525.Az

Moldova səfirliyində mətbuat konfransı


 

Moldova səfirliyində mətbuat konfransı<b style="color:red"></b>

Dünən Moldova Respublikasının Azərbaycandakı səfiri George Leuka  ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu birgə mətbuat konfrans keçiriblər.

Səfir G.Leuka S.Babullaoğlu ilə birlikdə jurnalistlərlə görüşərək son aylar ərzindəki fəaliyyətləri barədə məlumat vermək qərarına gəldiklərini bildirib:
 
"Mən ilk növbədə "Dünya ədəbiyyatı" dərgisinin Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayı və Moldovada rumın dilində nəşr olunacaq "Azərbaycan nəsri antologiyası"nı qeyd etmək istəyirəm. Bu layihə Azərbaycan Yazıçılar Birliyi, Moldova Yazıçılar İttifaqı, eləcə də iki ölkənin mədəniyyət nazirlərinin dəstəyi ilə həyata keçirilir. Bu ideya bizim təşkilatlarımız arasındakı ünsiyyət zamanı yaranıb. Mən əvvəlcə Azərbaycanda Yazıçılar Birliyinin rəhbər şəxsləri, ardınca isə Moldova Yazıçılar İttifaqının qabaqcıl nümayəndələri ilə bu ideyanı müzakirə etdim. Daha sonra Səlim Babullaoğlu bu layihənin icrasını üzərinə götürdü. Mədəniyyət nazirlikləri ilə yanaşı, bu layihəyə Moldova Azərbaycanlıların Konqresi və bizim burdakı diasporumuz da dəstək verir".

Səfir bildirib ki, Moldovada Azərbaycan ədəbiyyatçılarının əsərlərinin nəşrinə artıq start verilib:

"Prinsip etibarilə bu layihənin ortaya çıxmasının bir səbəbi də odur ki, artıq Moldovada azərbaycanlı yazıçıların əsərləri nəşr edilir. Azərbaycanın xalq yazıçıları Elçinin və Çingiz Abdullayevin əsərləri Moldova oxucularına təqdim olunub. Həmçinin, Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə dahi Nizaminin aforizmləri kiçik kitab şəklində nəşr edilb".

Azərbaycan və Moldova mədəniyyətləri arasında əlaqənin tarixi köklərə söykəndiyini vurğulayan səfir G.Leuka həyata keçirilən  layihənin bu əlaqələrin daha da möhkəmlənməsinə böyük təsir göstərəcəyini bildirib.

Sonra S.Babullaoğlu əməkdaşlıq barədə jurnalistlərə məlumat verib:

"May ayında mən Moldova Respublikasından Kişinyov şəhərində gerçəkləşən "Şairlərin Avropa Baharı" VII Beynəlxalq Poeziya Festivalına dəvət almışdım. Bu festivalda iştirakım zamanı Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevianu ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin və "ATV Kitab" layihəsinin rəhbəri kimi ədəbiyyatların qarşılıqlı tərcüməsi, mübadiləsi və nəşri ilə bağlı memorandum imzaladıq. Memorandum iki dildədir: Azərbaycan və rumın dillərində. Çox keçmədən biz memorandum çərçivəsində işlərə başladıq.
 
Qərara aldıq ki, Azərbaycanda AYB-nin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" jurnalının bir sayını Moldova ədəbiyyatına həsr edək. Buraya kifayət qədər uzun siyahı göndərildi. Orada əlliyə yaxın Moldova yazıçısınn adı var. 19 şair, 17 nasir, 4-5 ədəbiyyatşünasın mətnləri yer alıb. Mətnlər artıq tərcüməçilərə paylanıb, tərcümə prosesi gedir".

S.Babullaoğlu Moldovada Azərbaycan ədəbiyyatının tərcüməsi işi ilə bağlı da məlumat verərək deyib ki, artıq Moldovada da bizim ədəbiyyatın tərcüməsi işinə başlanılıb və proses davam edir:

"Moldovada nəşr olunacaq Azərbaycan nəsri antologiyasında bizdən 31 nəfər yazıçının əsəri yer alacaq. Buraya  hekayələr  daxildir. Bu antologiyada həm orta nəsil, həm də gənc yazarların yazıları çap olunacaq. Antologiya bütün nəsilləri əhatə edir".

S.Babullaoğlu "ATV kitab" layihəsi çərçivəsində Moldova yazıçısı İqor Volnitskinin "Mənə ölməyi öyrət" kitabının çap olunacağını da bildirib:

"Həmçinin, görkəmli moldov şairi Arkadi Suçevianunun iki dildə şeir kitabını nəşr edəcəyik. Düşünürük ki, ilin sonuna yaxın Moldova mədəniyyəti günlərini də təşkil edə biləcəyik. Mən bütün bu işlərdə mənə, Mərkəzə böyük dəstək vermiş və diqqət göstərmiş Moldova Azərbaycanlıları Konqresinin təmsilçisi, dostum Vüqar Novruzova təşəkkür edirəm".

Sonda Səlim Babullaoğlu və George Leuka jurnalistlərin suallarını cavablandırıblar.

Şahanə MÜŞFİQ

 





02.08.2017    çap et  çap et