525.Az

Oralarda kimlər var: İnqilab Həsənli-4


 

Oralarda kimlər var: <b style="color:red">İnqilab Həsənli-4</b>

“GÖRÜŞDÜYÜM SƏNƏTKARLARIN HƏRƏSİNDƏN BİR ŞEY ÖYRƏNDİM”...

ONLAR NƏ DEDİLƏR:
Hacı Rafiq Savalan –yazıçı-jurnalist 

Uşaqlıq illərində az da olsa korluq çəkən, həyatın nemətlərindən doyunca bəhrələnməyən insanlar ailə sahibi olanda övladlarını gözü-könlü tox böyütməyə çalışırlar. Mən özüm də belə olmuşam, dostum, qələm yoldaşım, məsləkdaşım İnqilab da belədi...

      Ötən əsrin 80-ci illərin sonu, 90-ların əvvəlində ölkədə baş verən hadisələr, keyfiyyət dəyişiklikləri çoxlarını həyatlarını yenidən qurmağa vadar etdi. Bu addımı cəsarətlə atanlara, halallarına haram qatmadan pul qazanmağa başlayanlara Tanrı da kömək oldu, peşmançılıqdan qorudu onları...

– Doğrudur, indi kitabım var demək bir az şit səslənir, amma yenə soruşum: kitab çap etdirmisənmi, yoxsa nədən çap etdirməmisən?

– Tofiq, Allah heç bir SÖZ adamının – şairin, yazıçının çörəyini sözdən asılı eləməsin. Sözdən asılı olan çörək çoxlarını əyib, sındırıb, Tanrının sevib-seçdiyi, sözün ağası olmaq üçün yaratdığı dönüb olub sözün qulu və bu qul bir loxma çörəyinin xatirinə bazar adamına çevrilib, “nə yazım, necə yazım ki, daha tez və daha baha getsin...” təfəkkürü, düşüncəsi onu SÖZ meydanından uzaqlaşdırıb, sıradan çıxarıb, var ikən yox eləyib...

1976-cı ildə “Kişisiz evin kişiləri” adlı bir hekayə yazmışdım və elə həmin ildə də “Ulduz” jurnalında çap olundu. O hekayənin əlyazmasını Ramiz Rövşən Filarmoniyanın bağında oxudu və bütünlükdə hekayə barədə bir neçə xoş söz söyləyəndən sonra bir epizoda xüsusi münasibətini bildirdi: kəndin quzularını otaran balaca çoban xalası oğlunun gətirdiyi bağlamanı açıb çəmənliyə sərir, bir baş soğanı yumruğu il əzib duzduyur və başlayır dovğa ilə çörək yeməyə... Ramiz: “Mən heç dovğaynan çörək yeməmişəm, dovğanı yeməkdən sonra elə-belə içmişəm”, dedi. Ulu yaradanımıza min dəfə, milyon dəfə şükürlər olsun ki, biz kənd uşaqlarının çoxu üçün çörəyinin yavanlığı olan, çeşid-çeşid, dadlı-dadlı xörəkləri əvəz eləyən dovğa Ramiz üçün sadəcə ağız dadını dəyişən bir yemək növü olub. Ramiz elə bir ailədə doğulub, elə bir ocaqda dünyaya göz açıb ki, onun süfrəsinə gələn çörək nitqinə gələn SÖZdən asılı olmayıb və o, qeybdən gələn, havada uçuşan səsləri eşidib, sözə çevirib, olub böyük şair, olub SÖZün və SÖZÜNÜN ağası...

Bir də, Tofiq, mən həmişə öz peşəmlə, jurnalist adımla qürur duymuşam, uzun illər də çörəyimi qələmimlə, sözümlə çıxarmışam. Ancaq efirdə deyilən sözdən, qəzet, jurnal səhifələrində çap olunan məqalələrdən, publisistik yazılardan fərqli olaraq kitab çap elətdirib YAZIÇI kimi müxtəlif yaşda, müxtəlif düşüncə tərzində, müxtəlif ovqatda olan və çox vaxt da heç tanımadığın adamların – oxucuların qarşısına çıxmaq son dərəcə məsuliyyətli bir işdir... Yəni YAZIÇI adının yükü çox ağırdı və əgər bu yükü daşıya bilməyəcəksənsə, SÖZdən utanıb bu yükün altına girməməlisən...

Mən də “Kişisiz evin kişiləri”ndən sonra “Bəyaz gecələrin soyuğu”, “Dünyanın qırmızı günü” və bir neçə başqa hekayə, habelə “Qorxu” adlı povest yazsam da, onları kitab kimi çap elətdirib, oxucu qarşısına çıxmağa, özümə yazıçı deməyə ürək eləmədim...

