525.Az

Dilimiz – varlığımızdır


 

(1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür)

Dilimiz –  <b style="color:red">varlığımızdır</b>

“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

Heydər Əliyev 

Dilimiz dünya dilləri arasında 

BMT-nin hesablamalarına görə, dünyada 6 min 700-ə yaxın dil mövcuddur. Bu dillərin 96 faizi dünya əhalisinin cəmi 4 faizi tərəfindən işlənilir və yalnız 5 faizindən fəal istifadə edilir.

ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə, dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq. Hazırda mövcud olan dillərdən 28 faizində cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki, həmin 28 faiz son dərəcə təhlükə altındadır. Əfqanıstandakı tirahi dilində cəmi 100 adam danışa bilir. Məhv olmaq təhlükəsi altında olan dillər əsasən Yeni Qvineya, Qafqaz və Sibirdə yaşayan xalqlardır. Dili olan xalqların yalnız 193-nün müstəqil dövləti var.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir, bu dil ölkəmizdə yaşayan 10 milyona qədər vətəndaşın, müxtəlif xalqların, etnik qrupların əsas ünsiyyət vasitəsidir.

Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Bu dil hazırda İraqın Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayan 200 min civarında kərkük türkləri, türkmanların da ana dilidir. Son məlumatlara görə, ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı yaşayır. Rusiya Federasiyası, Gürcüstan, Almaniya, Ukrayna, Əlcəzair, Əfqanıstan, Banqladeş, Misir, Böyük Britaniya, Hindistan, Kanada, Pakistan, ABŞ, Qazaxıstan Azərbaycan əsilli əhalinin ən çox yaşadığı ölkələrdir.

BMT-nin planetdəki demoqrafik proseslərə həsr olunmuş son hesabatında göstərilir ki, 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyona çatacaqdır. Həmin proqnoza görə, bu müddət ərzində Ukrayna əhalisinin sayı 45,5 milyondan 33 milyona, Belarusun əhalisi 9,4 milyondan 7,5 milyona, Gürcüstanın əhalisi 4,5 milyondan 3,5 milyona, Ermənistanın əhalisi isə 3,2 milyondan üç milyon nəfərə enəcəkdir. Azərbaycan artıq əhalinin təbii artım göstəricilərinə görə birinci tip ölkələr qrupuna daxil olmuşdur, əhalinin artımı üçün “münbit” şərait mövcuddur.

Məlumdur ki, latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı ilk qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövründə, 1918-ci ildə qəbul edilib. Lakin Cümhuriyyətin süqutu bu prosesi yarımçıq qoyub. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda digər türk xalqları ilə birlikdə, Azərbaycanda da latin qrafikasının tətbiqi barədə yekdil qərar verilib. Ancaq 30-cu illərdən başlayan repressiya və türk düşmənçiliyinin davamı olaraq, 1939-cu ilin 11 iyulunda Azərbaycanda kiril əlifbasına keçilməsi barədə göstəriş verilib və 1940-cı ildən tətbiqinə başlanıb.  

Heydər Əliyev və Azərbaycan dili 

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirilib. 4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı fərmanla “Azərbaycan Dili və Əlifbası Günü”nü təsis edib və hər il avqustun 1-də bu gün qeyd edilir. Dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılıb. Belə ki, “Dövlət Dili haqqında” Azərbaycan Pespublikasının Qanunu (30 sentyabr 2002-ci il), “Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-cü il ), “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” (12 yanvar 2004-cü il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” ( 23 may 2012-ci il), “ Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi –texniki bazasının gücləndirilməsi haqqında” ( 29 may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması barədə” ( 9 aprel 2013) Prezident fərman və sərəncamları imzalanmışdır.

Heydər Əliyev Dövlət dilimizin adı ilə məsələyə nə qədər həssaslıqla yanaşmasını onun çıxışından bu sitat da təsdiq edir: “1995-ci il oktyabrın 31-də Elmlər Akademiyasında bütün ziyalıların nümayəndələri bu məsələni müzakirə etdilər. 25-dən çox adam çıxış etdi. Mən bununla qane olmadım. Noyabrın 2-də Konstitusiya Komissiyasının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədər müzakirə apardıq. O müzakirədən sonra bəlkə də qərar qəbul etmək olardı. Görürsünüz ki, mən bu gün Konstitusiya komissiyasının və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə də davam etdirirəm”.

H. Əliyevin Azərbaycan dilinin Konstitusiyamızda əks olunması barədə fikri də maraqlıdır: “Heç kəs deyə bilməz ki, XII əsrdə kim nə deyibsə, o bu gün bizim üçün ehkamdır. Heç kəs deyə bilməz ki, XV əsrdə kim nə deyibsə, o da bizim üçün ehkamdır. Bunu nəzərə almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz dövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir konyukturaya yol verməməliyik. Hansısa bir qərarı qəbul edəcəyiksə, - bu, kimin xoşuna gələcək, ya gəlməyəcək, - bu bizi narahat etməməlidir. Biz onu həqiqət əsasında qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik: Bağışlayın, biz sizinlə qardaşıq, amma biz dilimizi belə etmək istəyirik. Mən bununla da razı deyiləm”.

