525.Az

Adil Mirseyidin şeirləri


 

Adil Mirseyidin <b style="color:red">şeirləri</b>

rok-n-roll xatirəsi

 

bir xatirəm yaşayır növbahar kafesində

bir ruh kimi yaşayır guya ki bəxtiyardı

təsəlli aramıram daha yağmur səsində

bir zamanlar dünyada başqa bir adil vardı

 

bu kafeyə gələrdi soyuq şərab içərdi

hər günü son gün kimi yaşayardı dünyada

dost dediyi adamın günahından keçərdi

sevdiyi bir qadını öldürərdi röyada

 

lennonun eynəyinə bənzəyirdi eynəyi

bir rok-n-roll havası vardı dərdli başında

heç sözünə baxmazdı ritmi pozuq ürəyi

saqqalı ağarmışdı hələ otuz yaşında

 

ölümün yalnızlığı səsləyir onu bəzən

umudun ağ yelkəni uzaqlaşır hər səhər

növbahar kafesini əbəs axtarırsan sən

sənə demişdim axı labirintdi bu şəhər

 

pəncərəmin şüşəsinə yazdığım şeir

 

pəncərəmin şüşəsində və masanın üstündə

titrək işıq ləkələri kağız qələm və saat

bardaqda bir fincan su

yağlı boya kətan tütün və tənhalıq qoxusu

deməli mən bu evdə yaşayıram hələ

deməli davam edir həyat

həyat belə davam edərsə əgər

mən ölüm şərabımı son damlasına qədər içməliyəm

şirin candan vaz keçməliyəm

son dəfə bir gözəl musiqi dinləməliyəm

sonra durub vəsiyyət şeirimi yazmalıyam

son siqaretimi çəkib özümü asmalıyam

v zelyonıy veçer pod oknom

na rukave svoyom poveşus*

ilk şeirimi yazdığım zaman şairləri ölümsüz  bilirdim

o gecə ay doğmuşdu dağların üstündə

o gecə mən gümüş aya ismarladım

baxtsız talesiz şairləri

indi ürək ağrısı ilə xatırlayacam

insanın böyük adına bağışladığım şeirləri

 

türk kafesində köhnə dostumu xatırlayıram

 

buludlar sınıb tökülür buludlar

umudlar qafası sərxoş umudlar

bir səhər aynaya baxanda

laxtalanmış qan ləkəsi görəcəksən yaxanda

onda qoca mefistofel gülümsəyər üzünə

sən o gündən düşmən olarsan özün özünə

fəqət uzun yollar var hələ sənin önündə

bəlkə bir yağmur mələyi

bəlkə bir sevda çiçəyi

xilas edəcək səni günlərin bir günündə

bir küçə davasında dost olmuşduq biz

sonra pivə günəş dəniz

                           qum üstündə futbol

                      və ağlı başdan alan rok-n-roll

 

unut umu küsüləri unut

mən çoxdan qapamışam haqq hesab dəftərini

yalqızlıq bir silahdı tətiyi qapıya bağlı

indi sən nə söyləsən anlamsız olacaq

ayrılıq havasına gözlərimiz dolacaq

mən sənin portretini çəkəcəkdim

özü də pəncərə önündə

ayrılıq girdi araya ayrılıq

yasəmən qoxulu bir yaz günündə

mən bir ömür boyu şəhər şəhər daşıdım umudun cəsədini

hər qapı arxasında bir insan dramı

                              bir məhəbbət macərası

                                    bir ayrılıq hekayəsi

bir faciə yaşanır

yalnızlıq bir silahdı fələyi ürəyə bağlı

bir güçə davasından  sonra dost olmuşuq biz

bir ruzgar kimi keçdi gəncliyimiz

bilirəm, bilirəm səni sırtından vurdu qədər

bir gün məni axtarsan əgər

sən bildiyin türk kafesində olacağam yenə

sən məni unutsan da mən dua edəcəyəm sənə

 

sentimental melodiya

 

məndillə gözünü silən bir qadın

ürəyində gizlədib ağısına həyatın

ilahi gözləri sözünə baxmır

göz yaşı içindən həm axır həm axmır

bütün rənglər qeyb olub bu şəhər

dən

soyuq yağış yağır bu gün səhərdən

qadının ağlayan gözləri peşman

əski nəğmələrin sözləri peşman

qadının gözləri könlünə düşmən

niyə bu qadına ürək açdım mən

tül pərdəli pəncərədə sislər dumanlar

bir-birinə qarışıb gerçəklərlə dumanlar

hər damla göz yaşına arzu umud və roya

sentimental bir sevda, sentimental melodiya

 

saz ovqatı

 

pəncərədə qarğa tükü qaranlıq

ay görünmür tanrım söylə ay hanı

əsən rüzgar sanki durur bir anlıq

dənizdə çırpınır gecənin canı

 

buzovna yolunda işıqlar sönüb

umud yarpaqları göyə sovrulur

yenə eski günlər geriyə dönüb

dərd ürəkdə qovğa kimi qovrulur

 

ağlıma nazımdan bir misra geldi

o şeirin havası doldu içimə

kor küçə fənəri gözünü sildi

aylardan may ayı, günlərdən cümə

 

bir lal aşıq çaldı qara sazını

qara sazda yuva qurub ürəyim

aynada oxudum alın yazımı

aynada qeyb oldu uçan mələyim

 