– Ailənə yaxından bələd olmasam da, bilirəm ki, ailə sahibi kimi həmişə var olmusan. Onların sənin işində bir üstünlüyü olubmu? Onların yardımını hiss etmisənmi, şayət indiki xanımına rast gəlməsəydin, bu ömrü yaşaya bilərdinmi?

– Tofiq, dostumuz Qara Tağızadənin sənin toyunda dedikləri yadındadımı? Qara mikrofonu götürüb: – “Əgər Tofiq də evləndisə, daha nə dərdimiz... – dedi və çoxumuz bu sözün dərinliyinə varmadan gülüşdük... Əslində, Qara sənin də əksər tanınan, sevilən qələm dostlarımız kimi hər xanıma könül vermədiyini, seçib-sonaladığını, yaxşıların yaxşısını axtardığını nəzərdə tuturdu və axır ki, axtarıb tapdığını görüb bizim hamımız kimi sevinirdi...

Mənim isə sizin kimi seçim imkanlarım yox idi. Yəni bir az əvvəl dediyim kimi anamla mən körpəliyimdən bir damın altında tək yaşamışıq, həm də çox pərdəli olmuşuq. Təsəvvür elə ki, otuz yaşıma qədər nə anam mənə “Oğlum, yaşın ötür, evlən” demişdi, nə də mən “ana, artıq neçə illərdir oxuyub qurtarmışam, işləyirəm, icazə ver evlənim” deməyə cəsarətim çatırdı. Axır ki, bir dəfə anamla birlikdə rayona gedəndə xalam qızı anamın ismarıcını mənə çatdırdı: “İnqilaba deyin evlənsin”. Mənim fikrimsə çoxdan qətiləşmişdi: “Anam kimi istəsə onunla evlənəcəm”.

Beləcə xalam və xalam uşaqları kəndimizdəki özümüzə bab, zəhmətkeş bir ailənin qızı olan, Gəncə Pedaqoji İnstitutunda oxuyan indiki həyat yoldaşımı məsləhət gördülər... Və mən bu qismətimə görə Allahımdan yerdən göyə qədər razıyam. Çünki dörd övladımın anası olan xanımım mənim ürəyimdən keçənləri gözümdən oxuyan, ən çətin məqamlarımda bir sözüynən, ağıllı məsləhətləriynən içimdəki bütün sıxıntıları çəkib canımdan çıxarmağı bacaran sözün həqiqi mənasında yeganə DOSTUMDUR. Onun tərbiyə elədiyi qızlarım isə məni həyata bağlayan, məni yaşadan əvəzsiz bir varlıqlar, qiyməti olmayan bir Tanrı paylarıdır...

– Filologiya elmləri doktoru Adilxan Bayramov sənin telefonunu mənə verəndə dedim: sən İnqilabdan nə soruşmaq istərdin. Dedi, soruşmaq istərdim ki, CANIN BAŞIN NECƏDİR? Və üstəlik onu da deyim ki, Adilxan müəllim sənin haqqında bir yazı yazmağımı istədi...

– Adilxan müəllim ədəbiyyatımızın, xüsusilə ağız ədəbiyyatımızın çox istedadlı, eyni zamanda cəfakeş, fədakar araşdırıcısıdır. Ən başlıcası isə o, kabinet alimi deyil, cəmiyyət üçün açıq adamdı, öyrəndiklərini, bildiklərini mətbuat, radio, televiziya vasitəsi ilə paylaşmağı sevən və bu işi bacaran ziyalıdır... O ki qaldı mənimlə bağlı söylədiklərinə, diqqətinə görə sonsuz sevgimi, sayğımı çatdır ona, denən çox sağ olsun, min yaşasın...

– İnqilab səndən nəyi soruşmağı unutdum? Məndən nə soruşmaq, mənə nə demək istərdin?

– Vallah, nə bilim, ay Tofiq, sənin unutduğun mənim yadıma hardan düşər ki... O ki qaldı səndən nə soruşmağıma, sənə nə deməyimə, bu başqa məsələ... Əvvəla, sənə çox sağ ol deyirəm ki, illər sonra əlinə qələm alıb söznən başbaşa qalmağın, içimdən keçənlərin az bir qismini olsa da sözə çevirməyin sevincini yaşatdın mənə. Bir də məni ömrümün elə çağlarına – aylarına, illərinə qaytardın ki, orda ANAM vardı, orda ruhu göylərdə gəzən cavanlığım vardı...

Bir də Tərtərin Hüləbətlisi qədər mənə doğma  olan bir kənd vardı o illərdə – Şəmkirin Dəllər Cəyiz kəndi. Orda məni nə qədər çox istəyən,sevən insanlar vardı,ilahi. Qardaş nədi,bacı nədi  bilməyən canım birdən-birə heç görmədiyim, duymadığım hissləri  yaşatdılar mənə. Hər gəlişim bəlkə də, məndən çox onları – şair dostum Taleh Həmidin  üç qardaşını, üç bacısını sevindirdi. İllah da ki, Əşrəfin övladlarını – Taleh əmiləri  bir yana,  mən əmilərinin gəlişi  əsl toy-bayram olurdu onlar üçün.