O deyirdi ki, Azərbaycanda, İranda, Türkiyənin şərq hissəsində yaşayan və eyni dilə mənsub olan insanlar əsrlərlə yadelli şahlıqların, sultanların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilini itirməyib, yaşadıb, böyük şəxsiyyətlər yetirib və keçmişdə də, elə XX əsrdə də biz danışdığımız dildə danışıblar, ona görə öz əcdadlarımıza daim minnətdar olmalıyıq. Dilimizin dövlət dili statusu alması yalnız 1978-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit olunubdur. O, deyirdi: “Məhz bu dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya tanıda bilmişik. Məhəmməd Füzulini də, Nəsimini də, Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid Əzim Şirvanini də, Abbasqulu Ağa Bakıxanovu da tanıtmışıq və bütün bunların hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlərdə, dövrlərdə məgər dünyada bu qədər məşhur olublarmı? Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir və bunların hamısı da Azərbaycan adı ilə, dili ilə bağlı olubdur”.

Heydər Əliyev XX əsri Azərbaycan dilinin inkişafında məhsuldar bir dövr kimi səciyyələndirirdi: “Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir...Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi - nəzərdən düzgün deyil - həm tarixi nöqteyi - nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil”. Müdrik şəxsiyyət tarixi keçmişimizin dərslərini yada salır, unutmamağı, ibrət almağı tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. O, keçmişimizi, soy-kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: “Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”.

Real tarixi gerçəkliyi, sadə həqiqəti də göstərir, deyirdi ki, bütün dünya bizi azərbaycanlı kimi tanıyır və dilimizin adı da Azərbaycan dilidir. Belə olan halda, dilimizin adını dəyişməklə biz dünya ictimaiyyətini çaşdıra bilərik və birdən-birə dünyanı bu istiqamətdə maarifləndirmək heç cür mümkün ola bilməzdi: “Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır...Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm, yenə də deyirəm, - türk dilləri qrupuna məxsus olan digər dillər, ola bilər, həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir”.

Televiziyalarımızda bu gün baş alıb gedən yad ləhcələrə, qatmaqarışıq ifadələrə, harmoniyasız, ahəngsiz danışıqlara yol verən aparıcılar, sənətçilər təəssüflər olsun ki, böyük şəxsiyyətin uzaqgörənliklə dediyi bu sözləri unudurlar, təmiz dilimizin ahəngini, ritmini tez-tez pozur, yad sözlərlə çirkləndirir, ekran, efir dinləyiclərinin zövqünü korlayırlar.

H.Əliyevin bu müdrik kəlamı gənclərimiz üçün dərin tərbiyə, bilik məxəzidir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Günü-gündən, aybaay inkişaf etmiş reallıqdır”.  

Bilik Fondu dövlət dilimizin öyrənilməsi, işlədilməsini təbliğ edir

Ana dilinə daim xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu öndər Heydər Əliyevin  2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmandan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ““Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətimizin dil siyasətinin təbliği sahəsində maarifləndirmə işlərinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun faəliyyətində əsas istiqamətlərdən bir olmuşdur.

Fəaliyyətinin üçüncü ilinə qədəm qoymuş Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi məhz bu məqsədə xidmət edir.

Rus Pravoslav kilsəsində, udilərin dünyada yığcam halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsində, Qusar rayonunda ləzgilərin yaşadığı Hil kəndində, Oğuz, Qax, İsmayıllı, Şəmkir və Astara rayonlarında, eləcə də Bakı şəhərinin Nardaran qəsəbəsində Fondun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində dövlət dilimizin öyrənilməsi, tətbiqi və təbliğinə xüsusi diqqətlə yanaşılır. Bu məkanlarda yerli əhali, xüsusilə də müxtəlif millətləri təmsil edən etnik qrupların nümayəndələri üçün həm milli birliyin, multikulturalizm ideyalarının, həm də xalğımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən dilimizin təbliği istiqamətində elmi və mədəni-kütləvi tədbirlər keçirilir, Azərbaycan dili üzrə təlimlər təşkil olunur. Rus Pravoslav və Alban-Udi kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində Azərbaycan dili üzrə təşkil edilmiş təlimləri artıq 100-dən çox dinləyici uğurla başa vurmuşdur. Bu dil kurslarında iştirak etmək istəyənlərin sayı isə durmadan artır.

Respublikamızın müxtəlif regionlarında “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Kitabi-Dədə Qorqud” dili keçmişdə, bu gün və sabah” mövzularında silsilə mühazirələr, “dəyirmi masa” və elmi-praktik konfranslar keçirilmiş, Bilik Fondunun mühazirəçiləri olan tanınmış dilçilər, xarici ölkə alimləri maraqlı mühazirələrlə çıxış etmişlər. Akademik Kamal Abdullayevin AMEA İqtisadiyyat İnstitutunun kollektivi və texniki universitetlərin tələbələri qarşısında “Dilçi olmayanlar üçün Ana dili dərsləri”, AMEA-nın İnstitut direktorları Möhsün Nağısoylu və Muxtar İmanovun, tanınmış media nümayəndələrinin Azərbaycan dili ilə bağlı bölgələrin gəncləri və ziyalıları üçün keçirdikləri mühazirələr böyük maraqla qarşılanmışdır. Bilik Fondunda Dilçi lektorlar qrupu yaradılmışdır.

Bilik Fondu xalqımızın qədim tarixə və zəngin ənənələrə malik olan, mədəniyyətimizi və ədəbiyyatımızı yaşadan doğma dilimizin təbliği, qorunması və dəyərli bir sərvət olaraq gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanı davam etdirməkdədir. 

Şəlalə NƏKŞANİ
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun aparıcı məsləhətçisi

 





31.07.2017    çap et  çap et