakı İov deyil ki, Allahın ona hər cür xəstəliklər və bədbəxtliklər göndərdiyini bilə-bilə, ona sədaqət göstərməkdə davam etsin ki, nə vaxtsa Allah onun sədaqətini, hər cür bəlalara etiraz etmədən dözdüyünü qiymətləndirəcək, çəkdiyi əzablara görə mərhəmət göstərməklə onu lazım olduğundan artıq dərəcədə mükafatlandıracaqdır. İnsanı taqətdən salan sınaq ağır olduğundan və onun mükafatı böyük qiymətə başa gəldiyindən, belə mərhəmət nəticə etibarilə hətta öz əhəmiyyətini, əslində mahiyyətini də itirir.

İnsanlar çox vaxt digərinə bəslədikləri ülvi hisslərini heç nəyə, hətta hansısa bir müqəddəsliyə də qurban vermək istəmir, axı o, özünün məhz insana xas olan təbiətinin qeyri-adi sevinc bəxş edən təntənəsinə, zəfərinə nail olmuş, fəth etdiyi bu zirvəni axirət dünyasında vəd edilən hansısa Yelisey çölünə, cənnətə dəyişmək istəmir. Real həyatda qədəm qoyduğu və cənnət meyvəsi hesab etdiyi bəxt hədiyyəsi ilə o, xudahafizləşməlidir ki, həyatdan köçdükdən sonra hansısa bir təxəyyül olunan cənnətdə, müqəddəsliyin mərhəməti və köməyi ilə məskunlaşa bilsin. Axı heç kəs əlindəki arıquşunu göydəki durnaya dəyişmək istəmir, axı ənginliklərdə pərvazlanan durnaya sahib olmaq olduqca müşkül məsələdir, əslində, xəyaldan başqa bir şey deyildir. Kim Yer üzərində, şəxsi həyatında qazandığı xoşbəxtliyi  hansısa ehtimala qurban verməklə, o dünyadakı güman edilən və dini rəvayətlərdən başqa, real olaraq heç nəyə əsaslanmayan cənnətlə dəyişməyə razılaşar. Axı burada tələb olunan qurban elə bir nəcib məqsədə, mənəvi fədakarlığa görə deyil, yalnız dinin irəli sürdüyü, obrazının da mövcud olmadığı vədlərə əsaslanır. Bu vədlərin həyata keçməsi imkanları və vasitələri aydın olmamaqla, hindlilərin ənənəsindəki adamın gələcək taleyində rol oynayacaq karma kimi qeyri-müəyyənlik rəmzindən başqa bir şey deyildir. Dinin bir sıra tələblərinə kor-koranə tabe olmaq ağıl, şüur köləliyinə yaxınlaşmağa bənzəyir. Axirət dünyasına ifrat inam bəsləməklə, real həyatın real fərəhli cəhətlərini kiçiltmək daha çox ağılın qüsurluluğundan və ya deformasiyaya uğramasından xəbər verir.

 

Qaratikan quşunun intiharı

 

Avstraliya yazıçısı Kollin Makkalounun “Qaratikan quşu” əsəri həm oxucuların, həm də Hollivudun çəkdiyi uğurlu kinofilm hesabına tamaşaçıların böyük marağına səbəb olmuşdu. Roman keşiş Ralf ata ilə gənc qız Megginin sönməz məhəbbətindən bəhs edir və bu cütlüyün taleyinə dinin ağır zərbə vurduğunu göstərir.

11 yaşlı Meggi  adlı qızcığazın valideynləri uşaqları ilə birlikdə XX əsrin əvvəllərində Yeni Zelandiyadan Avstraliyaya, onun ziyadə isti guşəsi olan Droqhedaya gəlirlər. Buradakı varlı qadın Meri Karson qardaşı Peddini öz yanında yaşamağa və öz təsərrüfatında uşaqları ilə birlikdə işləməyə dəvət etmişdi. Dəniz səyahətindən sonra ailə qatarla həmin əyalətə gəldi və Meggi burada ilk dəfə onları vağzalda qarşılayan keşişi gördü. Qızcığazin özü də ilk baxışdan Ralf atanın çox xoşuna gəlmişdi.