Bəs mən neylədim? O boyda sevgiyə,məhəbbətə sona qədər  qarşılıq verə bildimmi? Min kərə, milyon kərə  təəssüf ki,yox.Bir çox xeyir-şərlərində iştirak eləyib,sevincli,kədərli günlərində Talehin yanında olsam da,son vaxtlar böyük qardaşımız Əşrəfin, bir ya ərzində dünyasını dəyişən iki bacımızın (hər üçünün ruhu şad olsun) itgisinə şərik ola bilmədim. Həkimlərin maşın sürmək,uzaq səfərə çıxmaq  qadağası məni  daha ağır dərdə düçar elədi...Xəcalətimdən üzə çıxmağa üzüm qalmayıb...

Əslində bu sətirləri yazmağın özü  bir əzabdı. Ancaq fikirləşirəm ki, etiraf da bir təsəllidir. Orda bir çox dostlarımızla birlikdə SƏN da vardın...Tofiq...

Tələbə idim, səhv eləmirəmsə, ikinci kursda oxuyurdum. Sənsə tanınmış şair, jurnalist idin. O dövr ədəbiyyatımıza, mətbuatımıza yepyeni bir hava gətirən, təptəzə bir yol açan “Qobustan” toplusunda o çağacan görmədiyimiz, oxumadığımız tərzdə – bəzən xəbəri mübtədasından əvvəl gələn, adamın ağlından öncə hissinə, duyğusuna təsir edən cümlələrlə yazdığın məqalələr, ən başlıcası isə sənin yazdıqlarından daha artıq sərbəst və səmimi olmağın məni sənə bağladı. Bəlkə elə buna görə də sənət adamları barədə qələmə aldığın ilk yazını – Azərbaycan Akademik Dram Teatrının gənc və çox istedadlı aktyoru Səməndər Rzayev haqqında yazdığım məqaləni “Qobustan”a gətirdim və sən də əlindəki işi yarımçıq qoyub o yazını oxudun, bəyəndiyini deyib öz stilində bir-iki ağız da təriflədin məni. Nə gizlədim, ondan sonra səni daha çox istədim... Bir də, SƏNİ KİM ÇOX İSTƏMİR Kİ?!.

Hacı Rafiq Savalan – yazıçı-jurnalist (davamı)

Allahın himayəsinə sığınıb özünü tamamilə yeni bir sahədə sınayanların biri də İnqilab oldu: jurnalist, publisist kimi kifayət qədər tanınan, yazıçı kimi çap olunmuş bir neçə yazısı ilə diqqət çəkən İnqilab Həsənli. İndi az qala iyirmi ildir ki, əməlli-başlı uyuşa bilməyən bir təzə yoldadır İnqilab və Allaha çox şükür ki, necə deyərlər yükünü təpəyə yığıb, üç övladını ev-eşik, ailə sahibi eləyib, inşaallah Şəlalənin də xeyir işində biz də iştirak edərik tezliklə... Qaldı yaradıcılıq məsələsi... Son vaxtlar İnqilabın ovqatında yenə də 90-ların əvvəlinin havası duyulur, elə bil nəsə axtarır, narahatdır. Yaxşı tanıyıram onu, ürəyimə damıb nə axtarır... 15-20 il əvvəl yazı masasının siyirmələrindən hansındasa, Qəndab xanımın ayrılmaq istəmədiyi cehiz dolablarının hansınınsa küncündə gizlətdiyi, bir qədər mübaliğəli da olsa, hələ də Azərbaycan radiosunun qoxusu duyulan qələmini axtarır İnqilab. Çox gözəl! Gec deyil hələ... Xeyir işə Allah da zamindir. Heç olmasa bir avtobioqrafıq roman, son illər müasir nəsrimizdə çox az rast gəlinən, əsl mənsur şeir dilində bir neçə duyğulu hekayələr yaza bilər. Amma gərək tələsə, ömür gedir, mən 80-i xırdalamışam, İnqilab isə 70-i...

... İnqilab barədə danışanda, düşünəndə, inanın, səmimi deyirəm, kədərlənirəm. Çünki İnqilab qələmi çox tez qoydu yerə, bununla da jurnalistikamız, publisistikamız, elə bütövlükdə nəsrimiz, kənd həyatını, bu həyatı yaşayanların psixologiyasını yaxşı bilən, şirin, şirəli, sadə danışıq dili ilə söhbət açmağı bacaran bir qələm adamını itirdik...

(Son)

[email protected]

tofigabdin.com

 





20.05.2013    çap et  çap et