ölüm haqqında metofizik düşüncələr

 

bir şair də itirdik bu şəhərdə

məndə bir şəkli qalıb bulvarda çəkdirmişik

bir də telefon nömrəsi

hələ də hələ də qulağımdadı

içki məclisində şeir oxuyan səsi

insan insanı ölümündən tanır demiş bir şair

ölüm dəyimdidə bilməyib bizim dostluğumuzu

amma axşamlar çayxanaya gəlmir daha

mən ondan incimirəm köhnə

dost düşmən olmaz

bəzən gizlicə utanıram onun şeirlərindən

utanıram pəncərəmdən gülümsəyən

gözəl səhərdən

 

mətbəxdə oturmuşam bəzən səhərə qədər

qaranlıq pəncərədə ay işığında şəhər

 masanın üstündə bir fincan qara kədər

 

ölüm haqqında

metofizik düşüncələrə dalıram

zamansızlıq içində yaşayıram sanki mən

dünyadan dörd əlli yapışıb

yaşamaqda israr edirəm

hər gecə bir ulduzdan

başqa bir ulduza gedirəm

bir zamanlar mən də şair idim

təpədən dırnağa qədər

ürəyimdə bülbüllər yuva qurardı

ürəyimdə bülbüllər qafamda qəza qədər

bir şair də itirdik bu şəhərdə

indi mərmər başdaşından

bizə baxıb gülümsəyir ödünc aldığı ölüm

hər gün bir az ölüb dirilməyə bənzər

başa gələcək bəlaları ulduz falıyla yozmaq

bir rüzgarla qeyb olacağımızı bilə-bilə

oturub şeir yazmaq

ay qeyb oldu göy üzündə bir ara

qaranlıqda fit çalır sərxoş külək

mən özüm özümdən qaçıram sanki

sinəmin altında plastik ürək

 

mən bir faciə qəhrəmanıyam bu anda

gecə qan qoxuyur köhnə limanda

 

Parisdə yağışlı bir cümə günü

 

sesar valexonu gördüm yuxuda

Parisdə yağışlı bir cümə günü

sümüyü sızlayır qərib şairin

suç kimi daşıyır qürbət yükünü

 

ayaqları səndərləyir ağrıdan

 bir köhnə dost var nə təzə düşmən

yağışdan qaçıram sərsəri kimi

yağışlı bir gündə öləcəyəm mən

 

okeanın o tayında məmləkət

okeanı üzüb keçir ehtiyac

məmləkətim belə umrunda deyil

sesar valexonun qarnı acdı ac

 

yuxudan ayıldım yağış yağırdı

gözlərim elə bil bir kor quyudu

məni kürəyimdən vurdular şair

yağış cinayətin izini yudu

 

köhnə dəyirmanın göyərçinləri

 

bir meyxana küncündə dərddən gəbərir qərib

başı üstünə bir mələk qanadlarını gərib

bütün bəlalardan qoruyur onu

aynada mələyin bəyaz kölgəsi

burası tanrıların adamına şahid

sivil bir avropa ölkəsi

dördkünc pəncərə çərçivəsində

qotik lyüteran kilsəsi

beysbol papağını gözü üstünnə basıb arxadaş

güzgüyə pəncərəyə baxacaq halımı var

boyunundan quran asıb məmləkətdən yadigar

küçələrdə meydanlarda sərsəri bir maskarad

günahları əf edir lyütarın kilsəsi

adamı röyadan ayırdı ustad

kilsə zənglərinin ət kəsən səsi

qürbət bir yükdü çiyinlərində

     

      şaşırmış kimi bir halı var

           bu axşam nə tutulacaq yaşıl budağı

 də sığınacaq bir xəyalı var

buzovna bağlarında yaşadığımız günlər

heç onun yadına düşürmü indi

zamanı geriyə döndərə bilsəm

qürbət qəhər edər səni deyirəm qoca dendi

macəra dolu gənclik yaşamışdı Bakıda

köhnə dəyirmanın yanında

səhərlər sevda və umud

axşamlar alkoqol axardı qanında

 

köhnə dəyirmanın göyərçinləri sevərdi onu

                    o da çox sevərdi göyərçinləri

dəyirmanın yanında köhnə bir kafe vardı

          bir zamanlar orda görüşərdik biz

burdan yüz addımlıqda hökumət evi

burdan yüz addımlıqda kitabxana

burdan yüz addımlıqda dəniz

burdan yüz addımlıqda ayrılıq həsrəti

burdan yüz addımlıqda qürbət

 

gizli sevda

 

çox əski bir macəradı bu gizli sevda

adını belə xatırlamadığın bir qadının

isti qariflarında açdın gözünü

masada şərab tütün meyvələr yasəmənlər

pəncərdə qaranlığa bütünmüş şəhər

gözlərini açar açmaz durub söydün özünü

kürəyində tale kimi daşıdığın bir kədər

şəhər hələ oyanmayıb yuxudan

küçələr boş kafelər bağlı

əski bir macərada ilişib qalıb

iyirmi bir yaşının olmayan ağlı

qadın dişi canavartək uyuyurdu yataqda

bir də qara pişik vardı otaqda

qadının gözlərindən çalınıb səadəti

qadını dünyaya bağlayan şey pişiyin sədaqəti

qadını boğub öldürmək keçdi ağlından bir an

bəlkə də boğacaqdın sən pişiyə qıymadın

saata baxdın dayanıb zaman

iki kəlmə söz yazıb masa üstə qoymadın

barmaqların ucunda çıxdın evdən

bayırda qış, qiyamət rüzgar və qar

 

saat neçədə çıxır vağzaldan

səni bu şəhərdən alıb aparacaq qatar

 

 





20.05.2013    çap et  çap et