65 yaşlı varlı qadın olan Meri Karson cavan, qəddi-qamətli keşişə vurulmuşdu, onu ələ keçirmək istəyirdi. Həm də yaxşı bilirdi ki, başqaları kimi, Ralf da onun özünə deyil, puluna ehtiram bəsləyir. Qadın Ralfa, onu şirnikləndirmək üçün minik atları və avtomobil bağışlamışdı. Keşiş bu cəhənnəm timsalı  olan, tozu, milçəyi və qızmar istisi ilə şöhrət tapmış Droqhedaya yepiskopu təhqir etdiyinə görə gəlib düşmüşdü. Qadın inanırdı ki, o, gələcəkdə kardinal olacaqdır. Ralf isə belə möcüzənin baş verəcəyinə inanmırdı. Keşiş həm də öz davranışı ilə regionda yaxşı nüfuz qazanmışdı.

Malikanə sahibi olan qadın öz şəh

vət istəyinə nail olmaq üçün hər şeyə əl atırdı, bəzən keşişə hiddətlənib acı sözlər də işlədirdi. Bir dəfə ona demişdi ki, səni məcbur edəcəyəm ki, ən pozğun fahişə kimi özünü satasan, bunu isə yalnız zaman göstərəcəkdir.

Bir neçə ildən sonra Meggi artıq qadına çevrilmək metamorfozalarına uğrayırdı. İlk aybaşısı olanda bərk qorxmuşdu, güman edirdi ki, bu, xərçəng xəstəliyinin əlamətidir. Ralf onu başa saldı ki, səndə heç bir xəstəlik yoxdur, bu qanaxma bütün qadınlara xasdır, ayda bir dəfə bir neçə gün ərzində baş verir. Qızlarda bu, 12-13 yaşlarında başlayır, bu vaxt Megginin isə artıq 15 yaşı var idi. Hər ay qanın axması qızın həddi-buluğa çatması, uşaq doğmağa qabil olmasının başlanması əlamətidir. Gərək anası Meggiyə bunu başa salaydı.

Bu yeniyetmə qız üçün Ralf ata sevimli bir büt, Göy qübbəsindəki yeni bir Günəş idi. Onlar birgə at çapanda dostluq şüası buraxırdılar, bu isə özlüyündə intim yaxınlığa bərabər idi. Çünki qız keşişi sevirdi, yaşı otuzdan yuxarı olan bu kişi açılmamış qızılgülə bənzəyirdi, yazıq qız axı ondan başqa heç bir kişini görməmişdi.

Artıq 72 yaşında olan Meri evində rəqs gecəsi təşkil etmişdi. Burada iştirak edən Meggi keşişə olduqca gözəl göründü. Qadın isə ömrünün bu son gecəsində Ralfa dedi ki, əgər mən cavan olsaydım, səni hökmən ələ keçirərdim. Həyatımın otuz ilini pəncərədən kənara ata bilsəydim, əgər şeytan ruhumu satın almaq istəsəydi, mən o dəqiqəcə onu satardım və səfeh Faust kimi olmazdım. Keşişə müraciətlə dedi ki, səni məhv etməyə sevinərdim. Keşiş isə bildirdi ki, mən başqa qadınlar barədə deyil, yalnız Meggi barədə düşünürəm. Qadın patetik qaydada bildirdi ki, mən səni sevmişəm. Axı səfeh bədənim içərisində mən hələ gəncəm. Qoca yaş qısqanc Allahın mənə ünvanladığı ən böyük intiqamdır. Qadın qərara aldı ki, Meggi ilə Ralfın birləşməsinə imkan verməyəcəkdir, açıqca dedi ki, o qıza, sən onu sevdiyinə görə nifrət edirəm. Bu vaxt keşişə bir məktub verdi və onun öz meyitini görməyənə qədər məktubu açmayacağı barədə and içdirdi. Səhərisi günü isə Meri Karsonun ölüm xəbəri yayıldı.

Məktubda qadının mülkiyyətinin keşişə çatması barədə vəsiyyəti var idi. Evində isə qardaşının ailəsinin yaşamasına icazə verirdi. Ralf ataya bütövlükdə 30 milyon funtluq mülkiyyət qalırdı. Bu pulun hesabına o, kardinal ola bilərdi.

Bu vaxt 17 yaşı olan Meggi cəhalətin və mənəviyyatın qarışığı, sintezi kimi idi. Keşiş onu sevdiyini dedi, həm də əlavə etdi ki, bu, heç də kişi kimi sevmək deyildir. Keşiş vəsaitindən Meggiyə və anasına, hər birinə ildə 2 min funt məbləğində olmaqla pul ayırdı. Meridən miras qalan “Roll-Roys” da onların sərəncamında idi.

(Ardı var)

 





31.07.2017    çap et  çap et