525.Az

Ümumdünya Ekoloji Borc günüdür


 

Ümumdünya Ekoloji Borc günüdür<b style="color:red"></b>

Ümumdünya Ekoloji Borc Günü. Bu, insanların təbii ehtiyatlara illik tələbatının bütöv bir il ərzində Yer kürəsinin hasilə gətirdiyini üstələdiyi gündür.

AzərTAc Global Footprint Network elmi mərkəzinin araşdırmasına istinadla xəbər verir ki, çərşənbə günü, avqustun 2-də bəşəriyyət Yerin bərpa olunan ehtiyatlarının bir illik həcmini tükədərək "borca yaşamağa" başlayıb.

Ekoloqlar bildirirlər ki, həmin günədək dünya payına düşən ehtiyatı tam istifadə edib və insanlar bu il avqustun 2-dən sonra nə istehlak edirlərsə, gələcək nəsillərdən oğurlanmış olacaq. Elmi ictimaiyyət isə belə hesab edir ki, siyasətçilərin vəzifəsi buna yol verməməkdir.

Mütəxəssislərin rəyinə əsasən, təbii ehtiyatların israf edilməsi meşələrin məhv olmasına, bioloji müxtəlifliyin itirilməsinə, quraqlığa, içməli su çatışmazlığına, torpağın şoranlaşmasına və atmosferdə karbon qazının artmasına gətirib çıxaracaq. Alimlər qeyd edirlər ki, insanlar öz ehtiyatlarını əvvəlkindən daha tez xərcləyirlər. Statistika göstərir ki, 2016-cı ildə bəşəriyyət "borca yaşamağa" avqustun 3-də, 2015-ci ildə avqustun 4-də başlayıb, on il əvvəl isə həmin tarix avqustun 15-nə təsadüf edirdi.

Ekoloji borc ilk dəfə 1979-cu il dekabrın 29-da qeydə alınıb. O vaxt ehtiyatlar ilin başa çatmasına iki gün qalmış tükənmişdi. Sonrakı illərdə "borc günü" irəliləyərək daha qabağa gəlib - 2000-ci ildə oktyabrın əvvəlinə, 2013-cü ildə avqustun 20-nə, 2016-cı ildə avqustun 3-nə təsadüf edib. Bu cür israfçılıq davam etsə onda 2030-cu ildə həmin gün iyunun sonuna düşəcək.

Dünyada BƏƏ və Yaponiya təbiətdən istifadə sahəsində daha məsuliyyətsiz ölkələr kimi fərqləndirilir. Məsələ burasındadır ki, hər il BƏƏ ekoloji "norma"nı 12,3, Yaponiya isə 7 dəfə keçir. Ekoloqların fikrincə, İtaliya, İsveçrə, Böyük Britaniya, Yunanıstan, Misir, Almaniya və Rusiya (2,5 dəfə), həmçinin ABŞ (1,9 dəfə) orta dünya göstəricisindən daha yüksək "borcla" yaşayırlar. İl ərzində bərpa olunan ehtiyatlarla pis-yaxşı uyğunlaşan azsaylı dövlətlər sırasına Braziliya, İndoneziya və İsveç daxildir.

Çıxış yolu varmı? Nəzəri cəhətdən bəli. Bunun üçün daha az yemək, təyyarə ilə mümkün qədər daha az uçmaq, ağac əkmək və təbiəti qorumaq lazımdır. Bəşəriyyətin yaşaması üçün ekoloji pəhrizə əməl olunması vacibdir.

 





02.08.2017    çap et  çap et