525.Az

“Ulduz”un iyul sayı


 

“Ulduz”un iyul sayı<b style="color:red"></b>

“Ulduz” jurnalının iyul sayı nəşr olunub.     

Jurnal Xalq şairi Sabir Rüstəmxanlının “Əlli il...üstəgəl iki gün” adlı ekspert yazısı ilə açılır. Ekspert gənc yazarlar haqda fikir bildirməyin onunçün maraqlı olduğunu deyib: “Əvvəla, dərginin bir sayını əvvəldən axıra oxumaqla ədəbiyyatımızda ilk addımlarını atan gəncləri daha yaxından tanımaq marağındaydım; başqa vaxt belə diqqətli yanaşmırsan, sürətlə oxuyub keçirsən; rəy bildirməyin isə ayrı bir məsuliyyəti var. Gənclərə qarşı yolun başlanğıcında diqqətli və qayğıkeş olmaq borcumuzdur”.

S. Rüstəmxanlı jurnalın onun həyatında oynadığı rolu vurğulayıb: “Bir çoxları kimi mənim də həyatımda “Ulduz”un müəyyən rolu var. Düzdür, mənim əlimdə “Ədəbiyyat və incəsənət” qəzeti kimi böyük tribuna var idi, orda ardıcıl çap olunurdum, lakin “Ulduz” da gənclər üçün arzu olunan yaradıcılıq meydanı idi. Jurnalda ilk dəfə “Kəndimizin qızlarına” və “Muğam təpələri” adlı iki şeirlə çıxış etmişdim. Maraqlıdır ki, ilk kitabıma yol açan da elə bu iki şeir olmuşdu”.

Ekspert rəyini Namiq Hacıheydərlinin “özüylə söhbəti” və “Əski türklərin qutsal sayı - doqquz” yazısı izləyir. Özüylə daha çox fəlsəfi söhbətə üstünlük verən araşdırmaçı kainatı öyrənmək, yaradılışın sirləri və ədəbiyyatdan bəhs edib: “Təbiətdəki harmoniyanı pozan tək canlı insandı. Balıqların yaşadığı dəryalardan tutmuş, heyvanların yaşadığı meşələrə, quşların yaşadığı göylərə qədər hər yerdə ekoloji tarazlığı pozmuşuq... İnsanın kamilləşəcəyinə inamım sonsuzdur. Kamil insan, Nəsimi demişkən, “Kainatın sirrinə vaqif olacaq”.

“Şeir vaxtı” bölümündə Mətləb Ağa, Əlirza Həsrət, Rəfail Tağızadə və Aləmzər Sadıqqızı yaradıcılığından nümunələr verilib.

“Debüt”də Arzu Göytürk və Vəliyulla Novruzdur.

Aydın Tağıyevin “Köynək”,  Qalib Şəfahətin “Hamilə” hekayələri, Zərifə Əliqızının “Münasibət” novellası “Nəsr” bölümündə öz əksini tapıb.

“Anım” rubrikasında Cavanşir Yusifli “Sehirli sözlərin şairi” Adil Mirseyidin poeziyasından söz açıb.

“Müsabiqə” bölümündə Qəşəm Nəcəfzadənin “Ən yaxşı uşaq şeiri” müsabiqəsində təqdim olunan şeirlər barədə qeydləri dərc olunub. Bölümdə qaliblərin yaradıcılığından nümunələr də verilib.

Xatirə Xatunun qəzəlləri “Qəzəl de ki” rubrikasında yer alıb.

“Sənət” rubrikasında Samirə Əşrəf “Vicdan əzabı çəkən rejissor Stenli Kubrik”in kino-yaradıcılığına nəzər yetirib.

“Qısa fikirlər xəzinəsi”ndə Budda, Konfusi, Mahmud Qaşqarlı, İmam Qəzali və bir çox mütəfəkkirlərin hikmətli kəlamları var.

Professor Alxan Bayramoğlunun “Bircə günün hekayəti, yaxud M. M. Axundov jurnalistika haqqında” yazısı, Tural Cəfərlinin “Sonuncu dua” essesi də jurnalın bu sayındadır.

Rafiq Hümmətin təqdimatında gürcüstanlı yazıçı, şair Quri Otobaianın şeirləri “Tərcümə saatı” rubrikasında işıq üzü görüb.

“Tribuna”da filologiya elmləri doktoru Almaz Ülvidir. Müəllif “Əbdürrəhman Caminin “Baharıstan” təzkirəsi və əsərin 7-ci Rövzəsi”ni araşdırıb.

“Bölgələrdən soraqlar” bölməsində Bilal Alarlının təqdimatında Səfail Aqiloğlu, Rüfət Sabirli, Sənəm Şahməmmədli, Rafət Arifoğlu, Bəhruz Babaşov, Günəş İbrahimova, Hamar Dadaşzadə, Milana Canızadə, Lalə İsmayılova və Allahşükür Alaşarlının şeirləri, Amid İsmayılovun “Dəyər”, Nərmin Babayevanın “Yaşayan ölülər” yazıları dərc olunub.

“Dərgidə kitab” layihəsinin budəfəki qonağı yazıçı Aslan Quliyevdir.

Müşfiq ŞÜKÜRLÜ

 





31.07.2017    çap et  çap et